Azərbaycanda bölgələrin inkişafına xüsusi diqqət yetirilir

 

"Odlar Yurdu" Universitetinin rektoru, Milli Məclisin deputatı Əhməd Vəliyevin yap.org.az-a müsahibəsi

 

- Əhməd müəllim, məlum olduğu kimi, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin qərb bölgəsinə səfər etdi. Siz Qazax rayonunu təmsil edən millət vəkili kimi bu səfərin əhəmiyyəti haqqında nə deyə bilərsiniz? Ümumiyyətlə, bölgələrimizin inkişafını bu gün necə qiymətləndirmək mümkündür?

- Bildiyiniz kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin bölgələrə hər bir səfəri vacib hadisədir və bu səfərlər ölkəmizin inkişafı tarixində mühüm yer tutur. Çünki dövlət başçısının bölgələrə səfərləri yeni-yeni obyektlərin, iş yerlərinin açılışı ilə müşayiət olunur. Dövlət başçısının qərb bölgəsinə son səfəri də bu baxımdan olduqca əhəmiyyətlidir. Qeyd edim ki, cənab Prezidentin Qazax rayonuna səfərində mən də millət vəkili olaraq iştirak etmişəm. Qeyd edim ki, rayon ictimaiyyəti Prezidentimizin bu səfərini böyük sevinclə qarşıladı. Bildiyiniz kimi, Qazax ölkəmizin ən strateji ərazilərindən biri sayılır. Qazax rayonunun həm cəbhə bölgəsində yerləşməsi, həm də Gürcüstan Respublikası ilə həmsərhəd olması bu rayonun əhəmiyyətini ortaya qoyur. Bu baxımdan, rayonun problemlərinin həlli, rayonun inkişafı hər zaman dövlətimizin rəhbərliyinin diqqətindədir. Qazax rayonu son illərdə olduqca yüksək inkişafa nail olub. Bunun da əsas səbəblərindən biri ölkə Prezidentinin imzaladığı regionların sosial inkişafını özündə ehtiva edən dövlət proqramlarıdır. Bu baxımdan, Prezidentimizin qərb bölgəsinə səfəri çox yüksək dəyərə malikdir. Səfəri çərçivəsində möhtərəm Prezidentimiz ictimaiyyət nümayəndələri ilə görüşlər keçirdi, ölkəmizin sosial-iqtisadi inkişafı, qəbul olunan dövlət proqramlarının bölgələrin, o cümlədən, Qazax rayonunun inkişafındakı rolu ilə bağlı öz dəyərli fikirlərini bildirdi, Qazax rayonunda görülən işlərlə bağlı yüksək fikirlərini söylədi. Möhtərəm Prezidentimizin də vurğuladığı kimi digər bölgələrimiz kimi, Qazax rayonu da bu gün yüksək inkişaf tempi əldə edib. Qəbul olunan dövlət proqramlarının yerinə yetirilməsi ilə bağlı rayonda ciddi fəaliyyət nümayiş etdirilir. Digər tərəfdən, ölkə başçısı öz çıxışında Azərbaycanda gedən proseslərdən, islahatlardan danışdı, yerlərdə sahibkarlığın inkişafına və digər məsələlərə mane olmağa çalışanlara qarşı mübarizənin gücləndirilməsi ilə bağlı dəyərli fikirlərini bölüşdü. Möhtərəm Prezidentimiz bildirdi ki, hər hansı bir qanun pozuntusuna rast gələn şəxs Prezident Administrasiyasına müraciət edə bilər. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Qazax rayonu da hər zaman dövlətçiliyə sadiqlik nümayiş etdirən rayonlarımızdandır. Prezidentlə görüşdə çıxış edən rayon sakinləri də bu məsələni vurğuladılar və bildirdilər ki, Qazax rayonunun əhalisi birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir. Vurğulandı ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasi xətt Prezidentimiz tərəfindən layiqincə davam etdirilir. Sabitliyə, inkişafa və milli maraqların təmin edilməsinə yönəlik bu siyasi kursun inkişaf etdirilməsi hər bir Azərbaycan vətəndaşı kimi Qazax rayonunun sakinlərinin də arzusu və istəyidir. Cənab Prezident qeyd etdi ki, Qazax rayonu ölkəmizin qərb qapısıdır və sərhəd bölgəsi kimi bu rayona diqqəti daha da artırmaq lazımdır. Ölkə başçısının bu qayğısı da qazaxlılar tərəfindən yüksək qiymətləndirilir. Qeyd edim ki, bu gün ən uzun cəbhə xətti məhz Qazax rayonundadır. Bu rayon işğalçı Ermənistanla 100 kilometrdən artıq sərhədə malikdir. Düşmən ölkə ilə bu qədər böyük sərhədə malik rayonun yüksək əhval-ruhiyyədə yaşaması, onların mübarizliyi Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi.

