Rüşvətxorluğa,
korrupsiyaya qarşı mübarizə daha da ciddi
aparılmalıdır
İlham Əliyev: "Azərbaycanın bütün
vətəndaşlarından xahiş edirəm ki, bütün
xoşagəlməz hallar haqqında, bütün
ədalətsizliklər haqqında, əsassız
tələblər haqqında Prezident Administrasiyasına və
digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına
məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da
tezliklə aradan qaldıraq"
Dünən
Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın
qərb bölgəsinə səfəri
çərçivəsində Qazax rayonunda olub.
Dövlətimizin
başçısı əvvəlcə Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin Qazax
şəhərinin mərkəzində ucaldılmış
abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Prezident İlham Əliyevə abidənin ətrafında
salınmış Heydər parkında görülmüş
abadlıq və quruculuq işləri barədə
ətraflı məlumat verildi. Daha sonra Azərbaycan Prezidenti
İlham Əliyev Qazax rayonu ictimaiyyətinin
nümayəndələri ilə görüşüb.
Prezident İlham Əliyev Qazax sakinləri ilə
söhbətində rayonda görülən
işlərdən razı qaldığını bildirib. O
bildirib ki, hazırda Qazax rayonunda işlər çox
yaxşı gedir. Böyük quruculuq-abadlıq
işləri aparılır, rayon inkişaf edir, yeni
müəssisələr yaradılır:
"Əlbəttə, bu məni çox sevindirir.
Çünki bilirsiniz ki, Azərbaycanın bütün
regionlarında aparılan işlər bir məqsədi
güdür - bizim ölkəmiz daha da güclənsin,
inkişaf etsin və iqtisadiyyatımız
çoxşaxəli iqtisadiyyata çevrilsin. Biz
tədricən buna nail oluruq. 2010-cu ilin nəticələri
çox müsbətdir. Baxmayaraq ki, dünyada
maliyyə-iqtisadi böhran hələ də hökm
sürürdü, biz iqtisadi sahədə böyük
uğurlara nail ola bildik. Həm yoxsulluğun səviyyəsinin
azaldılmasında, həm də iqtisadiyyatın
inkişafında Azərbaycan qarşıda duran bütün
vəzifələri icra etmişdir.
Regionların
sosial-iqtisadi inkişafı dövlət proqramı da
uğurla icra edilir. Əgər 2004-cü ildə biz birinci
proqramı qəbul etməsəydik, əlbəttə ki, bu
gün regionların inkişafından söhbət gedə
bilməzdi. Ancaq bu proqramın icrası nəticəsində
görülən işlər indi bu reallıqları
yaratmışdır. Biz bunu Qazax rayonunun timsalında da
görürük. Burada həm sosial
obyektlər, sənaye müəssisələri tikilir, həm
də şəhər abadlaşır, yollar çəkilir,
bir sözlə, rayon inkişaf edir. Əvvəlki
illərdə burada olarkən bu gözəl Heydər
Əliyev Mərkəzinin açılışında
birlikdə iştirak etmişdik, müalicə-diaqnostika
mərkəzi açılmışdı. İndi
İcra hakimiyyətinin başçısı mənə məlumat
verir ki, bu diaqnostika mərkəzinin
açılışının çox böyük,
müsbət təsiri olmuşdur. İnsanlar keyfiyyətli,
pulsuz tibbi xidmət alırlar. Nəinki Qazax rayonunun
sakinləri, Gürcüstanda yaşayan soydaşlarımız
da bu imkanlardan istifadə edirlər. Burada indi tikilməkdə
olan böyük konserv zavodu həm Qazax fermerlərinin
məhsullarını emal edəcək, eyni zamanda,
Gürcüstanda yaşayan soydaşlarımıza da bunun
böyük müsbət təsiri olacaqdır.
Azərbaycanda
Qazax rayonunun xüsusi əhəmiyyəti var, xüsusi yeri
var. Bu rayonun inkişafı, əlbəttə ki, çox
böyük məna daşıyır. Bütün
rayonların inkişafı çox vacibdir. Amma xüsusilə
sərhəd bölgələrinin, paytaxtdan uzaqda
yerləşən rayonların inkişafına daha da
böyük diqqət göstərilir.
