Xocalı soyqırımı Azərbaycan
tarixinin ən qanlı səhifəsidir
"Səs" qəzeti növbəti dəfə
Xocalı faciəsinin 19-cu ildönümü ilə
bağlı dəyirmi masa keçirib
"Səs" qəzeti
ölkəmizin həyatında mühüm əhəmiyyət
kəsb edən, günün aktual və prioritet
mövzuları ətrafında silsilə xarakterli dəyirmi
masalar təşkil edir. Məhz budəfəki dəyirmi
masanın mövzusu Azərbaycan xalqının ən
böyük faciələrindən biri olan Xocalı
soyqırımının 19-cu ildönümünə həsr
olunub. Dəyirmi masada Yeni Azərbaycan Partiyasının Nəsimi
rayon təşkilatının sədri, millət vəkili Məlahət
İbrahimqızı, "Səs" qəzetinin baş
redaktoru Bəhruz Quliyev, Milli Məclisin üzvü Elman Məmmədov,
ADPU-nin professoru, tarix elmləri doktoru Əli Məmmədov,
Xocalı rayon icra hakimiyyətinin nümayəndəsi Xəlil
Vəliyev, Xocalı şəhərinin keçmiş polis rəisi
Sabir Məmmədov iştirak edirdi.
Dəyirmi masada giriş sözü ilə
çıxış edən Bəhruz Quliyev Prezident
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin Sərəncamı
ilə "Xocalı soyqırımının 19-cu
ildönümünün keçirilməsinə dair tədbirlər
planı"nın təsdiq edildiyini bildirdi. Qeyd etdi ki, bu tədbirlər
planına əsasən soyqırım qurbanlarının xatirəsinə
ucaldılmış abidələrin önünə əklil
qoyulması, Xocalı sakinlərinin dünya dövlətlərinə,
xalqlarına və beynəlxalq təşkilatlara müraciətinin
yayılması, Azərbaycan Respublikasının xarici ölkələrdəki
səfirliklərində, nümayəndəliklərində və
diaspor təşkilatlarında bu dəhşətli hadisə
ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin
və s. keçirilməsi, xarici KİV və teleradio
kanallarında materialların hazırlanması və
yayılması nəzərdə tutulub. B.Quliyev Xocalı
soyqırımının ildönümü ilə
bağlı internet məkanında da, müəyyən tarixi
faktların yayılmasının zəruriliyini bildirdi.
"Ermənistanda hakimiyyətdə olan əli qana
batmış cəlladlar və bu misilsiz cinayətdə
günahı olan şəxslər hələ də, qanun
qarşısında cavab verməyiblər"
Baş redaktor 1992-ci il
fevralın 25-dən 26-sına keçən gecə ermənilər
tərəfindən Xocalıda insanlığa və bəşəriyyətə
qarşı soyqırımı həyata keçirildiyini
vurğuladı. "Erməni hərbi birləşmələri
Xankəndində dislokasiya olunmuş SSRİ-nin 366-cı
motoatıcı alayının ağır hərbi
texnikasının dəstəyilə Xocalıya hücuma
keçdilər. Beləliklə, erməni hərbi birləşmələri
366-cı alayın köməyilə dinc əhaliyə
qarşı xüsusi qəddarlıqla divan tutdular. Məhz bu
qəddarlığın nəticəsi olaraq 613 nəfər
azərbaycanlı vəhşicəsinə qətlə
yetirildi. 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl
olmaqla Xocalıda 8 ailənin bütün üzvləri erməni
qaniçənləri tərəfindən qətlə
yetirildi. Xocalı faciəsində amansızcasına qətlə
yetirilən soydaşlarımızdan başqa 487 nəfər
müxtəlif dərəcəli bədən xəsarəti
aldı ki, onların yenə 76-sı uşaq idi. Xocalıya
hücum zamanı ermənilər 1275 nəfər
soydaşımızı əsir götürdülər. Eyni
zamanda, Xocalıda soyqırımının nəticəsi
olaraq 150 nəfərin aqibətindən bu gün də bir məlumat
yoxdur" deyən B.Quliyev XX əsrin genosidlər və
soyqırımlar siyahısına Xocalı
soyqırımının da dixil olduğunu dilə gətirdi.
