Yeni Azərbaycan Partiyası bütün opponentləri arasında liderdir

 

19 il əvvəl, 1992-ci il noyabrın 21-də Naxçıvanda Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçirilən təsis konfransında YAP-ın yarandığı elan olundu. YAP yarandığı gündən Azərbaycanın siyasi həyatında özünəməxsus rola malik olan bir təşkilat kimi qəbul edildi. Sözsüz ki, bunun da əsas səbəbi o idi ki, partiyaya Azərbaycan xalqının böyük hörmət və inam bəslədiyi dahi şəxsiyyət Heydər Əliyev Sədrlik edirdi. Məhz YAP yaranandan 5-6 ay sonra Azərbaycanda insanların kütləvi şəkildə ölkəni Dahi Öndər Heydər Əliyevin xilas etməsi ilə bağlı istəkləri və tələbləri meydana çıxdı. Nəticədə, Heydər Əliyev Azərbaycanın Prezidenti seçildi. Yarandığı gündən bu günə kimi YAP Azərbaycanın siyasi həyatında nəinki aparıcı siyasi qüvvə, iqtidar partiyası olmaqla yanaşı, həm də ölkədəki ictimai-siyasi proseslərə, bilavasitə təsir göstərən siyasi qüvvə kimi özünü təsdiq edib. Söhbət etdiyimiz müsahiblərimiz də bu fikirləri daha ətraflı açıqladılar:

 

YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev:

 

- Etiraf etmək lazımdır ki, YAP-ın yaranması Azərbaycanın çox ağır dövrünə təsadüf edib. Ümummilli Liderimiz Heydər Əliyevə olan inam və etimad YAP-a olan inamı formalaşdırırdı. YAP yarandığı gündən bu xəbər ildırım sürəti ilə Azərbaycanın bütün bölgələrinə yayıldı və qısa müddət ərzində respublikamızın bütün regionlarında YAP-ın təşkilatlanması prosesi başladı. Qeyd edim ki, Yeni Azərbaycan Partiyası çox qısa zamanda həm kütləviliyi, həm də ictimai-siyasi proseslərə ciddi təsir etməsi baxımından özünü ifadə edə bilən təşkilata çevrildi. Bu gün xalqın YAP-a bəslənən ümidləri  əsaslı faktlarla özünü doğruldub. Xüsusilə, qeyd etmək istərdim ki, YAP daşıdığı yeni azərbaycançılıq ideyasını cəmiyyətdə təsbit etməklə yanaşı, həm də Ümummilli Liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi ideyalar və dəyərlər əsasında cəmiyyətdə həlledici rolunu ifadə edə bilib. Bu gün, sözün həqiqi mənasında, yeni  Azərbaycanın formalaşması prosesinin başlanğıcında dayanan gerçəkliklərdən və tarixi həqiqətlərdən biri də YAP-ın yaranmasıdır.

 

YAP Sabunçu rayon təşkilatının  sədri Mehriban Abasquliyeva:

 

- Bu gün hər bir Yeni Azərbaycan Partiyasının üzvü fəxr edir ki, bu siyasi təşkilatın üzvüdür. Çünki regionda elə bir siyasi təşkilat yoxdur ki, Yeni Azərbaycan Partiyası qədər üzvü olsun. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətinin aparıcı siyasi qüvvəsi olaraq, ölkəmizdə mühüm əhəmiyyətli rola malikdir. Ulu Öndərimiz tərəfindən əsası qoyulan YAP bu gün öz proqram prinsiplərinə və Ulu Öndərimizin ideyalarına sədaqətini nümayiş etdirərək, Heydər Əliyevin başladığı nəhəng quruculuq və Azərbaycanımızı dünya miqyasında ən yüksək pilləyə qaldırmaq istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə hərtərəfli dəstək verməkdədir. YAP-ın IV qurultayında partiyamızın Sədri, ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında YAP-ın cəmiyyətdə yeri və rolunun yüksək olduğunu xüsusi olaraq vurğulamışdır. Ümumiyyətlə, bu gün YAP-ın regionda analoqu yoxdur. Hazırda YAP üzvlərinin sayı 530 min nəfərdən çoxdur və bu say hər il artmaqdadır. Orta hesabla ildə təqribən 20-25 min nəfər partiyaya yeni üzvlər qəbul olunur. Bu da partiyamızın cəmiyyətdə artan nüfuzunun başlıca göstərcisidir. Eyni zamanda, YAP demokratik prinsiplərə söykənən bir partiyadır və bu prinsiplər içərisində qanunçuluq mühüm yerlərdən birini tutur. Bu prinsip həm cəmiyyətə, həm də partiyaya aiddir. Partiyaya daxil olan hər bir şəxs onun Nizamnaməsinə əməl etməlidir. Digər bir məsələ isə, Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən seçkilərdə fəallıq nümayiş etdirməsidir. Bu kampaniyaların təşkilində, həyata keçirilməsində YAP avanqard rol oynayır.

 

YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov:

 

- Bu gün Yeni Azərbaycan Partiyasının Azərbaycan cəmiyyəti tərəfindən birmənalı şəkildə dəstəklənməsinin başlıca səbəblərindən biri, deyərdim ki, bu partiyanın monolitliyini qoruyub saxlaması və partiya üzvlərinin bütün qərarlarla bağlı vahid mövqe nümayiş etdirməsindədir. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu vaxta qədər bir struktur kimi öz vahidliyini qoruyub saxlayır. Yeni Azərbaycan Partiyası yarandığı gündən bu günə qədər keçdiyi yolun hər zaman dəstəklənməsi bu partiyanın yuxarıda vurğuladığım kriteriyalara uyğun fəaliyyət göstərdiyini bir daha təsdiqləyir. Məhz buna görə də, ölkədə heç bir partiya YAP-la rəqabətə girə bilməz. YAP-ın uğurlarının əsasını təşkil edən səbəblərdən biri də bu partiyanın güclü və xarizmatik liderlərinin olmasıdır. YAP-ın yaradıcısı və Ümummilli Lider Heydər Əliyev kimi şəxsiyyətin rəhbərliyi ilə yaradılması, təbii ki, qısa zaman kəsiyində bu partiyanın gələcək inkişaf perspektivləri ilə bağlı öz sözünü deməli idi və dedi də. Çünki bu gün Yeni Azərbaycan Partiyasına ölkə Prezidenti İlham Əliyev kimi müdrik şəxsiyyət Sədrlik edir. Azərbaycan Prezidentinin dövlət başçısı kimi bu günə qədər Azərbaycan xalqı qarşısında verdiyi vədlərin həyata keçirilməsi, əhalinin sosial-iqtisadi rifahının yüksəldilməsi ilə bağlı davamlı siyasət aparması, təbii ki, sonda onun rəhbərlik etdiyi siyasi partiyanın nüfuzunun artması və xalq tərəfindən daha çox dəstək qazanmasında da öz sözünü deyir. YAP isə istər xalqa verilən vədlərin həyatda öz əksini tapması, istərsə də ölkədə keçirilən seçkilərlə bağlı yeni texnologiyaların tətbiqinə görə liderdir.

 

 

Tapdıq QURBANLI,

 

Rəfiqə KAMALQIZI

 

Səs.- 2011.- 15 fevral.- S. 6.