Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş yazı müsabiqəsinin qalibləri mükafatlandırılıblar

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin keçirdiyi Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda bədii əsər və publisistik yazı müsabiqəsinin nəticələri açıqlanıb və qaliblər mükafatlandırılıblar. "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, müsabiqənin məqsədi Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsinə töhfə vermək, vətənpərvərlik mövzusunu geniş yaradıcı ictimaiyyətin diqqətində saxlamaqla kütləviləşdirməkdir. "Kaspi" qəzetinin təsisçisi, filologiya elmləri namizədi, şairə Sona Vəliyeva tədbirdə çıxış edərək başa çatmış müsabiqənin böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, milli vətənpərvərlik mövzusunda yazılar bu günümüz üçün olduqca vacibdir. Mübariz İbrahimovun mənalı həyat yolu və böyük qəhrəmanlığı hər zaman təbliğ olunmalı və gənc nəsillərə çatdırılmalıdır. O, azərbaycanlı qürurunu, Vətən adını hər şeydən üstün tutaraq mənfur qonşularımıza gec-tez işğal altında inləyən torpaqları azad edəcəyimizi bir daha xatırladıb. Biz fəxr edirik ki, belə vətənpərvər oğullarımız vardır. Bildirilib ki, müsabiqəyə ümumilikdə 86 əsər təqdim olunub, 3 qalib müəyyənləşdirilib. Xüsusi olaraq qeyd edilib ki, müsabiqəyə təqdim olunmuş bütün yazılar yaxın vaxtlarda kitab şəklində nəşr olunacaq.

Təqdimat mərasimində çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və başqaları "Kaspi" qəzetinin keçirdiyi bu müsabiqəni yüksək dəyərləndirərək, belə tədbirlərin davamlı olmasını arzulayıblar. Sonra qaliblər mükafatlandırılıblar. Müsabiqənin 9 nəfərdən ibarət münsiflər heyətinin qərarına əsasən, Hafiz Mirzənin "Qeyrət" hekayəsi birinci, Zəkurə Quliyevanın "Ermənilərə tarixi dərs" məqaləsi ikinci, Valeh Məhərrəmlinin "Hünər" poeması isə üçüncü yerə layiq görülüb. Müsabiqədə birinci, ikinci və üçüncü yerlərin sahiblərinə müvafiq olaraq 1000 manat, 500 manat və 300 manat məbləğində pul mükafatı və fəxri fərman verilib. Bundan əlavə, 5 həvəsləndirici və 5 xüsusi mükafata layiq görülənlərin hər birinə 200 manat pul və fəxri fərman təqdim edilib. Müsabiqəyə yazı təqdim etmiş bir məktəbli isə fəxri fərmana layiq görülüb.

 

 

Səs.- 2011.- 11 fevral.- S. 6.