Baş redaktor bu gün Ermənistanda hakimiyyətdə olan əli
qana batmış cəlladların və bu misilsiz cinayətdə
günahı olan şəxslərin hələ də, qanun
qarşısında cavab vermədiklərini, onların gec-tez
tarixin acı sınağı ilə üzləşəcəyini
bildirdi. B.Quliyev o dövrün qanlı olayları və
Xocalı soyqırımı ilə bağlı dəyirmi masa
iştirakçıları arasında müzakirələrin
aparılmasının vacibliyini vurğuladı.
"Səs" qəzetinin əməkdaşı:
- Elman müəllim, istərdik ki, Xocalı
soyqırımının canlı şahidi o dövrün
hadisələrini və baş vermiş tarixi cinayətin izlərini
bizlərə çatdırasınız.
"Xocalı soyqırımı tarixdə
özünün qəddarlığı və amansızlığı
ilə seçilir"
Elman Məmmədov:
- Qeyd edim ki, "Səs" qəzetinin redaksiyasında hələ 1992-ci ildə hələ Riyaziyyat İnstitutunda kiçik bir otaqda fəaliyyət göstərərkən də olmuşam. Yəni, onu demək istəyirəm ki, bu qəzet həmişə özünün dövlətçilik mövqeyi ilə seçilib. Onu da bildirim ki, "Səs" qəzeti kampaniya xarakterli tədbirlər aparmır. Mütəmadi olaraq, bütün il ərzində qəzet tərəfindən silsilə şəklində zəruri mövzular ətrafında tədbirlər keçirilir. Bütün bunlara görə, mətbu orqanın kollektivinə və rəhbərliyinə minnətdarlıqlarımı çatdırır, onlara bu şərəfli yolda uğurlar diləyirəm. Xocalı soyqırımı ilə keçirilən bu dəyirmi masada xalqımızın qan yaddaşını təzələmək baxımından çox önəmlidir. Çünki 19 il öncə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş Xocalı soyqırımı tarixdə özünün qəddarlığı və amansızılığı ilə seçilib. Bu soyqırımın törədilməsində o dövrdə iştirak edən qüvvələr - Ermənistan silahlı qüvvələri, Dağlıq Qarabağda mövcud olan silahlı quldar dəstələri, xaricdən təlim keçirilərək gətirilmiş muzdlular və bundan əlavə, Xankəndində sovet hökumətinə məxsus olan 366-cı motoatıcı alay iştirak edirdi. Onu da əlavə edim ki, Xocalıya edilən hücumda 366-cı alayın xüsusi rolu olmuşdur. Bunu rus jurnalisti Viktoriya İrinova öz xatirələrində də yazıb: "Bu hücum zamanı mən arxada gəlirdim. Öndə isə 366-cı alayın xüsusi dəstələri, bütün hərbi texnikası gedirdi. Yəni, bu hərbi texnika 40-dan çox tankdan, 60-a qədər başqa hərbi vasitələrdən, bir neçə reaktiv qrad tipli qurğulardan və müxtəlif çaplı toplardan söhbət gedirdi. Eyni zamanda, bu hərbi texnikanın ardınca 366-cı alayın canlı qüvvəsi, üçüncü sırada isə ermənilər gedirdi. Məhz sonralar aparılan istintaq da təsdiq etdi ki, Xocalıya hücumun əməliyyat planı Zaqafqaziya hərbi dairəsində, yəni 4-cü ordunun qərargahında hazırlanıb verilib. Bu qədər düşmən qüvvələrinə qarşı isə Xocalıda cəmi 200 nəfərə yaxın müdafiəçisi vardı. Çünki həmin vaxt Xocalıda bir nəfər də olsun hərbçi yox idi".
