Turizmin inkişafı
stimullaşdırılır
"Azərbaycan xarici turistlər üçün
çox cəlbedici ölkəyə çevriləcək"
Son illərdə Azərbaycanda
turizm sektorunun sürətli inkişafı müşahidə
olunur. 2010-cu il isə, Azərbaycanda turizm sənayesinin
inkişafı üçün xüsusilə əlamətdar
olub. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə
turizmin inkişafına dair Dövlət Proqramı"nın
təsdiq edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı
bu sahənin inkişafında yeni, daha məhsuldar mərhələnin
başlanğıcı olub.
Qış turizmi kompleksi
yaradılır
Dövlət başçısının tapşırığı və şəxsən rəhbərliyi altında yaradılan turizm incilərindən biri- Qusar rayonunda, Şahdağın ətəklərində salınan qış-yay turizm kompleksi həm təyinatına, həm də nadir layihə strukturuna görə xüsusi önəm daşıyır. Hazırda burada işlərin birinci fazası 50 faizə qədər icra olunub, gündə 10 min turistə xidmət imkanına malik kommunal, işıq, su, qaz, yol xətlərinin çəkilişi həyata keçirilib.
Layihə Avstriya, İsveç, Türkiyə, ABŞ, İtaliya və Birləşmiş Ərəb Əmirliklərinin ən qabaqcıl şirkətləri tərəfindən icra olunur. Bu ilin mart ayında ilk pilot xizək eniş xəttinin sınaqdan keçirilməsi, 2011-2012-ci ilin qış mövsümündə isə daha 4 xizək eniş xəttinin istismara verilməsi nəzərdə tutulub.
Ölkə Prezidenti bununla bağlı deyib: "Bu sırf dövlət tərəfindən yaradılan layihədir. Mən o bölgələrdə dəfələrlə olmuşam. Mən oraya birinci dəfə gedəndə heç nə yox idi. Dağlar idi, heç yaşayış məntəqələri də yox idi. Yaşayış məntəqələrindən bir neçə kilometr uzaqlıqda yerləşən dağlar idi. Amma indi orada yollar, elektrik xətləri, qaz xətləri, su xətləri çəkilir, birinci mehmanxana dövlət tərəfindən tikilir. Əminəm ki, bundan sonra özəl sektor da bu təşəbbüsə qoşulacaq, çünki orada çoxlu mehmanxana tikilməlidir. Xizək bazası, qaldırıcılar, tibb məntəqələri, restoranlar, əyləncə yerləri olacaqdır.
Bir sözlə, "Şahdağ" kurort mərkəzi dünya səviyyəli mərkəzə çevriləcəkdir. Dünyada hazırda mövcud olan ən qabaqcıl, ən populyar kurort yerlərindən geri qalmamalıdır və qalmayacaqdır. Beləliklə, bu, ölkəmizə həm yeni investisiyalar gətirəcək, həm də şimal zonasında yaşayan əhali üçün əlavə şərait yaradacaq, minlərlə, bəlkə də, on minlərlə yeni iş yerləri açılacaqdır. Azərbaycana gələn turistlərin sayı daha da çox olacaq və Azərbaycan üçün çox cəlbedici ölkəyə çevriləcəkdir".
Müasir otellər tikilir
Turizmin inkişafına yönəlmiş çoxsaylı tədbirlər sırasında Bakı şəhərində məşhur özəl şirkətlər tərəfindən inşa olunan mehmanxana kompleksləri, Qəbələdə inkişafda olan turizm potensialı da diqqəti cəlb edir.
Dövlət başçısı ötən ilin yekunlarına həsr olunmuş toplantıda deyib: "2011-ci ildə Bakıda 5 beşulduzlu mehmanxana açılacaq, hesab edirəm, yəqin ki, bu, dünyada analoqu olmayan bir hadisədir. Bir ildə bir şəhərdə 5 beşulduzlu mehmanxana açılacaq, mən Bakını nəzərdə tuturam. Ancaq Bakıda dördulduzlu, üçulduzlu hotellər də tikilməkdədir.
Bölgələrdə hotelçiliklə bağlı çox böyük işlər görülür, artıq Azərbaycanda bu sahədə inkişaf reallıqdır. Bu infrastrukturu yaratmaq üçün, əlbəttə ki, dövlət tərəfindən böyük vəsait tələb olunur. Ancaq bu, infrastruktur məsələlərinə yönəldilir.
Hotellər isə özəl sektor tərəfindən tikilir. Deməli, Azərbaycanın inkişafına inam o qədər böyükdür ki, buraya, bu hotellərə milyonlarla, yüz milyonlarla vəsait qoyulur. İnvestorlarda inam var ki, bu vəsait onlara dividendlər gətirəcəkdir. Şəhərimizə isə bu, yenilik gətirir, müasirlik gətirir. Şəhərə gələn qonaqlar üçün gözəl şəraitin yaradılması, əlbəttə ki, vacib məsələdir".
Xarici
ölkələrdə reklam kampaniyaları aparılır
2010-cu ildə nazirlik respublikamızın turizm imkanlarını təbliğ etmək məqsədi ilə Vyana, İstanbul, Vilnüs, Berlin, Moskva, Kiyev, Pekin, Manama, Dubay, Əl-Küveyt, Paris və Tokio şəhərlərində keçirilən mühüm beynəlxalq turizm sərgilərinə qatılıb. Azərbaycanın mövcud turizm potensialının təbliğ edilməsi məqsədilə dünyanın aparıcı televiziya kanallarında - CNN, Euronews, Travel Channel, BBC, CNBC, "National Geographic"də reklam çarxları yayımlanır. Doqquz dildə müxtəlif nəşr, poliqrafiya məhsulları buraxılır.
Görülən kompleks işlərin nəticəsi olaraq ölkəyə gələn turistlərin sayı ilbəil artır, ölkədə fəaliyyət göstərən turizm şirkətləri şəbəkəsi genişlənir. Azərbaycanda turistlərin yerləşdirmə biznesi dinamik surətdə inkişaf edir. 2002-ci ildə ölkədə fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli müəssisələrin sayı 94 olduğu halda ötən dövr ərzində onların sayı 4 dəfə artaraq 370-ə çatıb. Bu obyektlərdə ümumi yerlərin sayı da 2002-ci illə müqayisədə təxminən 3 dəfə çoxdur.
Elçin Bayramlı
Səs.- 2011.- 12 fevral.- S. 13.