Ölkədə dayanıqlı nəqliyyat sisteminin yaradılması istiqamətində uğurlar əldə edilib

 

Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini Musa Pənahovun yap.org.az-a müsahibəsi

 

- Musa müəllim, ölkəmizdə həyata keçirilən investisiya proqramlarında yol-nəqliyyat infrastrukturunun yenidən qurulması əsas yerlərdən birini tutur. Bu baxımdan, bu sahədə görülən işlərin bütövlükdə Azərbaycan iqtisadiyyatının inkişafı prosesində rolu və önəmi haqqında nə deyə bilərsiniz?

- Son illərdə Azərbaycan Respublikası iqtisadiyyatının hərtərəfli və sürətli inkişafı Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasına əsaslanır, ölkəmiz bütün sahələrdə böyük nailiyyətlərə imza atır, iqtisadi inkişaf tempinə görə dünyada lider dövlətlər sırasında durur. Bütövlükdə ölkə iqtisadiyyatının, o cümlədən, nəqliyyat sisteminin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daha da təkmilləşərək uğurla davam etdirilir və bu sahədə aparılan ardıcıl islahatlar ölkənin nəqliyyat sektorunu da ən perspektivli sahələrdən birinə çevirmişdir. Ötən il bütün növ nəqliyyat infrastrukturlarının etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsi dəstəyi sayəsində nail olunmuşdur. Ölkəmizdə 2010-cu ildə ümumdaxili məhsulun həcmi 41,6 milyard manata bərabər olmuş, onun tərkibində nəqliyyat xidmətlərinin həcmi 2,9 milyard manat və yaxud 6,0 faiz təşkil etmişdir. İl ərzində bütün növ nəqliyyat vasitələri ilə 196,3 milyon ton, əvvəlki ilə nisbətən 3,1 faiz çox yük daşınmışdır. Sərnişin daşınması 4,5 faiz artaraq 1387,3 milyon nəfər təşkil etmişdir. Yüklərin 22,2 milyon tonu dəmir yolu, 11,7 milyon tonu su, 99,8 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmış, 62,4 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və yükləmə-boşaltma işləri həyata keçirən digər müəssisələr tərəfindən 10,8 milyon ton yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmiş, tranzit yüklərinin həcmi 9,5 milyon ton təşkil etmişdir. Avropa-Qafqaz-Asiya beynəlxalq nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi hesabat ilinin yanvar-noyabr aylarında 47,2 milyon tona bərabər olmuş və əvvəlki ilə nisbətən 8,8 faiz artmışdır.

- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə işlər həlledici mərhələyə qədəm qoyub. Bu nəqliyyat infrastrukturu ölkəmiz üçün hansı dividendlər vəd edir?

 - "Bakı - Tbilisi - Qars yeni dəmir yolu layihəsi" üzrə işlər davam etdirilmiş, hazırda yolun Axalkələk - Kartsaxi (Türkiyə sərhədi) hissəsində yer yatağının hazırlanması və süni qurğuların inşası həyata keçirilir, Kartsaxidə stansiya binasının tikintisinə başlanılmışdır. Artıq 46 ədəd müxtəlif suötürücünün, 5 körpü və yolötürücüsünün, 2,5 km dağətəyi su kanallarının tikintisi başa çatdırılmışdır. Elektrik kontakt şəbəkəsi üzrə 250 ədəd dayaq dəyişdirilmişdir. Təkər cütlərinin dəyişdirilməsi stansiyasının (Axalkələk) və Türkiyə-Gürcüstan sərhədində tikiləcək 4,2 km uzunluğunda tunelin layihələndirilməsi işləri yekunlaşıb. Yolun 158 km-lik Marabda-Axalkələk sahəsinin reabilitasiya və rekonstruksiyanın 3 mərhələdə aparılması nəzərdə tutulmuşdur. Artıq I mərhələ üzrə işlərə başlanılmışdır.

