Zərif qələmlərin
"Zərif imzalar"
kitabı
Azərbaycanın bir qrup yazar qadınları
haqqında ensiklopedik kitabın təqdimat mərasimi
keçirildi
Dünən "Park
İnn" otelinin "Quba" zalında keçirilən mərasimdə
çağdaş
jurnalistikanın nümayəndələri kimi ictimai-siyasi
həyatın müxtəlif sahələrində baş verən
hadisələri işıqlandıran qadın yazarlar,
naşirlər, baş redaktorlar haqqında Azərbaycan Jurnalist
Qadınlar Assosiasiyasının, "Azercell Telekom" MMC-nin
birgə layihəsi əsasında
hazırlanan ensiklopedik xarakterli
"Zərif imzalar" kitabının təqdimatı
keçirildi. Azərbaycan mətbuatında illərdən bəri
çalışan, təmsil etdiyi mətbu orqanı ilə hər bir evin
"qonağı" olan
qadın yazarların cəmiyyətdə yeri və rolunu əks etdirən 141
"zərif imza" müəllifi haqqında Azərbaycan və ingilis dilində məlumat verən "Zərif
imzalar"a ön söz yazan, ideya baxımından maraqlı
nəşr adlandıran Azərbaycan Mətbuat
Şurasının sədri Əflatun Amaşovun
vurğuladığı kimi ölkəmizdə söz və
mətbuat azadlığının, fikir, plüralizminin dərinləşməsində
xidmətləri olan nəşr orijinallığı ilə də
seçilir.
Tərtibçi, AJQA
prezidenti Sevil Yusifova mərasimdə çıxış edərək,
ölkəmizdə jurnalistikanın inkişafına daim dəstək
olan dövlətin diqqət və qayğısından bəhs
edərək bildirdi ki, bu
peşənin spesifik xüsusiyyətləri, çətinlikləri
nəzərə alınsa, demək olar ki, milli mətbuatımızın
inkişafında kişilərlə birlikdə qadın
yazarlarımızın da xidmətləri yetərincədir. Kitabın
ərsəyə gəlməsi üçün görülən
işlərdən danışan S.Yusifova layihənin gerçəkləməsində yardım göstərən
"Azercell Telekom"un rəhbərliyinə minnətdarlığını
da bildirdi: "Zərif qadınlar" ilk olsa da sonuncu deyil. Növbəti
nəşrlərində digər jurnalist yazarlar
haqqındakı məlumatlar da ictimaiyyətə
çatdırılacaq. Kitabın iki dildə oxucuya təqdim
olunmasında məqsəd ölkəmizin ictimai-siyasi həyatında fəal mövqe tutan qadınlar
haqqında xarici ölkə
oxucularında da təsəvvür
yaratmaq, Azərbaycanda qadınlara göstərilən diqqət
və qayğını məlumat kimi olsa da
çatdırmaqdır".
ATƏT-in Azərbaycan
nümayəndəliyinin rəhbəri, səfir Əli Bilgə
Cankorel çıxış edərək bildirdi ki, bir
çox dövlətlərdə qadın
hüquqlarının müdafiəsi, ictimaiyyətdə rolu
barədə danışılsa da,
həyatda bəzən deyilənlərin əksi olan
hallara rast gəlinir. Demokratik inikşaf yolu ilə irəliləyən
və bu sahədə önəmli uğurlar qazan Azərbaycanda
qadına göstərilən diqqət və qayğı fərqli
olmaqla, cəmiyyətdə əhəmiyyətli yeri, ölkənin
iqtisadi-siyasi inkişafında
böyük rolu olan
qadınların əməyinə verilən qiymət də yüksəkdir.
Ailə, Qadın,
Uşaq Problemləri üzrə Dövlət Komtəsinin sədr
müavini Sədaqət Qəhrəmanova da
çıxışında "Zərif imzalar"ın Azərbaycan
qadınlarına xas nəfis üslubda hazırlanmasını
diqqətə çatdıraraq, Şərq aləmində
demokratik islahatları ilə fərqlənən
respublikamızda qadın
hüquqlarının qorunması istiqamətində
görülən işləri dövlət siyasətinin əsas
istiqamətləri kimi yüksək dəyərləndirdi.
