Azərbaycan
bələdiyyələri inkişaf yolundadır
Milli Məclisin Regional Məsələlər
Komitəsinin üzvü Tahir Rzayevin yap.org.az-a
müsahibəsi
- Tahir müəllim,
Azərbaycanda bələdiyyələr on ildən
artıqdır ki, fəaliyyət göstərir. Ötən
dövrü təhlil etsək, yerli
özünüidarəetmə orqanlarının
fəaliyyətini ümumi şəkildə necə
xarakterizə etmək mümkündür?
-
Bələdiyyələr demokratik bir təsisiatdır,
vətəndaş cəmiyyətinin bir formasıdır. Azərbaycanın demokratiya yolunda
irəliləyən bir dövlət olduğunu
nəzərə alsaq, müstəqil
özünüidarəetmə
strukturunun-bələdiyyələrin fəaliyyəti
mütləq vacibdir. Ötən illər göstərdi ki,
ölkəmizdə bələdiyyələrin
fəaliyyəti üçün münbit şərait
var. Bu, ilk növbədə, bələdiyyələrin
fəaliyyətinin yüksək səviyyədə
tənzimlənməsi istiqamətində qanunvericiliyin
mövcudluğuna əsaslanır. Bu gün Azərbaycanda
bələdiyyələrin fəaliyyəti üçün
yüksək səviyyədə qanunvericilik mövcuddur. Son
dövrlərdə bələdiyyələrin
fəaliyyətində daha çox canlanma müşahidə
olunur. Bu, onunla əlaqədardır ki, bələdiyyə
institutlarının təkmilləşdirilməsi
istiqamətində mühüm addımlar atılır.
Artıq bələdiyyələrin
formalaşdırılması və fəaliyyətində
Avropa standartlarından, təcrübəsindən istifadə
olunur. Bildiyiniz kimi, vaxtaşırı olaraq
qanunvericilikdə edilən əlavə və
dəyişikliklər də bu təkmilləşdirmənin
əsas amillərindən sayıla bilər. Əslində, ilk
seçkidə bələdiyyələrin yalnız təşkilatlanması
və formalaşdırılması istiqamətində
addımlar atılmışdı.
- İlk seçkilərdən
sonra ölkəmizdə 2 mindən artıq
bələdiyyə yaradıldı. Amma son illər bu
istiqamətdə islahatlar aparılaraq onların
birləşdirilməsi prosesi həyata keçirildi.
Sizcə, bu dəyişiklik gözlənilən
nəticəni verirmi?
-
Bələdiyyə qanunvericiliyi yaradılarkən, belə bir
müddəa vardı ki, vətəndaşların
rəyindən asılı olaraq hər bir yaşayış
yerində bələdiyyələr yaradıla bilər. Bu
səbəbdən o dövrdə 2757 bələdiyyə
fəaliyyət göstərirdi. Amma kiçik
bələdiyyələrin maddi-texniki bazasının
olmaması səbəbilə onların fəaliyyəti
qənaətbəxş sayıla bilməzdi. Onların kadr
potensialı zəif idi, ödənişləri yığa
bilmirdilər və s. problemlər var idi. O
səbəbdən də bələdiyyələrin
birləşdirilməsi zərurəti ortaya
çıxdı. Bu, çox düzgün proses idi.
İnkişaf etmiş ölkələrin praktikasına
əsaslanaraq, belə bir addımın atılması
bələdiyyələrin gələcək fəaliyyəti
üçün bir stimul sayıla bilərdi. Bu
baxımdan bələdiyyələrin birləşməsi
ən vacib məsələlərdən biri sayıla
bilər. 1000-dən artıq bələdiyyə
birləşdi və bu gün ölkəmizdə 1718
bələdiyyə fəaliyyət göstərir. Bir
mütəxəssis kimi deyə bilərəm ki, bu da
çoxdur. Fikrimcə, birləşmə prosesi davam
etməlidir və bunun əsasında daha nümunəvi
bələdiyyələr yaradılmalıdır. Bununla
yanaşı, bələdiyyələrə istiqamət
verən, metodik yardım göstərə bilən hansısa
bir qurum lazımdır. Düzdür, bu
məqsədlərə xidmət edən şəhər,
qəsəbə və kənd bələdiyyələrinin
assosiasiyaları yaradıldı. Bu, çox normal və
qanunauyğun bir hal sayılmalıdır. Bütün
ölkələrdə bu tip qurumlar fəaliyyət
göstərir. Bu qurumların yaradılması
bələdiyyələrin fəaliyyətinin
əlaqələndirilməsinə yaxından kömək
göstərir. Digər tərəfdən, bu assosiasiyalar
beynəlxalq təcrübənin öyrənilməsində,
beynəlxalq təşkilatların toplantılarında
iştirak etməkdə və bu təcrübəni yerli
bələdiyyələrə çatdırmaqda mühüm
rol oynayır.
