XOCALI SOYQIRIMI ƏSRİMİZİN FACİƏSİDİR

 

“Səs” qəzeti Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı növbəti dəyirmi masa keçirdi

 

(Əvvəli ötən sayımızda)

 

“Səs” qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Məhz budəfəki dəyirmi masanın mövzusu Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Eldar İbrahimov, Milli Məclisin üzvü, filologiya elmləri doktoru Jalə Əliyeva, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, ADPU-nun dosenti Nazi Əsədov, SİA-nın icraçı direktoru Vəli Vəliyev, “Şəhid Ailələrinə Maddi və Mənəvi Dəstək” İctimai Birliyinin sədri Nəzakət Həsənova iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə “Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edildiyini bildirdi. Qeyd etdi ki, bu tədbirlər planına əsasən soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub.

B.Quliyev, həmçinin, bu sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələrinin, foto-rəsm sərgilərinin, şahidlərlə görüşlərin keçiriləcəyini, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlərin nümayiş etdiriləcəyini bildirdi. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda şəhid ailələrinə yardım göstəriləcəyini də dəyirmi masa iştirakçılarının diqqətinə çatdıran B.Quliyev Xocalı soyqırımının ildönümü ilə bağlı internet şəbəkələrində də bu hadisəni əks etdirən məlumatlar yeniləşdiriləcəyini, televiziya və radiolarda soyqırımla bağlı materialların veriləcəyini də vurğuladı.

 

“Ermənistan prezidenti Serj Sarkisyan Fransada açıq şəkildə etiraf etdi ki, Xocalı soyqırımını mən törətmişəm”

 

Hikmət Babaoğlu:

İkinci bir tərəfdən isə, qeyri-ənənəvi yollarla  Xocalı soyqırımı ilə bağlı məsələlərin dünya ictimaiyyətinə çatdırılmasından ibarətdir. Yəni statistik formada yox, Xocalıda bu qədər adam öldü, bu qədər insan şikəst oldu, bu qədəri itkin düşdü və s. Çünki bu gün insanlar statistika ilə idarə olunmur. İnsanların düşüncəsi, emosiyası, mənəviyyatı hadisəni qavramaq tərzi daha çox mənəvi amillərlə bağlıdır. Ona görə də bu gün təkcə mətbuatın, jurnalistlərin fəaliyyəti ilə deyil, eyni zamanda, Azərbaycan ədəbiyyatının, yazıçılarının, şairlərinin, musiqişünaslarının da üzərinə çox böyük vəzifə düşür. Niyə Xocalı faciəsinə həsr olunmuş drama, romana Azərbaycan ədəbiyyatında rast gəlmək olmur? Yəni, Xocalı faciəsini, bir insanın ailə faciəsi qismində roman kimi oxucuya təqdim etmək daha məqbul olardı. Biz nəzərə almalıyıq ki, təbliğat bir-iki günlə hesablanmır. Təbliğat uzunmüddətə strateji məqsəd üçün hesablanır. Gəncliyində belə bir romanla tanış olan bir şəxs müəyyən bir yaş həddinə çatdıqda, onun mənəvi yaddaşında bu məsələ qalır. Bu baxımdan da Azərbaycan mətbuatı bugünkü beynəlxalq informasiya konyunukturasının verdiyi şərtlər daxilində kifayət qədər müvəffəqiyyət qazanıb. Burada digər bir məsələ isə Xocalı soyqırımını törədənlər haqqında, hələ də, bu günə qədər ciddi tədbirlərin görülməməsidir. Çünki bu hadisəni törədənlərin böyük bir qismi Azərbaycanın hüquqi, siyasi çərçivəsindən çox-çox kənardadır. Amma buna baxmayaraq, bəzi hallarda hadisəni törədən bu gün Ermənistanda rəhbər vəzifələrdə olanlar, xüsusən də, Serj Sarkisyan və eks-prezident Robert Köçəryan Qərbdə olan bəzi xristian təəssübkeşləri ilə görüşərkən, hətta özləri bildirirlər ki, Xocalı soyqırımını biz törətmişik. Ona görə də, Azərbaycan mətbuatı belə həssas nöqtələrə böyük diqqət göstərməlidir. Məhz dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinin bu məsələdə münasibət bildirməsini tələb etməlidir. Eyni zamanda, beynəlxalq hüququn gərəyi olaraq, həmin şəxslər haqqında müəyyən beynəlxalq təşkilatlar qarşısında bunun bir cinayət faktı olması barəsində iş qaldırılmalıdır. Çünki bu, bir etirafdır. Ermənistan prezidenti S.Sarkisyan Fransada açıq şəkildə etiraf edir ki, “Xocalı soyqırımını mən törətmişəm”. Belə olan təqdirdə, informasiya dəstəyi ilə yanaşı, Azərbaycan hüquq-mühafizə orqanları da hərəkətə keçməlidir.

