Beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin həllində ikili mövqedən çıxış edir

 

Əli Həsənov: "Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir"

 

Bu gün, demək olar ki, bütün beynəlxalq təşkilatlar Dağlıq Qarabağ münaqişəsini öz gündəliyində saxlayır. Lakin bu, o demək deyil ki, həmin təşkilatlar münaqişənin həllinə və tərəflər arasında ortaq məxrəcin əldə edilməsinə çalışırlar. Bu gün onların işğalçı və işlğala məruz qalmış tərəfi öz adları ilə çağırmaması, onlara lazım olan qiyməti verməməsi və ən əsası işğalçı Ermənistan dövlətinə öz mövqeyindən geri çəkilməsi üçün təsir və təzyiq mexanizmlərindən istifadə etməməsi münaqişənin həllini uzatmış olur. Bu səbəbdəndir ki, Azərbaycan ictimaiyyətində zaman-zaman beynəlxalq təşkilatların və vasitəçilərin münaqişənin həllində oynadığı roldan narazılıq meyilləri baş qaldırır. Hətta bəzi hallarda vasitəçilərdən tamamilə imtina olunması məsələsi də gündəmə gətirilmişdir.

Bu günlərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu məsələyə münasibətini bildirərək, rəsmi Bakının beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı işindən razı qalmadığını bəyan etməsi bir daha yuxarıda deyilənləri sübut edir. "Son zamanlar beynəlxalq təşkilatların Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasət Azərbaycanı tam qane etmir". Bunu dünən jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov bildirib.

Qeyd edək ki, bu açıqlamanı dünən Avropa Komissiyasının Bakıda "Struktur Dialoq" adlı regional seminarında çıxışı zamanı deyib. 3 gün davam edən seminarda Ermənistandan gələn nümayəndə heyəti iştirak edir.

"Münaqişənin mövcud olduğu dövrdə beynəlxalq təşkilatların yürütdüyü siyasət, reallaşdırdığı tədbirlər Azərbaycanı tam qane etmir. Ona görə ki, beynəlxalq hüquq normaları aydın şəkildə pozulduğu halda, Ermənistana qarşı beynəlxalq təşkilatlar tərəfindən açıq-aşkar təzyiq müşahidə olunmur", - deyə Ə.Həsənov bildirib.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar sadəcə fiksiya edirlər ki, Azərbaycanın ərazi bütövlüyü pozulub, Ermənistan qoşunları Azərbaycan ərazisini işğal edib bu işə son qoyulmalıdır. "Bütövlükdə, beynəlxalq hüququn normalarının bərqərar olunması istiqamətində ortada ciddi beynəlxalq iradə yoxdur. Buna görə mən tədbirdə tənqidi çıxış elədim burada təmsil olunan həm beynəlxalq təşkilatların nümayəndələrini, həm onların təmsil etdikləri ölkələri bu məsələdə Ermənistana təzyiq göstərməyə, Azərbaycanın haqq səsini reallaşdırmağa, öz ev-eşiyindən didərgin düşmüş bir milyondan çox qaçqının öz evlərinə qayıtmasına yardım göstərməyə çağırdım", - PA rəsmisi jurnalistlərə açıqlamasında deyib.

Göründüyü kimi, beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ münaqişəsinə göstərilən diqqət Azərbaycanı qane etmir. Ə.Həsənovun bu açıqlamasının arxasında, təbii ki, bir sıra məqamlar dayanır ki, bunlar da beynəlxalq təşkilatlar tərəfindən göstərilən mövqe ilə bağlıdır. BMT tərəfindən qəbul olunan müvafiq qətnamələrin icra olunmaması, məsələnin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupunun vasitəçilik missiyasını layiqincə yerinə yetirməməsi belə bir bəyanatın verilməsinə şərait yaradıb. Bu tipli mövqe təkcə adıçəkilən təşkilatlarda yox, eyni zamanda, digər təşkilatların da müvafiq sənədlərində bu ya digər şəkildə öz əksini tapır. Son dövrlərdə isə ATƏT-in Minsk Qrupunun təşkilatçılığı ilə faktaraşdırıcı missiyanın bölgəyə səfəri işğal zonasında müşahidələr aparmasından sonra bu müşahidələr haqqında hesabatın gecikdirilməsi diqqətçəkən məqamlardandır. Oktyabr ayında keçirilən müşahidələr haqqında hesabatın indiyə qədər təqdim olunmaması artıq bəzi narazıçılıq hallarının yaranmasına səbəb olmuşdur. Bu isə, birbaşa olaraq, vasitəçilərin məsələyə yetərincə ciddi yanaşmamasının göstəricisidir.

Bu gün dünyanın ən güclü nüfuzlu dövlətlərinin yer aldığı Minsk Qrupunun işğalçı dövlət kimi Ermənistana qarşı təsir təzyiq vasitələrindən istifadə etməməsi onların öz missiyalarını düzgün yerinə yetirməməsinə bir işarədir.

Yuxarıda göstərilən arqumentlər bir daha Azərbaycan tərəfinin beynəlxalq təşkilatlardan narazı qalmasına Prezident Administrasiyasının şöbə müdirinin belə bir bəyanat verməsinə haqq qazandırır.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2011.- 15 fevral.- S. 4.