Bildiyiniz kimi səfər çərçivəsində, həmçinin, Prezidentimiz Qazaxdan Gürcüstan sərhədinə qədər olan yolun da açılışını etdi. Bu əraziyə yeni yol çəkilib. Olduqca keyfiyyətli və yüksək standartlara cavab verən bir yoldur. Prezidentimiz bu yolun çəkilişini də yüksək qiymətləndirdi. Sonra isə Qazax rayonunda yerləşən gömrük idarəsinə baxış keçirildi, yeni gömrük idarəsi binasının açılışı oldu. Həqiqətən də, Sınıq körpü deyilən ərazidə tikilən bu bina yüksək səviyyədədir.

Bundan əlavə, dövlətimizin başçısı Birinci Şıxlı kəndində yeni məktəb binasının açılış mərasimində iştirak etdi. Həqiqətən də, bu gün Azərbaycanın regionlarında yüksək standartlara malik məktəb binaları tikilir və möhtərəm Prezidentimiz də bu məqamı vurğuladı. Bu, ölkə əhalisi tərəfindən də yüksək qiymətləndirilir. Həmin məktəblərin əksəriyyəti yenidən tikilir, orada yeni texnologiyalardan istifadə olunur. Eyni zamanda, Prezidentimiz xalq şairi Səməd Vurğunun ev-muzeyinin açılış mərasimində də iştirak etdi. Cənab Prezidentimiz vurğuladı ki, Səməd Vurğun kimi böyük bir şairin ev-muzeyi də gözəl olmalıdır. Ev-muzeyi yenilənib, orada yüksək səviyyəli təmir işləri aparılıb.

- Qeyd etdiyiniz kimi, ölkəmizdə təhsil ocaqlarının tikintisi də sürətlə davam edir. Bu baxımdan, təmsil etdiyiniz bölgədə təhsilin inkişafı hansı səviyyədədir?

- Ölkəmizdə təhsilin inkişafı birbaşa möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət mərkəzindədir. Eyni zamanda, xüsusilə, vurğulamaq lazımdır ki, Heydər Əliyev Fondu da təhsillə bağlı mühüm layihələr həyata keçirir. Təhsil işçisi olaraq mən bu məqamı çox yüksək qiymətləndirirəm. Digər ölkələrdə bu məqama çox az-az rast gəlinir ki, dövlət başçısı ölkənin təhsil problemi ilə bu qədər geniş bir miqyasda məşğul olsun. Bu mənada, Azərbaycan təhsili bu gün yüksək inkişaf tempi əldə edib. Təhsilin inkişafı ilə bağlı çoxsaylı sərəncamlar imzalanıb, "Təhsil haqqında" yeni qanun qəbul olunub, təhsil müəssisələrinin, binalarının yenidən tikilməsi, təmir olunması istiqamətində mühüm addımlar atılıb. Bu gün təhsil müəssisələrində yeni informasiya texnologiyalarından istifadə olunur, məktəblər kompüterləşdirilir. Fikrimcə, inkişaf sürətimiz bizə yaxın zamanda təhsilimizi dünya standartlarına uyğunlaşdırmağa imkan verəcək. Fikrimcə, təhsilimizin inkişafı bu sahədə müəyyən problemləri də aradan qaldıracaq. Hesab edirəm ki, təhsil müəssisələri hazırda kadr məsələsinə ciddi diqqət yetirməlidir. Bu gün ölkəmizdə təhsil müəssisələrinin maddi-texniki bazası çox yüksək səviyyədədir. Sadəcə, yüksək səviyyəli kadrlar hazırlanmalıdır.