Bu gün də, torpaqlarımızın erməni işğalı altında olması bizləri daima ayıq və sayıq olmağa sövq edir.

 

Bəhruz Quliyev:

- Azərbaycan mətbuatının apardığı işlə yanaşı, geniş ictimaiyyətin də başımıza gətirilən faciələrlə bağlı konkret mövqe ortaya qoyması vacibdir. Çünki milli məsələlərdə vahid iradənin nümayiş etdirilməsi istənilən məsələdə uğurun başlıca təminatçısıdır. Xocalı soyqırımı ilə bağlı əsil həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasın da bizim üzərimizə böyük vəzifə düşür.

 

“XX əsrdə baş vermiş bir neçə böyük faciələr Xatun, Xirosimo və Xocalı soyqırımı öz dəhşətləri ilə dünya ictimaiyyətini sarsıdıb”

 

Jalə Əliyeva:

- Xocalı soyqırımının ildönümü ərəfəsində “Səs” qəzeti tərəfindən keçirilən bu dəyirmi masa böyük bir vətəndaşlıq mövqeyinin təcəssümü kimi qiymətləndirilir. Qeyd edim ki, iki il öncə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət kampaniyası çərçivəsində Azərbaycan həqiqətləri, Xocalı gününün dəhşətləri və faciələri bütün dünya ictimaiyyətinə çatdırıldı. Bu məsələ çox təqdiredici bir qiymətə layiq görüldü. Sadəcə olaraq, bir nəfərin və bir ailə üzvünün bu cür məsələləri dünya ictimaiyyətinə çatdırması bizlərdə də böyük ruh yüksəkliyi yaradıb. Ona görə də, hər bir azərbaycanlı öz qəlbində bu təəssüfü yaşadıqca bunu düşünməli və addım atmalıdır. Çünki ildə bir dəfə deyil, bütün vaxtlarda Xocalı həqiqətləri ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasında bizlər də böyük fəallıq göstərməliyik. XX əsrdə baş vermiş bir neçə böyük faciələr Xatun, Xirosimo və Xocalı soyqırımı öz dəhşəti ilə bütün dünya ictimaiyyətini sarsıtmışdır. Eyni zamanda, bir filoloq kimi deyə bilərəm ki, burada bir bağlılıq ondan ibarətdir ki, faciələrin üçü də X hərfi ilə başlayır. Amma Xocalıdan başqa digər faciələrə bütün dünya ictimaiyyəti baş əyir. Söhbət Xocalı soyqırımından düşəndə nə üçünsə 200 illik təcrübəsi ilə öyünən, bütün dünyaya insan hüquqlarından dərs verməyə hazır olan dırnaqarası demokratik ölkələr - ABŞ, Avropa Birliyi kimi ikili standartlardan çıxış edən ölkələr Xocalı soyqırımına göz yumurlar. Onu da qeyd edim ki, bir neçə il bundan əvvəl, Xocalı faciəsini tamamilə anladan böyük bir əsər yazılmışdı.

