Davamlı inkişaf strategiyası
Bu strategiya yoxsulluğun tamamilə aradan
qaldırılması və insanların sosial rifahının
yaxşılaşdırılmasına yönəldilib
Ölkəmizdə
davamlı sosial-iqtisadi inkişafın təmin edilməsi Azərbaycan
hökumətinin qarşıya qoyduğu və çox böyük
müvəffəqiyyətlə həyata keçirdiyi
mühüm prioritetlərdən biridir. Bəlli olduğu kimi,
bu ölkə iqtisadiyyatının hərtərəfli,
şaxələndirilmiş şəkildə
inkişafını nəzərdə tutur. Burada neft sektorundan
əldə edilən gəlirlər hesabına qeyri-neft
sektoruna böyük sərmayələrin
yatırılması, beləliklə də, ölkə
iqtisadiyyatının müxtəlif sahələrinin
davamlı şəkildə inkişaf etdirilməsi
başlıca hədəf kimi götürülür.
Bu baxımdan, bilavasitə,
Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi
ilə regionların davamlı sosial-iqtisadi
inkişafının təmin edilməsi ilə bağlı
hazırlanan və müvəffəqiyyətlə həyata
keçirilən dövlət proqramları olduqca təqdirəlayiqdir.
Qeyd edək ki, yüksək dəqiqliklə işlənib
hazırlanan, məntiqi ardıcıllıqla biri digərini
tamamlayan bu proqramlar əhalinin yüksək iqtisadi fəallığını
stimullaşdırır, bölgələrdə
yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə
yaxşılaşmasına, Azərbaycanın
regionlarının hərtərəfli tərəqqisinə
yol açır.
Regionların davamlı inkişafı
Prinsip etibarı ilə,
ölkə regionlarının davamlı, sürətli
inkişafının reallaşması təkcə iqtisadi
deyil, həm də mənəvi məsələdir. Daha dəqiq
desək, burada insan amili öz həlledici təsirini göstərir,
insanların sosial-iqtisadi fəallığı və təşəbbüskarlığı
mühüm rol oynayır. Onu da vurğulamaq lazımdır ki,
müəyyən məqamlar regionların sosial-iqtisadi
inkişafı ilə bağlı qəbul edilən hər iki
Dövlət Proqramında ciddi nəzərə alınıb.
Belə ki, burada bölgələrdə işgüzar
sahibkarlıq təşəbbüslərinin yüksək səviyyədə
dəstəklənməsi, regionlarda ən yeni texnologiyalara
söykənən aqrar-sənaye komplekslərinin
yaradılması, yüngül sənayenin, qida sənayesinin
inkişaf etdirilməsi, yoxsulluğun, işsizliyin tam aradan
qaldırılması, əhalinin yüksək məşğulluğunun
təmin edilməsi nəzərdə tutulub. Bu baxımdan, Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramının (2004-2008-ci illər)"
icrasında hər bir bölgənin özünəməxsusluğuna,
regionların sosial-iqtisadi inkişaf potensialını şərtləndirən
mühüm meyar kimi insan amilinə xüsusi diqqət
yetirilib. Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın gerçəkləşməsində
də, insan amili xüsusi olaraq, önə çəkilir. Burada
insanların iqtisadi təşəbbüslərinin - insan
kapitalı amilinin adekvat şəkildə qiymətləndirilməsinə
böyük diqqət yetirilir. Belə ki, regionların
sosial-iqtisadi inkişafını şərtləndirən
mühüm meyarlardan biri insan kapitalının əhəmiyyətinin
lazımi şəkildə dəyərləndirilməsidir.
Daha bir maraqlı məqam-
qeyri-neft sektoruna qoyulan investisiyalar neft sektorundakından
çoxdur. 15,5 milyard dollardan 9,3 milyard dolları qeyri-neft
sektoruna qoyulan sərmayədir. Bu, onu göstərir ki, ölkə
iqtisadiyyatının neft sektorundan
asılılığını azaltmaq üçün əməli-praktik
tədbirlər görülür.
Uğurlu dövlət proqramları
Regionların
sosial-iqtisadi inkişafı ilə bağlı qəbul
edilmiş və həyata keçirilən ikinci Dövlət
Proqramı ölkədə qeyri-neft sektorunun
inkişafının sürətləndirilməsinə,
iqtisadiyyatın diversifikasiyasına, tarazlı regional və
davamlı sosial-iqtisadi inkişafa, əhalinin həyat səviyyəsinin
daha da yaxşılaşdırılmasına nail olmaq məqsədi
daşıyır. Bu proqram
ölkə regionlarının inkişafı sahəsində əldə
olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsini,
başlanmış mütərəqqi inkişaf tədbirlərinin
2009-2013-cü illərdə də davam etdirilməsini nəzərdə
tutur. Yeni Dövlət Proqramı mühüm prioritet kimi,
Bakı şəhəri və onun ətraf qəsəbələrinin
sosial-iqtisadi inkişafına yönəldilmiş tədbirləri
özündə əks etdirir.
