Xocalı soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir

 

"Səs" qəzeti növbəti dəfə Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı dəyirmi masa keçirib

 

(Əvvəli ötən sayımızda)

 

“Səs” qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Məhz budəfəki dəyirmi masanın mövzusu Azərbaycan xalqının ən böyük faciələrindən biri olan Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahət İbrahimqızı, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Elman Məmmədov, ADPU-nin professoru, tarix elmləri doktoru Əli Məmmədov, Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev, Xocalı şəhərinin keçmiş polis rəisi Sabir Məmmədov iştirak edirdi.

Dəyirmi masada giriş sözü ilə çıxış edən Bəhruz Quliyev Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı ilə "Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı"nı təsdiq edildiyini bildirdi. Qeyd etdi ki, bu tədbirlər planına əsasən soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında materialların hazırlanması və yayılması nəzərdə tutulub. B.Quliyev Xocalı soyqırımının ildönümü ilə bağlı internet məkanında da, müəyyən tarixi faktların yayılmasının zəruriliyini bildirdi.

 

"Ermənistanda hakimiyyətdə olan əli qana batmış cəlladlar və bu misilsiz cinayətdə günahı olan şəxslər, hələ də, qanun qarşısında cavab verməyiblər"

 

Baş redaktor 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə ermənilər tərəfindən Xocalıda insanlığa və bəşəriyyətə qarşı soyqırım həyata keçirildiyini vurğuladı. "Erməni hərbi birləşmələri Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı motoatıcı alayının ağır hərbi texnikasının dəstəyilə Xocalıya hücuma keçdilər. Beləliklə, erməni hərbi birləşmələri 366-cı alayın köməyilə dinc əhaliyə qarşı xüsusi qəddarlıqla divan tutdular. Məhz bu qəddarlığın nəticəsi olaraq 613 nəfər azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl olmaqla Xocalıda 8 ailənin bütün üzvləri erməni qaniçənləri tərəfindən qətlə yetirildi. Xocalı faciəsində amansızcasına qətlə yetirilən soydaşlarımızdan başqa 487 nəfər müxtəlif dərəcəli bədən xəsarəti aldı ki, onların yenə 76-sı uşaq idi. Xocalıya hücum zamanı ermənilər 1275 nəfər soydaşımızı əsir götürdülər. Eyni zamanda, Xocalıda soyqırımın nəticəsi olaraq 150 nəfərin aqibətindən bu gün də bir məlumat yoxdur" deyən B.Quliyev XX əsrin genosidlər və soyqırımlar siyahısına Xocalı soyqırımının da daxil olduğunu dilə gətirdi. Baş redaktor bu gün Ermənistanda hakimiyyətdə olan əli qana batmış cəlladların və bu misilsiz cinayətdə günahı olan şəxslərin hələ də, qanun qarşısında cavab vermədiklərini, onların gec-tez tarixin acı sınağı ilə üzləşəcəyini bildirdi. B.Quliyev o dövrün qanlı olayları və Xocalı soyqırımı ilə bağlı dəyirmi masa iştirakçıları arasında müzakirələrin aparılmasının vacibliyini vurğuladı.

 

"Bir gün Köçəryanlar, Sarkisyanlar, Balayanlar öz cəzalarına çatacaqlar"

 

Elman Məmmədov:

- Ermənilər Xocalıda törətmiş olduqları vəhşilikləri Avropanın ən nüfuzlu tribunalarından belə səsləndirdilər. Avropanın ən nüfuzlu KİV-lərində, BMT-də bu cinayətkarlar öz dilləri ilə etmiş olduqları qəddarlıqları dünya ictimaiyyətinə çatdırırdılar. Sual olunur ki, belə olan təqdirdə, beynəlxalq təşkilatlar, böyük dövlətlər bunlara qarşı niyə bir sanksiya, cəza tətbiq edib onları yerində oturtmayıb. Bir maraqlı fakt isə ondan ibarətdir ki, ermənilər Azərbaycan xalqına qarşı Xocalı soyqırımı həyata keçirdikdən bir neçə gün sonra ABŞ Senatı ölkəmizə qarşı "907-ci düzəliş"i  tətbiq etdi. Yəni sanksiyalar Ermənistana qarşı deyil, Azərbaycana qarşı yönəldildi. Torpağı işğal olunan da, qırılan da biz olduq, cəza sanksiyası da bizə qarşı tətbiq edildi. Budumu dünyanın ədaləti, budurmu haqqı? Onu da bildirim ki, Xocalı soyqırımından sonra oraya çoxsaylı xarici kütləvi informasiya vasitələrinin nümayəndələri gəlmişdilər. Onların hamısı hadisəni yerindəcə görərək, çoxlu sayda fotolar çəkdilər. Ancaq bunu beynəlxalq ictimaiyyətə nə cür çatdırdılar, bu, çox maraqlıdır. Çünki hərə öz mövqeyindən, öz prizmasından bu məsələyə yanaşaraq, həmin rakursdan da çıxış etdi. Dəfələrlə bildirmişəm ki, Xocalı faciəsi tək Azərbaycan xalqına qarşı edilmiş bir soyqırım deyil, bu bəşəriyyətə qarşı yönəlmiş bir qətliamdır. Eyni zamanda, biz onlara dəfələrlə demişik ki, Xocalıda baş verən tarixi cinayətlər bir gün istənilən Avropa ölkəsinin və xalqının da başına gətirilə bilər. Bu gün Ermənistan rəhbərliyində təmsil olunanların böyük əksəriyyətinin əlləri Azərbaycan xalqının qanına batıb. Təbii ki, bu, belə getməyəcək. Vaxt gələcək haqq-ədalət öz yerini tapacaq. Tarixə də nəzər salsaq, görərik ki, Böyük Vətən müharibəsində Hitler faşizminin nümayəndələri bu gün də qanun qarşısında cavab verirlər. Balkanlarda baş verən cinayətlərdə də iştirak etmiş hərbi canilər, bildiyiniz kimi, başqa-başqa ölkələrdə həbs edilərək, mühakimə olunurlar. Yəni, bir gün köçəryanlar, sarkisyanlar, balayanlar da müvafiq cəzalarına çatacaqlar. Biz bunu gözləyirik.

 

"Dünyada elə bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb ki, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirməsin"

 

Məlahət İbrahimqızı:

- 50-dən çox ölkənin parlamentini özündə birləşdirən İKT parlament assambleyasının qəbul etdiyi sənəd, həqiqətən də, beynəlxalq aləmdə qəbul edilmiş Xocalıya verilmiş qiymətin içərisində ən yüksək sənətddir. Azərbaycan parlamentinin nümayəndələri olaraq bizlər bu istiqamətdə hələ bundan sonra da çox işlər görməliyik. Onu da qeyd edim ki, il boyu həm Xocalı soyqırımının dünya dövlətlərində tanınması, həm də Dağlıq Qarabağ münaqişəsinin ədalətli formada həlli ilə bağlı beynəlxalq təşkilatlarla, dünyanın nüfuzlu dövlətləri ilə əhəmiyyətli işlər aparılır. Məhz bunun nəticəsi olaraq dünyada elə bir nüfuzlu beynəlxalq təşkilat qalmayıb ki, Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz mövqeyini bildirməsin. Eyni zamanda, Azərbaycanın Ermənistan tərəfindən 20 faiz ərazilərinin işğal edilməsini və işğalçılıq siyasətinin pislənilməsi ilə bağlı qərarlar, qətnamələr də çıxarılır. BMT-də qəbul edilmiş 4 qətnamə, ATƏT Parlament Assambleyasının və AŞ PA-nın çıxarmış olduğu qərarlar buna misal ola bilər. Bu yaxınlarda NATO Parlament Assambleyasının növbəti sessiyasında da Dağlıq Qarabağ probleminə dair konkret münasibət bildirilməlidir və sənət qəbul edilməlidir. Bütün bunlar, təbii ki, Prezident İlham  Əliyevin apardığı siyasətin nəticəsi kimi parlamentdə də bu istiqamətdə zəruri işlər görülür. Amma bu istiqamətdə bizlər hələ də öz üzərimizə düşən vəzifələri daha da artırmalı, səylərimizi daha da gücləndirməliyik. Bir məsələyə də öz münasibətimi bildirim ki, bu gün Azərbaycanın 20 faizdən artıq ərazisini işğal altında saxlayan təcavüzkar Ermənistan nə sabah, nə də yüz ildən sonra, bir dövlət olaraq, Azərbaycanın qarşısına çıxmaq iqtidarında deyil. Çünki Azərbaycan bütün aspektlərdə təcavüzkar Ermənistanı məğlub etməyə və özünün qəti sözünü deməyə qadirdir. Bu bir reallıqdır ki, Ermənistan arxalandığı dövlətlər vasitəsi ilə yüz illər ərzində Azərbaycan xalqına qarşı soyqırımlar həyata keçirib. Çar Rusiyası və sovetlər dönəmində, eyni zamanda, SSRİ dağıldıqdan sonra da hələ də imperialist xislətindən əl çəkməyən qüvvələrin Azərbaycanda işğalçılıq siyasəti həyata keçirilmişdir.