 - Azərbaycan Bakı-Tbilisi-Qarsla yanaşı, digər beynəlxalq magistral hesab edilən Şimal-Cənub dəmir yolu layihəsi ilə bağlı Rusiya və İranla birgə konsorsium yaradıb. Bu istiqamətdə işlərin gedişi hansı vəziyyətdədir?

- Azərbaycan tərəfi bu layihəyə də önəm verir. Bildiyiniz kimi, bu il 7-8 fevral tarixlərində İranın paytaxtı Tehran şəhərində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşması istiqamətində növbəti üçtərəfli görüş olub. Müzakirələrdə Azərbaycan, İran və Rusiya dəmir yollarının rəhbərləri iştirak edib. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılması istiqamətində Tehranda bir araya gələn Azərbaycan, İran və Rusiyadan olan mütəxəssislər İranın Rəşt və Astara şəhərlərindən Azərbaycanın Astara şəhərinə qədər dəmir yolu xəttinin tikintisi ilə bağlı müzakirələr aparıblar. Mütəxəssislər iki gün ərzində dəmiryolunun tikintisi ilə məşğul olacaq məhdud məsuliyyətli cəmiyyətin yaradılması və nizamnaməsinin təsdiqi, sözügedən dəmiryolunun istismarı, sərnişin və yük daşımaları qaydalarının müəyyən edilməsi, texniki xidmətinin qaydalarının formalaşdırılması və sair məsələləri müzakirə ediblər.

 - Qara dəniz ətrafı dairəvi magistral yol ideyası və bu layihədə Azərbaycanın iştirakı barədə nə demək olar?

- Bu layihəyə əsasən, Qara dəniz ətrafında dairəvi avtomobil yolunun uzunluğu 12 ölkədən keçməklə, 7 min kilometr təşkil edəcək. Yolun əsas marşrutu və birləşdirici yollar Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukraynanın ərazisindən keçəcək. Layihə ilə bağlı Azərbaycan rəhbərliyinin mövqeyi dəqiq və dəyişməzdir: Dağlıq Qarabağ problemi tamamilə tənzimlənməyənə və Ermənistanın işğal etdiyi Azərbaycan əraziləri azad etməyənə qədər Yerevanla həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlıq mümkün deyil. Ümumilikdə Bakı Qara dəniz ətrafında dairəvi avtomobil yolunun yaradılması layihəsini dəstəkləyir və bu layihə çərçivəsində işləməyə hazırdır. Qara dəniz ətrafında dairəvi avtomobil yolunun layihəsi çərçivəsində mövqeyimiz TRASECA layihəsi və digər belə layihələr çərçivəsindəki kimi olacaq.

- Musa müəllim, respublikamız daha hansı iri beynəlxalq və regional layihələrdə təmsil olunur?

