XOCALI SOYQIRIMI
ƏSRİMİZİN FACİƏSİDİR
“Səs” qəzeti Xocalı faciəsinin 19-cu
ildönümü ilə bağlı növbəti dəyirmi
masa keçirdi
“Səs”
qəzeti ölkəmizin həyatında mühüm
əhəmiyyət kəsb edən, günün aktual və
prioritet mövzuları ətrafında silsilə xarakterli
dəyirmi masalar təşkil edir. Məhz budəfəki
dəyirmi masanın mövzusu Azərbaycan xalqının
ən böyük faciələrindən biri olan Xocalı
soyqırımının 19-cu ildönümünə həsr
olunub. Dəyirmi masada Yeni Azərbaycan
Partiyasının Siyasi Şurasının üzvü,
millət vəkili Eldar İbrahimov, Milli Məclisin
üzvü, filologiya elmləri doktoru Jalə Əliyeva,
“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Yeni
Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu,
ADPU-nun dosenti Nazi Əsədov, SİA-nın icraçı
direktoru Vəli Vəliyev, Şəhid Ailələrinə
Maddi və Mənəvi Dəstək ictimai birliyinin sədri
Nəzakət Həsənova iştirak edirdi.
Dəyirmi masada giriş sözü ilə
çıxış edən Bəhruz Quliyev Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin
Sərəncamı ilə “Xocalı soyqırımının
19-cu ildönümünün keçirilməsinə dair
tədbirlər planı” təsdiq edildiyini bildirdi. Qeyd etdi ki, bu tədbirlər planına əsasən
soyqırımı qurbanlarının xatirəsinə
ucaldılmış abidələrin önünə əklil
qoyulması, Xocalı sakinlərinin dünya
dövlətlərinə, xalqlarına və beynəlxalq
təşkilatlara müraciətinin yayılması,
Azərbaycan Respublikasının xarici
ölkələrdəki səfirliklərində,
nümayəndəliklərində və diaspor
təşkilatlarında bu dəhşətli hadisə ilə
bağlı mətbuat konfranslarının, anma
mərasimlərinin və s. keçirilməsi, xarici KİV
və teleradio kanallarında materialların hazırlanması
və yayılması nəzərdə tutulub.
B.Quliyev, həmçinin, bu sənədə
əsasən, idarə və təşkilatlarda, teatr-konsert
müəssisələrində, sərgi salonlarında, ali
və orta təhsil ocaqlarında xatirə gecələrinin,
foto-rəsm sərgilərinin, şahidlərlə
görüşlərin keçiriləcəyini, milli
azadlıq uğrunda mübarizəyə həsr
olunmuş sənədli və bədii filmlərin
nümayiş etdiriləcəyini bildirdi. Rəsmi
dövlət strukturları rəhbərlərinin, Milli
Məclisin deputatlarının və ziyalıların
iştirakı ilə xocalılıların
müvəqqəti məskunlaşdıqları
şəhər və rayonlarda şəhid
ailələrinə yardım göstəriləcəyini
də dəyirmi masa iştirakçılarının diqqətinə çatdıran B.Quliyev Xocalı
soyqırımının ildönümü ilə
bağlı internet şəbəkələrində də bu
hadisəni əks etdirən məlumatlar
yeniləşdiriləcəyini, televiziya və radiolarda
soyqırımla bağlı materialların veriləcəyini
də vurğuladı.