 

"Ermənilər ərazilərini Azərbaycanın tarixi torpaqlarını işğal eməklə genişləndirmək istəyirdilər"

 

Əli Məmmədov:

- Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra dövlətimizə qarşı ögey münasibət, biganəlik var idi. Məhz bunun nəticəsi olaraq da ardıcıl olaraq Azərbaycanın tarixi ərazilərinə qarşı olan təcavüzlərə müəyyən qüvvələr göz yummağa başladılar. Beləliklə də, öz havadarlarına arxalanan ermənilər tarixi ərazilərimizi işğal edərək, xalqımıza qarşı soyqırımı siyasətini həyata keçirdilər. Bu əsrin əvvəllərində, ortalarında, sonunda da belə olub. Çünki ermənilər həmişə "böyük Ermənistan" xülyası ilə "dənizdən-dənizə" Ermənistan dövləti yaratmaq eşqi ilə yaşayıblar. Onlar məhz Azərbaycanın tarixi əraziləri hesabına yaratmış olduqları dövlətlərinin coğrafiyasını növbəti dəfə bizim tarixi torpaqlarımızı işğal etməklə genişləndirmək niyyətində olublar. Elə Xocalıda ondan əvvəl və ondan sonra həyata keçirilən qətliamlar erməni xislətinin açıq ifadəsi idi. Doğrudur, bəzən beynəlxalq təşkilatlar və maraqlı qüvvələr bu reallıqları tamamilə qulaqardına vurmağa çalışsalar da tarixi həqiqətlərdən qaçmaq qeyri-mümkündür. Çünki zaman yetişəcək ki, Azərbaycan öz tarixi ərazilərini, pozulmuş olan ərazi suverenliyini bərpa edəcək. Buna istənilən erməni və istənilən formada ona arxa durub, öz maraqlarını reallaşdırmaq niyyətində olan qüvvələr əmin olmalıdır. Azərbaycan xalqı öz dövlətinin gücünə və qüdrətinə arxalanaraq, Ali Baş Komandanın əmri ilə itirilmiş torpaqları erməni işğalçılarından geri qaytarmağa hər an hazırdır.

 

"Səs" qəzetinin əməkdaşı:

- Xocalı faciəsi baş verməyə bilərdimi? O vaxtı şəhərin müdafiəsi üçün hansı zəruri tədbirlər həyata keçirilməli idi ki, bu dərəcədə geniş insan qırğınına yol verilməsin?

 

Sabir Məmmədov:

- Xocalıda yaşayıb, orada çalışanlar daha böyük həvəslə düşmənə qarşı vuruşurdular. Belə ki, Xocalı dörd bir tərəfdən ermənilərin mühasirəsində qalmasına baxmayaraq, mərd oğullarımız onlara qarşı mübariz olduqlarını göstərirdilər. Amma bütün bunlara baxmayaraq, erməni qəsbkarları tərəfindən Xocalıya böyük təzyiqlər və müdaxilələr var idi.

 

Elman Məmmədov:

- Bir faktı da qeyd edim ki, Xocalını əhatə edən erməni yaşayış məntəqələri coğrafi nöqteyi-nəzərdə hündürlükdə yerləşirdi. Xocalıdan çıxmaq üçün isə hökmən bir neçə erməni yaşayış məntəqələrindən keçib-getmək lazım idi. Yəni Xocalı həmin vaxtı bütünlüklə mühasirədə idi.