 Bir faktı da qeyd edim ki, Avropa erməninin 100 ildir ki, yalandan car çəkdiyi iftiralara inanır. Ermənilər Xocalı faciəsindən olan kadrları götürüb, özününkülər kimi dünya ictimaiyyətinə təqdim edərək, insanları aldadırlar. Artıq son dövrlərdə dövlət səviyyəsində aparılan əhəmiyyətli iş nəticəsində ölkəmiz informasiya mübarizəsində öncüllüyü təmin etmişdir. Müharibənin və mübarizənin müxtəlif növləri olduğu kimi, onun ən əhəmiyyətli tərəfi informasiya müharibəsidir. Düşünürəm ki, Dağlıq Qarabağ məsələsi, pozulmuş ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan addımlar yaxın zamanlarda haqlı mövqeyimizin təmin edilməsinə zəmin yaradacaq. Eyni zamanda, bizlər də öz üzərimizə düşən vəzifəni yaxşı mənada dərk edərək, əsrlərdən bəri başımıza gətirilən bəlalardan dərs çıxararaq, işimizi məhz bu istiqamətdə qurmalıyıq.

 

Bəhruz Quliyev:

- Dəyirmi masa iştirakçılarının diqqətinə onu da çatdırım ki, sizlərə burada təqdim olunan Xocalı soyqırımı ilə bağlı multimedia diskləri SİA-nın təşəbbüsü ilə işıq üzü görüb. Eyni zamanda, digər vacib tarixi hadisələr, şəxsiyyətlər və əlamətdar günlərlə bağlı da SİA-nın multimedia diskləri hazırlanıb.

 

“Əsrin faciəsi olan Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək”

 

Vəli Vəliyev:

- Əsrin faciəsi olan Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşından heç vaxt silinməyəcək. Çünki əsirlər boyu Azərbaycan xalqına qarşı düşmənçilik mövqeyində olan ermənilər millətimizin başına olmazın müsibətlərini gətiriblər. Tarixə nəzər saldıqda, erməni fitnəsinin Azərbaycan türklərinə və Türkiyə türklərinə qarşı nə dərəcədə qəddar və amansız olduğunu bir daha aydın görmək olur. Çünki həmişə böyük iddialarda “Böyük Ermənistan” yaratmaq iddiasında olan bədnam qonşularımız bütün zamanlarda Azərbaycanın tarixi ərazilərinə göz dikiblər. Onlar istənilən tarixi şəraitdən özləri üçün əlverişli olan mühitdən istifadə edərək, Azərbaycan xalqına divan tutublar. Amma bütün bunlara baxmayaraq, nədənsə dünya birliyi Avropanın ikili standartları, hələ də, bizlər üçün tətbiq olunur. Bu günə qədər bütün beynəlxalq təşkilatların, BMT-nin Avropa Birliyinin, Avropa Parlament Assambleyasının, İslam Konfransı Təşkilatının Azərbaycanın ərazi bütövlüyü, qaçqın və məcburi köçkünlərin heç bir ilkin şərt irəli sürülmədən öz doğma yurd-yuvalarına qayıtması ilə bağlı çıxarmış olduğu qətnamələr hələ də Ermənistan tərəfindən icra olunmur. Eyni zamanda, bu qətnamələrin icrası ilə bağlı da heç bir beynəlxalq təşkilat Ermənistana hər hansı bir formada həm iqtisadi, həm də siyasi təzyiqlərinin və təpkilərini göstərmir. XX əsrin ən böyük insan qırğını və bəşəriyyətə, insanlığa sığışmayan əməllərinə görə, hələ də Ermənistana və onun əli qana batmış rəhbərlərinə bir söz deyən tapılmır. 1992-ci ilin fevral ayıın 25-dən 26-na keçən gecə Xocalı şəhərində azərbaycanlılara - körpədən tutmuş ağsaqqala qədər edilmiş vəhşiliklər tarixdə heç zaman baş verməyib. Xocalı faciəsinə qədər dünya birliyi insanlığa bu cür işgəncənin verilməsini müşahidə etməmişdi. Çox təəssüf və təəccüblə qeyd etməliyik ki, nədənsə hələ də, özləri üçün demokratiyadan, insan hüquq və azadlıqlarından bəhs edənlər 1992-ci ilin fevral ayının 26-da Azərbaycan insanına qarşı törədilmiş vəhşiliyə qiymət verməyi bacarmırlar. Amma inanırıq ki, tarix Azərbaycan xalqına qarşı edilmiş bütün ədalətsizliklərə, millətimizin başına gətirilmiş bütün bəlalara öz layiqli qiymətini verəcək. İşğal olunmuş torpaqlarımızın, pozulmuş ərazi bütövlüyümüzün təmin olunması Xocalıda, Xankəndində, Şuşada şəhid olmuş oğul və qızlarımızın ruhunu şad edəcək.

