İslahatlar insanların sosial rifahını yüksəldir

 

İlham Əliyev: "Azərbaycan vətəndaşları gündən-günə daha da yaxşı yaşamağa başlayırlar"

 

Ölkə Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda qeyd edildi ki, 2009-cu il dünyada maliyyə böhranı ili kimi tarixdə qalacaq və demək olar ki, bütün ölkələr böhrandan bu və ya digər formada əziyyət çəkiblər. Həmçinin, hökumətin iclasında vurğulandı ki, Azərbaycan dünya iqtisadiyyatına çox uğurla inteqrasiya edir və bütün beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi inkişaf sahəsində görülən işləri yüksək qiymətləndirirlər. Azərbaycan dünya iqtisadiyyatının bir parçası kimi bu böhranlı durumdan minimum itkilərlə çıxa bilib.

 

Uğurlu sosial göstəriciləri

 

Müşavirədə ölkə Prezidenti qeyd edərək, bildirdi ki, ölkəmiz dünya iqtisadi proseslərinə getdikcə daha da sürətlə qoşulur: "Bütövlükdə, deyə bilərəm ki, 2010-cu il ölkəmizin inkişafı üçün çox əhəmiyyətli il olmuşdur. 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir. Ümumiyyətlə, 2009 və 2010-cu illər tarixdə maliyyə və iqtisadi böhran illəri kimi qalacaq və bu illər bizim üçün də sınaq olmuşdur. Mən çox şadam ki, Azərbaycanda aparılan islahatlar və düzgün iqtisadi siyasət nəticəsində həm 2009-cu ildə, həm 2010-cu ildə ölkə iqtisadiyyatı inkişaf etmişdir".

Dövlət başçısı 2009-cu ilin yekunlarına görə, Azərbaycanın dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında olduğunu da bildirdi. Dövlət başçısının sözlərinə görə, bunu görmək üçün, sadəcə, iqtisadi və sosial göstəricilərimizə baxmaq kifayətdir: "2009-cu ildə ümumi daxili məhsul 9,3 faiz, keçən il isə iqtisadiyyatımız 5 faiz artmışdır. Əksər ölkələrdə həm 2009-cu, həm də 2010-cu ildə tənəzzül müşahidə olunduğunu nəzərə alsaq, əlbəttə ki, bizim uğurlarımızın əhəmiyyəti daha da artır. Bu böhranlı illər ərzində biz iqtisadi siyasətimizi inamla aparmışıq. Ölkə qarşısında duran bütün vəzifələr icra edildi. Bütün sosial proqramlar öz həllini tapdı. Keçən il minimum əməkhaqqı və pensiyanın baza hissəsi artırıldı. Halbuki Avropanın bir çox ölkələrində əks istiqamətdə proseslər gedirdi, maaşlar, pensiyaların məbləği aşağı düşürdü.

 

Makroiqtisadi sabitlik

 

Onu da vurğulamaq lazımdır ki, əvvəlki illərlə müqayisədə ötən il ölkənin valyuta ehtiyatlarında da artım yüksək olub. Hökumətin keçirilən iclasında ölkə Prezidenti İlham Əliyev 2010-cu ildə ölkənin valyuta ehtiyatlarının daha da artdığını vurğulayarkən, qeyd etmişdir ki, bu, çox gözəl göstəricidir, çünki ağır maliyyə böhranı ilində valyuta ehtiyatlarının artırılması hər bir yerdə müşahidə olunmur. Həmçinin, dövlət başçısı 2011-ci ilin də uğurlu olacağına əmin olduğunu da vurğulamışdı: "Əminəm ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu olacaqdır. Bunu deməyə bütün əsaslar var. Keçən ilin yekunlarına nəzər salsaq, görərik ki, nəinki iqtisadiyyatımız 5 faiz artmışdır, makroiqtisadi vəziyyət də sabit olaraq qalmışdır. 2009-cu ildə bizim bölgəmizdəki ölkələrdə milli valyutanın dəyəri aşağı salınmış və devalvasiyaya uğramışdır. Bizdə isə manat sabit olaraq qalır və beləliklə, biz həm əhalinin sosial müdafiəsinə dəyərli töhfələr vermişik, həm də manatın sabit qalması ölkə iqtisadiyyatı üçün çox vacib bir amildir. Makroiqtisadi sabitlik qorunmuş, inflyasiya cəmi 5,7 faiz təşkil etmiş, əhalinin pul gəlirləri isə 12,3 faiz artmışdır. Bu, onu göstərir ki, gəlirlər inflyasiyanı üstələyir".

Həmçinin, ölkə Prezidenti müşavirədə ölkədə aparılan islahatlar nəticəsində yoxsulluğun aşağı düşdüyünü də qeyd etmişdir: "2010-cu ilin yekunlarına görə, yoxsulluğun səviyyəsi daha da aşağı düşmüşdür və artıq Azərbaycanda yoxsulluq şəraitində yaşayanlar 9,1 faizdir. Hesab edirəm ki, bu, bizim böyük nailiyyətimizdir. Yeddi il ərzində Azərbaycanda yoxsulluq 4-5 dəfə aşağı düşmüşdür. Bu, bir daha göstərir ki, bizim apardığımız islahatlar və iqtisadi artım, ilk növbədə, Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilibdir. Onu da göstərir ki, Azərbaycanda enerji sektorunda görülən işlər nəticəsində ölkə xəzinəsinə daxil olunan vəsait ədalətli bölünür və beləliklə, Azərbaycanda sosial ədalət prinsipi həmişə yüksək səviyyədə tətbiq olunur". 

