Heydər Əliyev Fondu tərəfindən Azərbaycan xalçasının möhtəşəmliyi dünyaya təqdim edilir

 

Azərbaycan müasir həyatımızda dünyaya inteqrasiya etdiyi zamanda,   milli-mənəvi dəyərlərimiz, adət-ənənələrimiz  diqqətə çəkilir, dövlət tərəfindən xüsusi diqqət və qayğı ayrılır. Bu münasibət Azərbaycanın dünyada imicinin daha da yüksəlməsinə təsiri göstərməkdədir.  Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın səyləri sayəsində bu istiqamətdə görülən işlər Azərbaycanın tarixi, onun minilliklərin kəsiyində yaşanılan reallıqları, inkişaf prosesi coğrafi məkanda daha geniş vüsət almaqdadır.

Mehriban xanım Əliyevanın təşəbbüsü və layihələri əsasında muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının YUNESKO-nun "Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsinin Reprezentativ Siyahısı"na daxil edilməsi bunun əyani ifadəsidir. Bu dəyərlərdən sonra Azərbaycan xalçasına göstərilən diqqət bu sənət növünün möhtəşəmliyini dünyaya təqdim etməyə doğru yönəldi.

Qeyd edək ki, xalçaçılıq sənəti Azərbaycan xalqının milli mədəniyyəti tarixində müstəsna yer qazanmışdır. Tarixi qədim dövrü əhatə edən xalçaçılıq sənəti yüksək estetik əhəmiyyət kəsb edir. Belə bir nadir sənət nümunələrindən olan Azərbaycan xalçasının dünyanın şah əsərləri sırasına daxil edilməsi ilə bağlı YUNESKO-ya təqdimatı, əlbəttə ki, bu sənət növünün dünya dövlətləri tərəfindən, birmənalı olaraq, qəbul edilməsinə gətirib çıxardı. Xalçaçılıq sənəti dünyanın bir sıra ölkələrində yayılmış olsa da, qətiyyətlə deyə bilərik ki, bu sənət növünün beşiyi Azərbaycandır. Burada toxunan və istehsal edilən xalçalar dünyada müqayisə edilməyən nümunə tək qəbul olunur. Sonsuz əlvanlığı, bəşəriliyi yaşadan Azərbaycan xalçasının YUNESKO-nun Bəşəriyyətin Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilməsi ölkənin böyük uğuru kimi qəbul olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı məqsədyönlü siyasəti və xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğısı, həmçinin, Azərbaycan Qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsədilə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlər nəticəsində bu uğurlar milli mədəniyyət və incəsənət tariximizə yazılmaqdadır. Bu gün biz Azərbaycan dövlətinin və həmçinin, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində Azərbaycan xalça sənətini dünyanın qeyri-maddi mədəni irsinin inciləri sırasında görürük. Bu hadisə beynəlxalq səviyyədə xalça sənətinin Azərbaycan mədəni irsinin ən qədim nümunələrindən biri olduğunu bir daha təsdiqləyir. Bu görülən işlərin davamı olaraq Heydər Əliyev Fondunun dəstəyi ilə "Azərbaycan xalçaları" kataloqu nəşr edilib. Nəfis tərtibatla Azərbaycan ictimaiyyətinə təqdim olunmuş kataloqun birinci səhifəsi Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın "Xalçalar hər bir azərbaycanlı üçün həyatın ayrılmaz hissəsidir. Zənnimcə, qədim xalçalar muzeylərdə olmalıdır" sözləri ilə açılır.

 Kataloqda Azərbaycan xalçaçılıq sənətinin inkişaf mərhələləri barədə yığcam məlumat verilib. Qeyd olunub ki, Azərbaycan xalçalarının ölkədən uzaqlarda tanınmasını XIV-XV əsrlərə aid Şərq miniatürləri və Avropa rəssamlarının əsərləri təsdiq edir. Orta əsr italyan, holland, flamand rəssamları - Hans Memlinq, Karlo Krivelli, Tomas de Keyzer öz əsərlərində Quba və Şirvan xalçalarını təsvir etmişlər.

Kataloqda Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ, Naxçıvan və Təbriz xalçaçılıq məktəbləri haqqında dəyərli fikirlər, eləcə də, "Muğan", "Çələbi", "Faxralı", "Çıraqlı" xalçalarının fotoşəkli yer alıb.

Onu da vurğulayaq ki, bu nəşrdən əvvəl Heydər Əliyev Fondunun Azərbaycan xalçaçılıq sənətinə göstərdiyi diqqətin nəticəsi olaraq, "Azərbaycan xalçaları bütün məktəbləri ilə" layihəsinin növbəti kitabında - "Azərbaycan xalçaları. Qarabağ qrupu" Qarabağ xalçaçılıq məktəbinə həsr edilmişdir. Həmin nəşrdə Qarabağın tarixi, burada xalçaçılığın təşəkkülü, onun inkişaf mərhələləri, səciyyəvi xüsusiyyətləri əksini tapır. Nəşrdə Qarabağ xalçaçılıq məktəbi haqqında tam təsəvvür əldə etmək üçün nadir xalçalardan ibarət illüstrativ materiallar yer alıb. Materialların əsas hissəsini "Azər-İlmə" MMC-nin "Sehrli ilmələr" qalereyasının qədim Qarabağ xalçaları təşkil edir. Kitabda beynəlxalq standartlara uyğun bütün xalçaların texniki göstəriciləri də verilib.

