Ya sülh, ya da müharibə:
hər iki halda üstünlük Azərbaycanın tərəfindədir
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
Cənubi Qafqazda əbədi sülhün bərqərar olmasına,
həmçinin, bu regionun inkişafına maneə yaradan ən əsas problemdir. Ermənistanın
Azərbaycana qarşı
təcavüzü nəticəsində
meydana çıxan bu münaqişənin həlli üçün beynəlxalq səylər isə artırılmaqdadır.
Qeyd edək ki, bir neçə
gün öncə regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədləri bəyanatla
çıxış ediblər.
Həmsədrlərin bəyanatında
bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün sülh
naminə həlledici addımların atılmasının
vaxtı çatıb.
Təbii
ki, bu bəyanatın
səsləndirilməsində bir sra səbəblər
mövcuddur. İlk növbədə son dövrlərdə bir sıra beynəlxalq təşkilatların, o cümlədən, Avropa Parlamentinin və NATO-nun Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı səsləndirdiyi konkret fikirlər, münaqişənin
həlli ilə bağlı sərgilənən
mövqelər həmsədrlərin
işğalçı Ermənistanla
daha ciddi tonla danışılmasının
vacibliyini şərtləndirib.
Digər
tərəfdən, vasitəçilər
dərk edirlər ki, Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı daha çox Ermənistanın maraqlarına
cavab verən hazırki status-kvonun saxlanılması ümumilikdə
bütün regionda sabitliyi təhdid edir və Ermənistanın
işğalı davam
etdirməsi regionda vəziyyəti daha da gərginləşdirə
bilər. Çünki
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi
ilə bağlı isterik, eyni zamanda,
provakasion bəyanatlar
verməklə rəsmi
Yerevan indiyə qədər prosesdə nümayiş etdirdiyi qeyri-konstruktiv mövqedən
əl çəkmədiyini
büruzə verir.
Bu isə təbii ki, işğala məruz qalmış ölkə olaraq Azərbaycanın səbrini tükəndirməklə
yanaşı, rəsmi
Bakını münaqişənin
həlli ilə bağlı digər alternativ yollara əl atmaq məcburiyyətində
qoya bilər. Digər tərəfdən,
istər iqtisadi, istərsə də hərbi cəhətdən
Ermənistandan qat-qat üstün olan Azərbaycan ərazi bütövlüyünün bərpası
ilə bağlı hüquqi müstəvidə
də tam əsaslara malikdir. Beynəlxalq təşkilatların
münaqişə ilə
bağlı qəbul etdiyi qətnamələr,
eyni zamanda, Helsinki Yekun Aktı ölkəmizin ərazi bütövlüyünün
təminatı məsələsində
tam hüquqi əsas yaradır.
ATƏT Minsk qrupunun
həmsədrlərinin səfərinə
münasibət bildirən
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,
millət vəkili, politoloq Aydın Mirzəzadə qeyd edib ki, keçən
zaman ərzində ATƏT-in Minsk Qrupunun həmsədrləri
tərəfindən müxtəlif
bəyanatlar verilsə də,
bu günədək sözügedən təsisatın
fəaliyyətinin fonunda
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli məsələsində
ciddi irəliləyiş
qeydə alınmayıb:
"İldə iki dəfə Azərbaycana və Ermənistana səfər edən həmsədrlər "missiyanın
ortasındayıq" deyirlərsə,
o zaman buradan
belə bir məntiqi nəticə çıxarmaq olur ki, ATƏT-in Minsk Qrupu özünün
fəaliyyət mexanizminin
səmərəsizliyini etiraf
edir. Bu isə qanunauyğun nəticədir. Çünki
Dağlıq Qarabağ
münaqişəsinin həlli
prosesində vasitəçilik
missiyasını öz
üzərinə götürmüş
ATƏT-in Minsk Qrupu bu günədək
işğalçı Ermənistana
ciddi təzyiq göstərməyib. Hansı
ki, münaqişənin
həllinə mane olan başlıca səbəb Ermənistanın
tutduğu qeyri-konstruktiv
mövqedir. Buna görə də ATƏT-in Minsk qrupu ilk növbədə
münaqişənin həlli
prosesində irəliləyişə
nail olmaq üçün İrəvana
ciddi təzyiq göstərməli və
öz funksiyasına müvafiq surətdə fəaliyyət mexanizminin səmərəlilik səviyyəsini
artırmalıdır"-deyə,
millət vəkili vurğulayıb. "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
üzvləridir və
dünya siyasətinin
əsas geostrateji konturlarını müəyyənləşdirən
dövlətlərdir" deyən
A.Mirzəzadə bildirib
ki, kifayət qədər geniş imkanlara malik olan həmsədr ölkələr daha konkret təşəbbüslərlə
çıxış etməli
və münaqişənin
beynəlxalq hüquq normalarına əsasən
həll edilməsinə
nail olmalıdırlar.
