YAP sıralarında qadınların sayı durmadan artır

 

“Azərbaycan qadınları öz ağıllarına, zəkalarına, biliklərinə, istedadlarına görə dünya qadınları içərisində özünəməxsus yer tutur”

 

HEYDƏR ƏLİYEV

 

Ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasında qadınların sayının artması bu təşkilatın sıralarını daha da möhkəmləndirməkdədir. Xüsusən, ölkədə keçirilən ictimai-siyasi hadisələrdə, o cümlədən, seçki proseslərində qadınların aktivlik nümayiş etdirmələrində bu partiyanın əhəmiyyətli rolu mövcuddur.

 

Şəhla Abdullayeva: "Qadınlar cəmiyyətin avanqard hissəsidir"

 

YAP-ın ölkəmizin ictimai-siyasi həyatındakı rolunun olduqca böyük olduğunu deyən YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva dövlətimizin demokratik dəyərlərlə idarə edilməsi və dünya miqyasında layiqli formada təmsil olunmasında YAP-ın böyük rol oynadığını vurğuladı: "Bu baxımdan da YAP-ın qadınların ictimai-siyasi fəallığında partiyamızın nə qədər böyük nüfuz sahibi olduğunu sübuta yetirir. Qazanılan uğurlarda qadınların əhəmiyyətli rolu ölkə rəhbərliyi və YAP tərəfindən yüksək qiymətləndirilir. Sözsüz ki, bu fəallığı artırmağı arzulamaqla yanaşı, onun gerçəkləşdirilməsi üçün lazım olan şərait hər zaman olmuşdur. Bu gün fəallığı artırmaqla böyük uğurlara imza atan Azərbaycanın daha inamla irəliləməsinə, bütün sahələrdə daha yüksək nailiyyətlər əldə etməsinə öz töhfəsini verən qadınlarımız daima bu fəallığı sərgiləməkdədir. YAP-ın yaradıcısı olan Ulu Öndər Heydər Əliyev Azərbaycan qadınlarının partiyanın sıralarında çoxluq təşkil etməsinin, ölkənin siyasi həyatında fəallıqlarının artırmalarının vacibliyini daim önə çəkirdi. Bu diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

 

Nəzakət Hüseynova: "Dövlətin qadınlara göstərdiyi qayğı onların ictimi-siyasi proseslərdə fəal iştirakına şərait yaradır"

 

YAP Gədəbəy rayon təşkilatının qadınlar birliyinin sədri Nəzakət Hüseynova onu vurğuladı ki, bu gün partiyanın üzvlərinin sayının yarım milyondan artıq olması YAP-ın gələcəyinə olan inamın göstəricilərindəndir: "Bu, sadəcə, statistika deyil. Bu, Ümummilli Liderimiz Heydər Əliyev ideyalarına sədaqət, həyata keçirilən siyasətin bugününə və sabahına olan böyük inamdır. Əgər biz müqayisə aparsaq, 2005-ci il parlament seçkilərində YAP-ın üzvlərinin sayı 370-380 min arasında idi. Bu gün isə yarım milyondan çoxdur. Bunun 50 faizə qədərini qadınlar təşkil edir".

"Cəmiyyətin aparıcı qüvvəsi olan qadınlarımız həmişə kişilərlə birlikdə çiyin-çiyinə çalışırlar" fikrini bildirən N.Hüseynova bildirdi ki, bu gün Azərbaycan qadını dünyada artıq müasir, bilikli, tanınmış və cəmiyyətin həyatında aparıcı rol oynayan bir qüvvəyə çevrilib. Bu da, son illər dövlətin qadınlara göstərdiyi qayğıdan və yaratdığı şəraitdən qaynaqlanır. Tarixin sınaqlarından çıxan, böyük və şərəfli yol keçən Ümummilli Liderimiz Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının sıralarının kəmiyyət və keyfiyyət baxımından daha da təkmilləşməsi, Heydər Əliyev ideyalarına sədaqətin, həyata keçirilən siyasətin gələcəyinə inamın göstəricisidir. Ölkədə keçirilən seçki proseslərində YAP-ın böyük qələbə ilə çıxması da deyilənlərin təsdiqidir. Bunda qadınların da rolu böyük olub. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri  İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi, bölgədə əsil söz sahibinə çevirdi".

