Ölkəmizin yeniləşən, müasirləşən yol infrastrukturu...

 

İlham Əliyev: "Körpülərimiz, yol ötürücülərimiz nəqliyyat infrastrukturu olmaqla yanaşı, eyni zamanda, memarlıq nümunələridir"

 

Yol tikintisi, yol infrastrukturunun yeniləşdirilməsi, sərnişinlərin rahatlığı, nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün körpülərin, yeraltı keçidlərin istifadəyə verilməsi bu gün ölkədə geniş miqyasda aparılan quruculuq-abadlıq işlərinin tərkib hissəsidir. Bu sahədə görülən işlərin beynəlxalq standartlara uyğun yüksək keyfiyyətlə icra olunduğunu xatırladaraq, qeyd edək ki, təqribən 10 il əvvəl ölkədə böyük miqyaslı yol çəkilişlərini ancaq xarici şirkətlər yerinə yetirirdi.

Əgər ötən illərdə bu sahədə əldə olunuan uğurlara diqqət yetirsək, bir daha yol-nəqliyyat sahəsində əldə olunan uğurları aydın görmək olar. Belə ki, 2004-2010-cu illərdə nəqliyyat sektorunda 4 dəfədən çox artım müşahidə olunub. Azərbaycanda yol-nəqliyyat infrastrukturunun yeniləşdirilməsi ilə bağlı həyata keçirilən layihələr paytaxtın və bütün regionların həyatında mühüm dönüş yaradıb. Son illərdə daha geniş miqyas alan nəqliyyat infrastrukturunun yenidən qurulması və bərpası ilə bağlı tədbirlər bu bölmədə yeni keyfiyyət və kəmiyyət çalarları ilə zənginləşərək ölkəmizin ümumi, iqtisadi-sosial dinamikasına mühüm təsirini göstərib.

 

Nəqliyyatda yeniləşmə

 

Artıq bir neçə ildir ki, ölkəmizin enerji ehtiyatlarının dünya bazarlarına nəqlindən əldə olunmuş gəlirlər iri maliyyə tutumlu yol-nəqliyyat layihələrini icra etməyə imkan verir. Məhz bu amilin nəticəsidir ki, son 3 ildə Bakı ilə yanaşı, paytaxtı regionlarla birləşdirən magistral avtomobil yollarının əksəriyyəti ən yüksək beynəlxalq standartlar səviyyəsində yenidən qurulmuşdur. Bakı-Şamaxı, Bakı-Sumqayıt-Rusiya sərhədi, Bakı-Kürdəmir-Ucar-Yevlax-Gəncə-Qazax-Gürcüstan sərhədi yolları və digər magistrallar məhz belə qiymətləndirilir.

Son illər inşa olunmuş bu yolların üstün cəhətlərindən biri asfalt salınmasından əvvəl yolların betonla bərkidilməsidir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyevin dediyi fikirləri xatırlatmaq yerinə düşər: "Beton yollar Avropanın ən inkişaf etmiş şəhərlərində tikilir. Ancaq biz nəinki aeroportdan şəhərə gələn yolu beton örtüyü ilə tikmişik, eyni zamanda, Bakı-Sumqayıt və Bakı-Rusiya sərhədinə qədər yolda tikinti işləri aparırıq. Bu yollar insanlara rahatlıq gətirəcək. Əsas məqsəd budur".

Bakıda yeni nəqliyyat infrastrukturunun yaradılması, avtomobil tıxaclarının qarşısının alınması bu gün ölkə rəhbəri İlham Əliyevin daim diqqətdə saxladığı sosial məsələlərdən biridir. Bununla bağlı görülmüş bəzi işləri xatırladaq. Şəhərin mərkəzində Heydər Əliyev adına Beynəlxalq Aeroporta gedən yolun əvvəllər hansı vəziyyətdə olduğu unudulmayıb. Metronun "Əzizbəyov" stansiyası qarşısındakı, Sabunçu, "Komsomol dairəsi" və Suraxanı dairələrində avtomobillər yarım saatdan çox tıxacda qalırdı. Artıq iki-üç ildir ki, adlarını çəkdiyimiz bu dairələr yoxdur. Əvəzində yüksək keyfiyyətli körpülər tikilib, Zığ qəsəbəsi istiqamətindən aeroporta bond yol çəkilib. Bu gün bu sahədə işlər davam etdirilir.

 

Sərnişindaşıma sektorunda yeniliklər

 

Həmçinin, sərnişindaşıma sektorunda da yeniliklər edilib. Belə ki, son illər dünyanın ən nüfuzlu avtomobil şirkətlərinin istehsalı olan nəqliyyat vasitələrinin alınaraq ölkəmizə gətirilməsi və sərnişinlərin istifadəsinə verilməsi ilə bağlı davamlı tədbirlər görülməkdədir. Hazırda paytaxtın sərnişindaşıma sektorunda iritutumlu, komfort salona malik və bütün növ vasitələrlə təchiz edilmiş, rahatlığı ilə sərnişinlərin zövqünü oxşayan avtobusların sayı əhəmiyyətli dərəcədə üstünlük təşkil edir. Bu tədbirlərin davamı kimi artıq şəhərin taksi parklarının da müasirləşdirilməsi, sakinlərə göstərilən taksi xidmətinin keyfiyyətinin yüksəldilməsi istiqamətində işlər həyata keçirilməyə başlanılıb. Ötən ayın sonunda Bakıya gətirilən Avropa standartlarına cavab verən müasir taksi maşınları bu sahədə görülən işlərin başlanğıcı sayıla bilər. Yol-nəqliyyat infrastrukturunun yenidən qurulması ilə bağlı tədbirlər qarşıdakı illərdə də intensiv şəkildə davam etdiriləcək.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 17 fevral.- S. 3.