Beynəlxalq Böhran Qrupunun çəkingən hesabatı

 

Hesabatda müharibənin başlayacağı halda Azərbaycanın malik olduğu imkanlar azaldılıb və nəticənin necə olacağı şübhə altına alınıb

 

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə, Beynəlxalq Böhran Qrupunun Dağlıq Qarabağ münaqişəsinə dair hazırladığı hesabat açıqlanıb. Hesabatda qeyd olunur ki, "cəbhə xəttində toqquşmaların artması, silahlanma yarışı, kəskin ritorika və sülh danışıqlarında irəliləyişin virtual olması Ermənistanla Azərbaycan arasında müharibə ehtimalını artırır. Müharibə bölgədə dağıdıcı nəticələrə gətirib çıxara bilər".

Sənəddə təmas xəttində vəziyyətin gərginləşməsinə toxunulur və 2010-cu ildə azı 25 nəfərin həlak olduğu, bu ilin əvvəlindən bəri isə 3 əsgərin güllələndiyi bildirilir: "Əraziləri işğal altında qalmaqda davam edən və böyük miqdarda məcburi köçkünü olan Azərbaycana böyük zərər verən mövcud status-kvonun dəyişməsi üçün daha çox iş görülməlidir".

BBQ hesab edir ki, tərəflər münaqişənin dinc yolla həllinin əsas prinsipləri haqqında sənəd imzalamalı və qarşılıqlı etimadın qurulması, gərginliyin azaldılmasına yönəlmiş tədbirlər həyata keçirməlidir: "Rusiya bu münaqişədə aparıcı vasitəçi olaraq tərəflərə hücum silahları və hərbi texnika verməyə son qoymalıdır. Digər dövlətlər də ATƏT və BMT-nin tövsiyəsinə uyğun olaraq silah embarqosuna riayət etməlidir".

Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabina Freyzer bildirib ki, sülh danışıqlarında irəliləyişin olmaması yaxın bir neçə ildə müharibə ehtimalını artırır: "Rusiya, ABŞ, Türkiyə və Avropa Birliyi bu ssenarinin qarşısının alınmasını öz prioritetinə çevirməlidir".

Məruzədə qeyd edilir ki, qızğın silahlanma, cəbhədə qarşıdurmaların güclənməsi, qarşılıqlı ittihamlar və hədələr və sülh danışıqlarının uğursuzluğu regionda gərginliyi artırır. Bütün bunlar Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda müharibənin bərpa olunması ehtimalını artırır.

Nisbətən obyektiv məqamlardan biri odur ki, sənəddə etiraf olunur ki, Azərbaycana münaqişədə ciddi ziyan dəyib, ərazilərinin 16%-ni itirib və 586000 nəfər köçkün düşüb. Düzdür, rəqəmlər bir qədər azaldılıb, amma hər halda bu da durumu qiymətləndirmək üçün kifayət edir.

O da vurğulanır ki, regionda durum dəyişməsə, Azərbaycan özünü problemin həlli üçün hərbi gücdən istifadə etmək hüququna malik biləcək. Bakı hərbi büdcəni 45% artırmağı və 2011-ci ildə dövlət büdcəsi 16 mlrd. olduğu halda, hərbi büdcəni 3 mlrd. dollara çatdırmağı düşünür.

BBQ-nin hesabatında qeyd olunur ki, Azərbaycan ordusu 95000 nəfərdən, Ermənistanınkı isə 70000 nəfərdən təşkil olunub. Belə müharibədə iri yaşayış məntəqələrinə, həyati önəmli infrastruktura və kommunikasiyalara ziyan dəyəcək.

Hesabatda vurğulanır ki, 24 iyun 2010-cu ildə Azərbaycan şəxsən Prezident İlham Əliyevin nəzarəti altında və 4000-dən çox hərbçi, 100 tank, 77 zirehli maşın, 125 artilleriya qurğusu, 17 qırıcı və 12 döyüş vertolyotundan ibarət eskadriliyanın iştirakı ilə ən ciddi hərbi təlimlər keçirib.