Təqdirəlayiq
haldır ki, iqtisadi inkişafın ikinci mərhələsində
Azərbaycan Respublikasında qeyd edilən modelin gerçəkləşməsinin
rəsmi bazası kimi bir çox irimiqyaslı siyasət sənədləri
(konsepsiya, strategiya və proqramlar) qəbul olunmuş (''Azərbaycanda
Kiçik və Orta Sahibkarlığa Dövlət
Yardımı Proqramı (1997-2000-ci illər)'', "Azərbaycan
Respublikasında kiçik və orta sahibkarlığın
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",
"Azərbaycan Respublikasında maşınqayırma sənayesinin
inkişafının Dövlət Proqramı (2002-2005-ci illər)",
"Azərbaycan Respublikasında aqrar bölmənin inkişafının
Dövlət Proqramı (2002-2006-cı illər)", "Azərbaycan
Respublikasının demoqrafik inkişaf konsepsiyası",
"Azərbaycan Respublikasında 2002-2005-ci illərdə
turizmin inkişafına dair Dövlət Proqramı",
"Azərbaycan Respublikasında yoxsulluğun
azaldılması və iqtisadi inkişaf üzrə Dövlət
Proqramı (2003-2005-ci illər)", "Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı (2004-2008-ci illər)") və digərləri
uğurla həyata keçirilmişdir.
Yoxsulluğun azaldılması dövlətin prioritetidir
Azərbaycanda
yoxsulluğun azaldılması, sosial-iqtisadi rifahın yüksəldilməsi,
regional və sahəvi inkişafın təmin edilməsi
istiqamətində həyata keçirilmiş və
keçirilən iqtisadi islahatların, tədbirlərin
davamlı nəticəsi olaraq ölkədə əhalinin həyat
səviyyəsi ildən-ilə yüksəlir, iqtisadiyyatın
regional səviyyədə və sahələr üzrə
inkişafı reallaşır.
Onu da vurğulamaq
lazımdır ki, mühüm iqtisadi göstəricilərinə
görə, dünyanın inkişaf etmiş dövlətləri
ilə müqayisə edilən Azərbaycanda cəmiyyətin
inkişafının mühüm aspektlərindən biri də yoxsulluğun
azaldılması, tarazlı inkişafın təmin edilməsidir.
Eyni zamanda, hal-hazırda "Azərbaycan Respublikasının
məşğulluq strategiyası" (2006-2015-ci illər),
"Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan
Respublikasında yoxsulluğun azaldılması və
davamlı inkişaf Dövlət Proqramı",
"2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı" və digər vacib sənədlər
uğurla icra olunur. Müvafiq dövlət proqramları və
konsepsiyalar bir-biri ilə sıx bağlıdır. Başqa
sözlə, davamlı tərəqqinin, inkişafın
bütün parametrlərinin və prioritetlərinin harmonik
şəkildə əlaqələndirilməsini tələb
edir.
Bütün bunlar onu
göstərir ki, ölkəmizin iqtisadi inkişafı
artıq yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni
mərhələnin əsas hədəfi, milli iqtisadiyyatın
rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə
və dünya təsərrüfat sisteminə səmərəli
inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə
ölkədə dinamik sosial-iqtisadi inkişafın
davamlılığını təmin etməkdən ibarətdir. Bu sıraya ölkənin malik
olduğu iqtisadi potensialın gücləndirilməsi və bu
potensialın kompleks şəkildə səmərəli
reallaşdırılması, qeyri-neft sektorunun inkişaf
etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və
səmərəli istifadə olunması, regionların
inkişafının tarazlaşdırılması, çoxlu
sayda yeni iş yerlərinin açılmasına şərait
yaradılması, sahibkarlığın inkişaf etdirilməsi,
sosial xidmətlərin həcminin, keyfiyyətinin və
ünvanlılığının əhəmiyyətli dərəcədə
artırılması, yoxsulluğun azaldılmasını və
s. bu kimi vəzifələri aid etmək mümkündür.
Göründüyü
kimi, Azərbaycanın son illər yürütdüyü
müstəqil iqtisadi siyasəti onu dünyada və regionda
yüksək nüfuz sahibinə çevirmişdir. Artıq
özünün enerji təhlükəsizliyini tam təmin
etmiş Azərbaycan Respublikası hazırda bir sıra
dünya ölkələrinə də bu sahədə
mühüm töhfələr verir. Ötən illər həyata
keçirdiyi məqsədyönlü islahatlar nəticəsində
"İnkişafın Azərbaycan modeli"nə nail
olmuş ölkəmiz yüksək tərəqqi yolu ilə
inamla irəliləyir, sosial-iqtisadi inkişaf sahəsində
yeni-yeni uğurlara imza atır.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 23 fevral.- S. 8.