Azərbaycan müstəqil
dövlətdir və heç kim ona təzyiq
göstərə bilməz
Millət vəkili, politoloq Rasim Musabəyovun
yap.org.az-a müsahibəsi
- Rasim müəllim, bu gün
dünyanın siyasi-iqtisadi mənzərəsinə təsir
edən hansı proseslər müşahidə olunmaqdadır?
-
Əvvəlki illərdə gündəmdə olmuş
İran, Əfqanıstan, Şimali Koreya kimi
məsələlər, eyni zamanda, qlobal maliyyə-iqtisadi
böhran bu gün də müxtəlif çalarla diqqət
mərkəzində qalmaqdadır. Lakin yeni ilin
əvvəlindən artıq dünyanın siyasi
mənzərəsinə təsir edə biləcək siyasi
hadisələrin də baş verməsi sadalanan aktual,
həllini gözləyən məsələlərin
sayını daha da artırmış oldu. Bura Tunisdə,
Misirdə və digər ölkələrdə baş
vermiş olaylar daxildir. Bununla yanaşı,
regionların stabilliyini sual altına qoya biləcək
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Abxaziya,
Cənubi Osetiya, Dnestryanı kimi münaqişələrin
tənzimlənməsi istiqamətində hər hansı
irəliləyişlərin olmaması müəyyən
mənada ortaya ciddi problemlər çıxarmış olur.
Əlbəttə
ki, sadalanan problemlərin hələ də konstruktiv həlli
tapılmasa da, amma bəzi məsələlərdə
müəyyən irəliləyişlər
müşahidə olunmaqdadır. Yəni, artıq bir sıra
dövlətlər dünyanı lərzəyə salan qlobal
böhrandan addım-addım çıxmaqdadırlar.
Həmçinin, dünyanın diqqət mərkəzində
olan münaqişələrdən öz həllini tapanlar da
oldu. Məsələn, 2 milyon insanın həyatına son
qoymuş hadisələrdən sonra Sudan problemi öz
həllini tapdı.
Amma
ümumən qeyd edək ki, dünyanı narahat edən bir
çox məsələlər hələ də öz
həllini gözləyir və onlar dünya üçün
potensial narahatlıq mənbələridir.
- Ümumiyyətlə, son
günlər ərzində bir sıra dövlətlərin
ərazisində çalxalanmaların baş verməsi
nəyin göstəricisidir? Bu, dünyanın bölüşdürülməsinin
yeni mərhələsi deyilmi?
- Bilirsiniz,
hələ də Afrika dövlətlərində, eyni zamanda,
ərəb ölkələrində süni
qarşıdurmalar yaradaraq, nəsə əldə etmək
istəyən qüvvələrin kimliyi haqqında faktlar
yoxdur. Amma eyni zamanda, bəlli idi ki, həmin
ölkələrdəki müxalif qruplarla ABŞ-ın
əlaqələri olub. Müxtəlif vasitələrdən
istifadə edilərək, həmin ölkələrin
demokratik inkişafına müəyyən təsirlər
göstərilib.
Mən hesab edirəm ki, haqqında
danışdığımız ölkələrdə
baş verən hadisələrin arxasında hansısa
qüvvələr dayanmayıb. Əksinə, bunlar spontan
şəkildə baş vermiş sosial
partlayışlardır. Ümumiyyətlə, bu
hadisələr baş verəndə, həm ABŞ, həm
də Avropa dövlətləri müəmma
içərisində idilər. Hətta ilk günlərdə
kimi dəstəkləyəcəklərini belə
bilmirdilər. Bu dövlətlərin baş vermiş
hadisələrlə bağlı mövqelərində
tərəddüdlər hiss olunurdu.
Mənim müşahidələrimə
görə, Misirdə, Tunisdə baş vermiş
hadisələr hansısa qüvvələrin təsiri
nəticəsində baş verməyib. Əlbəttə ki,
bu gün bu hadisələrdən şadlanan İranın
aktivliyi müşahidə olunmaqdadır. Amma
İranın bəyanatlarla nümayiş etdirdiyi mövqe
elə bu səviyyədədir. Çünki mən
inanmıram ki, bu proseslərə İranın hansısa
təsiri olsun. Əgər belə bir hal olsaydı,
mütləq böyük dövlətlərin sərt reaksiyaları
gündəmə gələrdi.