- Ötən il Nəqliyyat Nazirliyinin və onun qurumlarının nümayəndələrinin BMT-nin Avropa və Asiya üzrə İqtisadi Komissiyaları, Avropa Birliyi, MDB, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Beynəlxalq Nəqliyyat Forumu, Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı (İRU), Dəmir Yollarının Əməkdaşlıq Təşkilatları (OSJD və MSJD) və digər təşkilatların tədbirlərində iştirakı təmin olunmuş və bir sıra dövlətlərin aidiyyəti qurumları ilə ikitərəfli görüşlər, nəqliyyat əlaqələri üzrə mövcud komissiya və işçi qruplarının görüşləri keçirilmişdir. 2010-cu ilin mart ayının 18-də Bakı şəhərində Nəqliyyat Nazirliyi və Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının (İRU) təşkilatçılığı ilə "Cənubi Qafqaz üzərindən Əfqanıstana avtomobil yükdaşımalarının inkişafı" üzrə Qafqaz və Mərkəzi Asiya regionunun 8 tranzit ölkəsinin iştirakı ilə İşçi Qrupun iclası keçirilmişdir. Eyni zamanda, beynəlxalq avtomobil daşımalarının inkişafı və bu daşımalarda Azərbaycanın tranzit ölkə kimi potensialının gücləndirilməsinə xidmət edən Azərbaycan Respublikası hökuməti ilə Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı arasında "Asiya, Avropa və əsas dünya bazarları arasında avtomobil daşımalarının Azərbaycan Respublikası ərazisindən keçməklə inkişafı barədə Anlaşma Memorandumu" imzalanmışdır. 2010-cu il 13-14 dekabr tarixlərində Kiyev şəhərində Azərbaycanın sədrliyi ilə keçirilmiş GUAM-ın Nəqliyyat üzrə İşçi Qrupunun növbəti 6-cı iclasında Azərbaycan tərəfindən işlənib hazırlanmış "GUAM nəqliyyat dəhlizinin inkişafı Konsepsiyası" layihəsi bir daha müzakirə olunmuş və yekun razılaşdırılma üçün üzv dövlətlərə təqdim olunmuşdur. Bundan əlavə Azərbaycan Respublikasının 1996-cı il 31 may tarixli 110-IQ nömrəli Qanunu ilə qoşulduğu 1970-ci il 1 iyul tarixli "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə uyğun olaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının təhlükəsizliyinin artırılmasını, beynəlxalq sərnişin və yük daşımalarında rəqəmsal taxoqrafların istifadəsini, belə daşımaları yerinə yetirən sürücülərin iş və istirahət rejiminə riayət olunmasını təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi tərəfindən bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Avtomobil nəqliyyatı ilə beynəlxalq sərnişin və yük daşımalarının həyata keçirilməsi ilə bağlı bəzi məsələlər haqqında" 24 dekabr 244 nömrəli Qərar qəbul etmişdir. Bu qərara əsasən, "Beynəlxalq avtomobil daşımalarını həyata keçirən nəqliyyat vasitələri heyətinin işinə dair Avropa Sazişi"nə uyğun olaraq, Azərbaycan Respublikasında 2010-cu il 16 iyun tarixindən sonra dövlət qeydiyyatına alınmış, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli beynəlxalq daşımalarda istifadə edilməsi nəzərdə tutulmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olan avtobuslar, habelə, tam kütləsi 3,5 tondan yuxarı olan yük avtonəqliyyat vasitələri 2011-ci il 1 yanvar tarixindən etibarən rəqəmsal taxoqraflarla təchiz edilməlidir.

- Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ilə bağlı işlərin nə vaxt yekunlaşması gözlənilir?

-2010-cu il noyabr ayının 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə "Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi"nin tikintisi üzrə təməlqoyma mərasimi keçirilmişdir. Nəqliyyat Nazirliyinin sifarişi ilə Hollandiyanın "Royal Haskoning BV" şirkəti tərəfindən Kompleksin Baş Planı və İşçi Layihə başa çatdırılmış və layihə işlərinə 8,2 milyon manat, o cümlədən, 2010-cu ildə 3,2 milyon manat vəsait xərclənmişdir. Dəniz akvatoriyasında dibdərinləşdirmə (giriş kanalı və dönmə akvatoriyası) və Yeni Liman Kompleksinin ərazisinin tikintiyə hazırlanması ilə bağlı müvafiq tenderlər keçirilmişdir. Hollandiyanın "Van Oord BV" şirkəti və "Azərkörpü" ASC tenderdə qalib olmuşdur. Hazırda bu şirkətlərlə işlərin yerinə yetirilməsinə dair müvafiq müqavilələrin bağlanmışdır və 2011-ci ilin əvvəlindən etibarən "Van Oord BV" şirkəti tərəfindən dibdərinləşdirmə işlərinin yerinə yetirilməsi hazırlıq işləri aparılır.

- Tarif Şurasının qərarı ilə fevralın 1-dən dəmir yolunda gediş haqlarının artımı dəmir yolu nəqliyyatında hansı dəyişikliklərə səbəb olacaq?

