Regionların inkişafı sürətlənib

 

Azərbaycan Prezidenti İlham Əliyevin Qərb bölgəsinə səfəri xeyli obyektin açılışı ilə müşayiət olunub

 

Fevralın 9-u və 10-da Prezident İlham Əliyev ölkənin Qərb rayonlarına səfər edib. Səfər zamanı dövlət başçısı Tovuz, Qazax, Gəncə və Samuxda ictimaiyyət nümayəndələri ilə görüşüb və xeyli sayda obyektin açılışında iştirak edib.

Prezident İlham Əliyevin fevralın 9-da Tovuz və Qazax rayonlarına səfəri haqda geniş məlumat vermişik. Dünən isə Prezident İlham Əliyev Samux rayonunda 500 kilovoltluq "Samux" yardımçı stansiyasının açılışında iştirak edib.

Böyüklüyünə görə respublikamızda ikinci olan "Samux" yardımçı stansiyası Gəncə şəhərindəki poladəritmə və alüminium zavodlarını elektrik enerjisi ilə təchiz edəcək. Stansiyada 100-dək yeni iş yerinin yaradılması nəzərdə tutulub.

Prezident İlham Əliyev Samux rayon icra hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak edib. İndiyədək Samux RİH 1937-ci ildə tikilmiş binada yerləşirdi. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2009-cu ildə yeni inzibati binanın inşasına başlanıb və tikinti 2010-cu ildə başa çatdırılıb.

Müasir avadanlıqla təchiz edilmiş binada 280 nəfərlik iclas salonu, konfrans salonu, 57 iş otağı və qəbul otağı var. Yeni bina ilə tanış olan dövlətimizin başçısı icra hakimiyyətinin əməkdaşlarına uğurlar arzulayıb.

Prezident İlham Əliyevə yaxınlıqda yaradılmış Dövlət Bayrağı meydanı haqqında da məlumat verilib. Bildirilib ki, 8,7 min kvadratmetr sahəsi olan meydanın mərkəzində ucaldılmış 36 metr hündürlüyündə metal dirəkdə Azərbaycanın dövlət bayrağı dalğalanır. Meydanda müasir işıqlandırma sistemi quraşdırılıb, dekorativ ağaclar əkilib, yaşıllıq salınıb.

Dövlət başçısı Samuxda "NAA aqrotara" MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib. Dövlət başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə salıb, istehsal prosesini izləyib.

Müəssisədə sutkada 12 ton meyvə və tərəvəz, o cümlədən, göyərti qurutmaq mümkündür. Burada 150 nəfər daimi, 60 nəfər isə mövsümi işçi çalışacaq. 25 min ton tutumu olan soyuducu anbarlarda müasir avadanlıq quraşdırılıb.

Prezident İlham Əliyev Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən "İmamzadə" dini kompleksində tikinti-bərpa işlərinin gedişi ilə tanış olub.

Kompleksin yerləşdiyi 2,5 hektara yaxın ərazidə 10 min kvadratmetrdən çox asvalt, 4400 poqonometr bəzəkli səki daşları döşənib. Ərazidə uzunluğu 100, eni 15 metr olan kompleks inşa edilir, burada 5 böyük, 36 kiçik künbəz tikiləcək, müasir işıqlandırma sistemi quraşdırılacaq. İnşaat işlərində əsasən yerli materiallardan istifadə edilir. Kompleksin keçmiş giriş qapısı tarixi abidə kimi bərpa olunacaq.

Azərbaycan Prezidenti Gəncəyə səfəri çərçivəsində fevralın 9-da Bakı-Gürcüstan sərhədi avtomagistralının bir hissəsi olan Yevlax-Gəncə yolunda tikinti işlərinin gedişi ilə tanış olub. Yolda 4 körpü, çoxsaylı keçidlər və dayanacaqlar tikilib, Kür çayı üzərindəki körpü bərpa edilib.