Burada
infrastruktur layihələrinin həyata keçirilməsinə
böyük diqqət verilmişdir. Bu gün artıq
Bakı-Gürcüstan sərhədi avtomobil yolu, demək olar
ki, hazırdır. Sadəcə olaraq, onun kiçik bir
hissəsində işlər tamamlanır. Bu da qazaxlılar
üçün böyük imkanlar yaradır. Çünki
yol inkişaf deməkdir, rahatlıq deməkdir. İndi buradan
Bakıya rahat getmək olar. Dəmir yolu
nəqliyyatının inkişafı üçün də
tədbirlər görülür. Bir sözlə, infrastruktur
layihələrinin həyata keçirilməsi,
sahibkarlığın inkişafı, sosial obyektlərin
tikilməsi, - Azərbaycanda bütün bunlar planlı
şəkildə aparılır. Məsələn, bu gün
Qazax rayonunda yeni məktəbin, gömrük
məntəqəsinin açılışı
nəzərdə tutulmuşdur. Bir sözlə, sosial
obyektlərin tikilməsi, sənaye müəssisələrin
yaradılması ölkəmizi hərtərəfli inkişaf
etdirmək üçün şərait yaradır.
O ki qaldı
ölkədəki ümumi vəziyyətə, vəziyyət
yaxşıdır. Planlar həyata keçirilir, iqtisadiyyat artır. Energetika
sektorunda əldə edilmiş uğurlar, xüsusilə
neft-qaz sənayesində görülmüş işlər
həm bizim maliyyə imkanlarımızı artırır,
həm də dünyadakı mövqelərimizi möhkəmləndirir.
Bizim artıq böyük valyuta ehtiyatlarımız var və
özümüzü çox rahat və əmin hiss edirik. Bununla
bərabər, bütün bu görülmüş
işlər onu göstərir ki, planlı şəkildə
qurulmuş iş olan yerdə nəticə də olacaqdır. Ancaq biz əldə edilmiş nailiyyətlərlə
kifayətlənməməliyik, daha da böyük
işlər görməliyik, iqtisadiyyatımızı daha da
gücləndirməliyik, sosial siyasəti daha da
gücləndirməliyik. Keçən il
minimum əməkhaqqı və pensiyanın baza hissəsi
artırılmışdır. Azərbaycanda
orta əməkhaqqını dollarla hesablasaq, 400 dollardan
artıqdır. Ancaq yenə də
deyirəm, bu, bizi qane edə bilməz. Bütün
səylərimiz ona yönəlməlidir ki, Azərbaycan
vətəndaşları daha da yaxşı yaşasınlar.
Düzdür, son yeddi ildə yoxsulluğun
səviyyəsinin 4 dəfə aşağı
düşməsi böyük nəticədir. Təxminən
44 faizdən 9,1 faizə düşməsi
görülmüş işlərin nəticəsidir. Amma bu da çoxdur. Son yeddi ildə 900
mindən çox iş yeri açılmışdır ki,
onlardan 700 minə qədəri daimi iş yeridir. İşsizliyin böyük hissəsi aradan
qaldırılmışdır, amma hələ də
işsizlik var. Xüsusilə 2011-ci ildə və ondan
sonrakı illərdə biz bu sahələrə xüsusi
diqqət göstərəcəyik ki, bütün
çatışmayan məsələləri həll edək,
çatışmayan cəhətləri aradan qaldıraq.
Sahibkarlığın
inkişafına böyük diqqət
göstəriləcək. Azərbaycanda
sahibkarlar sinfi formalaşır və mən daim sahibkarlarla
görüşürəm. Hətta xarici
səfərlərə də özümlə aparıram ki,
biz onları beynəlxalq bazarlara çıxaraq. Biz
Azərbaycan iş adamlarının beynəlxalq bazarlara
çıxması üçün siyasi fəaliyyət
də göstəririk. Ölkə daxilində
sahibkarlığın inkişafı üçün
güzəştli şərtlərlə uzunmüddətli
kreditlər, subsidiyalar ayrılır.