- Rasim müəllim,
İrandan söz düşmüşkən, belə bir sual
vermək istərdik: İranın son vaxtlar Azərbaycanın
daxili işlərinə qarışması, bu ölkənin
bəzi rəsmi nümayəndələrinin bizim
haqqımızda mənfi rəy formalaşdıran fikirlər
səsləndirməsi nədən
irəli gəlir?
- Adətən, bu cür rejimlər xarici siyasət
sahəsindəki fəaliyyətilə daxilindəki bir
çox problemləri kompensasiya etməyə
çalışırlar. İranda daim
göstərməyə çalışırlar ki, rejim
rəhbərlərinin təbliğ etdikləri ideyalar
dünyada dəstəklənir və qəbul edilir. Amma
əslində, İran əhalisi ölkədə mövcud
problemlərdən əziyyət çəkir.
Bəli, dini
azadlıq insanların malik olduqları hüquq və
azadlıqların sırasına daxildir. Eyni zamanda,
qəbulediləndir ki, problemlərlə bağlı
hansısa tərəf öz münasibətini bildirsin. Amma
bunu elə bir qüvvə etməlidir ki, onun ən azınan
mənəvi haqqı olsun.
Əgər bir ölkədə vətəndaşlar
bəzi davranışları həyata keçirməyə
məcbur edilirsə, meydanda açıq-aşkar insanlar edam
olunursa, qadınlar daş-qalaq edilirsə, adamlara şallaq
vurulmasına imkan verilirsə, bir sözlə, insanların
hüquq və azadlıqları kobud şəkildə
pozulursa, həmin dövlətin kiməsə insan
hüquqları sahəsində məsləhət
verməyə haqqı yoxdur. Mənim mövqeyim bundan
ibarətdir.
Bir məqamı da qeyd edim ki, bu günə
qədər Azərbaycan İranın daxilindəki
problemlərə münasibəti müəyyən
çərçivədə bildirib, həmçinin,
BMT-də İranla bağlı müzakirələr olanda
Azərbaycan Tehranı müdafiə edib, ikitərəfli
münasibətlərin korlanmaması üçün
balanslı siyasət yürüdüb. Amma bütün
bunları İran gözardı edib kobud şəkildə
Azərbaycanın daxili işlərinə qarışırsa,
düşünürəm ki, biz də İrana
münasibətdə siyasətimizə yenidən
baxmalıyıq. Yəni, İran Azərbaycan
tərəfindən adekvat cavabla qarşılanmalı və
bizim sərt mövqeyimizlə üzləşməlidir.
Bəlkə bundan sonra İran anlayar ki, şüşə
binada yaşayan qonşusuna daş atmamalıdır.
- Bildiyimiz kimi, bu gün dünya
ölkələri arasındakı münasibətlərə
təsir etmək, ayrı-ayrı ölkələr haqqında
rəy formalaşdırmaq imkanına mətbuat da sahibdir. Son
vaxtlar “VikiLiks” saytının, “Vaşinqton Post” qəzetinin
yaydığı dezinformasiyalar nəyə hesablanıb?
- Mən bu
cür yazılara sərt reaksiyaların verilməsinin
əleyhinəyəm. Adətən, böyük
dövlətlər çalışırlar ki,
əllərində olan resurslardan istifadə etməklə,
kiçik dövlətlərə təzyiq etsinlər və
istədiklərini əldə etsinlər. Əlbəttə
ki, maddi yardımların, kreditlərin verilməsilə onlar
bu təsirlərini artıra və maraqlarını təmin
edə bilirlər. Ermənistan kimi yoxsul və iflas
şəraitində yaşayan bir dövlətə, məhz
göstərdiyim aspektdən təzyiq etmək olar. Amma
Azərbaycan kimi tam müstəqil siyasət
yürüdən, əlində özünü müdafiə
etmək üçün kifayət qədər resursları
olan bir dövlətə qarşı eyni metoddan istifadə
etmək mümkünsüzdür. Ona görə də,
böyük dövlətlər mediadan istifadə
etməklə, öz məqsədlərinə nail olmaq
istəyirlər. Amma düşünürəm ki, bunlar
effektsizdir. Çünki Azərbaycan müstəqil
dövlətdir və ona heç kim təzyiq göstərə
bilməz.