Amma bunlara baxmayaraq, ermənilər və ermənipəsərəst qüvvələr iddia edirdilər ki, guya həmin vaxt Xocalıda hərbçilər, xususi təyinatlı polis qüvvələri olub. Bütün bunlar ağ yalandır. Çünki o vaxt Xocalıda sadaladığım sayda mülki şəxslər tərəfindən təşkil olunmuş müdafiəçilər vardı. O vaxt bütünlüklə Xocalı şəhərinin müdafiəsinə mən rəhbərlik edirdim. Mən özüm isə mülki şəxsəm, hərbçi deyiləm. Bundan əlavə Xocalı sakini olmayan 16 nəfər döyüşçü iştirak edirdi. Milli qəhrəman Adil Quliyevin rəhbərliyi altında döyüşən bu döyüşçülər isə son damla qanlarına qədər düşmənə qarşı vuruşaraq, şəhid oldular. Bütün bunları ona görə sadalayıram ki, təpədən-dırnağa qədər silahlanmış 3-4 min nəfərlik azğınlaşmış orduya qarşı cəmi 200 nəfərə qədər Xocalı müdafiəçisi dayanmışdı. Xocalı müdafiəçilərinin ən güclü silahı isə iki pulemyot, iki qumbaraatan, iki ədəd isə əl pulemyotu idi. Digər silahlar avtomatlar və ov tüfəngləri və tapançalar idi. Yəni bu cür vasitələrlə müasir silahlarla silahlanmış düşmənə cavab vermək və müdafiə olunmaq qeyri-mümkün idi. Təbii ki, o dövrdə respublikaya rəhbərlik edən və xalqın, torpağın müdafiəsi üçün heç bir şey etməyən, ya da etmək əllərindən gəlməyən şəxslər Xocalının müdafiəsinə qalxmadılar. Beləliklə də, Xocalı son ana qədər müdafiə olundu, şəhərdə nə qədər şəhidlərimizin meyitləri qaldı və biz artıq qərar verdik ki, buranı tərk etmək lazımdır. Çünki Xocalı artıq başdan-başa od tutub yanırdı. Xocalıda körpələr, qadınlar, qocalar dağlarla, meşələrlə Ağdam istiqamətində hərəkətə etməyə başladı. Təbii ki, oralar aran yeri deyil, dağ yeri idi. Hər yer isə tamamilə qarla örtülmüşdü. Bu isə insanların taqətdən düşməsinə səbəb olurdu. Amma bütün bunlara baxmayaraq, bizlər səhər hava işıqlaşana qədər yol gəldik. Bu isə 16 kilometrlik bir məsafə idi. 16 kilometrlik məsafəni qarın içi ilə dağlarda nabələd olaraq yol gəlmək çox çətindir. Bu yolu təkcə kişilər gəlsə, bu, təbii ki, bir o qədər də faciəvi olmazdı. Ancaq ailə, uşaq və qocaları gətirmək həddindən artıq çətin idi. Bütün bunlardan sonra isə bu qədər meşəlikdən, dağlıq ərazidən səhər hava işıqlaşanda düzənliyə çıxdıq. Biz bundan sonra Ağdam istiqamətində ermənilərin səngərini yarıb keçməli idik. Ermənilər isə pusquda durub bizim onlara yaxınlaşmağımızı gözləyirdilər. Eyni zamanda, onlar bizim bütün keçid yollarımızı çarpaz atəş altında saxlayırdılar. Elə xocalalırın böyük faciə ilə qarğını da orada törədildi. Demək olar ki, heç kimə aman verilmədi. Yəni, Xocalıda şəhid olanların böyük əksəriyyəti körpə uşaqlar, qocalar və qadınlardır. Bu rəqəmlər statistikada öz əksini tapır. Bundan əlavə, Xocalıda bu hadisəni törətmiş Zori Balayan, Robert Köçəryan, Serj Sarksiyan da etiraf elədilər ki, bəli, xocalılar elə bilirdi ki, biz dinc əhaliyə qarşı amansız ola bilmərik. "Ancaq biz o sterotipləri qırdıq. Sübut etdik ki, biz amansız olmağa qadirik və heç kimə aman vermədən xocalıların hamısını qətlə yetirdik" deyən erməni cəlladları bir daha Xocalı soyqırımında törətmiş olduqları vəhşilikləri açıq şəkildə etiraf etmiş oldular.