Əlbəttə,
siyasi dəstək çox vacibdir. Bəzi hallarda
xüsusilə sahibkarlara qarşı ədalətsiz
hərəkətlərin aradan qaldırılması
üçün son zamanlar çox ciddi tədbirlər
görülür. Bu tədbirlər
mütəmadi qaydada görülür, amma mən hesab
edirəm ki, biz bu sahədə səylərimizi daha da
gücləndirməliyik. Əsassız
müdaxilələrə, lazımsız yoxlamalara son
qoyulmalıdır. Azərbaycan öz
iqtisadiyyatını tam şəkildə bazar
münasibətləri prinsipləri üzərində qurubdur.
Bazar iqtisadiyyatının qanunları
tələb edir ki, sahibkarlıq sinfi güclənsin. Bizim böyük sənaye
müəssisələrimiz var, - neft-qaz sənayesi, digər
sənaye müəssisələri. Ancaq
ölkəmizin inkişafı üçün
sahibkarlığın, orta və kiçik
sahibkarlığın inkişafı başlıca
şərtdir. Bu məqsədlə biz son
illər Sahibkarlığa Kömək Milli Fondunun xətti
ilə güzəştli şərtlərlə kreditlər
ayırmışıq, vəsait vermişik. Bütün bu işləri görmüşük,
bununla bərabər, yenə də deyirəm, bütün bu
sahələrdə şəffaflıq olmalıdır,
ədalət olmalıdır.
Azərbaycanda
böyük işlər görülür, hələ
çox işlər də görülməlidir. Biz
ölkəmizi müasirləşdirməliyik, bütün
cəhətlərdən - həm siyasi islahatlar, həm də
iqtisadi islahatlar baxımından inkişaf etmiş
ölkələrin səviyyəsinə
çatdırmalıyıq. Ölkədə
ictimai nəzarət daha da güclü olmalıdır,
rüşvətxorluğa, korrupsiyaya qarşı
mübarizə daha da ciddi aparılmalıdır. Bu məsələlərin həlli ilə
bağlı bu ilin əvvəlində Nazirlər Kabinetinin
iclasında verdiyim tapşırıqlar yerinə yetirilir.
Mən sizdən və Azərbaycanın bütün
vətəndaşlarından xahiş edirəm ki, bütün
xoşagəlməz hallar haqqında, bütün
ədalətsizliklər haqqında, əsassız
tələblər haqqında Prezident Administrasiyasına və
digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına
məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da
tezliklə aradan qaldıraq.
Bizim
qarşımızda çox böyük perspektivlər var. Azərbaycan
sözün əsl mənasında inkişaf etmiş
ölkəyə çevrilməlidir və bu, bizim
məqsədimizdir. Mən bu barədə fikirlərimi
dəfələrlə bildirmişəm. Baxmayaraq
ki, dünyada inkişaf etmiş ölkələrin sayı
çox deyil, hesab edirəm, bizim imkanımız var ki, biz
bütün meyarlar üzrə o sıraya daxil olaq. Bunu etmək üçün təkcə iqtisadi
uğurlar kifayət deyil. Ölkədə
gərək bütün sahələr ən yüksək
meyarlarla ölçülsün. Sosial təminat,
infrastruktur layihələri, sosial ədalət prinsiplərinin
bərqərar olması, məhkəmə-hüquq
sistemində aparılan islahatlar və ədalətli
qərarların çıxarılması, icra orqanlarında
şəffaflığın təmin olunması, bütün
maliyyə sistemimizdə şəffaflığın maksimum
dərəcədə təmin olunması, ictimai
nəzarət, demokratiyanın inkişafı - yəni
inkişaf etmiş ölkələr bax bu
sahələrdəki uğurlar hesabına inkişaf etmiş
ölkələr hesab olunur.