 

Xatirə Məmmədova: "Dövlət siyasətinin əsas vəzifələrindən biri də qadınlarımızın liderlik keyfiyyətlərinin möhkəmlənməsinə xidmət edir"

 

YAP Tərtər rayon təşkilatının qadınlar şurasının sədri Xatirə Məmmədova həyata keçirilən siyasət əsasında dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, Azərbaycanın bölgədə və dünyada siyasi çəkisinin artması, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin dayandığını söylədi. O, əlavə etdi ki, bu uğurlar, öz növbəsində, hər bir rayonda, qəsəbədə iqtidarın həyata keçirdiyi siyasətin seçicilər tərəfindən yüksək səviyyədə dəstəklənməsinə zəmin yaradır: "Müstəqilliyimizin ilk illərində Azərbaycanın ağır, böhranlı vəziyyətində qadınlarımızın hansı çətinliklərlə üzləşdiyini hər kəs gözəl bilir. Bu gün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan, ümumilikdə, bölgənin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının sıralarında birləşən üzvlərin 50 faizinin qadınlardan ibarət olması, məhz Azərbaycanı fəlakətdən, dağılmaqdan xilas edən Ulu Öndər Heydər Əliyevin ideyalarına sədaqətdən, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə böyük inamdan irəli gəlir. Onu da qeyd edim ki, qadın problemləri ilə bağlı məsələlər daim Azərbaycan dövlətinin diqqət mərkəzində olub. Bu sahədə dövlət siyasətinin prinsipləri Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən müəyyən olunmuşdur. Ulu Öndər bu problemlərin həllinə diqqət və qayğı ilə yanaşmış, qadınların ictimai həyatda fəal iştirakını dəstəkləmişdir. Bu siyasi xətt möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycanda qadınlar dövlətin yaratdığı bütün imkanlardan istifadə edir, sərbəst təhsil alır, peşə səviyyəsini artırır, ictimai-siyasi proseslərdə fəal iştirak edir, siyasət, sahibkarlıq kimi sahələrdə təmsil olunur, səhiyyədə, təhsildə, idmanda, orduda, milli təhlükəsizlik və hüquq-mühafizə orqanlarında çalışırlar. Vurğulamaq istəyirəm ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyəti cəmiyyətimizdə qadınlara münasibətdə stereotiplərin aradan qaldırılması, xanımlarımızın ictimai həyatda fəal iştiraka cəlb edilməsi üçün müstəsna əhəmiyyət daşıyır. O, həm ictimai xadim, həm ailə xanımı, həm ana kimi bütün qadınlarımıza cəmiyyətin həyatında layiqli yer tutmaq nümunəsi göstərir. Öz ölkəsini dünyada ləyaqətlə təmsil edən, Azərbaycançılıq ideyalarının daşıyıcısı olan Mehriban xanım Vətənini, xalqını sonsuz məhəbbətlə sevən bir vətəndaşdır. Bütün qızlarımız, qadınlarımız məhz belə vətənpərvər, humanist olmalıdır.

 

Ruqiyyə Seyidova: "YAP sıralarında birləşən qadınların fəallığının yüksək olması partiyaya axını sürətləndirir"

 

YAP Balakən rayon təşkilatının qadınlar şurasının sədri Ruqiyyə Seyidova partiya sıralarına axının sürətlənməsini seçkilərdə YAP-ın öz qarşısına daha ciddi və böyük vəzifələr qoymasının təzahürü kimi qiymətləndirdi: "Yeni Azərbaycan Partiyası ölkənin ictimai-siyasi həyatında hər zaman qazandığı nailiyyətləri və müvəffəqiyyətləri ilə öndə gedən lider siyasi təşkilat kimi fərqlənib. Belə ki, partiyamız ölkəmizdə baş tutan bütün önəmli hadisələrə, o cümlədən, prezident, parlament və bələdiyyə seçkilərinə hətta beynəlxalq aləmdəki mühüm ictimai-siyasi hadisələrin inkişafına önəmli vəzifələrlə qatılır. Hesab edirəm ki, YAP Qadınlar Şurasının yerli təşkilatları partiyamızın seçki proqramının uğurla həyata keçirilməsində özlərinin böyük töhfələrini verirlər. Bu, sözsüz ki, YAP-ın sıralarında birləşən qadınların fəallığının yüksək olması ilə bağlıdır. Bütün bu parametrləri nəzərə alaraq, qadınlarımızı partiyanın seçki kampaniyasının uğurla həyata keçirməsində vacib, çox əhəmiyyətli faktor, amil hesab edirik.

R.Seyidova son olaraq onu da xatırlatdı ki, Ulu Öndərimiz Heydər Əliyev Azərbaycanda demokratik dəyərlərin təbliğində və formalaşmasında daima mühüm addımlar atıb. Bu gün də məhz həmin strategiyanın tərəfləri özünü göstərməkdədir: "Çünki Ulu Öndər Heydər Əliyevin ən layiqli davamçısı Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyev müəyyənləşmiş olan inkişaf konsepsiyasını daha da irəliyə aparmaqla dövlətimizin sivil dəyərlərə töhfəsi üçün əlindən gələni əsirgəmir".

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 fevral.- S. 7.