Azərbaycanın Strateji İnkişaf Konsepsiyası

 

Prezident İlham Əliyev: "Bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilib"

 

Məlum olduğu kimi, ötən günlərdə Prezident İlham Əliyev ölkənin Qərb rayonlarına səfər edib. Səfər zamanı dövlət başçısı Tovuz, Qazax, Gəncə, Samux,  Naftalan və Goranboy rayonunun ictimaiyyət nümayəndələri ilə görüşüb və xeyli sayda obyektin açılışında iştirak edib.

 

Ümumi inkişafımızda özəl sektorun böyük rolu var

 

Azərbaycan Prezidentinin bölgələrə son səfəri həmişəki kimi yaddaqalan və önəmli olub. Dövlət başçısı onlarla yeni obyektin açılışında iştirakl edib, vətəndaşlarla görüşüb söhbət edib.

Prezident qeyd edib ki, ölkənin regionları canlanır, inkişaf edir. Bölgələrdə sosial infrastruktur yaradılır, müəssisələr, iş yerləri açılır, yollar çəkilir.

Gələcəkdə biz, sadəcə olaraq, bax, bu yolla, seçilmiş yolla getməliyik ki, ölkəmizin inkişafı daimi olsun. Bunu etmək üçün bütün imkanlarımız, iqtisadi resurslarımız var, düşünülmüş siyasətimiz var və bizim bütün planlarımız, proqramlarımız xalq tərəfindən dəstəklənir. Çünki bunlar quruculuq işləridir, bu işlər ölkəmizin uzunmüddətli inkişafı üçün bu gün zəmin yaradır.

Dövlət başçısı xüsusi vurğulayıb ki, bu gün yaradılan müəssisələr gələcəkdə Azərbaycanın inkişaf etdirilməsində öz rolunu oynayacaqdır. Hazırda daha çox qeyri-neft sektoruna, sənaye müəssisələrinin yaradılmasına diqqət göstərilir. Burada, əlbəttə, özəl sektorun çox böyük rolu var. Azərbaycan dövləti özəl sahibkarlığın inkişafı üçün lazımi tədbirləri görür.

 

Yoxsulluq tamamilə aradan qaldırılmalıdır

 

Dövlət xətti ilə həyata keçirilən infrastruktur layihələri bu imkanları yaradır: elektrik enerjisi, qaz təchizatı, su xətlərinin çəkilməsi - bütün bu işlər ölkənin hər yerində görülür. Bu, elə bir vəziyyət yaradır ki, investisiyaların cəlb olunması üçün Azərbaycan öz cazibədarlığını saxlayır.

Prezident İlham Əliyev onu da bildirib ki, son illərdə bütün qəbul edilmiş proqramlar icra olundu, işsizliyin aradan qaldırılması üçün böyük və təsirli addımlar atıldı, yoxsulluğun səviyyəsinin aşağı salınması üçün çox ciddi işlər görüldü və təbii ki, insanların maddi rifahı yüksəldi.

"Ancaq biz elə etməliyik ki, Azərbaycanda yoxsulluq kimi sosial bəla, ümumiyyətlə, aradan qaldırılsın, işsizlik tamamilə aradan qaldırılsın. Azərbaycanda istehsal olunan məhsullar xarici bazarlara ixrac edilsin, biz artıq buna başlamışıq və daha da böyük həcmdə etməliyik. Daxili tələbatımızı özümüz təmin etməliyik və elə güclü sənaye potensialı yaratmalıyıq ki, Azərbaycan neft amilindən asılı olmayaraq, bundan sonra onilliklər ərzində inkişaf etsin və xalqımız yaxşı yaşasın”.

 

Gələcəyə yönəldilmiş iqtisadi siyasət

 

Ölkədə həyata keçirilən iqtisadi islahatlara, regionların inkişafı siyasətinə toxunan dövlət başçısı deyir: "Bizim həyata keçirdiyimiz bütün layihələr, bütün proqramlar gələcəyə yönəldilibdir. Həm bugünkü uğurlu dinamik inkişafımızı təmin edirik və ən əsası isə, bütün bu işlər uzunmüddətli inkişaf strategiyamız çərçivəsində görülür. İqtisadi inkişaf, sosial məsələlərin həlli, infrastruktur layihələri, abadlıq-quruculuq işləri, yeni müəssisələrin, iş yerlərinin yaradılması- bütün bunlar Azərbaycanda kompleks şəkildə və uğurla icra edilir”.

Regionlarda magistral və rayonlararası yollar, bir sıra iri kənd təsərrüfatı məhsulları emalı müəssisələri, tikinti materialları buraxılan obyektlər, onlarca təhsil, səhiyyə müəssisələri tikilmiş və ya yenidən qurulmuşdur. Hazırda regionlarda əhalinin və sahibkarların kommunal xidmətlərlə təminatını daha da yaxşılaşdırmaq məqsədilə qaz kəmərləri, su xətləri çəkilir.

Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Son illərdə iqtisadiyyatın davamlı inkişafına müsbət təsir göstərən amillərdən biri olan investisiya qoyuluşlarının həcmi də artıb. Ən diqqəti çəkən cəhət isə odur ki, ölkənin maliyyə imkanlarının genişlənməsi nəticəsində daxili investisiyalar xarici investisiyalara nisbətən xeyli artıb.

Bütün bunlar isə yerli sərmayədarların potensialının güclənməsini, onların investisiya qoymaq imkanlarının genişlənməsini göstərir. Eyni zamanda, büdcə gəlirlərinin artması da dövlətin investisiya imkanlarını gücləndirir, nəticədə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək infrastrukturun yenidən qurulmasına əlverişli şərait yaradır.

Müəssisələrin yeniləşməsi ilə xeyli iş yerləri açılır

Regionların sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə yeni Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin dinamikası, tədbirlər üzrə görülən işlərin həcmi və məqsədəuyğunluğu göstərir ki, regionlara göstərilən diqqət və qayğı nəticəsində ölkə vətəndaşlarının sosial vəziyyəti və maddi rifahı yaxşılaşmaqda davam edir.

Regionlarda yeni iş yerlərinin yaradılmasında köhnə müəssisələrin yenidən qurulmasının böyük önəmi var. Ümumiyyətlə, ölkənin uzunmüddətli iqtisadi və sosial inkişafını təmin etmək üçün investisiya siyasəti mühüm amillərdən biridir.

Qarşıdakı illərdə özəlləşdirməyə çıxarılmış müəssisələrdə şəffaf və səmərəli özəlləşdirmə prosesinin həyata keçirilməsi davam etdiriləcək. Qeyri-neft sektorunda müəssisələrin investisiya fəaliyyətinin dəstəklənməsi istiqamətində məqsədyönlü işlər həyata keçiriləcək, müasir istehsal avadanlıqlarının idxalı təşviq ediləcək.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 12 fevral.- S. 2-3.