Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi sürətlənir

 

Avropa və Asiyanı birləşdirəcək bu layihə regionun iqtisadi təhlükəsizliyi üçün strateji mahiyyət daşıyır

 

Xəbər verdiyimiz kimi, ötən həftə Bakı-Tbilisi-Qars  dəmir yolu layihəsi üzrə Nəzarət Komitəsinin İstanbulda keçirilən ilk iclasında Türkiyənin nəqliyyat naziri Binəli Yıldırım, Gürcüstanın iqtisadiyyat və inkişaf naziri Laşa Cvaniya və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov yekun protokolu imzalayıblar.

B.Yıldırım mətbuata açıqlamasında toplantıda layihənin texniki tərəflərinin müzakirə olunduğunu, dəmir yolu tikintisinin planda nəzərdə tutulan şəkildə davam etdiyini qeyd edib. "Layihənin bəzi texniki detallarında dəyişikliklər lazım gəlib. İmzalanmış protokolda bundan sonra görüləcək işlər öz əksini tapıb" deyə B.Yıldırım vurğulayıb. Türkiyəli nazir Nəzarət Komitəsinin bundan sonra müntəzəm olaraq toplaşacağını və layihənin gedişini müzakirə edəcəklərini bildirib.

 

"Azərbaycanla ticarət dövriyyəmizi 10 mlrd. dollara yüksəldə bilərik"

 

Həmçinin, Türkiyənin nəqliyyat və kommunikasiya naziri Binəli Yıldırım bildirib ki, layihə çərçivəsində Türkiyə ilə Azərbaycan arasındakı ticarət dövriyyəsi hər gün artır: "Qars-Naxçıvan və Bakı-Tbilisi-Qars layihələrinin tamamlanmasından sonra ölkələrimiz arasındakı ticarət dövriyyəsinin 10 mlrd. dollara yüksəlməməsi üçün heç bir səbəb olmayacaq".

Nazirin sözlərinə görə təməli qoyulan dəmir yolunun Türkiyə-Gürcüstan bölümü beynəlxalq standartlara uyğun şəkildə inşa edilir. Hətta o yolda qatarların sürəti saatda 120 km-ə hesablanıb. 2,5 km-lik bir tunel, 3 uzun körpü və 12 üst keçid nöqtəsinin tikiləcəyi dəmiryolu xəttinin üzərində Türkiyə-Gürcüstan sərhədində bir stansiya da tikiləcək. Tikinti işləri davam edir. Layihənin 2012-ci ildə başa çatdırılması planlaşdırılır. Layihənin Gürcüstan tərəfindəki 28 km-lik bölümündə də tikinti işləri davam edir. Xəttin istifadəyə verilməsindən sonra 2012-ci ildə 1,2 mln. sərnişin və 3,5 mln. ton yük daşınacaq. 2034-cü ildə isə haqqında söhbət gedən dəmiryolu xəttinin üzərində 7,8 mln. sərnişin və 21,5 mln. yük daşıması olacağını təxmin edirik. Bakı-Tbilisi-Qars xətti, Marmaray və tikintisi davam edən sürətli qatar layihələri ilə yalnız Türkiyə deyil, Gürcüstan və Azərbaycan da Asiya-Avropa dəhlizinin ən sərfəli və etibarlı variantı halına gələcək. Bakı-Tbilisi-Qars sadəcə bir dəmir yolu layihəsi deyil, sosial, mədəni və iqtisadi perspektivləri də olan bir layihədir. Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə bölgədəki daşıma potensialından ən səmərəli şəkildə istifadə ediləcək, ölkələrimiz arasında tarixdən gələn dostluq və qardaşlıq bağları daha da güclənəcək, ticarət inkişaf edəcək.

Qeyd edək ki, BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd 2007-ci il fevralın 8-də Tbilisidə imzalanıb. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilib. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik bir faizlə 25 illiyə) 200 mln ABŞ dolları məbləğində kredit ayırıb.

