Milli Məclisin növbəti iclası keçirildi

 

Ötən il Azərbaycanda qanun pozuntularına yol verən 21 bələdiyyə üzrə cinayət işi başlanıb

 

Dünən spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin müzakirəsinə keçməzdən əvvəl deputatlar bir sıra məsələlərlə bağlı fikirlərini bölüşdülər, o cümlədən, ölkəmizdə korrupsiya ilə mübarizə sahəsində görülən işləri təqdir etdilər. Çıxışlarda Milli Məclisin də korrupsiya ilə mübarizə işinə töhfə verə biləcəyi qeyd edildi.

Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. İlk olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinlənildi. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı illik məruzəni Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Vilayət Zahirov diqqətə çatdırdı.

 

Vilayət Zahirov: "Birləşmiş 1332 bələdiyyənin nizamnaməsi qüvvədən düşdüyünə görə, dövlət reyestrindən çıxarılmışdır"

 

V.Zahirovun sözlərinə görə, bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, onların iqtisadi resurslarından istifadənin səmərəsini yüksəldilməsi və yerli əhəmiyyətli məsələlərin həllində rolun artırılması məqsədilə "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında" 29 may 2009-cu il tarixli Qanunla 1567 bələdiyyənin birləşməsi nəticəsində 574 yeni bələdiyyənin yaradılması nəzərdə tutulmuşdur: "Qısa müddətdə görülmüş tədbirlər nəticəsində birləşmiş 1552 bələdiyyənin əmlakı, maliyyə vəsaitləri, debitor və kreditor borcları müəyyən edilərək  aktlaşdırılmış, hər birləşmə faktı üzrə yekun təhvil-təslim aktı tərtib edilmiş və zəruri sənədlər yeni yaradılmış 569 bələdiyyəyə təhvil verilmişdir. Bələdiyyə seçkiləri baş tutmamış 15 yerli özünüidarə orqanları üzrə təhvil-təslim aparılmamışdır. Birləşmə komissiyalarının təqdim etdiyi məlumatlara əsasən, 11 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraatı qaydasında araşdırılmış və ciddi qanun pozuntuları müəyyən edilərək, toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir".

Ədliyyə nazirinin müavini V.Zahirovun sözlərinə görə, bələdiyyələrin birləşməsi ilə bağlı təhvil-təslim işlərinin aparılması zamanı kargüzarlıq, mühasibat işinin qanunvericiliyə uyğun təşkil olunmaması, yerli vergilərin və ödənişlərin düzgün hesablanmaması, tam və vaxtında ödənilməməsi ilə əlaqədar debitor borcların yaranması və bunun nəticəsində kreditor borcların ödənilməməsi, bələdiyyələrin bir qisminə mülkiyyətlərindəki torpaqların dövlət aktının, o cümlədən, xəritələrin verilməməsi kimi bir sıra qanun pozuntuları və nöqsanlar aşkar edilmiş, onların aradan qaldırılması üçün bütün bələdiyyələrə tövsiyə məktubları göndərilmişdir: "Azərbaycan Respublikasında normativ hüquqi aktların və normativ aktların dövlət uçotu və qeydiyyatı haqqında Əsasnamə"yə uyğun olaraq 501 yeni bələdiyyənin nizamnaməsi Ədliyyə Nazirliyində öyrənilərək, hüquqi ekspertizadan keçirilərək, dövlət qeydiyyatına alınmış, birləşmiş 1332 bələdiyyənin nizamnaməsi qüvvədən düşdüyünə görə, dövlət reyestrindən çıxarılmışdır".

