Ürək yanğısı
Çağdaş Azərbaycan ədəbiyyatı zamanla ayaqlaşaraq, ölkənin həyatında baş verən ictimai, siyasi, mədəni hadisələri diqqətə çəkir, insan düşüncəsinə zaman-zaman təsirini göstərərək, baş verənlərin müxtəlif formada, məzmunda ərsəyə gəlməsinə səbəb olur. Tarix, reallıqlar məhz tarixin bir hissəsinə çevrilmiş ədəbi nümunələr vasitəsi bizlərə gəlib çatır. Bu gün arxivlərdə qorunub saxlanılan nümunələr vasitəsilə Azərbaycan həqiqətləri öyrənilir və tədqiqatlar aparılır.
Demək, yazıçı və şairlərimizin yaradıcılığı həyatımızın axarından qaynaqlanır və burada nəsrə və nəzmə çevrilən mövzular cəmiyyətdəki proseslərin məcmusu olaraq oxuculara təqdim edilir. Müstəqilliyimizin bizlərə verdiyi demokratik ab-hava yaradıcı insanların daha geniş bir miqyasda fəaliyyət dairəsinə imkan yaradır. Həyata baxış, müxtəlif prizmalardan yanaşma, təbii ki, yaradıcı şəxsin dünyagörüşünün, təxəyyülünün ifadə formasından asılı olan amildir. Hər bir kitabda yaradıcı şəxsin zaman və cəmiyyət kontekstində olan baxışları fərdiliyi baxımından səciyyələnir. Son illərdə oxucularla mütəmadi olaraq yaradıcılıq görüşlərini bölüşən Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Rəsul Rza mükafatı laureatı Mövlud Teymurun da yaradıcılıq qayəsinin əsasını Azərbaycan, onun reallıqları obrazlaşdırılmış, bədiiləşmiş bir şəkildə təqdim olunur. Şairin "Ürək yanğısı" kitabı da Azərbaycana sevgidən yaranmış bir nümunədir. Kitabın səhifələrindəki müəllifin vətən məhəbbəti, xalqın taleyinə ürək yanğısı, torpağa isti münasibəti diqqətdən yayınmır. Müxtəlif illərdə qələmə aldığı şeirlər toplusu olan kitab bir neçə bölmədən ibarətdir. "Döyünən, vuran ürəyim" bölməsində şairin sevgisi məhz vətənə olan ülviliyin nümunəsidir. "Azərbaycanım", "Torpaq", "Vətənsən", "Bakıdır, Xəzərdir", "Bu ana torpağa sözüm var mənim", "Qartallı dağlar" kimi şeirlərində, adından göründüyü kimi, şairin Azərbaycanla bağlı ülvi hissləri öz əksini tapmışdır.
"Misli görünməyən rəhbərdir Heydər" adlı şeirində şair Azərbaycan taleyini, onun reallıqlarını məhz Heydər Əliyev dühası ilə obrazlı bir şəkildə ifadə edərək, oxucunu azərbaycançılıq ideyası ilə yoğrulmuş düşüncələr içində yaşamağa sövq edir. O, həyat hadisələrini incə bir hisslə oxucusuna təqdim edir. Heydər Əliyevin Azərbaycanı qurub-yaratdığını, Onun arzusu, əməli, eşqi ilə bu diyarın şöhrətlənməsini məxsusi bir şəkildə obrazlaşdırır.
Gecəni nurladan ulduzdu, aydı,
Çağlayan bulaqdı, kükrəyən çaydı,
Alınmaz ordudur, sınmaz alaydı,
Misli görünməyən
rəhbərdir Heydər.
Mövlud Teymur dövlətimizin bu səltənətə yiyələnməsində Heydər Əliyev əməyini şeir dilinə çevirərək, Onun bəşəriliyini qürürla tərənnüm edir.
Vətənin bir əsgəri olaraq, şairin nəzmə çəkdiyi misralarda məsuliyyət, torpağa olan borc öz əksin tapır. Doğma yurdu qarşısında baş əyən şairin yaradıcılıq qayəsinin əsasında duran vətən müqəddəsliyi, ona ehtiram vətənpərvərlik duyğuları ilə oxucuya təqdim olunur.
Kitabın ikinci bölməsini təşkil edən "Necə yada salmayım"da Azərbaycan torpağının yetirdiyi böyük ziyalılar nəslindən yaradıcılığında, onların azərbaycançılıq məfkurəsindən, milli mənəvi-dəyərlərimizin təbliğindəki düşüncə tərzinin meyarından söz açmaqla yaradıcı insanların qəlb dünyasının aliliyini göstərməyə çalışmışdır. Bu bölmədə Əliağa Kürçaylının, Məməd Arazın, Səməd Vurğunun, Nazim Hikmətin, Mikayıl Müşfiqin, Zəlimxan Yaqubun, Fikrət Qocanın və başqa qələm sahiblərinin sənət yolundakı düşüncələr, milli ədəbiyyatımıza gətirdikləri yenilik yer almışdır.
Mövlud Teymurun kitaba daxil olan "Karvan yolu" bölməsindəki şeir nümunələri fəlsəfi mahiyyəti, bəşəriliyi ilə seçilir. Doğma vətəninin müstəqilliyi, firavanlığı ilə dünyaya qanad açan şairin səmavi şeirlərində ürəkdən süzülüb gələn etiraflar, həyatın təzadsız məqamları nəzmə köçüb:
Mən bu dünyanın firavan övladıyam,
Azad qəlbim,
azad dilim var mənim.
Ürəklərə min bir gözəllik
bəxş edən,
Azad yurdum,
azad dilim var mənim.
Bu gözəllikləri duyan
və bunun içində xoşbəxt
düşüncələrinə qovuşan şairin ilham pərisi Azərbaycan olduğundan, yaradıcılıq eşqi
də tükənmir və yazıb-yaradaraq görüşləri ilə
oxucularını dünyasına
sövq edir.
Zümrüd
Səs.- 2011.- 10 fevral.-
S. 12.