Ölkə başçısı İlham Əliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsi istiqamətindəki körpüdə gedən yenidənqurma işləri ilə də tanış olub, strateji əhəmiyyətli yolda işlərin vaxtında və keyfiyyətlə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Ölkə rəhbəri Gəncədə fiziki qüsurlu insanlar üçün Regional İnformasiya Mərkəzinin açılışında iştirak edib. Heydər Əliyev Fondunun fiziki cəhətdən qüsurlu insanların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirdiyi layihələrindən olan Gəncə regional informasiya mərkəzinin yaradılmasında əsas məqsəd məhdud fiziki imkanlı insanlar üçün informasiya texnologiyalarının tədrisidir.

Heydər Əliyev Fondunun Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birgə yaratdıqları mərkəzdə oxu zalı, təlim-tədris mərkəzi, audiokitabxana, kitabxana fondunun audioformata çevrilməsi üçün səsyazma studiyası, kompyuter mərkəzi var.

Oxu zalında gözdən əlillər üçün brayl əlifbası ilə nəşr olunmuş 1000-ə yaxın kitab, habelə, zəif görən insanlar üçün böyük şriftlə çap edilmiş kitablar, 4 ədəd brayl displeyi, 2 ədəd "kitab həvəskarı - kompakt" sərbəst oxuyan maşın, 2 ədəd "videolight" böyüdücü cihazı və müvafiq printer var. Mərkəzdəki kompyuterlər əqli cəhətdən zəiflər üçün zehni inkişaf etdirən oyunlarla təmin edilib. Kitabxanada nitq və eşitmə problemi olanlar üçün subtitrli filmlər də göstəriləcək.

Bu mərkəzin imkanlarından Ağstafa, Daşkəsən, Qazax, Gədəbəy, Goranboy, Samux, Tovuz, Göygöl, Şəmkir rayonlarından və Naftalan şəhərindən, ümumilikdə, 60 mindən çox fiziki qüsurlu insan istifadə edə biləcək.

Azərbaycan Prezidenti Gəncədə əsaslı yenidənqurma işləri aparılmış "Xan bağı" mədəniyyət və istirahət parkının açılışında iştirak edib. Dövlət başçısının tapşırığına əsasən ayrılmış vəsait hesabına görülmüş yenidənqurma işlərindən sonra parkın siması tamamilə dəyişib. Qafqazın ən qədim parklarından biri, yaşı 300-dən çox olan "Xan bağı"nda belə genişmiqyaslı işlər ilk dəfə məhz Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilib.

Ümumi ərazisi 7 hektar olan parkda müxtəlif ölkələrdən gətirilmiş ağaclar, dekorativ kollar əkilib. Burada iki fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, Venesiya guşəsi yenidən qurulub, 350 yerlik yaşıl teatr inşa olunub. Xalq şairi Nigar Rəfibəylinin heykəli və Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun qəbirüstü abidəsi də yeni görkəm alıb.

Göründüyü kimi, dövlət başçısının Qərb bölgəsinə səfəri xeyli sayda infrastruktur obyektləri istifadəyə verilib. Ümumiyyətlə, son illərdə ölkənin bütün bölgələrində sosial obyektlər, mədəniyyət müəssisələri, yollar, körpülər, sənaye müəssisələri tikilir ki bu da regionların inkişafını sürətləndirir.

Məlumdur ki, regionların sosial-iqtisadi inkişafında 2004-2008-ci illəri əhatə edən birinci mərhələ çox uğurlu olmuşdur. Bu mərhələni regionların inkişafında böyük dönüş illəri də adlandırmaq olar. Bu mərhələdə, ilk növbədə, regionlarda geniş təyinatlı infrastruktur şəbəkələrinin yaradılmasına başlanıldı.

