Ölkəmiz XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla
təmsil olunub
Ölkəmiz Mədəniyyət və Turizm Nazirliyi xətti ilə 9 - 13 fevral 2011-ci il tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən XVIII Minsk Beynəlxalq Kitab Sərgi-Yarmarkasında uğurla təmsil olunub. Sərgidə Nazirliyin aparat rəhbərinin müavini - kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin baş məsləhətçisi Aslan Cəfərov və "Çinar-Çap" nəşriyyatının icraçı direktoru Akif Dənzizadədən ibarət nümayəndə heyəti iştirak edib.
Sərgidə ölkəmiz üçün ayrılmış 10 kv.metrlik stenddə 100 addan artıq 202 nəşr məhsulundan ibarət rəngarəng ekspozisiya nümayiş olunub.
22 ölkənin qatıldığı Sərgi-yarmarkanın rəsmi açılış mərasimində Belarus Respublikasının İnformasiya naziri Oleq Proleskovski, Belarusun informasiya nazirinin birinci müavini Liliya Ananiç, müxtəlif vəzifəli şəxslər və xarici ölkələrin səfirləri, o cümlədən, Azərbaycan Respublikasının Belarus Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Əli Nağıyev iştirak edib. Mərasimdən sonra O.Proleskovski B, L.Ananiç, Almaniyanın səfiri, İranın səfiri, Azərbaycanın səfiri və digər rəsmi şəxslər stendimizi ziyarət ediblər.
Tədbir boyu Azərbaycan stedinə təkcə belaruslar və Belarusiyada yaşayan soydaşlarımız deyil, müxtəlif ölkələrdən olan insanlar böyük maraq göstəriblər. Qarabağ hadisələrinə həsr olunmuş ayrıca guşə tamaşaçıların diqqətini xüsusilə cəlb edib. Sərgiyə gələnlər ekspozisiya vasitəsi ilə Qarabağda erməni vandalizmi, onların törətdikləri ağır cinayətlər barədə Azərbaycan, ingilis və əsasən rus dilində dolğun məlumatlar əldə edirdilər.
Sərgi-yarmarkanın üçüncü günü stendimizi ziyarət edən Belarus Respublikasının prezidentinin müşaviri Viktor Aleksandiroviç Lukaşenkoya Elçinin "Dədə Qorqud", Çingiz Əlioğlunun "Çərçivə" kitabları və turistik xarakterli çap məhsulları, Belarus Respublikası prezident aparatının rəhbərinin müavini Radkov Aleksandr Mixayloviçə müxtəlif nəşrlər, Belarus Respublika Kitabxanasının rəhbərliyinə isə "Qara Qarayev" kitabı hədiyyə edilib.
Nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin nəşriyyat sektorunun müdiri, MDB-nin "Dövri mətbuat, kitab nəşri, yayımı və poliqrafiya sahəsində əməkdaşlıq üzrə Dövlətlərarası Şura"sının sədri Çingiz Əlioğlu həmin vaxt Minsk şəhərində keçirilən digər bir beynəlxalq tədbirdə iştirak edib. Çingiz müəllim sərgi-yarmarkaya dəvət olunub və "Literatura i Mastatstva" nəşriyyatının direktoru, Belarus Yazıçılar Birliyinin rəyasət heyətinin üzvü Ales Karlyukeviçin təşkilatçılığı ilə Çingiz Əlioğlu ilə görüş və onun "Çərçivə" kitabının geniş təqdimat mərasimi keçirilib.
Zümrüd
Səs.- 2011.- 18 fevral.- S. 12.