Bu vəsait hesabına Gürcüstan ərazisində 29 km uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikilməsi, həmçinin, köhnə yol rekonstruksiya olunması işləri aparılır. Qeyd edək ki, layihənin ümumi dəyəri isə 600 mln dollardan artıqdır. Dəmir yolunun Gürcüstan hissəsinin tikintisini Azərbaycanın "Azərinşaatservis" şirkəti həyata keçirir.

Layihəyə əsasən, Qarsdan Gürcüstanın Axalkalaki şəhərinədək olan 105 kilometrlik hissəsinin çəkilməsinə 450 milyon dollar sərmayə həcmindədir. Qarsdan Gürcüstan sərhədinədək 76 kilometrlik hissənin tikintisini Türkiyə maliyyələşdirəcəkdir. Gürcüstanın Azərbaycandan aldığı 200 milyon dollarlıq kreditlə isə Türkiyə sərhədindən Axalkalakiyə qədər olan təqribən 30 kilometrlik xətt çəkilməsi və Azərbaycan sərhədinədək mövcud olan 160 kilometrlik xətt yenidən qurulması nəzərdə tutulub. 

 

Çin də QATB-yə  dəstək verir

 

Bir məsələni də qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası da Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisinə "EximBank"ın kredit ayırmasını qadağan etsə də, çox qısa zaman kəsiyində Türkiyə ilə Azərbaycan birləşərək maliyyə məsələsini həll etdi. Eyni zamanda, onu da vurğulayaq ki, Çin və Qazaxıstanın bu layihəyə qoşulması isə QATB-ni Avropa ilə Mərkəzi Asiyanı birləşdirən əsas nəqliyyat dəhlizinə çevirəcək. Bu isə tranzit ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə üçün iri həcmdə gəlirlər, yeni infrastruktur, xidmət müəssisələrinin açılması, rahat gediş-gəliş, təhlükəsiz və daha sürətli, ucuz yükdaşımaları və yeni iş yerləri deməkdir. Digər tərəfdən bu, Azərbaycan və Türkiyənin Bakı-Tbilisi-Ceyhan kəmərindən sonra türk dövlətləri arasında birbaşa əlaqə yaradacaq ikinci bir böyük layihəsidir. Azərbaycan və Türkiyə hökumətləri bunun əhəmiyyətini başa düşdüklərindən, tezliklə QATB-nin rellaşmasında maraqlıdır. Hətta bunun üçün nə qədər vəsait lazımdırsa, ortaya qoyulub. Mütəxəssislərin hesablamalarına görə, layihənin həyata keçiriləcəyi təqdirdə, BTQ marşrutu ilə yükdaşınması ildə 20 milyon tonu keçəcəyi gözlənilir. Bu yolla Azərbaycana gətiriləcək türk mallarının qiymətində 30 faiz ucuzlaşma baş verəcək ki, bu da Qafqazda türk mallarının rəqabət qabiliyyətini artıracaq. BTQ-nin işə düşməsi yeni regional və transmilli layihələri, turizmin inkişafını stimullaşdıra bilər. Habelə, Azərbaycan bazarına daxil olan sənaye və geyim mallarının qiymətləri xeyli ucuzlaşacaq.

Qeyd edək ki, hazırda Türkiyədən və Çindən Azərbaycana gətirilən mallar hava yolu ilə, daşındığından və xərclər yüksək olduğundan çox baha başa gəlir. Amma BTQ layihəsi reallaşandan sonra türk malları dəmiryolu ilə daha ucuz tariflərlə daşınacaq, nəticədə qiymətlər düşəcək. Çin də bu layihəyə qoşula bilsə, eyni hal bu ölkənin mallarında müşahidə olunacaq. Bu isə Azərbaycan bazarında İran və Rusiya mallarının xeyli sıxışdırılması deməkdir. Azərbaycanın Türkiyəylə ticarət dövriyyəsi nəzərəçarpan dərəcədə artacaq. Habelə, Azərbaycan müəssisələrinin öz məhsullarını dəmiryolu ilə Türkiyə və Avropaya çıxarmaq imkanları genişlənəcək.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 12 fevral.- S. 8.