Prezident İlham Əliyev hökumətin toplantısında sosial proqramların həyata keçirilməsi ilə bağlı məsələyə toxunarkən, bildirmişdir ki, 2010-cu ildə bütün sosial proqramlar icra edildi: "Qeyd etdiyim kimi, minimum əməkhaqqı və pensiyanın baza hissəsi 75 manatdan 85 manata qaldırıldı. Ünvanlı sosial yardım proqramı icra edilir, bu proqram çərçivəsində 550 min nəfər dövlətdən yardım alır və biz bu siyasəti bundan sonra da davam etdirəcəyik. Çünki hələ də ehtiyac içində yaşayanlar var. Baxmayaraq ki, yoxsulluğun səviyyəsi aşağı düşür, ancaq biz elə etməliyik ki, çətinlik çəkənlər üçün də dövlət öz qayğısını əsirgəməsin".

 

Regional uğurlu inkişaf proqramları

 

Ölkədə sosial infrastrukturun yaradılmasında böyük işlərin görüldüyünü vurğulayan dövlət başçısı bu sahənin 2011-ci ildə də davam etdiriləcəyini bildirimişdir: "40-dan çox tibb müəssisəsi, 70-dən çox məktəb tikilmiş, təmir edilmişdir. 5 olimpiya mərkəzi tikilmişdir, mədəniyyət ocaqlarının tikilməsi və təmirinə vəsait ayrılır. Bir sözlə, ölkə iqtisadiyyatı və ümumiyyətlə, ölkənin inkişafı üçün vacib olan sosial sahə, həmişə olduğu kimi, diqqət mərkəzindədir. Bu, 2011-ci ildə də belə olmalıdır və şübhəsiz, investisiya proqramında, sosialyönümlü layihələr nəzərdə tutulacaqdır".

Prezident İlham Əliyev onu da qeyd edib ki, keçən il regionların sosial-iqtisadi inkişafı prosesi uğurla davam edib: "Regionlarda işlər yaxşı gedir, regional inkişaf proqramı icra edilir. Keçən il 70 mindən çox iş yeri açılmışdır, onun 53 mini daimi iş yeridir. Regional inkişaf proqramlarının icrasının başlanmasından, yəni 2004-cü ilin fevralından bu günə qədər ölkəmizdə 900 mindən artıq iş yeri açılmışdır ki, bu da işsizliyin aradan qaldırılması üçün, demək olar, əsas amildir. Bununla bərabər, iş yerlərinin açılması, yeni müəssisələrin işə salınması nəticəsində ölkə daxilində istehsal olunan malların sayı artır. Bizim ixracdan asılılığımız azalır. Biz artıq qeyri-neft ixrac potensialına malikik və öz məhsullarımızı artıq başqa ölkələrdə nümayiş etdiririk. Bu il həmin siyasət daha da sürətlə aparılmalıdır. Bir sözlə, regionların inkişafı artıq reallıqdır və regionlarda yaradılan müasir infrastruktur, - tikilən səhiyyə ocaqları, məktəblər, çəkilən yollar, qaz xətləri, indi böyük su layihələri də həyata keçirilməyə başlanmışdır, - dövlət tərəfindən, özəl sektor tərəfindən regionlara qoyulan sərmayədir. 2011-ci ildə də bu proseslər davam etdiriləcəkdir".

2010-cu ilin "Ekologiya ili" elan edildiyini qeyd edən ölkə Prezidenti ekoloji tədbirlərin ancaq ağac əkməklə bitmədiyini, cari ildə də yeni layihələrin həyata keçirildiyini bildirmişdir: "Keçən ilin sonunda Oğuz-Qəbələ-Bakı su kəməri istismara verilibdir. Yaxın vaxtlarda, yəqin ki, bir-iki aydan sonra bu kəmər tam gücü ilə işləyəcək və beləliklə, Bakının təmiz, keyfiyyətli içməli su ilə təmin olunması üçün əlavə böyük imkanlar yaranacaqdır. Kəmərin tikintisi sırf sosial xarakter daşıyır. Bu, kommersiya layihəsi deyil, lakin ona böyük vəsait qoyulubdur. Ancaq biz bunu etməliydik. Çünki Azərbaycan vətəndaşları ən yüksək şəraitdə yaşamalıdırlar. Azərbaycanda ən qabaqcıl texnologiyalar tətbiq olunmalıdır. Bizim gördüyümüz işlər məhz bu səviyyədə aparılır. Azərbaycanda istifadəyə verilmiş səhiyyə ocaqları - orada ən qabaqcıl avadanlıqlar quraşdırılır. Biz dünyanın aparıcı, inkişaf etmiş ölkələrinin ən qabaqcıl klinikalarında olan avadanlığı, aparatları gətiririk".

Qeyd olunan bütün bu nailiyyətlər Prezident İlham Əliyevin ölkədə uğurla həyata keçirdiyi iqtisadi siyasətin nəticəsidir. Dövlət başçısı qarşıya qoyulan məqsədi belə ifadə edir: "2011-ci il başlayıb, mən gələcəyə çox böyük nikbinliklə baxıram. Tam əminəm ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaqdır. Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq".

Ümumiyyətlə, ötən ilin yekunları ilə bağlı hökumətin müşavirəsi göstərdi ki, Azərbaycan dünyada maliyyə-iqtisadi böhranın hökm sürdüyü bir zamanda öz inkişaf tempini qoruyub saxlayır.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 16 fevral.- S. 3.