“XX əsrin genosid və etnik təmizləmələr
tarixində qanlı səhifələrdən biri də
Xocalı soyqırımıdır”
B.Quliyev
1987-ci ilin fevralın 13-də Xankəndində
ermənilərin ilk separatçı mitinqlərə
başladığını və bununla da Qarabağın rus
hərbi birləşmələri ilə qəsb
olunmasının əsasını qoyulduğunu bildirdi. O, qeyd
etdi ki, 1992-ci ilin fevralın 14-ü və 15-də
Qarabağın Qala Qapısı adlanan Malıbəyli və
Quşçular kəndləri erməni vəhşiləri
tərəfindən işğal olunub. Baş redaktor
fevralın 25-dən 26-sına keçən gecə isə ermənilər tərəfindən
Xocalıda insanlığa və bəşəriyyətə
qarşı soyqırım həyata keçirildiyini
vurğuladı: “Erməni hərbi birləşmələri
Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı
motoatıcı alayının ağır hərbi
texnikasının dəstəyilə Xocalıya hücuma
keçdilər. Artilleriya silahlarından,
ağır hərbi texnikadan açılan aramsız
atəşlə müşayiət olunan hücum
nəticəsində Xocalı mühasirəyə
düşdü və yanğınlar başladı. Fevralın
26-sı səhər şəhər alova
bürünmüşdü. Həmin vaxt
şəhərdə olan təqribən 2 min 500 nəfərə
yaxın əhali məcburi şəkildə öz
ev-eşiklərini ataraq, Ağdama doğru hərəkət
etdi. Lakin şəhəri tərk etmək hamıya nəsib
olmadı. Erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
qarşı xüsusi qəddarlıqla cəza
tədbirləri həyata keçirirdi. Beləliklə də,
Xocalıda ermənilər 613 nəfər azərbaycanlını
vəhşicəsinə qətlə yetiriblər. Onların
63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl adam idi.
8 ailənin isə üzvləri bütövlükdə
məhv edildi. Faciə nəticəsində 487 nəfər
müxtəlif dərəcəli bədən xəsarəti
aldı ki, onlardan da, 76 nəfəri uşaq idi.
Ermənilər tərəfindən girov
götürülənlərin sayı isə 1275 nəfər
təşkil edir. Xocalıda
törədilmiş faciə ilə əlaqədar 150
nəfərin aqibətindən isə hələ də
xəbər-ətər yoxdur” deyən B.Quliyev XX əsrin
genosid və etnik təmizləmələr tarixində
qanlı səhifələrdən birinin də, məhz Xocalı
soyqırımı olduğunu bildirdi. B.Quliyev həmin
soyqırımla bağlı əlaqəsi olan adamların,
hələ də, öz vicdanları və qanun
qarşısında cavab vermədiklərini də dilə
gətirdi. B.Quliyev o dövrün qanlı olayları və
Xocalı soyqırımı ilə bağlı dəyirmi masa
iştirakçıları arasında müzakirələrin
aparılmasının vacibliyini də bildirdi.
“Xocalı faciəsi
təsadüfən baş vermiş bir hadisə olmayıb”
Nazi Əsədov:
- XX əsrin ən
böyük faciələrindən biri olan Xocalı faciəsi
təsadüfən baş vermiş bir hadisə
olmamışdır. Bu faciə XX əsrin
sonunda ermənilərin Azərbaycan ərazilərinə
qarşı sırf ərazi iddialarının irəli
sürülməsinin nəticəsi kimi, eyni zamanda, öz
arzularına çatmaq üçün Dağlıq
Qarabağda hərbi vasitələrə əl atmasının
nəticəsindən baş vermişdir. Məlum
olduğu kimi, 1988-ci ildən başlayaraq, Ermənistan
Dağlıq Qarabağ Muxtar Vilayətində olan
ermənilərin Azərbaycandan ayrılaraq, Ermənistana birləşdirilməsi
haqqında qərarın qəbul olunmasına nail oldu.
Nəticədə Azərbaycana qarşı Dağlıq
Qarabağda iğtişaşlar gücləndi. O zamankı Azərbaycan
hökuməti isə bu məsələlərə bir o
qədər də ciddi əhəmiyyət vermədi.
