Əbədi qəhrəmanlıq səlnaməsi

 

YAP Yasamal rayon təşkilatında şəhid Fərid Əhmədovun xatirəsi anıldı

 

Dünən YAP Yasamal rayon təşkilatının qərargahında  Beynəlxalq İnformasiya Mərkəzinin sədri, "Milli Qəhrəman" qəzetinin baş redaktoru Mirbəşir Seyidzadənin təşkilatçılığı ilə şəhid Fərid Əhmədovun doğum günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə dövlət hökumət nümayəndələri, elm adamları, şəhidin ailə üzvləri, yaxınları KİV nümayəndələri iştirak edirdilər.

Anım mərasimində çıxış edən YAP Yasamal rayon təşkilatının sədri, professor Fikrət İsmayılov Azərbaycan xalqının qəhrəmanlığının həmişə dillər əzbəri olduğunu bildirib. O, qeyd edib ki, vətən uğrunda canından keçən insanların yad edilməsi xalqın saflığının göstəricisidir. Azərbaycan xalqının qanında vətənə sədaqət hissinin olduğunu vurğulayan YAP Yasamal rayon təşkilatının sədri Azərbaycan gənclərinin F.Əhmədov, o cümlədən, milli qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığından həmişə nümunə götürəcəyini söyləyib.

Anım mərasimində çıxış edən Beynəlxalq İnformasiya Mərkəzinin sədri Mirbəşir Seyidzadə F.Əhmədovun qısa, eyni zamanda, şərəfli həyat yolu keçdiyini söyləyib. Ölkə Prezidenti İlham Əliyevin səyi nəticəsində F.Əhmədovun cəsədinin Azərbaycana qaytarıldığını deyən M.Seyidzadə söyləyib ki, F.Əhmədov Mübariz İbrahimovun cəsədinin qaytarılması Azərbaycan xalqı üçün baş ucalığıdır.

Mərasimdə F.Əhmədovun anası Nərgiz Əhmədova oğlunun vətəni anasından üstün tutduğunu bildirib. Digər çıxış edənlər F.Əhmədovun qəhrəmanlığının hamı üçün örnək olduğunu, bu qəhrəmanlığın həmişə Azərbaycan xalqının yaddaşında qalacağını vurğulayıb.

Qeyd edək ki, F.Əhmədov 2010-cu il sentyabrın 3-dən 4-nə keçən gecə Tərtərin Çiləbürt kəndi yaxınlığında cəbhə xəttində qəhrəmancasına həlak olub. Düşmən tərəfində qalan F.Əhmədovun cəsədi Prezident İlham Əliyevin xüsusi səyi nəticəsində 6 noyabrda Azərbaycana qaytarılıb. Dövlət başçısının 7 noyabr 2010-cu il tarixli Sərəncamı ilə F.Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

 

 

R.KAMALQIZI

 

Səs.- 2011.- 16 fevral.- S. 7.