- Son bələdiyyə
seçkilərindən sonra onların işində ciddi
yeniliklər müşahidə olunurmu?
- 2009-cu ilin
bələdiyyə seçkiləri daha canlı, daha demokratik
keçdi. İlk növbədə, deyə bilərəm ki,
bu seçkilərə gedərkən bu institutun artıq 10 yaşı
var idi və müəyyən təcrübə əldə
olunmuşdu. Bu dəfə kadrların seçilməsi,
gənclərə və qadınlara üstünlük
verilməsi son seçkilərin daha çox maraq kəsb
etməsinə səbəb oldu. Bu gün Azərbaycan
bələdiyyələrində qadınların və
gənclərin təmsilçiliyi xeyli yüksəkdir. Son
seçkilərdə mütəxəssislərin say faizi, ali
savadlı insanların bələdiyyələrdə
təmsilçiliyi artdı. 2010-cu ilə də bu
keyfiyyətlə daxil olduq. Bu gün ölkəmizdə
bələdiyyə institutunun inkişafını tənzimləyən
30-a yaxın qanun mövcuddur. Bununla yanaşı, bir sıra
əsasnamələr var. Bu, həm ölkəmizin
inkişafı, həm müasir dövrün
tələbləri baxımından vacibdir. Dövlətimizin,
insanların sosial vəziyyətinin günü-gündən
yaxşılaşması bələdiyyələrin də
fəaliyyətində özünü büruzə verir. Bu canlanma qanunvericilikdə də öz əksini
tapmalıdır və bu baxımdan da
bələdiyyələrin fəaliyyəti ilə bağlı
qanunlara əlavə və dəyişikliklər edildi.
İstər bələdiyyələrin hüquq və
vəzifələrinin müəyyən edilməsi,
səlahiyyətləri ilə bağlı dəyişikliklərin
edilməsi bu qanunlarda öz əksinə tapır.
- Yaxın günlərdə Milli
Məclisin iclasında bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən orqanın illik məruzəsi təqdim olunacaq.
Sizcə, bu məruzə bələdiyyələrin
fəaliyyəti haqqında tam təsəvvür yarada bilirmi?
-
Bələdiyyələrin fəaliyyətinə inzibati
nəzarət qanunvericilikdə öz əksini tapır. Qeyd
etmək lazımdır ki, bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarətin həyata
keçirilməsi olduqca vacib bir şərtdir. Bu
vəzifəni Ədliyyə Nazirliyi həyata keçirir.
İnzibati nəzarət dedikdə,
bələdiyyələrin səlahiyyətlərinə
müdaxilə nəzərdə tutulmur. Sadəcə,
bələdiyyələrin qanunvericiliyə əməl
etməsinə nəzarət prosesi həyata keçirilir.
Bundan başqa, bələdiyyələrin qəbul etdiyi
qərarların hüquqi baxımdan düzgün olub-olmamasının
da öyrənilməsi də bu, nəzarətə aiddir. Məsələn, torpaqların verilməsində,
bələdiyyələrin sərəncamlarında
qanunvericiliyə əməl olunması, o cümlədən,
bələdiyyə maliyyəsinin xərclənməsi
prosesində qanunun tələblərinə riayət
olunması inzibati nəzarətin tərkibinə daxildir.
Ona görə də bu sahə ilə əlaqəli protokollar
yerlərdə yoxlanılır, həmin sənədlərin
bir surətini də Ədliyyə Nazirliyinin
Bələdiyyələrlə İş Mərkəzinə
göndərirlər. Digər tərəfdən, artıq
regionlarda da bu mərkəzin filialları fəaliyyət
göstərir. Bu mərkəzdə fəaliyyət
göstərən hüquqşünaslar da bu qərarların
verilməsinin hüquqi aspektini təşviq edirlər.
Bu
günlərdə bələdiyyələrə inzibati
nəzarəti həyata keçirən orqanın illik
məruzəsi parlamentin Regional Məsələlər
Komitəsində dinlənildi. Bu məruzədə
bələdiyyələrin illik fəaliyyətinin
bütün sahələri əhatə olunmayıb,
sadəcə, Ədliyyə Nazirliyinə verilən
səlahiyyətlər istiqamətində şərh olunub. Bu
toplantıda millət vəkilləri də,
mütəxəssislər də öz rəylərini
bildirdilər. Bununla yanaşı, bələdiyyə
assosiasiyalarının rəhbərləri də bu illik
hesabatda iştirak edirdilər. Bəzi
bələdiyyələrin də nümayəndələri dəvət
olunmuşdu. İclasda bələdiyyələrdə
əsassız yoxlamaların aparılması
məsələsinə toxunuldu. Digər tərəfdən,
bələdiyyələrin fəaliyyəti ilə
bağlı maarifləndirmə işləri
gücləndirilməlidir. Bələdiyyələrlə
vətəndaşların münasibətlərinin
tənzimlənməsi əsas diqqət mərkəzində
olmalıdır. Digər tərəfdən,
bələdiyyələrin problemləri ilə yaxından
tanış olmaq lazımdır. Ölkəmizdə
bələdiyyələrin inkişafına diqqət və
qayğı göstərilir. Regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul olunan Dövlət
Proqramlarının həyata keçirilməsində
bələdiyyələrin də iştirakı var. Belə
bir şəraitdə biz bələdiyyələrin
inkişafına mane olan bir sıra problemlərdən yaxa qurtarmalıyıq.
