ABŞ paytaxtında
"Könlüm keçir Qarabağdan" adlı sərgi
açılıb
ABŞ-ın
Qarabağ Fondu vaşinqtonlu sənətsevərlərə Azərbaycan
mənşəli amerikalı rəssamların işləri ilə
tanış olmaq üçün daha bir imkan
yaratmışdır. Xəbər verdiyimiz kimi, yanvarın
sonunda ABŞ paytaxtının mərkəzi "Edison Place
Gallery" salonunda Azərbaycan mənşəli rəssam Əbülfəz
Bahadurinin əsərlərindən ibarət təşkil
olunmuş "Bölünmüş rənglər: Odlar
yurdundan abstrakt mənzərələr" sərgisi
böyük maraqla qarşılanmışdı. Bu həftə
isə "Edison Place Gallery" salonunda "Könlüm
keçir Qarabağdan" adlı ongünlük sərgi
açılmışdır. İlk gündən
çoxsaylı tamaşaçı cəlb edən sərgidə
ABŞ-da yaşayan istedadlı rəssamlar Yavər Rzayev və
Leyla Rzayevanın əsərləri nümayiş etdirilir.
Yavər Rzayevin işlərində
onun doğulub boya-başa çatdığı
Ağdamın təbiəti, Qarabağın bənzərsiz
Cıdır düzü, İsabulağı, Tərtər və
Qarqar çaylarının mənzərələri təsvir
olunur. Səməd Vurğunun məşhur şeirinin
parçasından ilham alan rəssam sərginin
açılış mərasimində bildirmişdir ki,
ABŞ-ın Qarabağ Fondundan təklif alan kimi işə
başlamış və iki ay ərzində yağlı boya
ilə 12 əsər çəkmişdir. O demişdir:
"Amerikadakı dostlarıma və tanışlarıma
doğma Qarabağımı göstərmək mənim
çoxdankı arzum idi. İndi mən bir neçə saat ərzində
dünyanın bir başından o biri başına gedə
bilirəm. Lakin təəssüf ki, doğma Qarabağ
bölgəsinə gedə bilmirəm.
Bu sərgidəki əsərlər mənə boya-başa çatdığım yerlərə, xəyalən də olsa, səyahət etməyə imkan vermişdir. Bu "səyahətə" özümlə bərabər, sərgiyə gələn tamaşaçılarımı da apara bilirəm". Leyla Rzayevanın əsərlərində də Azərbaycanın əsrarəngiz təbiəti əsas mövzudur. "Babamın evi", "İmarətlər" adlı əsərlərində Leyla Azərbaycana bağlılığını, onun mədəniyyətindən ilhamlandığını aydın nümayiş etdirə bilmişdir. Hər iki rəssamın əsərləri ABŞ-ın müxtəlif sərgi salonlarında dəfələrlə nümayiş etdirilsə də, onlar Qarabağ Fondu tərəfindən təşkil edilən bu sərginin xüsusi əhəmiyyət daşıdığı bildirmişlər.
Zümrüd
Səs.- 2011.- 12 fevral.- S. 12.