Beləliklə də, erməni işğalçıları
öz arzularına nail olmaq üçün, ilk
növbədə, Qərbi Azərbaycandakı
azərbaycanlıların oradan deportasiya olanması
məsələsini həyata keçirdi. Bildiyiniz kimi, 1988-ci
ilin sonuna qədər Qərbi Azərbaycandan 200 mindən
artıq azərbaycanlı öz ata-baba yurdlarından
deportasiya edildi. Deportasiya olunan azərbaycanlıların
müəyyən hissəsi həmin zaman Dağlıq
Qarabağın ayrı-ayrı yerlərində, xüsusən
də, Şuşada yerləşdirilmişdilər. Lakin
Azərbaycanın o zamankı rəhbərləri onların
orada olmasının ermənilər üçün
təhlükə yaradacağını irəli
sürürdülər. Eyni zamanda, Moskva hökumətinin,
yəni mərkəzin diqtəsi ilə belə bir oyun gedirdi. Məhz bu oyunların nəticəsi olaraq, Qərbi
Azərbaycandan deportasiya olunmuş həmvətənlərimiz
Dağlıq Qarabağ ərazisindən
çıxarıldı. Beləliklə, müdafiəsiz
Azərbaycan xalqının Dağlıq Qarabağda yaşayan
hissəsi, ermənilərlə qarşı-qarşıya,
üz-üzə qaldı. Nəticədə isə
silahsızlaşdırılmış Azərbaycan
kəndləri mükəmməl silahlanmış erməni
quldur dəstələri tərəfindən işğal
edilərək, var-dövlətləri talan edildi. Tarixdə
görünməmiş insanlığa
sığışmayan əzablar Dağlıq Qarabağda
ermənilər tərəfindən xalqımızın
başına gətirildi. Bu
məsələdə isə birbaşa rus amili
məsuliyyət daşıyırdı. Qeyd edim ki,
Azərbaycanın dilbər guşələrindən biri olan
və artıq o zaman şəhər statusu almış
Xocalı alınmaz bir qalaya çevrilmişdi. Çünki
Xocalı əhalisi öz dədə-baba torpaqlarını
çox mərd və cəsurluqla müdafiə
edirdilər. Dağlıq Qarabağ ətrafında gedən
müharibənin getdikcə əhatə dairəsi
daralırdı. Davamlı şəkildə Xocalıdan və
ətraf rayonlardan mərkəzə, o zamankı
hakimiyyətə məlumatlar verilirdi ki, vəziyyət
getdikcə pisləşir. O zamankı mərkəzi
hakimiyyət isə bu məsələlərdə tamam
fərqli mövqe tuturdu. Eyni zamanda, onlar Xocalı
əhalisinə heç bir ciddi yardım göstərmək
niyyətində deyildi. Məhz bütün bunların
nəticəsi olaraq, 1992-ci ilin fevral ayının 25-dən
26-na keçən gecə rusların Xankəndində olan
366-cı motoatıcı alayının bütün hərbi
imkanlarından istifadə etməklə Xocalı
üzərinə hücum edildi. Onu da qeyd edim
ki, bu faciəni törətməzdən əvvəl də
366-cı alay, əslində, Azərbaycanın
kəndlərinin atəşə tutulmasında böyük
rol oynayırdı. Sonradan könüllü olaraq Azərbaycan
tərəfinə keçmiş həmin olayın
döyüşçüləri də açıq
şəkildə bildiriblər ki, onlara
müəyyən dərəcədə pul və digər
şirnikləndirici vədlər təklif etməklə,
Azərbaycan kəndlərini iriçaplı silahlardan
atəşə tuturdu. Yəni ruslar artıq
ermənilər tərəfindən, demək olar ki,
ələ alınmışdı. Bütün bunların
yekununda isə mərkəzdən heç bir kömək
almayan, tamamilə köməksiz vəziyyətdə olan
Xocalı əhalisi sərt qış gecəsində
düşmənin amansız hücumuna məruz qalmışdı. Həmin gecə yaşanan
böyük və qanlı faciənin yekununda 7 minlik Xocalı
əhalisinin az bir hissəsi erməni güllə-baranından
canını qurtararaq, sağ qala bilmişdi. 1992-ci ilin
fevralın 25-dən 26-na keçən gecə Xocalı
şəhərində rus və erməni
birləşmələrinin Azərbaycan xalqının
başına gətirmiş olduğu bəla tarixə
soyqırım faktı kimi daxil olmuşdur. Çünki
həmin gecə azğınlaşmış düşmən
ordusu xalqımıza qarşı amansızcasına divan tutub.