Bələdiyyə sağlam bir təşkilat olmalı,
öz fəaliyyətini əhali ilə
qarşılıqlı əlaqə müstəvisində
qurmalı və bu prosesdə vətəndaşların
iştirakının fəallığını təmin
etməlidir. Vətəndaşlarımız da
bələdiyyələrin inkişafında maraqlı
olmalıdır, onların inkişafına maddi və
mənəvi dəstəklərini göstərməlidirlər.
Əks halda bələdiyyələrin inkişafından
danışmağa dəyməz. Çünki
müəyyən vergilər, ödənişlər
var ki, onlar vətəndaşlar tərəfindən verilir.
Əgər vətəndaşlar bu vergiləri verməsə
və qarşılığında da bələdiyyələrin
maliyyə vəsaiti olmasa, hansısa bir işin
görülməsi problem olar. Fikrimcə,
vətəndaşlar hər il öz bələdiyyələrinin
hesabatlarını dinləməlidirlər.
Bələdiyyələr də qanunvericiliyə uyğun olaraq
hər 6 aydan bir öz seçiciləri qarşısında
hesabat verməlidir. Bələdiyyələr də daim öz
büdcəsini formalaşdırmalı, onu
müzakirəyə çıxarmalı və prosesdə
şəffaflıq təmin olunmalıdır.
- Tahir müəllim,
cəmiyyətdə bələdiyyələrin işindən
narazılıq edənlər də var. Onların
arqumentləri nə dərəcədə
əsaslıdır?
- Bəzi
insanlar var ki, bələdiyyələrin fəaliyyətinə
kölgə salmaq istəyirlər, onların kimdənsə
asılı bir qurum olduğunu iddia edirlər. Mən bu
fikirlərlə razı deyiləm. Biz yerlərdə oluruq,
vətəndaşlarla görüşürük,
söhbətlər edirik. Bir mütəxəssis kimi, deyə
bilərəm ki, son illərdə Azərbaycan
bələdiyyələri inkişaf yolundadır.
Bələdiyyələr olduqca fəaldırlar. Bəzi
bələdiyyələr hətta yol çəkiblər,
parklar salıblar, körpülər bərpa etdiriblər,
uşaq parkları yaradıblar. Bu fəaliyyəti
görməmək olarmı? Bu tədbirlərin həyata
keçirilməsində insanlar yaxından iştirak
edirlər. Niyə bu fəaliyyətə kölgə
salınmalıdır? Digər tərəfdən, bu gün
minlərlə insan bələdiyyə büdcəsindən
əmək haqqı alır. Bu da insanların iş yerləri
ilə təmin olunmasında mühüm addımdır.
Düzdür, bəzi bələdiyyələrin
fəaliyyəti hələ də müasir
tələblərə cavab vermir. Belə hallar olur və
qanunvericiliyi pozan, öz fəaliyyətində nöqsana yol
verən insanlar cəzalandırılırlar. Amma
bələdiyyələrin fəaliyyətinə kölgə
salmaq düzgün deyil, tənqid də sağlam
olmalıdır. Azərbaycan bələdiyyələri
ölkəmizin sosial-iqtisadi inkişafı prosesində
yaxından iştirak edirlər. Bu gün
bələdiyyələr digər strukturlarla, icra orqanları
ilə əlaqəli şəkildə fəaliyyət
göstərməlidirlər. Bütün
işlərdə müzakirələr sağlam inkişafa
daha da dəstək verir. Əgər icra strukturlarının
bələdiyyələrlə qarşılıqlı
əməkdaşlıq ruhunda aparılan fəaliyyəti
ölkəmizə, vətəndaşlara xeyir verirsə, bunu
yalnız alqışlamaq lazımdır. Çünki
onlar insanların sosial vəziyyətinin
yaxşılaşdırılması üçün
fəaliyyət göstərir. Düzdür,
bələdiyyələrin daha da inkişaf etməsi
üçün islahatlar aparılmalıdır. Bu
istiqamətdə bələdiyyələrə
qayğının artırılması, müəyyən
gərəksiz yoxlamaların aradan qaldırılması və
başqa məsələlər nəzərə
alınmalıdır.
Səs.- 2011.- 10 fevral.- S. 6.