"Səs" qəzetinin əməkdaşı:
- Məlahət xanım, parlament
19 il ərzində Xocalı soyqırımının beynəlxalq
ictimaiyyətə və dünya dövlətlərinin
parlamentlərində tanıdılması istiqamətində nə
kimi işlər görüb?
"Ulu Öndərimiz Heydər Əliyev
tərəfindən Xocalı soyqırımına hüquqi
siyasi qiymət verilib"
Məlahət
İbrahimqızı:
- "Səs" qəzetinin artıq ənənə halını almış çox vacib məsələlər ətrafında, eyni zamanda, Xocalı soyqırım ilə bağlı keçirdiyi bu dəyirmi masanı çox yüksək səviyyədə qiymətləndirir və təqdir edirəm. Həqiqətən də, artıq gələn il qeyd edəcəyimiz Xocalı hadisəsi ilə bağlı beynəlxalq aləmdə hələ də bir susqunluq mövcuddur. Amma bütün bunlara baxmayaraq, cəmiyyətimiz baş vermiş bu faciəni heç vaxt unutmur. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə erməni qəddarları tərəfindən Azərbaycan xalqına qarşı Xocalı şəhərində edilən soyqırım faciəsinə, çox təəəssüf ki, o dövrün hakimiyyət nümayəndələri lazımi qiymət verməyə bacarmadılar. Məhz həmin vaxt Naxçıvan MR-in Ali Sovetinin sədri olan Ulu Öndərimiz Heydər Əliyev Xocalı soyqırımının dəhşətlərinə ilk dəfə öz etiraz səsini bildirmişdi. O dövr məhz ölkə rəhbərliyində təmsil olunan səriştəsiz insanlar ancaq öz şəxsi maraqlarına xidmət edən fəaliyyət istiqamətləri ilə məşğul idilər. Həmin vaxtlar ölkə daxilində ağır bir şəraitin olmasına baxmayaraq, hakimiyyətdə təmsil olunan qüvvələr vəziyyətə nəzarət edə bilmirdilər. Ölkəmizin erməni təcavüzünə məruz qalması, bundan əlavə, digər qonşu dövlətlərlə və xarici dövlətlərlə əlaqələrinin tamamilə kəsilməsi Azərbaycanın mövcudluğu üçün böyük təhlükə yaratmışdır. Bütün bunların davamında isə xalq öz xilas yolunu məhz Ulu Öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasında görürdü. Xalqın təkidli tələbi ilə Azərbaycana rəhbərliyə qayıdan Ulu Öndərimiz Heydər Əliyev tərəfindən Milli Məclisdə Xocalı soyqırımına siyasi qiymət verilməsi Xocalı soyqırımının insanlığa yönəlmiş bir cinayət olması ilə bağlı konkret mövqe bildirildi. Ulu Öndərimiz Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan İlham Əliyev də Xocalı soyqırımı ilə bağlı dünyanın bütün beynəlxadq təşkilatlarında, eləcə də, ayrı-ayrı ölkələrdə bu faciəyə siyasi və hüquqi qiymət verildi. Məhz Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq ictimaiyyətə çatdırılması, fondun Moskva nümayəndəliyinin rəhbəri Leyli Əliyeva tərəfindən "Xocalıya ədalət" kampaniyasının həyata keçirilməsi milli faciəmizin tanıdılması istiqamətində ən mühüm addımlardan hesab olunur. Bundan əlavə, dünyanın bir neçə ölkəsində də bu gün də "Xocalıya ədalət" kampaniyası ilə bağlı işlər aparılır. Bütün bunların nəticəsində İKT Parlament Assambleyasında Xocalı faciəsi barədə insanlığa qarşı cinayət kimi bir sənəd qəbul edildi. Təbii ki, İTK Parlament Assambleyası dünyanın beynəlxalq təşkilatları, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlarla eyni statusa malik bir təşkilatdır.