- Sizcə, bu məsələ ilə bağlı hansı addımlar atılmalıdır?

- Bildiyniz kimi, Azərbaycan təhsili Boloniya təhsil sisteminə qoşulub. Yəni, biz artıq Avropa təhsil məkanına inteqrasiya edirik. Təhsil sahəsində çalışan insanlarımız da yeni texnologiyalardan yüksək səviyyədə istifadə etmək bacarığına malik olmalıdırlar. Eyni zamanda, tədris proqramlarımız da Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bu sahədə böyük işlər görlüb və bu işlər davam etdirilir. Təbii ki, təhsil elə bir sahədir ki, orada islahatların nəticələrinin, yəni nailiyyətlərin üzə çıxması üçün bir az zaman tələb olunur. Amma ölkəmizdə bu yöndə işlər davamlı xarakter alıb. Hesab edirəm ki, dövlətimizin gənclərin xaricdə təhsil alması ilə bağlı atdığı addımlar olduqca təqdirəlayiqdir. Bununla yanaşı, Azərbaycanın ali təhsil ocaqlarının dünyanın aparıcı ali məktəbləri ilə əlaqələri yaranıb, bu münasibətlər çoxşaxəli istiqamətdə davam etdirilir. Bu isə gələcəkdə kadr potensialının hazırlanmasında mühüm rol oynayacaq.

- Milli Məclisin yaz sessiyasının iş planına "Elm siyasəti haqqında" və "Ali təhsil haqqında" qanun layihələri daxil edilib. Bu sənədlərin qəbulu təhsilimizdə nə kimi dəyişiklər yarada bilər?

- Təbii ki, bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də məsələlər qanunla tənzimlənir. Zaman, yenliklər baxımından yeni "Təhsil haqqında" qanunun qəbulu vacib xarakter daşıyır. Parlament 2009-cu ildə bu sənədi qəbul edib. Bu yaxınlarda da ali təhsil və elm haqqında qanunların da müzakirəyə çıxarılması gözlənilir. Fikrimcə, bu qanunların qəbulu da təhsilimizin inkişafına öz töhfələrini verəcək.

- Əhməd müəllim, parlamentin son iclasında ölkəmizdə korrupsiyaya qarşı mübarizə haqqında millət vəkilləri öz fikirlərini bildirirdilər. Bəzi müxalifət nümayəndələri isə bu mübarizə barədə reallıqdan uzaq fikirlər səsləndirirlər. Millət vəkili olaraq, belə iddialara münasibətiniz necədir?

- Hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə dövlət səviyyəsində hər zaman aparılıb. Bu mübarizə sadəcə bu günün məsələsi deyil. Sadəcə, bu gün məsələyə diqqət daha da artırılıb. Bu, nə beynəlxalq aləmlə, nə də başqa bir məsələ ilə bağlı deyil. O fikirləri bildirənlər Azərbaycandakı inkişafı, görülən işləri qiymətləndirməyən insanlardır. Onlar sadəcə görülən işlərin üzərinə kölgə salmağa çalışırlar. Amma istəklərinə nail ola bilmirlər. Hər kəs dərk edir ki, bu, ölkəmizin daha da inkişaf etdirilməsi üçün görülən tədbirlərdir. Azərbaycan əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kurs əsasında inkişaf edir. Dövlətimiz xalqın xidmətindədir, ölkəmizdə vətəndaş birliyi yüksək səviyyədədir, dövlət-xalq vəhdəti mövcuddur. Ölkəmizdə keçirilən seçkilər zamanı da xalqımız ölkə Prezidentinin yürütdüyü siyasətə, Yeni Azərbaycan Partiyasına səs verirlər. O baxımdan, bu inkişafa, birliyə kölgə salmağa çalışanlar yanlış yoldadırlar.

 

 

Səs.- 2011.- 15 fevral.- S. 8.