"Azərbaycan düzgün istiqamətdə inkişaf edir..."

 

İlham Əliyev: "...ancaq bu, o demək deyil ki, ölkədə hər şey yaxşıdır. Harada nöqsanlar varsa, aradan qaldırmalıyıq"

 

Sirr deyil ki, inkişaf etmiş ölkələri fərqləndirən cəhətlərdən biri də ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yer tutmasıdır. Azərbaycan da bu yolla gedir. Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafı üçün ciddi işlər aparılır. Dövlət tərəfindən ayrılmış kreditlər, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə görülən işlər də sahibkarlığın inkişafına çox böyük dəstəkdir.

 

"Harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq"

 

Dünya İqtisadi Forumunun hesablamalarına görə, rəqabət qabiliyyətliliyi baxımından Azərbaycan iqtisadiyyatı MDB məkanında birinci yerdədir. İnsan inkişafı indeksi ilə bağlı verilən məlumatlar da onu göstərir ki, bizim iqtisadiyyatımız və ölkədə gedən iqtisadi-sosial islahatlar uğurludur.

Beynəlxalq aparıcı reytinq agentlikləri böhran illərində Azərbaycanın reytinqlərini artırıblar. Bu, onu göstərir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir. Dövlət başçısı hökuməti buna arxayın olmamağa çalışır: "Ancaq bu, o demək deyil ki, ölkədə hər şey yaxşıdır. Əlbəttə ki, yox. Biz çalışmalıyıq, xüsusilə, 2011-ci ildə bu sahəyə daha da çox diqqət verməliyik. Harada qüsurlar, çatışmayan cəhətlər varsa, onları aradan qaldırmalıyıq.

Harada ki, bizdə görülən işlər hələ beynəlxalq standartlara cavab vermir, onları beynəlxalq standartlara, Avropa standartlarına yaxınlaşdırmalıyıq. Mən hesab edirəm ki, əgər biz buna nail olsaq, büdcə gəlirlərimiz artacaq və ümumiyyətlə, ölkədə uçot-hesabat məsələləri daha da dəqiq həll olunacaqdır. Bir daha demək istəyirəm ki, bunu etmək üçün, bu sahədə işlərin daha da səmərəli şəkildə aparılması üçün bütün imkanlar var".

Qeyd edək ki, keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 115 milyon manat kreditlər verilib. Bu kreditlərin, demək olar ki, 99 faizdən çoxu bölgələrə aid olan vəsaitdir. Faktlar göstərir ki, bu kreditlər yaxşı nəticələr verir. Kreditlərin verilməsi nəticəsində yüzlərlə yeni müəssisə yaradılıb və önəmli amil ondan ibarətdir ki, bu kreditlər vaxtlı-vaxtında qayıdır və yenidən kreditləşməyə cəlb olunur.

 

"Bürokratik əngəllər tamamilə aradan qaldırılmalı, korrupsiyaya qarşı ciddi mübarizə aparılmalıdır"

 

Azərbaycanda biznes mühiti müsbətdir, investisiya mühiti yaxşıdır. Adambaşına düşən birbaşa xarici sərmayənin həcminə görə Azərbaycan, həmişə olduğu kimi, indi də MDB məkanında aparıcı yerlərdədir.

Ancaq bununla belə Prezident İlham Əliyev bildirir ki, biznes mühitinin yaxşılaşdırılması üçün əlavə tədbirlər görülməlidir. Dövlət başçısı qeyd edir ki, bürokratik əngəllər aradan qaldırılmalı, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalı, ictimai nəzarət gücləndirilməlidir.

"Bütün bunlar çox vacib məsələlərdir. Biz istədiyimizə nail olsaq, Azərbaycan iqtisadiyyatı daha da sürətlə inkişaf edəcək, ümumi daxili məhsulumuz daha da artacaq, vergilərdən daha da çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlər də azalacaqdır"- ölkə rəhbəri bildirir.

"Biz elə etməliyik və buna nail olmalıyıq ki, Vergilər Nazirliyi və digər qurumlar tərəfindən yığılan vəsait cari xərclərin bağlanması üçün kifayət etsin. Neft Fondundan transfertlər yalnız və yalnız investisiya yönümlü layihələrə sərf olunsun.

Hökumətin ötən ilin yekunları ilə bağlı müşavirəsində dövlət başçısı deyib: "Nəzərdə tutulmuş və icrada olan bütün infrastruktur layihələri 2011-ci ildə davam etdiriləcəkdir. 2011-ci il üçün dövlət büdcəmizin xərcləri təxminən 16 milyard dollara bərabərdir, icmal büdcəmiz 19 milyard dollar təşkil edir. Yəni kifayət qədər vəsait var ki, infrastruktur layihələrinin həyata keçirilməsi üçün ondan istifadə edək".

Ölkə Prezidenti qeyd edib ki, investisiya yönümlü siyasət davam etdirilməlidir: "Bu sahədə, infrastrukturun yeniləşməsi üçün çox böyük əsaslı işlər görülüb. Ancaq görüləsi işlər hələ çoxdur: yolların tikintisi, əhalinin içməli su ilə təchiz edilməsi, kanalizasiya sisteminin bərpası, yenidən qurulması, suvarma, meliorasiya işləri, sosial infrastrukturun yaradılması, qazlaşdırma, elektrik xətlərinin çəkilməsi".

"İri fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən lazımi şərait və imkanlar təmin olunur"

Prezidentin fikrincə, aqrolizinq, aqroservislərin fəaliyyəti kənd təsərrüfatının inkişafına böyük dəstəkdir, bu sahədə də dövlətin müdaxiləsi və siyasəti həlledicidir. Taxıl istehsalının artırılması üçün əlavə tədbirlər görülür.

Böyük fermer təsərrüfatlarının yaradılması üçün müəyyən addımlar atılır. Azərbaycanda torpaq islahatı aparılıb, ölkəmiz bu sahədə MDB məkanında qabaqcıl yerlərdədir.

Ancaq bununla bərabər, hələ istifadədə olmayan torpaqların istifadəyə cəlb edilməsi üçün əlavə tədbirlər görülür. Böyük fermer təsərrüfatlarının yaradılması üçün dövlət tərəfindən bütün infrastruktur, təchizat məsələləri həll olunur.

Azərbaycanda istehsal olunan məhsulların bir çoxu artıq dünya standartlarına cavab verir, çox keyfiyyətli, təmiz, təbii kənd təsərrüfatı məhsullarıdır. Milli sərgilərin keçirilməsi bu məqsədə nail olmaq üçün kömək göstərilir.

Beləliklə, məlum olur ki, ölkənin gəlirləri təkcə cari məqsədlər üçün xərclənmir, həm də iqtisadiyyatın davamlı inkişafı üçün investisiya layihələrinə xərclənir. Bu da Azərbaycan iqtisadiyyatının davamlı və tarazlı inkişafını təmin edəcək və gələcək nəsillərə daha güclü iqtisadiyyat miras buraxmağa imkan verəcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 16 fevral.- S. 4.