Əslində, erməni qəsbkarları təkcə Xocalıda
deyil, ondan əvvəlki tarixlərdə də Azərbaycan
ərazisində törətmiş olduğu terror
hadisələrində xalqımıza qarşı amansız
olduqlarını nümayiş etdirmişlər. Bu gün
də erməni terror təşkilatı olan ASALA təkcə
azərbaycanlılara, türklərə qarşı deyil, eyni
zamanda, başqa xalqlara qarşı da terrorçuluq
əməllərini yerinə yetirirlər. Bundan əlavə,
ASALA erməni terror təşkilatı bir çox terror
təşkilatları ilə də geniş əlaqələr
quraraq, müxtəlif cür hərəkətlər etməyi
planlaşdırırlar.
“Səs” qəzetinin
əməkdaşı:
- Eldar müəllim, Milli Məclis Xocalı
soyqırımının tanıdılması
istiqamətində dünya parlamentləri ilə hansı
istiqamətdə iş aparır və bunun nəticəsi
hansı səviyyədədir?
“Xocalı faciəsi tarixin ən böyük
faciələrindən biridir”
Eldar İbrahimov:
-
Məndən öncə çıxış edən
hörmətli tarixçimiz də bildirdi ki, Xocalı
faciəsi tarixin ən böyük faciələrindən
biridir. Xocalı faciəsinin törədildiyi
gün, yəni hər ilin 26 fevral günü
gələndə xalqımız bu soyqırımı
dərin hüznlə yad edir. Çünki azyaşlıların,
qocaların vəhşicəsinə qətlə yetirilməsi
hər bir azərbaycanlının ürəyində
düşmənə qarşı böyük nifrət
yaradır. Biz bu tarixi qeyd etdiyimiz hər anda
düşmənə qarşı böyük nifrət və
mübarizə əzmi ilə çarpışırıq.
Milli Məclis də hər ilin 26 fevralında Xocalı
faciəsi ilə əlaqədar olaraq bəyanat qəbul edir.
Bu bəyanat bütün beynəlxalq təşkilatlara,
dünya parlamentlərnə göndərilir. Bundan başqa
parlamentin beynəlxalq təşkilatlarla, Avropa Şurası,
ATƏT, Avropa Birliyi və digər nüfuzlu
təşkilatlara bu məsələnin əsl mahiyyətinin
çatdırılması üçün gördüyü
işlər, vermiş olduğu qərarlar göz
önündədir. Eyni zamanda, parlament üzvləri də
təmsil olunduqları bütün beynəlxalq
təşkilatlarda Xocalı soyqırımı ilə
bağlı əsil faktların dünya ictimaiyyətinə
çatdırılmasında əlindən gələni
əsirgəmir. Bir faktı da qeyd edim ki, Vyanada ATƏT
Parlament Assambleyasının qış sessiyasında biz ingilis
dilində Xocalı soyqırımı ilə bağlı
kitabların yayılmasına nail olduq. Bundan əlavə,
başqa dillərdə biz Xocalı həqiqətləri
ilə bağlı faktların çatdırılması
üçün mühüm qərarlar və addımlar
atmışıq. Amma çox təəssüf və
təəccüblə qeyd etməliyik ki, Avropada ikili
standartlar Azərbaycanla bağlı həqiqətlərin yayılmasına
imkan vermir. Onu da qeyd edim ki, bu gün dünya ictimaiyyəti
birmənalı şəkildə heç bir regionda və
ölkədə hər hansı bir formada müharibənin
olmasını istəmir.