"Azərbaycan xalçaları. Qarabağ qrupu" kitabı artıq rus və ingilis dillərində də nəşrə hazırdır. Heydər Əliyev Fondunun dəstəyi ilə bu layihənin növbəti kitabı üzərində iş aparılır. Növbəti kitab "İrəvan xalçaları"na həsr olunacaqdır.

Azərbaycan xalçası müasir dövrümüzdə tədqiq edilir, onun tarixi, çeşidlər öyrənilir və milli sərvətimizə qarşı yaranan xoşagəlməz hallar aradan qaldırılır. Bu baxımdan işlər dövlət səviyyəsində davam etdirilir. Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham  Əliyevin Sərəncamı əsasında inşa olunmağa başlayan xalça muzeyi də dövlət rəhbərinin Azərbaycan xalçasının dünya miqyasında yetərincə təbliğinə və tanınmasına yönəlmişdir. Dənizkənarı Milli Parkın ərazisində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi binasının inşasına başlanılmışdır. Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey binası, ilk növbədə, milli-memarlıq ənənələrinə görə fərqlənəcəkdir. Çox qeyri-adi bir forma - "bükülmüş xalça" muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla binanın orijinallığını təşkil edəcəkdir. Binanın inşasında məhz bu tikili üçün hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Muzeyin ətrafında geniş yaşıllaşdırma işləri  də aparılacaqdır.

Binanın birinci mərtəbəsində qədim xalça və digər məişət əşyalarının yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaqdır. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcəkdir.

Azərbaycan xalçasına dövlət tərəfindən göstərilən diqqət onun müasir dövrümüzdə də öz kökü üzərində inkişafda olduğunu göstərir. Xalçaçılığın istehsalı, tərtibi zahirən bir qədər asan görünsə də, onu yaradanların gərgin əməyinin çətinliyi dərk olunmalıdır. Azərbaycan xalçasının ənənələrini qorumaq ümumxalq işidir. Bildiyimiz kimi, müasir həyatımızda Azərbaycan xalçasına qarşı güclü təbliğat aparılır. Belə ki, ermənilər tərəfindən milli-mənəvi dəyərlərimizin, sənətimizin oğurlanması bir adətə çevrilmişdir. Azərbaycanın vizit kartına çevrilən dəyərləri öz adlarına çıxaraq dünya dövlətlərində tarixi keçmişlərini təsdiqləmək məqsədi ilə ermənilərə məxsus olduqlarının göstərməyə çalışırlar. Avropa Şurası tərəfindən saxta mallara qarşı mübarizə aparmaq üçün bir qanun müəyyənləşdirilib. Bu və ya digər qanunları əsas götürüb, Azərbaycan xalçasının dünyada qorunmasına doğru addımlar atılır.

1949-cu ildə aparılan arxeoloji axtarışlar zamanı Azərbaycan xalçasının yaşının 2500 il tarixi olduğu qeyd olunur. Tədqiqatların nəticəsi göstərib ki, həmin bu xalça məhz türk dünyasına məxsus olan xalça növüdür. İpək yolu üzərində olan dövlətlərdə xalça sənəti mövcuddur. Amma bütün ölkələrdə istehsal olunan xalçalardan Azərbaycan xalçası qiymətli və zəngindir.

Dünyanın şah əsərləri sırasında Azərbaycan xalçasını adının hallanması artıq bir çox cəhd və qərəzli mövqelərin qarşısına bir səddir. Bütün dünya Azərbaycan xalçasını birmənalı olaraq qəbul edəcəkdir. Milli sərvətimiz beynəlxalq səviyyədə təbliğ olunur. Elə bu yaxınlarda Heydər Əliyev Fondunun, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin və "Baku" jurnalının birgə təşkilatçılığı ilə Londonda Azərbaycan xalçalarının "Azərbaycan: uçan xalçalarla nağıllar aləminə" adlı sərgisi buna nümunədir. Azərbaycan mədəniyyətinin qədim qollarından biri olan xalçaçılıq sənəti ilə tanışlıq Quba, Abşeron, Şirvan, Gəncə, Qazax, Qarabağ və digər xalçaçılıq məktəblərinin nümunələrinə böyük maraq doğurmuşdur. Sərgidə yer alan Qarabağ xalçaçılıq məktəbinin nümunələri Qarabağın əzəli Azərbaycan torpağı olduğunu bir daha hamının diqqətinə çatdırmışdır.

Xalça sənəti Azərbaycanın çox fərqli bir milli sərvətidir. Bu sənət növü bütövlükdə dünyamızı özündə əks etdirərək, Azərbaycanın məxsusi dəyərlərini özündə cəmləşdirir.

 

 

Nəzakət ƏLƏDDİNQIZI

 

Səs.- 2011.- 16 fevral.- S. 4.