Biz də bu
yolla getməliyik, başqa yolumuz yoxdur. Bunu etmək
üçün əlbəttə ki, təkcə
rəhbərliyin siyasi iradəsi kifayət etməz. Burada bütün ictimaiyyət, bütün
vətəndaşlar bir olmalıdırlar. Biz bir məqsədə qulluq etməliyik ki,
ölkəmiz inkişaf etsin, güclənsin, sosial rifah daha da
yüksək səviyyədə olsun, iqtisadiyyat daha da
möhkəm olsun. Belə olan halda
uzunmüddətli inkişaf strategiyamız öz
nəticəsini verəcəkdir.
Bu gün Qazax
rayonunda olarkən bir daha demək istəyirəm ki, mən
rayonda gedən işlərlə razıyam. Mənə
mütəmadi qaydada məlumatlar verilir, burada
görülən işlər və bundan sonra
görüləcək işlər rayonun inkişafına
çox müsbət təsir göstərəcəkdir.
Rayonda ictimai-siyasi vəziyyət də
yaxşıdır, iqtisadi vəziyyət də
yaxşıdır, sosial məsələlər də həll
olunur. Mən də
çalışacağam ki, bundan sonra da Qazax rayonunun
inkişafı üçün səylərimi
göstərim. Gərək bu il
də, sonrakı illərdə də həm dövlət
investisiya proqramı xətti ilə, həm də
kreditlərin verilməsi istiqamətində əlavə
tədbirlər görülsün ki, rayon daha da inkişaf
etsin, gözəlləşsin. Mən də
öz işimdə sizə arxalanıram, Azərbaycan
xalqına arxalanıram. Bu arxanı,
dayağı mən hiss edərək bütün bu
işləri görürəm. Bu olmasaydı,
Azərbaycanda heç bir iş görmək mümkün
olmazdı. Gələcəkdə bizi daha da
böyük işlər gözləyir. Azərbaycan
artıq inkişaf yolundadır. Biz bu
inkişafı əbədi etməliyik. Elə
etməliyik ki, hər bir vətəndaş yaxşı
yaşasın, hər bir vətəndaşın problemləri
həll olunsun, ölkəmizdə bütün problemlər
həll edilsin və dünya miqyasında Azərbaycan daha da
güclü yerə malik olsun." Azərbaycan
Prezidenti İlham Əliyev daha sonra Qazax-Gürcüstan
dövlət sərhədi avtomobil yolunun və Qazax rayonunun
Birinci Şıxlı kəndində yeni məktəb
binasının açılışlarında da iştirak
edib. Azərbaycan Prezidenti İlham
Əliyev fevralın 9-da Qazax rayonunun Yuxarı Salahlı
kəndində əsaslı təmir və yenidənqurma
işləri aparılmış Səməd Vurğun Poeziya
evinin də açılışında iştirak edib. Dövlətimizin başçısı
əvvəlcə Poeziya evinin qarşısında Xalq Şairi
Səməd Vurğunun heykəlinin önünə gül
dəstəsi qoydu. Prezident İlham
Əliyevə məlumat verildi ki, Poeziya evinin yerləşdiyi
ərazi də genişləndirilmiş, burada yaşıllıq
zolağı salınmışdır. Bildirildi
ki, ulu öndər Heydər Əliyev həmişə
Səməd Vurğunun yaradıcılığına
böyük önəm vermiş, şairin
əsərlərinin nəşri heç vaxt onun
diqqətindən kənarda qalmamışdır. O,
Səməd Vurğunun məşhur "Azərbaycan"
şeirini çox sevir, yeri gəldikcə, ona müraciət
edirdi. 1976-cı ildə şairin anadan olmasının 70 illik
yubileyi münasibətilə Qazax rayonunda Səməd
Vurğun Poeziya evi də Heydər Əliyevin
təşəbbüsü ilə yaradılmış və
o, 1979-cu ilin sentyabrında onun açılışında
şəxsən iştirak etmişdi.