Təkcə ermənilər istisna olmaqla, heç bir
dünya xalqı davamlı münaqişənin olmasında
maraqlı deyil. Ermənilər isə nə
müharibədən, nə terrordan, nə də
ayrı-seçkilikdən əl çəkmirlər. Amma
bütün bunların müqabilində onlar başa
düşməlidirlər ki, Azərbaycan regionda lider
dövlətə çevrilib.
Ona görə də, birmənalı şəkildə, Dağlıq
Qarabağ Azərbaycanın tərkibində inkişaf edib
yüksələ bilər. Onu da qeyd edim ki, qarşıdan
gələn müddət ATƏT Parlament Assambleyasının
sessiyasında bir daha 56 dövətin təmsilçisinə
Xocalı həqiqətləri ilə bağlı faktların
çatdırılmasına çalışacağıq. Bu günə qədər Azərbaycanın ərazi
bütövlüyü və digər
məsələlərlə bağlı BMT-nin, ATƏT-in
çıxarmış olduğu qərarlar Ermənistan
tərəfindən qəbul edilmir.
Öz növbəsində həmin nüfuzlu təşkilatlar
da çıxarmış olduğu qərarla bağlı Ermənistana
heç bir təzyiq etmək niyyətində deyil. Ona görə də, ATƏT rəhbərləri
dünyanın hegemon gücləri Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
konkret mövqe nümayiş etdirməlidirlər.
Çünki Cənubi Qafqaz
regionunda münaqişə ocaqları nə qədər
öz mövcudluğunu saxlayarsa, bu, həm region və
həm də dünya birliyi üçün çox
təhlükəlidir. Eyni zamanda, beynəlxalq nüfuzlu
təşkilatların da Azərbaycana qarşı ikili mövqedən
çıxış etməsi, münaqişənin həlli
ilə bağlı əsl reallıqları
görməzlikdən gəlməsi bizim haqlı
narazılığımıza səbəb olur. Amma
inanırıq ki, möhtərəm Prezident İlham Əliyev
cənablarının
apardığı uğurlu daxili, xarici siyasət
nəticədə ərazi bütövlüyümüzün
təmin edilməsinə zəmin yaradacaq.
“Səs” qəzetinin
əməkdaşı:
- XX əsrin ən böyük
faciələrindən olan Xirosimo, Xatun kimi
faciələrlə yanaşı, Xocalı faciəsinin də
bütün dünya ictimaiyyətinə çatdırılması
üçün mətbuatımızın ümumi bir
mövqedən çıxış etməsi nə
dərəcədə mümkündür?
“Xocalı təkcə
soyqırım deyil, bu, ilk növbədə, Azərbaycan
xalqının mənəvi müqavimətinin
qırılması üçün
düşünülmüş, sistemli, hərbi psixoloji bir
aksiya idi”
Hikmət Babaoğlu:
- Mən
əvvəlcə təşəkkür edirəm ki, “Səs”
qəzetində belə bir aktual
və vacib məsələyə həsr olunmuş
dəyirmi masa keçirilir. Qeyd edim ki, ilk növbədə,
Azərbaycan mətbuatı
sistemli, ardıcıl və məqsədyönlü bir
fəaliyyət göstərməlidir. Dünyanın
informasiya dünyası olduğunu bilərək, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində ilkin
vəzifə milli mətbuatımızın üzərinə
düşür. Bunun üçün də,
hadisənin baş verdiyi,
niyə baş verdiyi və niyə məhz bu
şəkildə baş verdiyi Azərbaycan mətbuatı,
sosioloqlar tərəfindən
ciddi təhlil edilməlidir.