 

"1990-cı ildə Xocalı aeroportuna Yerevandan gündə 40 reys sərnişin təyyarəsi gəlirdi"

 

Sabir Məmmədov:

- Belə bir şəraitdə isə Xocalıda yaşamaq çox çətin və təhlükəli idi. Biz bu hadisələrin canlı şahidləriyik. Həmin vaxtlar Xocalıda genişmiqyaslı tikinti-abadlıq işlərinin getməsinə baxmayaraq, yerli əhalidə Xocalını müdafiə etmək niyyətində olan könüllülərdə heç bir silah-sursat yox idi ki, ermənilərə qarşı mübarizə aparılsın. Bir faktı da vurğulayım ki, o vaxtı, yəni 1992-ci ildə mən Xocalıya gələndə, Əsgəran rayon polis bölməsində cəmi 8 "Makarov" tipli tapança var idi. Məhz o, "Makarov" tapançaları ilə biz Xocalının müdafiəsinə qalxırdıq. Eyni zamanda, bizimlə yanaşı, Xocalının özünün müdafiə dəstələri var idi. Aqil Quliyev və Tofiq Hüseynovun başçılığı altında 21 nəfərlik heyətdən ibarət Xocalı polisi postlardakı döyüş əməliyyatlarında iştirak edirdi. Bundan əlavə, bizim silahlarımızın olmaması düşmən qarşısında aciz qalmağımıza səbəb olurdu. Digər bir fakt isə ondan ibarət idi ki, 1990-cı ildə Xocalı aeroportuna Yerevandan gündə 40 reys sərnişin təyyarəsi gəlirdi. Biz bu barədə hətta həmin vaxt Daxili İşlər Nazirliyinə də məlumat vermişdik. Lakin buna baxmayaraq, bizim yaratdığımız Xocalı bölməsi Əsgəran rayonunun tabeçiliyində idi. Biz şikayətlərimizi ora çatdırır, maaşlarımızı da ordan alırdıq. Çünki biz müstəqil bir bölmə deyildik. Ona görə də, Xocalıda yaşayan əhali ərzaq çatışmazlığı ilə üzləşmişdi. Biz bir neçə dəfə Xocalıya un və digər zəruri vasitələr aparmağımıza baxmayaraq, problem qalmaqda idi. Hətta bir dəfə Daxili İşlər Nazirliyindən tabeçiliyimdə olan şəxsi heyət üçün geyim əşyaları apararkən, əlavə 500 kiloqram çörək də aparmağa nail oldum. Həmin o 500 kq həcmində olan çörəyi Xocalı aeroportunda A.Quliyevin dəstəsinə təhvil verdim. Milli qəhrəman A.Quliyev tabeçiliyimdə olan şəxsi heyət üçün gətirdiyim çörəyə görə mənə təşəkkürünü bildirdi. Çünki həmin o vaxtı nə un, nə çörək çatışmırdı.

 

“Xocalını xocalılardan başqa heç kim qorumurdu"

 

Xəlil Vəliyev:

- Xocalı soyqırımı daha geniş miqyasda ola bilərdi. Amma Xocalının mərd oğulları faciənin daha geniş miqyas almasının qarşısını almaq üçün öz canlarını belə fəda etdilər. Burada məndən öncə çıxış edənlər faciənin başvermə səbəbləri və buna gətirib çıxaran amillər barəsində geniş məlumat verdilər. Mən, sadəcə olaraq, onu bildirmək istəyirəm ki, Xocalının müdafiəsi də təhlükəsizliyinin təmin olunması da, yalnız və yalnız xocalıların ümidinə qalmışdı. Orada ilk dəfə polis bölməsinin şəxsi heyəti də ancaq xocalılardan təşkil edilmişdi. Onu da unutmaq lazım deyil ki, Xocalını və ümumiyyətlə, Dağlıq Qarabağı ilk qoruyan insanlarımız Daxili İşlər Nazirliyinin işçiləri idi. Sonradan özünümüdafiə batalyonlarının yaradılması və təşkili də xocalılardan ibarət idi. Xocalının müdafiəsinə yeganə kömək edən qüvvələr milli qəhrəman A.Quliyevin rəhbərlik etdiyi batalyon idi. 21 nəfərdən ibarət bu batalyonun bütün şəxsi heyəti son damla qanlarına qədər Xocalının müdafiəsində dayandılar.

 

(Ardı var)

 

 

RƏFİQƏ KAMALQIZI

 

TAPDIQ QURBANLI

 

Səs.- 2011.- 18 fevral.- S. 8-9.