Sahibkarlara dövlət
dəstəyi gücləndirilir
Qeyri-neft sektorunun inkişafı üçün həyata
keçirilən iqtisadi strategiya uğurla davam etdirilir
Ölkə Prezidenti İlham Əliyevin bəyan etdiyi regional inkişaf siyasətində, yoxsulluğun azaldılmasına yönəldilmiş tədbirlər sistemində yeni iş yerlərinin yaradılması həlledici amillərdən biri kimi qeyd olunur. Qeyd edək ki, 2003-cü ildən bu ilin oktyabr ayına qədər Azərbaycanda 824 min iş yerinin açılması, yeni iş yerlərinin 85 faizinin regionların payına düşməsi, başqa sözlə, regionların inkişafı, yoxsulluğun azaldılması, işsizliyin ləğvini nəzərdə tutan strateji proqramların reallaşması ölkənin iqtisadi-sosial həyatını daha da canlandırıbdır. Prezident İlham Əliyev bütün bunları etmək, həyata keçirilən tədbirlərin miqyasını daha da genişləndirmək üçün, ilk növbədə, siyasi sabitliyə və düşünülmüş, dünya təcrübəsində özünü doğrultmuş iqtisadi siyasətə üstünlük verir: "...Bunların hər ikisi Azərbaycanda var və ona görə də ölkəmiz gələcəyə inamla baxır... Azərbaycanda bütün infrastruktur layihələri həyata keçirilir. Ölkəmizin qarşısında duran bütün mühüm məsələlər öz həllini tapacaq, insanları narahat edən problemlər aradan qaldırılacaqdır. Elektrik enerjisi təminatı, qaz, su təchizatı, səhiyyənin səviyyəsi, təhsil ocaqlarının şəraiti - biz, ilk növbədə, bunlara böyük diqqət göstəririk. Azərbaycanda hər bir sahə üzrə düşünülmüş proqram var: iqtisadi inkişaf, sosial məsələlərin həlli, ekoloji proqram, neft-qaz sektorunun inkişafı, regional inkişaf proqramı, səhiyyə proqramı, təhsil proqramı. Elə bir sahə yoxdur ki, orada bizim proqramımız olmasın. Bunlar, sadəcə olaraq, bir niyyət sənədi, şüar toplusu deyil, düşünülmüş, konkret tədbirlər planıdır. Onların icra qrafiki, mexanizmləri və maliyyə resursları var”.
Uğurlu iqtisadi islahatlar
Ölkə Prezidenti İlham Əliyev dəfələrlə vurğulayır ki, son illər ölkəmizdə uğurlu iqtisadi islahatların əldə edilməsində özəl sektorun, milli sahibkarlar təbəqəsinin rolu kifayət qədər böyükdür. Ötən müddətdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində bir sıra mühüm addımlar atılmışdır. Dövlət rəhbəri inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, bu münasibət konkret qərarlarla müşayiət olunur. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının təsdiqlənməsi, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın təsdiqlənməsi, biznes subyektlərinin qeydiyyatı və lisenziya sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad və apellyasiya məhkəmələrinin yaradılması kimi tədbirlər bunun əyani təcəssümüdür. Belə ki, son illər özəl sektorun ümumi daxili məhsul istehsalındakı xüsusi çəkisinin 85 faizə çatması da respublikamız üçün kifayət qədər böyük göstəricidir. Prezident İlham Əliyev özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşır. Çünki özəl sektorun inkişafı, dünyanın bütün demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.
Sahibkarlara siyasi və maddi dəstək
Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki fəaliyyətinin ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" Fərmanı bir daha təsdiqləyir. Bu Fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən, süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulubdur. Bu məqsədlə vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapıbdır.
Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dövlətin sahibkarlığın inkişafı üçün qayğı və səyini əsirgəmədiyini xüsusi qeyd etmişdir: "Sahibkarlara daim diqqət vardır. Sahibkarlar həm siyasi, həm də maddi tərəfdən dəstəklənir. Sahibkarlara müxtəlif yollarla - Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə güzəştli kredit şəklində böyük vəsait verilir".
Bütün bu nailiyyətlər, onu deməyə əsas verir ki, Azərbaycanda sahibkarların, iş adamlarının etibarlı himayədarına çevrilmiş cənab İlham Əliyevin reallaşdırdığı məqsədyönlü siyasət hesabına özəl sektor yeni inkişaf dönəminə qədəm qoymaqla, sahibkarlığın inkişafına diqqət daha da artırılıbdır. Məhz elə buna görədir ki, qeyri-neft sektorunun inkişafı üçün həyata keçirilən iqtisadi strategiya uğurla davam etdirilir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 9 fevral.- S. 8.