Çünki biz nəzərdən
qaçırmamalıyıq ki, Xocalı təkcə
soyqırım deyil, bu ilk növbədə, Azərbaycan
xalqının mənəvi müqavimətinin
qırılması üçün
düşünülmüş, sistemili, hərbi-psixoloji bir
aksiya idi. Ermənilər növbəti mərhələdə
bilirdilər ki, Dağlıq Qarabağda geniş
əraziləri işğal etməyi nəzərdə
tuturlar. Bu əvvəlcədən düşünülmüş
bir plan idi. Məhz bu xalqın azadlıq ruhuna,
mənəviyyatına, milli-psixoloji müqavimətinə
vurulan bir zərbə idi. Ona görə də, öz
planlarını məhz bu şəkildə
qəddarcasına
düşünmüşdülər. Amma bu
ermənilərin hərbi siyasi bilgilərinin nəticəsi
kimi ortaya çıxmamışdır. Bu, böyük bir
imperiyanın birbaşa hərbi-psixoloji müdaxiləsi
nəticəsində meydana çıxmışdır. Onu da
deyim ki, ermənilər qarşılarına qoyulmuş
məqsədlərinə nail oldular. Çünki Xocalı
faciəsi, sözün əsil mənasında, xalqımız
üçün böyük bir dərs oldu. Xocalı
faciəsi o dərəcədə qəddarcasına
törədilmişdi ki, hətta bir informasiya
ötürücüləri olaraq, Azərbaycan mətbuatı
bəzi hallarda Xocalıdakı hadisələri olduğu kimi, cəmiyyətə və
dünyaya təqdim etməyi qüruruna belə
sığışdırmırdı. Yəni bizə ar
gəlirdi ki, övladlarımız, körpələrimiz,
qadınlarımız, qızlarımız bu cür
təcavüzə məruz qalıb. Bəzən milli qürur
bunu açıq şəkildə təqdim etməyimizdə
bizə mane olurdu. Çünki
ermənilərin xalqımıza qarşı
törətmiş olduğu əməllərdən biz
utanırdıq. Ancaq burada heç bir utancaqlığa yer
vermək lazım deyil. Həmin hadisələri olduğu kimi
dünya ictimaiyyətinə çatdırmaq lazımdır.
“Səs” qəzetinin
əməkdaşı:
Hikmət Babaoğlu:
- Qeyd edim ki,
tarixdə erməni soyqırımı adlı hadisə
baş verməyib, Sadəcə olaraq, 1915-ci ildə Osmanlı
imperiyasının köçürülməsi zamanı
baş vermiş
hadisələrin ermənilərlə heç bir
əlaqəsi yoxdur. Bir daha vurğulayıram ki, Azərbaycan
mətbuatının üzərinə düşən
vəzifə bütün üsullarla çevik
şəkildə Xocalı soyqırımının alt
qatlarında olan mənəvi-psixoloji faktları dünya
ictimayyətinə çatdırmaqdan ibarətdir. Amma hər
bir halda Azərbaycan mətbuatının üzərinə
ikiqat vəzifə düşür. Çünki bizi
eşitmək istəməyənlərə də, biz bunu
eşitdirməliyik. Son dövrlərdə Xocalı
soyqırımının, Qarabağ həqiqətlərinin
dünyaya çatdırılmasında Azərbaycanda sistemili,
məqsədyönlü, ardıcıl bir informasiya
siyasəti həyata keçirilir. Bundan qorxuya düşən
ermənilər isə bizim əleyhimizə çıxmaq
üçün daxilimizdə bir Eynulla Fətullayev
tapdılar. Onlar bundan sonra, iddia etməyə
çalışdılar ki, bu faciələri öz
başımıza özümüz gətirmişik. Ona görə də, biz ciddi şəkildə bu
məsələlərin üzərində iş
aparmalıyıq. İkinci bir tərəfdən isə,
qeyri-ənənəvi yollarla
Xocalı soyqırımı ilə bağlı
məsələlərin dünya ictimaiyyətinə
çatdırılmasından ibarətdir.
(Ardı var)
Rəfiqə Kamalqızı
Tapdıq Qurbanlı
Səs.- 2011.- 10 fevral.- S. 8-9.