Ədliyyə nazirinin müavini onu da bildirdi ki, hesabat ilində bələdiyyələrin fəaliyyəti ilə bağlı hüquqi və fiziki şəxslərdən 1468 şikayət xarakterli müraciət daxil olmuşdur: "Onlardan 1002-nə baxılaraq qanunauyğun tədbirlər görülmüşdür. Müraciətlərin 45-i inzibati icraat qaydasında araşdırılmışdır. 24 müraciət üzrə materiallar Baş Prokurorluğa göndərilmişdir. Ümumilikdə, inzibati araşdırmalar zamanı fəaliyyətində cinayət xarakterli qanun pozuntuları aşkar edilmiş, 27 bələdiyyə ilə əlaqədar toplanmış materiallar Baş Prokurorluğa təqdim olunmuşdur ki, onlardan 21-i üzrə cinayət işi başlanmışdır. Bu pozuntular əsasən torpaqların qanunsuz satışı pul vəsaitlərinin düzgün xərclənməməsi ilə bağlı olmuşdur. 2010-cu ildə yerli özünüidarəetmə orqanlarının fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verilməsi ilə əlaqədar Ədliyyə Nazirliyinə 39 müraciət daxil olmuşdur. Onlardan 27-si inzibati nəzarət icraatı qaydasında araşdırılmış, 12-si prokurorluq orqanlarına göndərilmiş onlardan ikisi üzrə cinayət işi başlanılmışdır.

 

Arif Rəhimzadə: "2010-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı xeyli görülüb"

 

Müzakirələr zamanı Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, məruzədən də göründüyü kimi, 2010-cu ildə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətlə bağlı xeyli iş görülüb. Milli Məclisin Regional Məsələlər Komitəsinin iclasında Ədliyyə Nazirliyinin bu sahədəki fəaliyyəti yüksək qiymətləndirilib. Bununla belə Arif Rəhimzadə qeyd etdi ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan təkcə inzibati nəzarətlə kifayətlənməməli, digər aspektlərdə də fəaliyyət göstərməlidir.

Deputat Əli Məsimlinin sözlərinə görə, indiki məruzə əvvəlkilərdən nisbətən yığcam daha məzmunludur. Deputatların əvvəlki illərdə qaldırdıqları bir sıra məsələlər bu məruzədə öz əksini tapıb. Sosioloji sorğulara əsasən bələdiyyələrin fəaliyyətində neqativ halların da olduğunu deyən Əli Məsimli onu da dedi ki,  bir sıra məsələlər, o cümlədən, bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsi, icra bələdiyyə orqanları arasında səlahiyyət bölgüsünə dair təkliflərini diqqətə çatdırdı.      

Deputat Vahid Əhmədov bildirdi ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət həyata keçirilsə , müəyyən işlər görülsə , bələdiyyələrin fəaliyyətində nöqsanlar hələ qalır. Bu nöqsanların əsasən torpağın qanunsuz satışı maliyyə vəsaitlərinin düzgün istifadə edilməməsi ilə bağlı olduğunu deyən Vahid Əhmədov Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin bu istiqamətdəki fəaliyyətinin daha da gücləndirilməsini vacib saydı.

Məruzədə bütün işlərin yüksək səviyyədə təhlil olunduğunu deyən deputat Yevda Abramov da bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi ilə bağlı qənaətlərini bölüşdü.

 

Tahir Süleymanov: "Dövlət investisiya proqramında bələdiyyələrə də yer ayrılması düzgün addım olar"

 

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin fəaliyyətini təqdir edən deputat Tahir Süleymanov xüsusən həyata keçirilən maarifləndirmə işlərini, torpaqlara dair metodiki vəsaitlərin hazırlanmasını yüksək qiymətləndirdi. Problemlərdən də danışan T.Süleymanov dövlət investisiya proqramında bələdiyyələrə də yer ayrılmasını təklif etdi: "Düşünürəm ki, bu prosesə başlamanın zamanı yetişmişdir. Parlamentdə ötən illər ərzində bələdiyyələrin yerli idarəçilikdə, yerlərdə demokratiyanın təkmilləşdirilməsində mühüm və əhəmiyyətli rol oynaması, eyni zamanda, onların səlahiyyət dairəsinin genişləndirilməsi üçün xeyli iş görüldü. Bu istiqamətdə qanunvericilik aktları qəbul olundu, müxtəlif təlimatlar hazırlandı. Lakin hələ də cəmiyyətdə bələdiyyələrin fəaliyyətində müəyyən nöqsanlar qalmaqdadır. Bu problemlərin həllinə nail olmaqdan ötrü yerli komitələr yaradıldı, bələdiyyə assosiasiyaları formalaşdırıldı, bir sıra bələdiyyələri birləşdirmək qərarına gəldik s. Amma yenə bu sahədə görülməli işlər yetərincə çoxdur düşünürəm ki, qanunverici orqan olaraq bu problemlərin həllində bələdiyyələrə yardım göstərməliyik. Bu baxımdan, mən təklif edirəm ki, hər il dövlət investisiya proqramlarında bələdiyyələrin inkişafına maliyyələşdirilməsinə dair müddəalar yer alsın bu zaman ayrı-ayrı bələdiyyələrin həm maddi, həm resurs imkanlarına ciddi diqqət yetirilsin".

