Yeni Azərbaycan Partiyasına gənclərin axını artır

 

Əli Əhmədov: "Bu gün Yeni Azərbaycan Partiyası sıralarında 530 min Azərbaycan vətəndaşından 40 faizini gənclər təşkil edir"

 

Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında  keçirilən mərasimdə də Azərbaycan gəncliyinin yenilməz qüvvə olduğu,  ölkəmizi dünya miqyasında layiqincə təmsil etdiyi bir daha diqqətə çatdırılıdı: "Ötən il Azərbaycanı "Evroviziya - 2010" musiqi festivalında layiqincə təmsil edərək yüksək pillədə yer tutan, Qəbələdə keçirilən YAP Gənclər Birliyinin III konfransında qonaq kimi iştirak edən Səfurə Əlizadə YAP-a qəbul olunmaq, yenilməz qüvvə olan yaşıdları ilə bir sırada addımlamaq, Azərbaycan naminə daha böyük nailiyyətlərə imza atmaq üçün müraciət etmişdir".

Azərbaycan gəncliyinin tanınmış nümayəndələrindən olan, ölkəmizi beynəlxalq səviyyədə tanıdan Səfurə Əlizadənin bu istəyini  önəmli hesab edən YAP Sədrinin müavini Ə.Əhmədov bildirdi ki, sıralarında 40 faizi gənclər olmaqla 530 min üzvünü birləşdirən partiyamıza yeni fikirli, müasir düşüncəli gənclərin  axını ölkədə aparılan siyasətin nəticəsidir: "YAP ətrafında birləşən,  iqtisadiyyatımızın inkişafında, cəmiyyətin müxtəlif təbəqələrində   özlərini təsdiqləmiş, sayı 200 mindən artıq olan gənclərimiz tək respublika daxilində deyil, ölkədən kənarda da Azərbaycanı layiqincə tanıtmışlar. Sıralarımızda belələri çoxdur. Ölkəmizi beynəlxalq aləmdə tanıtmış Səfurə Əlizadənin bu gənclərə qoşulmaq istəyi də ölkədə onlar üçün yaradılmış  şəraitdən irəli gəlir.

Böyük uğurlara imza atmış azərbaycanlı gənclərin partiyamıza artan marağı bütün sahələrdə gənclərin hamisi olduğunu əməli ilə təsdiqləyən Prezident İlham Əliyevə, Onun başçılıq etdiyi partiyamıza inam və etimaddan qaynaqlanır. Bu etimad YAP-ın gücünü- qüdrətini  müəyyənləşdirməklə, partiyamızın ölkə vətəndaşları, xüsusilə, gənclərimiz üçün maraqlı və cəlbedici olması, özlərini ifadə etmək istəyi ilə bağlıdır".

Respublikamızda fəaliyyət göstərən siyasi təşkilatların başlıca vəzifəsi gənclərə öz potensialını ifadə etmək üçün  yaranan şəraitdən cəmiyyətin inkişafı üçün istifadə bacarığından asılıdır söyləyən Ə.Əhmədov bildirdi ki, YAP bu sahədə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır: "Sıralarımızda olan gənclərin potensialından maksimum istifadə, istedadlarının aşkara çıxarılması cəmiyyətin, ictimaiyyətin, ən başlıcası isə quruculuq ideyaları  artan gənclərin maraqları baxımından önəmlidir. Sevindirici haldır ki, bu səylər  müsbət nəticələrə gətirib çıxarır. Müasir gəncliyin yetirməsi və milyonların sevimlisi Səfurə Əlizadənin Yeni Azərbaycan Partiyasını seçməsi də təsadüfi deyil. İstəyi Azərbaycan mədəniyyət və incəsənətini daha yüksək səviyyədə  təmsil etməklə ölkəmizin siyasi həyatında da fəallığını artırmaqdır. "Evrovizion" musiqi yarışmasında bu istiqamətdə artıq addımlarını atan Səfurə xanım YAP-ın üzvü kimi gələcəkdə həm ölkəmizi, həm də partiyamızı daha geniş miqyasda tanıdacaq, respublikamıza, Azərbaycan gəncliyinə şöhrət qazandıracaq" deyə Ə.Əhmədov vurğuladı.

"Ölkə vətəndaşlarının ictimai-siyasi həyatını Yeni Azərbaycan Partiyası olmadan təsəvvür etmək mümkün deyil. Azərbaycanın gələcəyi də, YAP- da ölkədə yeridilən düşünülmüş siyasətlə bağlıdır. Partiyamız  belə istedadlı gənclərin birliyi, həmrəyliyi ilə güclüdür" sözlərini söyləyən Ə.Əhmədov bildirdi ki, xalq arasında böyük nüfuz qazanan Prezident İlham Əliyevin Azərbaycanın müasirləşməsi, modernləşməsi istiqamətində apardığı siyasət gələcəyimizin daha qüdrətli olacağından xəbər verir. Gələcək isə gəncliyindir: "Müasir dünyanın dəyərlərini qəbul etmiş, daha yüksək səviyyədə inkişafa iddialı olan Azərbaycanda qazanılan bütün nailiyyətlər gələcək nəsillərin rahat, firavan yaşaması, yaxşı təhsil alması, ictimai- siyasi həyatda fəal olması üçündür. YAP-ın gənclərlə bağlı fəlsəfəsi də belə mütərəqqi ideologiya ilə bağlıdır. Müasir dünyanın tələblərini daha geniş mənada dərk edən gənclərimiz gələcək Azərbaycanın tək sakinləri yox, eyni zamanda, sahibləri olacaqlar".

Sonra Ə.Əhmədov YAP-ın sıralarına daxil olmasını təsdiqləyən  bileti və Ümummilli Lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyətini əks etdirən diski S.Əlizadəyə təqdim edərək, ona gələcək fəaliyyətində uğurlar arzuladı.

YAP-ın üzvü olmaqdan şərəf duyduğunu, bu adı Ulu Öndər Heydər Əliyev ideyalarına, ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev siyasətinə sadiq qalmaqla doğruldacağını bildirən Səfurə Əlizadə  çıxışının sonunda hər zaman Azərbaycanın adını uca tutacağını vurğuladı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 11 fevral.- S. 4.