O da qeyd olunur ki, Bakı Ukraynadan S-300 raket sistemləri, Mi-24 vertolyotları, 29 BTR-70, 35 artilleriya mərmiləri və Rusiyadan T-72 tankları almaq niyyətindədir. Hazırda Azərbaycanın 129 taktiki ballistik raketi Ermənistanın əsas şəhərlərini və işğal edilmiş ərazilərdəki ekspedisiya korpusunun mövqelərini dağıda bilər. BBQ-nin hesabatında, ümumilikdə, götürdükdə mövcud durum analiz olunub və münaqişənin nəticələri və yaranacaq təhlükələr əks olunub. Amma sənəddə tərəflərə yanaşmada obyektivlik qorunmayıb. Belə ki, Azərbaycan tərəfinin torpaqlarının işğalı nəticəsində ağır problemlərlə üz-üzə qaldığı əks olunsa da, təcavüzkara qarşı beynəlxalq birliyin ciddi ölçü götürməməsinin üstündən keçilib. Bundan başqa, hər iki münaqişə tərəfinə eyni tərzdə yanaşılıb ki, bu da səhv mövqedir.

BBQ hesab edir ki, tərəflər etimadın artırılması üzrə tədbirlər görməli, o cümlədən, təmas xəttindən snayperləri çıxarmalı, irimiqyaslı hərbi təlimlər keçirməməlidir. Ermənistan çağırışçıların Dağlıq Qarabağda xidmətə göndərilməsinə son qoymalıdır. Ermənistan və Dağlıq Qarabağın de-fakto hakimiyyəti Azərbaycanı qıcıqlandıran tədbirlərə, məsələn, işğal edilmiş Azərbaycan şəhərlərinin adlarının dəyişdirilməsinə və arxeoloji qazıntılar aparılmasına son qoymalıdır.

Ümumiyyətlə, BBQ-nin son hesabatı müəyyən obyektiv məqamları özündə ehtiva etsə də, yanaşmada qeyri-obyektiv məqamlar da az deyil. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə hesabata münasibət bildirərkən deyib: "Nə qədər ki, işğalçı Ermənistana beynəlxalq təşkilatlar tərəfindən təsirli təzyiqlər göstərilməyəcək, bölgədə təhlükəli vəziyyətin inkişaf edəcəyi qaçılmazdır.

Nazirlik sözçüsünün fikrincə, bəzi istisnaları çıxmaq şərti ilə təcavüzkar tərəflə ərazisi işğal olunmuş tərəf arasında heç bir fərq qoyulmur: "Biz bunu ədalətli yanaşma kimi qəbul edə bilmərik. Tövsiyələr verməyin vaxtı bitib, real addımlar atmağın artıq vaxtı çatıb.

Beynəlxalq Böhran Qrupu Dağlıq Qarabağ problemini yaradan səbəbləri göstərmək əvəzinə, nəticələr və perspektivlər barədə daha çox danışır. Bu, çox asandır. Gələcəkdə nələrin baş verəcəyini Azərbaycan daha yaxşı görür və hədəflər də onun üçün tam müəyyən olunub. Buna heç kəsin şübhəsi olmasın. Birinci müharibənin nəticələri da bütün dünyaya məlumdur".

Eldar Sabiroğlu hesabatda söz güləşdirməyə bənzəyən məqamların daha çox üstünlük təşkil etdiyini deyib: "Nə qədər ki, işğalçı Ermənistana beynəlxalq təşkilatlar tərəfindən təsirli təzyiqlər göstərilməyəcək, bölgədə təhlükəli vəziyyətin davamı qaçılmaz olacaq. Bu da müharibəni lap yaxın məsafəyə gətirib çıxaracaqdır. Bax, bunu göz önünə gətirmək lazımdır".

Nazirlik rəsmisinin sözlərinə görə, son 10-15 ildə beynəlxalq qurumların apardıqları diplomatik davranışlar öz konkret səmərəsini verməyib. Ermənistan işğalçılıq siyasətini yenə də davam etdirir. Ona bu fürsəti məhz ikili yanaşmalar, hiyləgər münasibətlər verir. İndi kimin günahkar və qəsbkar olduğu açıq söylənilməlidir. Belə bir təzyiqin göstəriləcəyi təqdirdə, müharibə riskinin azalması barədə düşünmək olar".

Göründüyü kimi, BBQ-nin hesabatında tərəflərin hüquqi-siyasi qiyməti layiqincə verilmədiyi kimi, hərbi-iqtisadi imkanları da uğurlu müqayisə olunmayıb. Gərək etiraf olunaydı ki, müharibənin başlayacağı təqdirdə, Azərbaycan Ordusunun Ermənistanın işğal olunmuş ərazilərdə yerləşdirdiyi ordusunu darmadağın etməyə qadir olan texniki və personal imkanları var. O üzdən də Yerevana sülh danışıqlarından yayınmağın çox təhlükəli olduğu izah olunmalıydı.

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 18 fevral.- S. 11.