Millət vəkili, politoloq Rasim Musabəyov isə deyib ki, Minsk Qrupunun münaqişənin
həllinə yönəlik
fəaliyyəti qaneedici
deyil: "Bu, bir faktdır ki, Azərbaycan yenilənmiş Madrid prinsiplərinə cavab verib-özünün konkret
mövqeyini ortaya qoyub, Ermənistan isə hələ bu məsələ ətrafında manipulyasiya
etməkdə və konkret mövqeyini bildirməməkdədir. Belə
olan təqdirdə ATƏT-in Minsk Qrupu Ermənistana çox ciddi təzyiqlər etməli və İrəvandan yenilənmiş Madrid prinsiplərinə konkret cavab tələb etməlidir. Amma biz bunu müşahidə
etmirik. Digər tərəfdən, ATƏT-in
faktaraşdırıcı missiyası öz hesabatını təqdim etməli olduğu halda, hələ də bunu etməyib.
Eyni zamanda, sözügedən hesabatda
real faktlar əks olunmalı və ədalətli detallar yer almalıdır"-deyə, millət vəkili qeyd edib.
Xatırladaq ki, bir müddət öncə Beynəlxalq Böhran Qrupu da son hesabatında
Dağlıq Qarabağda
müharibənin başlama
təhlükəsinin yarandığı
barədə xəbərdarlıq
etmişdi. Hesabatda bildirilir ki, ötən il ərzində Azərbaycanla
Ermənistan arasında
münasibətlər daha
da pisləşib. Bu isə iki
Cənubi Qafqaz respublikası arasında yeni bir hərbi
münaqişənin başlamasına
yol aça və nəticədə, bu dəfə daha çox insan tələfatı və dağıntı baş verə bilər. Sənəddə
deyilir ki, hətta tərəflərdən
biri cəbhə boyu genişmiqyaslı hücuma keçməsə
belə iki ölkənin qoşunları
arasında təmas xəttində arabir başverən kiçik atışmalar nəzarətdən
çıxa bilər.
Beynəlxalq Böhran
Qrupu açıqlamasında
Birləşmiş Ştatlar,
Avropa İttifaqı, Rusiya və Türkiyəni hadisələrin
belə bir istiqamətdə inkişafını
qarşısını almaq
üçün addımlar atmağa çağırıb. Hesabatda
bildirildiyi kimi, regionda hərbi əməliyyatların başlayacağı
təqdirdə baş
verə biləcəklər
isə hər kəsə bəllidir. Daha dəqiq desək, istər iqtisadi, istərsə də hərbi üstünlüyə
malik, işğal altında olan ərazilərini azad etmək iqtidarında olan orduya sahib
Azərbaycanın dövlət
büdcəsini ianələr
hesabına doldurmağa
çalışan, aclığın
və səfalətin
etalonuna çevrilməkdə
olan, bununla belə təcavüzkar siyasətindən əl çəkməyən Ermənistan
üzərində qələbə
əldə etməsi elə də çətin olmayacaq.
Yeri gəlmişkən, deyək
ki, Goranboy rayonuna səfəri çərçivəsində bu rayonda məskunlaşmış
Xocalı qaçqınları
ilə görüşən
Prezident İlham Əliyev də erməni işğalçı
qüvvələrinin torpaqlarımızı
zəbt etdiyini və bu işğala
son qoymaq istəmədiklərini deyib.
Ölkə başçısı, bildirib
ki, danışıqlar
gedir, amma hələ ki, nəticəsi yoxdur. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan tərəfi məsələnin
sülh yolu ilə həllinə çalışır. Bununla
bərabər, bütün
başqa variantlar da istisna edilmir:
"Azərbaycan güclənib, son illər ərzində həm iqtisadi inkişaf, həm də hərbi potensial baxımından çox böyük və şərəfli yol keçmişdir. İndi bizim güclü ordumuz var, o, istənilən
anda hərbi yolla doğma torpaqlarımızı işğalçılardan
azad edə bilər. Bu amil danışıqlar prosesində də öz müsbət rolunu oynayır. Ancaq Ermənistanın qeyri-konstruktiv siyasəti, qeyri-konstruktiv mövqeyi və müxtəlif yollarla danışıqları
uzatmaq taktikası hələlik imkan vermir ki, məsələ
öz həllini tapsın. Lakin Azərbaycanın ərazi
bütövlüyünün bərpası mütləq
baş verəcək".
Bir sözlə, bu gün münaqişə
ətrafında yaranmış
vəziyyət tam bəllidir. Ya sülh, ya da
müharibə. Hər
iki halda üstünlük Azərbaycanın
tərəfindədir.
Səs.- 2011.- 17 fevral.- S. 4.