BU QƏLƏBƏ BÜTÜN
AZƏRBAYCAN XALQINI SEVİNDİRDİ
Prezident İlham Əliyev "Birlik" kubokunu
qazanmış Bakının "İnter" klubunun
futbolçularını qəbul etmişdir
Dünən Prezident
İlham Əliyev "Birlik" kubokunu qazanmış
Bakının "İnter" klubunun
futbolçularını və məşqçilərini
qəbul etmişdir.
Prezident İlham Əliyev "Birlik" kuboku yarışlarında
qazanılmış qələbə
münasibətilə futbolçuları,
məşqçiləri və
mütəxəssisləri təbrik edərək dedi:
"İnter" komandasının
bütün nümayəndələrini,
bütün üzvlərini
MDB-nin "Birlik" kuboku yarışlarında
qazanılmış inamlı
qələbə münasibətilə
təbrik edirəm. Bu qələbə bütün Azərbaycan xalqını sevindirdi. Bu, artıq gözəl ənənədir.
Bizim komandalarımız
"Birlik" kuboku yarışlarında üçüncü
dəfədir ki, birinciliyi əldə edirlər. 2006-cı ildə
"Neftçi", 2008-ci ildə "Xəzər-Lənkəran",
indi isə "İnter" komandası bu mötəbər yarışda qalib gəlmişdir. Bu, çox böyük qələbədir, çox
böyük hadisədir.
Bir daha sizi - futbolçuları, məşqçiləri, bütün
idman mütəxəssislərini
bu qələbə münasibətilə təbrik
edirəm.
Yarışlar çox gərgin keçmişdir.
Bizim komandamız altı oyunda qələbə qazanmışdır.
Mənə verilən
məlumata görə,
16 top vurmuş, öz qapısından isə bir top
da buraxmamışdır.
Bu, özlüyündə
böyük bir göstəricidir.
Hər bir oyun
çox vacib idi, amma sirr
deyil ki, Azərbaycan azarkeşlərinin
ən çox marağını cəlb
edən Ermənistan komandası ilə olan oyun idi.
Siz bu inamlı
qələbə ilə
bütün Azərbaycan
xalqını sevindirmisiniz.
Böyük üstünlüklə
qalib gəlmiş, rəqib komandanı darmadağın etmisiniz.
Bir sözlə, bu qələbə onu göstərir ki, Azərbaycanda artıq futbolda böyük və inamlı addımlar atılır. Futbol inkişaf edir, həm milli komandamız rəsmi oyunlarda artıq qələbələrə qədəm
qoyubdur, həm də klublarımız. Deyə bilərəm və siz də
yaxşı bilirsiniz ki, klublarımız daha böyük qələbələr əldə
edirlər.
Azərbaycan çempionatı
da maraqlı keçir və ildən-ilə oyunlara maraq artır, komandalar güclənir. Ümid edirəm ki, yaxın gələcəkdə bizim
komandalarımız daha
böyük nailiyyətlərə
çatacaqlar.
Azərbaycan azarkeşləri,
əslində, idmançılarımızın
qələbələrinə bir növ öyrəşmişlər.
Müxtəlif idman növlərində bizim böyük nəticələrimiz
var. Olimpiya, dünya, Avropa çempionlarımız var.
Əlbəttə ki, futbolda əldə edilmiş qələbə
xüsusi məna daşıyır.
Mən bu böyük
qələbə münasibətilə
sizin hamınızı
bir daha təbrik edirəm. Komandaya yeni uğurlar arzulayıram. Əminəm ki, siz növbəti illərdə də Azərbaycan azarkeşlərini
sevindirəcəksiniz.
Daha sonra Prezident İlham Əliyev Azərbaycan futbolunu dünya standartlarına çatdırmaq üçün
hələ çox işlər görməyin
vacibliyini vurğuladı,
hazırda federasiyanın
fəaliyyətinin gücləndiyini,
klub və uşaq futboluna, futbol infrastrukturunun yaradılmasına diqqətin
artırıldığını bildirdi.
Azərbaycanda qeyri-ənənəvi idman növlərinin də inkişaf etdirildiyini deyən Prezident İlham Əliyev futbolun ölkəmizdə həmişə
sevildiyini vurğuladı.
Azərbaycan komandasının
hələ SSRİ dövründə
ölkə çempionatında
bürünc medal qazandığını xatırladan
dövlətimizin başçısı
müstəqillik illərində
respublikamızın
futbol klublarının
bir çox yarışlarda iştirak
etdiyini, qazanılan hər bir qələbənin
hamımızı sevindirdiyini
bildirdi.
Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, dövlətin dəstəyi və federasiyanın məqsədyönlü
işi Azərbaycanda futbolun inkişafını
daha da sürətləndirəcəkdir.
Hazırda bir çox mütəxəssislərin
Azərbaycan çempionatının
səviyyəsinin yüksəldiyini
vurğuladığını deyən Prezident İlham Əliyev komandalarımızın beynəlmiləl
tərkibinin inkişafa
xidmət etdiyini söylədi. Dövlətimizin
başçısı dedi
ki, Azərbaycanda bütün xalqların nümayəndələri həmişə
dostluq şəraitində
yaşamış və
ölkəmizin inkişafına
çalışmışlar.
"İnter" komandasının
böyük gələcəyinin
olduğunu deyən Prezident İlham Əliyev bir daha bildirdi ki,
Azərbaycan dövləti
gələcəkdə də
futbolun inkişafına
böyük diqqət
yetirəcəkdir.
Dövlətimizin başçısı
bu sahədə infrastrukturun inkişafı,
stadionların tikintisi
ilə bağlı böyük planların olduğunu, bu il Azərbaycanda yeni futbol stadionunun
inşasına başlanılacağını
xatırlatdı.
"İnter" klubunun baş məşqçisi
Kaxaber TSXADADZE Prezident
İlham Əliyevi komandamızın "Birlik"
kuboku yarışlarında
qazanılmış qələbə
münasibətilə təbrik
edərək idmana, o cümlədən futbola göstərdiyi qayğıya görə minnətdarlığını bildirdi. O dedi ki, belə mötəbər
yarışdakı qələbə
"İnter"i daha da ruhlandırmışdır.
K.Tsxadadze son illərdə futbolun inkişafında Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının
və Peşəkar Futbol Liqasının rolunu vurğuladı və futbolçularımızın
bundan sonra da mötəbər beynəlxalq turnirlərdə
daha böyük uğurlar qazanmağa səy göstərəcəklərini
bildirdi.
Komandanın oyunçusu Rövşən Əmiraslanov
Azərbaycanda futbolun inkişafına hərtərəfli
qayğısı və
dəstəyinə görə
Prezident İlham Əliyevə futbolçular,
"İnter" klubu
və futbol ictimaiyyəti adından minnətdarlığını bildirdi.
"İnter" klubunun prezidenti Georgi Nikolov "Birlik" kubokunu və medalını, üzərində
"İnter" futbolçularının
imzası olan topu, habelə komandanın futbol geyimini dövlətimizin başçısına hədiyyə
etdi.
Hədiyyələrə görə təşəkkür
edən Prezident İlham Əliyev futbolçuların fiziki hazırlıq səviyyəsini
saxlamalarının vacibliyini,
onların gələcəkdə
də uğurlar qazanacağına əminliyini
söylədi, "İnter"
komandasını bir daha təbrik etdi.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının
prezidenti Rövnəq
Abdullayev idmançılar
və futbol ictimaiyyəti adından Prezident İlham Əliyevə minnətdarlığını
bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Səs.- 2011.- 15 fevral.- S. 2.