Prezident
İlham Əliyev 2004-cü ildə Qazax rayonuna səfəri
çərçivəsində Poeziya evində olmuş,
burada əsaslı təmir və yenidənqurma
işlərinin aparılması barədə
tapşırıq vermişdi. 2005-ci ildə isə
Azərbaycan Prezidenti Səməd Vurğunun 100 illik yubileyinin
keçirilməsi haqqında Sərəncam
imzalamışdı. Ötən dövrdə görülən
işlər nəticəsində Poeziya evi yeni görkəm
almışdır. Buradakı
eksponatların sayı artmış, yeniləri də
əlavə olunmuşdur. Səməd Vurğunun
Bakıdakı ev muzeyi buraya şairin
köynəyini, ov və yazı ləvazimatlarını
hədiyyə etmişdir. Bir sözlə, Poeziya
evi həmişə Səməd Vurğunun xatirəsinə
bir ehtiram ünvanı olacaq, söz-sənət
vurğunlarının daimi görüş yerinə
çevriləcəkdir.
Dövlətimizin
başçısı Xalq Şairi Səməd Vurğunun
həyat və fəaliyyətinin müxtəlif
dövrlərini, eləcə də ulu öndərin
Azərbaycan ədəbiyyatına diqqət və
qayğısını əks etdirən
şəkillərə baxdı.
Prezident İlham Əliyev
görülən işlərdən
razılığını bildirib: "Çox şadam ki,
Poeziya evi belə gözəl vəziyyətə
gətirilmişdir. Yeddi il bundan
əvvəl burada görüşmüşdük. Əlbəttə ki, o dövrə uyğun
şərait mövcud idi. Ancaq indiki
müasir dövrdə, əlbəttə, Səməd
Vurğun Poeziya evi bax belə müasir səviyyədə
olmalıdır. Onun ətrafı da
abadlaşdırıldı, bağçası da, giriş
hissəsi də. Muzey hissəsi də
ən gözəl, müasir səviyyədədir. Səməd Vurğunun xatirəsi həmişə
Azərbaycan xalqının qəlbində yaşayır.
O, böyük sənətkar, böyük şair,
böyük vətəndaş olmuşdur. Əlbəttə,
bu Poeziya evinin belə gözəl vəziyyətə
gətirib çatdırmağımız, hesab edirəm ki,
hər bir Azərbaycan vətəndaşının qəlbində
əks-səda doğuracaqdır." Azərbaycan
Prezidenti İlham Əliyev fevralın 9-da respublikamızın
qərb bölgəsinə səfəri
çərçivəsində Tovuz rayonuna gəlib. Dövlətimizin başçısı
əvvəlcə ümummilli lider Heydər Əliyevin rayon
mərkəzindəki abidəsini ziyarət edərək
gül dəstəsi qoydu. Həmin gün
Tovuzda Olimpiya-İdman Kompleksi istifadəyə verilib. Azərbaycan Prezidenti İlham Əliyev
mərasimdə iştirak etmişdir. Kompleksin
təməli 2007-ci il mayın 30-da Prezident
İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Gənclər
və idman naziri Azad Rəhimov dövlətimizin
başçısına məlumat verdi ki,
nazirliyin sifarişi əsasında tikilmiş kompleks 3 korpusdan
ibarətdir. Tovuz şəhərinin
girəcəyində - Tovuzçayın sol sahilində 5 hektar
sahədə inşa edilmiş kompleksin birinci korpusunda su hovuzu
və yeməkxana yerləşir. İkinci
korpus 34 ədəd ikiyerlik və bir VIP nömrədən
ibarət beşmərtəbəli mehmanxanadan ibarətdir.
Üçüncü korpusda isə əsas
idman salonu yerləşir. Bundan başqa,
idman kompleksində zal və köməkçi otaqlar da
vardır. Kompleksdə voleybol, basketbol
meydançaları, tennis kortu və stadion da olacaqdır.
Tikinti işlərinin yaxın vaxtlarda başa
çatdırılması nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksdə yaradılmış
şəraitlə yaxından
Səs.- 2011.- 10 fevral.- S. 2-4.