 

“Səs” qəzetinin əməkdaşı:

- Xocalı faciəsi baş verməyə bilərdimi?

 

Nazi Əsədov:

- Qeyd edim bizlər o dövrü, o tarixi hadisələri yaşamışıq. Hətta o dövr Xocalıda insanların qətlə yetirilmədiyi barəsində də informasiyalar yayılmışdı. O zamankı dövlət rəhbərliyinin biganə münasibəti nəticəsində, təbii idi ki, Xocalı hadisəsi baş versin. Xocalı faciəsi o halda, baş verməyə bilərdi ki, o vaxtkı dövlət rəhbərliyi bu məsələyə ciddi yanaşsın. Eyni zamanda, həmin vaxt ölkəyə rəhbərlik edən qüvvələr daxilində bu faciənin baş verməsində maraqlı olan tərəflər də mövcud idi. Onlar düşünürdülər ki, müharibədə belə bir gərgin vəziyyət yaransın və müəyyən imtiyazlar əldə edə bilsinlər. Bundan əlavə, Azərbaycan xalqının iradəsini qırmaq üçün rus və erməni birləşmələri belə bir faciəni törətməyi əvvəlcədən planlaşdırmışdılar. Amma bütün bunların müqabilində, zamanında qarşılayıcı tədbirlər görülsə, insanlar Xocalıdan çıxarılsaydı, Xocalı işğal olunsa da bu dərəcədə amansız qırğınlara yol verilməzdi.

 

“Xocalıda törədilmiş hadisələr sistemli şəkildə, ardıcıl olaraq həyata keçirilirdi”

 

Hikmət Babaoğlu:

- Əvvəlcədən bildirdiyim kimi, Xocalıda törədilmiş hadisələr sistemli şəkildə ardıcıl olaraq davam etdirilirdi. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi hələ 1918-1920-ci illərdə sonrakı sovet dövründə zaman-zaman aktuallaşdırılmışdır. Hətta 1970-1980-ci illərdə bu problem qaldırılaraq, Dağlıq Qarabağın Azərbaycandan qoparılması məsələsi gündəmə gətirilmişdi. Onu da qeyd edim ki, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi və sonradan SSRİ-nin prezidenti Mixail Qorbaçovun ətrafında Ağambekyan, Sitaryan və digər bu kimi ermənilər cəm olmuşdu. Çox təəssüf ki, onların münasibətləri SSRİ prezidenti ilə təkcə rəsmi səviyyədə məhdudlaşmırdı. Eyni zamanda, məişət, ailə səviyyəsində onlar arasında sıx mehriban münasibətlər mövcud idi. Bu isə yenidən ermənilərə imkan verdi ki, Qarabağ problemini aktuallaşdırsınlar və onu Azərbaycandan qoparsınlar. Bu yolda ermənilərin üzləşdiyi ilk maneə o vaxt Siyasi Büro üzvü, SSRİ Nazirlər Soveti sədrinin  birinci müavini Ulu Öndərimiz Heydər Əliyev idi. Ona görə də, ermənilər başa düşürdülər ki, nə qədər ki, belə bir sipər, güc var buna qarşı mübarizə aparmaq mümkün olmayacaq və Qarabağı Azərbaycandan qoparmaq reallaşmayacaq. Elə bu məqsədlə də onlar, ilk növbədə, ermənilər və sovet rəhbərliyi müxtəlif bəhanələrlə yalandan Ulu Öndərimiz Heydər Əliyevin səhhəti ilə bağlı saxta bir arayış təqdim etməklə, Onu Siyasi Bürodan uzaqlaşdırdılar. Onlar öz missiyalarını bununla bitmiş hesab etmədilər. Məhz bundan sonra da Ulu Öndərimizə qarşı müxtəlif təxribatlar etməyə də başladılar. SSRİ-nin və erməni rəhbərliyinin mövqeyi bəlli olduğu halda Azərbaycanda rəhbərliyə elə şəxsləri gətirirdilər ki, onlar ya həddindən artıq siyasi düşüncə etibarilə kosmopolit idilər,  sovet ideallarına inanmışdılar və milli kimliklərini, demək olar ki, itirmişdilər, ya da, onlar müti şəkildə özlərinə xidmət edən adamları Azərbaycanda hakimiyyətə gətirirdilər. Məhz bu hadisələr baş verdiyi ərəfədə də, Azərbaycanda hakimiyyətdə olan qüvvələr dediyimiz keyfiyyətləri özündə cəmləşdirmişdilər. Həmin dövrlər Xocalını əhatə edən Xankəndində və digər yerlərdə azərbaycanlılar az olsa da, burada soydaşlarımız qismən çoxluq təşkil edirdilər. Eyni zamanda, orada bütün infrastrukturu inkişaf etdirərək, Xocalıya şəhər statusu verilmişdi. Bundan əlavə Xocalı ətrafında baş verən hadisələrlə bağlı Mərkəzi Komitəyə, eyni zamanda, Azərbaycanın o zamankı rəhbərliyinə məlumatlar ötürülürdü. Bundan əlavə, Azərbaycanın o zamankı kəşfiyyat orqanlarında mən hesab edirəm ki, mütləq məlumat var idi. Hüquq-mühafizə orqanlarının da ya əvvəlcədən xəbərləri var idi, ya da olmalı idi. Əgər bu hadisədən xəbərləri yox idisə, bu, artıq onların günahıdır. Çünki belə bir böyük miqyasda hərbi cinayət planlaşdırılırdısa, mütləq bundan Azərbaycanda müvafiq orqanlarının xəbərləri olmalı idi. Ən azından birinci şəxsdə, yəni 1992-ci ildə ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov da bu hadisə barəsində müfəssəl məlumatlar var idi. Çox təəssüf ki, onlar bu məlumatları əhalidən gizlədirdilər. Cinayət məcəlləsinin hüquq kodeksinə əsaslanaraq, onu da qeyd etmək olar ki, o dövrdə hakimiyyətdə olan şəxslər əvvəlcədən bu cinayət haqqında məlumatları olduğu üçün, onlar da məsuliyyət daşıyırlar. Bundan sonra hakimiyyətə gələn psevdovətənpərvərlər də Xocalı ilə bağlı məsələlərə hüquqi-siyasi qiymət verməyi bacarmadılar. Məhz Ulu Öndərimiz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Xocalı soyqırımına hüququ-siyasi qiymət verildi. Bu cinayəti törətməkdə günahkar olanların adları konkret olaraq göstərildi. Onların haqqında xüsusi tədbirlərin görülməsi ilə bağlı Azərbaycan Respublikası Prokurorluğu tərəfindən xüsusi cinayət işi açıldı.

 

 

RƏFİQƏ KAMALQIZI

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 11 fevral.- S.- 8-9.