Deputat Tahir Rzayev bələdiyyələrin inkişafından söz açdı, bunun təbii bir proses olduğunu qeyd etdi. Ədliyyə Nazirliyinin və Bələdiyyələrlə İş Mərkəzinin bu istiqamətdə fəaliyyətini məqbul hesab etdi. T.Rzayev bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi, həmçinin, nöqsanların aradan qaldırılmasına dair təkliflərini də diqqətə çatdırdı.

Millət vəkili Fəzail Ağamalı da bəzi rayonlarda icra hakimiyyəti başçılarının bələdiyyələrin fəaliyyətinə müdaxilələr etdiklərini söylədi. Deputat onu da vurğuladı ki, rayonlarda bələdiyyələr icra başçısından xəbərsiz və icazəsiz torpaq sata bilməzlər. Bununla yanaşı, o, bələdiyyələrin çoxlarının öz vəzifələrini və hüquqlarını bilmədiklərini bildirdi.

Məruzənin kifayət qədər sanballı hazırlandığını deyən deputat Azay Quliyev isə diqqəti burada yer almış bəzi özəlliklərə yönəltdi. Onun sözlərinə görə, bələdiyyələrlə baş vermiş qanun pozuntularının aradan qaldırılması üçün ciddi iradənin ortaya qoyulduğu məruzədə aydın görünür. Azay Quliyev məruzəni yüksək qiymətləndirməklə yanaşı, görmək istədiyi bəzi məqamlardan da söz açdı.  

 

Bahar Muradova: "Bələdiyyələrə büdcədən vəsait ayrılması bu idarəetmə orqanlarının işlərinin düzgün istiqamətlənməsinə imkan verər"

 

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə bələdiyyələrə büdcədən vəsait ayrılmasına tərəfdar olduğunu deyib və vurğulayıb ki, bu idarəetmə orqanlarının işlərinin düzgün istiqamətlənməsinə imkan verər.

B.Muradova daha sonra qeyd edib ki, bələdiyyələr onlara verilən səlahiyyətlərdən istifadə etməlidir: "Bələdiyyələr qrant ala bilər. Bəlkə dövlət tərəfindən QHT-lər kimi, bələdiyyələr də müəyyən formada maliyyələşdirilsin?"

Sonda ədliyyə nazirinin müavini Vilayət Zahirov deputatların suallarını cavablandırıb. Məruzə səsə qoyularaq, 105 nəfər lehinə olmaqla təsdiq edilib.

 

Milli Məclis bir neçə dövlətlərarası sənədi təsdiqləyib

 

Milli Məclisin iclasında bir neçə dövlətlərarası sənəd təsdiq olunub. Öncə Azərbaycan Ukrayna prezidentlərinin birgə Bəyannaməsi təsdiqlənib. Sonra Azərbaycan Özbəkistan prezidentlərinin birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında qanun, "Azərbaycan Respublikası Özbəkistan Respublikası vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Saziş"ə dəyişikliklər əlavələr edilməsi haqqında" Protokol "Azərbaycan Respublikası hökuməti Özbəkistan Respublikası hökuməti arasında 2011-2015-ci illər üzrə iqtisadi əməkdaşlıq haqqında" Saziş layihəsi müzakirəyə çıxarılaraq təsdiq edilib.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 fevral.- S. 6.