Mühüm istehsal sahələrini inkişaf etdirmək üçün mövcud infrastruktur sisteminin əhatə dairəsinin artırılması və müasirləşdirilməsi, xüsusən, regionlarda elektrikləşdirilmə və qazlaşdırılma xətlərinin yeniləşməsi, onların əhatə dairəsinin genişləndirilməsi, magistral, rayonlararası və kəndlərarası avtomobil yollarının yenidən qurulması, Gəncədə, Naxçıvanda, Lənkəranda və Zaqatalada dünya standartları səviyyəsində müasir təyyarə limanlarının açılması, tikinti komplekslərinin və xidmət sahələrinin xeyli artırılması, çoxlu yeni məktəblərin, müalicə-diaqnostika mərkəzlərinin, olimpiya idman komplekslərinin, suvarma sistemlərinin inşası həyata keçirildi.

Nəticədə tezliklə regionlarda sosial-iqtisadi inkişafın mənzərəsi əsaslı şəkildə dəyişdi. Son 7 ildə ölkədə 900 min yeni iş yerləri açılıb. Bunların da 75 faizi regionların payına düşür.

İstər yerli, istərsə də xarici iş adamlarının fəaliyyəti üçün münbit biznes mühitinin yaradılması nəticəsində sənaye obyektlərinin, ayrı-ayrı xidmət sahələrinin genişləndirilməsi hesabına regionlarda məhsul istehsalı artıb, ölkənin daxili tələbatının ödənilməsi ilə yanaşı, onların xaricə ixracı da təmin olunub. Regionlar Azərbaycanın ərzaq təhlükəsizliyinin qorunmasında da aparıcı mövqeyə malikdirlər. İndi regionlar ölkədə hasil edilən çox əhəmiyyətli məhsulların, o cümlədən, alüminium xammalının, dəmir filizinin, qızılın, daş duzun, avtomobillərin, traktorların, kompyuterlərin, televizorların, soyuducuların, liftlərin, şəkərin və şəkər tozunun, pambıq xammalının, yunun, baramanın, yaşıl çay yarpağının əsas hissəsini hasil edirlər.

Son zamanlar regionlarda müxtəlif istehsal təyinatlı sənaye müəssisələrinin sayı daha böyük sürətlə artır. Bu, bir həqiqətdir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının böyük uğurla həyata keçirilməsi, nəinki regionlarda qeyri-neft sektorunun güclü artımına səbəb oldu, eyni zamanda, məhsuldar qüvvələrin daha da artırılması üçün çox geniş imkanların mövcudluğunu bir daha təsdiqlədi.

Bu istiqamətdə əldə edilən uğurlar bir daha göstərdi ki, vaxtilə uzun müddət əsassız olaraq, böyük tərəqqi yolundan kənarda qalmış Azərbaycanın bütün regionlarında qeyri-neft sektorunun müxtəlif sahələrinin inkişafı bundan sonra da məhz onların hesabına genişləndirilməlidir.

İqtisadiyyat sahəsində keçid dövrünü artıq başa çatdıran Azərbaycan indi inkişaf etmiş ölkələrin sıralarında öz layiqli yerini tutmaq üçün səylərini artırır. Ölkənin regionları üzrə məhsuldar qüvvələrin tarazlı tənzimlənməsi üçün qeyri-neft sektorunun hərtərəfli inkişafı, Azərbaycan iqtisadiyyatının diversifikasiyası və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası bu məqsədin gerçəkləşməsinin həlledici istiqamətlərindən birini təşkil edir.

Regionların hərtərəfli istehsal potensialının ildən-ilə artması göz qabağındadır. Hələlik, dövlət qayğısı ilə yaşayan və inkişaf edən regionlar tezliklə qeyri-neft sektoru sahələrinin sürətlə şaxələnməsi və yüksəlişi hesabına ölkə büdcəsini daha da artıracaq və bununla da respublikanın iqtisadi qüdrətini xeyli möhkəmləndirəcəklər.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 11 fevral.- S. 2.