Ümumiyyətlə,
istər mediada, istərsə də müxtəlif hesabatlarda
yazılanlar hansısa maraqlı qrupları mənafeyini
ifadə edir. Amma əslində, reallıq hər kəs tərəfindən
qəbul edilir və buna görə də müvafiq
addımlar atılır. Bəzən hansısa QHT-lər
Azərbaycanla bağlı mənfi reytinq
müəyyənləşdirir, bununla da, ictimai fikrə
toxunmaq istəyir. Amma reallığa nəzər salanda,
görürük ki, Azərbaycanla əməkdaşlıq
etmək istəyən, bizim ölkəyə investisiya
yatırmaq niyyətində olanlar növbəyə
düzülüblər. Artıq onlar bizi deyil, biz onları
seçirik.
Reytinq kimi
məsələlər, düşünürəm ki, zəif
ölkələrə lazımdır. Məsələn,
Ermənistana. Bu ölkə bu gün oğru qanunları
ilə idarə olunur, hakimiyyətdəkilər isə
cinayətkarlarla əlaqəlidirlər. ABŞ-da və Rusiyada
cinayətkar elan olumuş, beynəlxalq axtarışda olan
oğrular Ermənistanda sərbəst şəkildə
gəzirlər. Hətta rejim rəhbərləri ilə dostluq
münasibətlərdədirlər. Bir daha deyirəm, bu
cür vasitələrlə yalnız Ermənistan kimi
dövlətlərə təzyiq etmək olar, Azərbaycana
yox...
“VikiLiks” saytının
yaydıqlarına gəlincə, onu deməliyəm ki, bu da
eyni məqsədə xidmət edir. Eyni zamanda, hesab edirəm
ki, bu, ABŞ-ın xarici siyasətinə ziddir. Yəni, bundan
sonra hansısa ölkənin rəhbərləri ABŞ
rəsmiləri ilə danışanda, ehtiyatlı davranacaq.
Amma “VikiLiks”də
Azərbaycanla bağlı verilən hissələrdə
mən yalnız Prezident İlham Əliyevin Azərbaycanın
maraqlarını sərt şəkildə qoruduğunu
görürəm.
- Rasim müəllim, 2010-cu il
artıq arxada qaldı. Amma Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı konkret nəticə əldə olunmadı. 2011-ci ildə münaqişənin
tənzimlənməsi istiqamətində hansı prosesləri
proqnozlaşdırırsınız?
- Açığını
deyim ki, mənim 2010-cu ildə konkret nəticənin
əldə olunacağına ümidlərim böyük idi. Amma
bu il üçün mən sülh
danışıqlarından çox, hərbi gərginliyin
artması ehtimalları üzərində dayanıram. Hiss
olunur ki, Ermənistan tərəfi bu günə qədər
oyun oynadı və bacardığı qədər
münaqişənin həllini uzatdı.
Artıq
Azərbaycanın da səbri tükənmək üzrədir. Düşünürəm
ki, Azərbaycan tərəfi danışıqların imitasiya
xarakterli olduğuna tam əmin olduqdan sonra digər
vasitələrə əl atacaq. Azərbaycan
hər bir cəhətdən müharibəyə
hazırdır. Həm hərbi
hazırlıq, həm də iqtisadi baxımdan. Amma Ermənistan getdikcə zəifləyir və bir
qısa müddətli müharibə bu dövləti
süqutuna gətirib çıxara bilər.
Ona görə
də, böyük dövlətlər əllərində olan
resurslardan istifadə etməklə, Ermənistanı
konstruktivliyə çəkməli və
münaqişənin ədalətli həllinə nail
olmalıdırlar. Əks təqdirdə, Cənubi Qafqaz
regionunda silahlar danışmağa başlayacaq. Bu işdə münaqişənin
tənzimlənməsində iştirak edən bütün
tərəflər aktiv olmalıdırlar.
Səs.- 2011.- 10 fevral.- S. 10.