"Səs" qəzetinin əməkdaşı:
- Əli müəllim,
bu bir faktdır ki, ölkələrin, xalqların fəlakətinə,
torpaqlarının işğala məruz qalmasında bəzən
xarici amilərlə yanaşı, daxildə ölkə rəhbərliyinin
zəifliyi, xalqdan ayrı düşmələri də müəyyən
mənada rol oynayır.
Bilmək istərdik ki, o dövrdə Xocalı hadisəsinə
qədər ölkədəki ictimai-siyasi vəziyyət necə
idi?
“Ermənilər azərbaycanlılara
qarşı böyük miqyaslı cinayət işlərinə
çoxdan hazırlaşırdılar"
Əli Məmmədov:
- Ümumiyyətlə, Ön Qafqaza bu erməni etnosu dırnaqarası gəlmə və dönmədir. Ermənilər 1920-ci ilin əvvəllərindən başlayaraq, Dağlıq Qarabağı siyasi terminə çevirdilər. Ona qədər Dağlıq Qarabağ və aran Qarabağ məhfumu mövcud idi. Burada heç bir ayrılıqdan söhbət gedə bilməzdi. Amma çox təəssüf ki, Azərbaycanın o dövrkü rəhbərliyi asanlıqla yola gətirildilər. Baxmayaraq ki, İrəvan qalasında, Göyçə mahalında, Zəngəzurda, Dərələyəzda 80-95 faiz Azərbaycan türkləri məskunlaşmışdılar. Bura bizim spesifik tarixi dədə-baba torpaqlarımız idi. Bu torpaqlarda azərbaycanlılara muxtariyyət verilməyib. Bir ovuc gəlmə və dönmə erməniyə isə Dağlıq Qarabağda muxtariyyət statusu verildi. Onu da qeyd edim ki, ermənilər azərbaycanlılara qarşı böyük miqyaslı cinayət işlərinə çoxdan hazırlaşırdılar. Onlar ikinci Tiqranın dövründən "böyük Ermənistan" xülyasını bəşəriyyətə sırımağa çalışırdı. Amma bu tarixi bilən, araşdıran, düzgün dərk edən azərbaycanlılara da aydındır ki, ermənin heç vaxt Cənubi Qafqazda dövlətçiliyi olmayıb. Bir faktı da qeyd edim ki, bütün fatehlər və sərkərdələr həmişə Azərbaycanın dilbər guşələrinə göz dikiblər. Yeraltı və yerüstü sərvətlərimizin zənginliyi həmişə ölkəmizin yadelli işğallara məruz qalmasına səbəb olub. Azərbaycan xalqının başına gətirilən bütün tarixi faciələrin kökündə də məhz bu amilin dayanması şübhəsizdir. Çünki bədnam qonşularımız olan ermənilər həmişə Azərbaycanın dilbər guşələrini ələ keçirmək, özününküləşdirmək üçün xalqımıza qarşı çox amansız olublar. Məhz XX əsrin əvvəllərindən başlayaraq, azərbaycanlılara qarşı faciələr, soyqırımlar etmiş erməni qəsbkarları XX əsrin sonunda da öz bədnam niyyətlərindən əl çəkməyiblər. 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə də Azərbaycanın dilbər guşələrindən biri olan Xocalı şəhərində soydaşlarımıza qarşı edilən misli görünməmiş cinayətkarlıqlar erməni xislətinin iç üzünü bir daha dünya ictimaiyyətinə açıb göstərmiş oldu.
(Ardı var)
Tapdıq Qurbanlı,
Rəfiqə Kamalqızı
Səs.- 2011.- 17 fevral.- S. 8-9.