 - Azərbaycanın dəmir yolunda sərnişindaşıma ilə bağlı tətbiq olunan yeni tariflər, hətta artımdan sonra belə sərnişindaşımanın real maya dəyərini tam ödəmir. Sərnişindaşıma bütün ölkələrdə zərərlə işləyən sahədir, amma əsas məqsəd bu zərərin müəyyən qədər azaldılması və əldə edilən gəlirin xidmətin səviyyəsinin artırılmasına yönəldilməsidir. Hazırda dəmir yolunda istifadə olunan vaqonların böyük hissəsinin istismar müddəti bitib. Əldə olunan gəlir onların təmir edilərək müasir avadanlıqlarla təmin olunmasına yönəldiləcək. Dəmir yolunda tariflərin artması ilə əlaqədar olaraq avtobuslarda da gediş haqqının qaldırılacağı, eləcə də, avtomobil daşımalarında qiymətlərin qaldırılacağı ilə bağlı gəzən söz-söhbətlərlə əlaqədar onu deyə bilərəm ki, özbaşına artımlara yol verilməyəcək. Nəqliyyat Nazirliyinin müvafiq qurumları bu məsələyə nəzarət edir. Bu, tənzimlənən qiymətlərdir, ona görə də bu sahəyə dövlətin nəzarəti var.

- "Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması" layihəsinin reallaşması nəqliyyat sistemində nə kimi dəyişiklərə səbəb olacaq?

- 16 dekabr 2010-cu il tarixdə Nəqliyyat Nazirliyində Azərbaycan Respublikası ilə Yenidənqurma və İnkişaf Bankı arasında imzalanmış Qrant Sazişinə əsasən həyata keçirilən "Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planının hazırlanması" layihəsi çərçivəsində yekun planın təqdimatına həsr olunmuş konfrans keçirilib. Konfransda Nazirlər Kabinetinin, İqtisadi İnkişaf, Maliyyə, Ekologiya və Təbii Sərvətlər, Daxili İşlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, "Bakı Metropoliteni"nin, "Azərbaycan Dəmir Yolları" QSC-nin nümayəndələri ilə yanaşı, Dünya Bankının, Finlandiyanın "WSP" şirkətinin və Yunanıstanın "KLC" hüquq şirkətinin təmsilçiləri də iştirak edib. Layihə üzrə məsləhətçi- Finlandiyanın "WSP" şirkətinin nümayəndələri Strateji Nəqliyyat Planının məqsədləri, Bakı şəhərinin ərazisi üçün nəqliyyatın gələcək imkanları, nəqliyyat sistemi ssenarilərinin müəyyən edilməsi, qiymətləndirilməsi və investisiya strategiyaları, şəhər ərazisində parklanmanın idarə olunması, intermodal terminallarda parklanma tədbirləri, "TransCad" modelinin hazırlanması və tətbiqi üzrə təqdimatlar keçiriblər. Konfransda, həmçinin, "Bakı şəhər ərazisi üçün strateji nəqliyyat planı"nın icrası ilə bağlı gələcək əməkdaşlığa dair təkliflər, o cümlədən, Bakı şəhərində İntellektual İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar olaraq svetofor-siqnal sisteminin təkmilləşdirilməsi, şəhər ərazisində parklanma siyasətinin təkmilləşdirilməsi, şəhərin girişlərində parklanma üçün duracaqların təşkili və parklanmanın idarə edilməsi, ictimai nəqliyyatın xidmət keyfiyyətinin yaxşılaşdırılması məqsədilə texniki servis (xidmət) məntəqələrinin yaradılması, şəhər nəqliyyatının optimallaşdırılması üçün "Paramiks" proqramının alınması və tətbiqi, avtobus sürücüləri üçün simulyatorların alınması və tətbiqi məsələləri də müzakirə olunub.

 

 

Səs.- 2011.- 18 fevral.- S. 7.