Kitab haqqında təəssüratlarını
diqqətə çatdıran millət vəkilləri Məlahət
İbrahimqızı və Musa Qasımlı bildirdilər
ki, bir neçə on ildən
sonra indiki dövrün KİV-ləri
haqqında araşdırma
aparacaq alimlər üçün "Zərif imzalar" zəngin tədqiqat mənbəyi kimi
böyük əhəmiyyət daşıyacaq. Belə bir
fakt diqqətə çatdırıldı ki, cəmiyyətdə sağlam ekoloji
mühitin yaradılmasında xüsusi əhəmiyyəti olan hadisələrin ictimaiyyətə
çatdırılmasında jurnalistlərin, qadın
yazarların rolu böyükdür. "Azərbaycan cəmiyyətində
qadınların rolu BMT-in keçirdiyi Ümumdünya
Qadınlarının IV beynəlxalq konfransında qəbul
olunan 12 strategiyaya uyğun davam etdirilir. Həmin hədəflərə
çatmaq üçün isə əsas amil qadın və
mətbuat cütlüyüdür" kimi fikirlərin səsləndiyi
tədbirdə qadın yazarların xidmətləri yüksək
dəyərləndirildi.
"Həyatımızı informasiyasız təsəvvür edə bilmərik" söyləyən Azərbaycan Prezidenti yanında KİV-lərə Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli kitabın hazırlanmasını bütünlükdə ölkədə mətbuatın inkişafına göstərilən diqqət kimi dəyərləndirdi və "Zərif imzalar"a dəstək olanlara minnətdarlığını bildirdi.
Layihənin gerçəkləşməsində AJQA ilə birgə fəaliyyət, ünvanlarına söylənən xoş sözlər üçün minnətdarlığını bildirən "Azercell Telekom"un nümayəndəsi Fəxri Abbasov şirkət tərəfindən sosial layihələr üçün ayrılan vəsait hesabına "Zərif imzalar"ın işıq üzü görməsində əməkləri olduğu üçün məmnunluğunu ifadə etdi: "Azercell"in keçirdiyi tədbirlərdə iştirak edən qadın yazarların çoxluğu bir daha göstərir ki, ölkə KİV-lərində onların çəkisi və rolu böyükdür." Eyni razılıq hissi TUSİAB-ın təmsilçisi Yasin Goralın çıxışında da əksini tapdı.
"Zərif imzalar" arasında yer alan qadın jurnalistlərin əksəriyyəti tələbəm olduğu üçün səslənən sözlərdən bir müəllim kimi qürur hissi duyuram" söyləməklə sevincini ifadə edən BDU-nun professoru Cahangir Məmmədli bildirdi ki, Azərbaycanda yetişən çoxsaylı jurnalistlər haqqında belə bir nəşrin hazırlanması eyni zamanda respublikamızda kitab mədəniyyətinin formalaşmasını təsdiqləyən bir nümunəsidir: "Əminəm ki, kitabın sonrakı saylarında bu gün BDU-nun jurnalistika fakültəsində oxuyan tələbələrin imzaları haqqında yazılacaq."
Təqdimat mərasimində "Zərif imzalar"da adları çəkilənlər adından çıxış edən filologiya elmləri namizədi, publisist-şairə Sona Vəliyeva belə bir təşəbbüs üçün AJQA və quruma dəstək olanlara minnətdarlığını bildirdi: "Cəmiyyətin fəal üzvü, ailənin məsuliyyətini çiyinlərində daşıyan ana kimi üzərinə düşən vəzifəni yerinə yetirən qadın yazarlar haqqında belə bir kitabın ərsəyə gətirilməsini haradasa bir borc, avans kimi qəbul edir və gələcəkdə daha fəal olmağa çalışacağıq."
"Nur" Uşaq və Gənclər İctimai Birliyinin sədri Sevinc Muradova və Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıc çıxış edərək, Azərbaycan qadın yazarları haqqında belə nəfis bir kitabın hazırlanmasını, bütünlükdə, ölkə jurnalistikasına verilən dəyər adlandırdılar.
Sonda Sevil Yusifova əməklərinə verilən qiymət olan xoş sözlər üçün minnətdarlığını bildirdi.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 16 fevral.- S. 9.