Nəsillərə örnək
ola biləcək ömür
Görkəmli idman ustası, Azərbaycanın əməkdar
məşqçisi və hakim Aydın İbrahim oğlu
Mustafayevin əziz xatirəsinə
Tarix və yaddaş - bu iki məfhum arasında üzvi bağlılığın olması şübhəsizdir. Tarixdə olmuş hadisələri təhrif etmədən uzun illərdən sonra nəsillərə çatdırmaq üçün yaddaş daima oyaq olmalıdır. Yaddaş isə yalnız o zaman görünür, bütövlüyünü saxlayır, bir neçə onilliklərdə yaşamış, dostluq etmiş və qardaşlaşmış insanlar arasında əlaqələrin itirilməməsi üçün istifadə olunur. Yaşlı nəslin nümayəndəsi kimi Aydın müəllim haqqında bir neçə xoş söz demək fikri ilə uzun illərdir ki, yaşayıram. O dövrdə şagirdlər arasında idmana olan həvəsi artırmaq məqsədi ilə Şərur rayonu təhsil şöbəsinin qərarı ilə orta məktəb tələbələrinin idman üzrə yarışları keçirilirdi.
Orta məktəb
şagirdləri arasında mənim qardaşım Məşdi,
Tumaslı kənd orta məktəbinin şagirdi və Cəlilkənd
orta məktəbinin şagirdi Aydın keçirilən idman
yarışlarında qalib çıxan birincilər
sırasında idilər. O vaxt hər iki idmançı
şagird öz məktəblərinə şan-şöhrət
gətirdilər. İllər ötdü, hər iki şagird
məktəbi bitirəndən sonra 1958-ci ildə Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil
oldular. Hər iki dost və qardaş bir yataqxanada yaşamaqla
1962-ci ildə institutu bitirdilər. Məşdi müəllim
həyatını Sumqayıta, Aydın müəllim isə həyatını
Bakıya bağladı. Ali məktəb tələbəsi
kimi yay tətili dövrü Məşdi müəllimlə
birlikdə Şahtaxtı kəndinə qonaq gəlir, bir
neçə gün qaldıqdan sonra, Sərxanlı kəndində
Aydının ailəsinə qonaq olur. Mustafayevlər ailəsinin
ağsaqqalı sayılan Aydının böyük
qardaşı tikinti mühəndisi Nəriman Mustafayev ilə
mən uzun illər idi ki, tanış idim.
Qardaşlarımızın institutda bir oxumaları, dostluq etmələri
bizim münasibətləri daha möhkəmləndirdi. Məhz
Nəriman Mustafayevin icazəsi ilə tələbə
qardaşı Aydın, mən öz qardaşım Məşdi
ilə iki həftəliyə yay istirahət tətili
dövrü Batabat yaylağına dincəlməyə, dağ
havası almağa getmişdim. Beləliklə, həyat öz
axarında gedir, institutu bitirdikdən sonra Aydın müəllim
Bakı şəhəri Xətai rayonunun 62 saylı orta məktəbində
ilk müəllimlik fəaliyyətinə başlayır. Ali
idman təhsili ilə kifayətlənməyən Aydın
müəllim N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun filologiya fakültəsini bitirib. İdmana olan həvəs
onu Azərbaycan Dövlət Bədən Tərbiyəsi
İnstitutuna gətirir və müəllim kimi işə qəbul
olunur. Sonralar bədən tərbiyəsi kafedrasına baş
müəllim, bir müddətdən sonra isə kafedra
müdiri vəzifəsinə təyin edilir. Böyük,
şərəfli yol keçmiş Aydın müəllim Azərbaycan
Bədən Tərbiyəsi İnstitutunda 100-lərlə
idmançı yetişdirmişdir. Yetirmələri
sırasında respublika birinciləri, Avropa və dünya
üzrə keçirilən yarışlarda qalib
çıxan onlarla tələbə Aydın müəllimin
başını ucaltmışdı. Aydın müəllim
üzərində məsuliyyət hiss edərək, Azərbaycan
Respublikası üzrə əməkdar məşqçi və
hakim kimi 350 səhifədən yuxarı 3 tədris vəsaiti
və 8 elmi məqalə yazmış və 4 əsərə
isə elmi rəhbərlik etmişdi. Bu xidmətlərinə
görə, o, bir neçə dəfə orden və medallarla
təltif olunub. Mustafayevlər ailəsinə şöhrət
gətirən Aydın müəllim böyük ziyalı
şəxsiyyət kimi Azərbaycan Respublikasında
tanınmağa başlamışdır. Azərbaycan tarixinə
böyük şəxsiyyətlər
bəxş etmiş qədim Şahtaxtı kəndi qoynunda
dünyaya göz açan 50 nəfərdən çox alim,
professor, akademik, filosof və elmlər namizədləri, 5 nəfər
sosialist əməyi qəhrəmanı, diplomatlar, 2 general, 15
polkovnik, xalq yazıçısı, maarif- mədəniyyət
xadimləri yetirmişdir. Aydın müəllim
Şahtaxtı kəndinin keçmişi və tarixi şəxsiyyətlərini
gözəl tanıyırdı. Azərbaycanı heyran qoyan məşhur
Şahtaxtinskilərdən Məmmədağa Şahtaxtinski,
diplomat Behbudbəy Şahtaxtinski, şair-dramaturq Hüseyn
Cavid, akademik Əhməd Mahmudov və oftalmoloq, alim, akademik,
filosof Zərifə xanım Əliyeva və bir çox
görkəmli şəxsiyyətlər haqqında
böyük məlumata malik idi. Həyatının ən
qaynar çağında qəflətən xəstələnən
Aydın müəllim amansız xəstəlik üzündən
17 noyabr 1994-cü ildə
dünyasını dəyişdi. Onun vaxtsız
ölümü Bədən Tərbiyəsi İnstitutunun
rektorluğu, ictimai təşkilatlar, yaşadığı
rayonunun Sərxanlı kənd sakinləri, eləcə də,
onun qohum və dostları tərəfindən böyük kədər
hissi ilə qarşılandı. Mən Aydın müəllim
haqqında uzun müddət idi ki, xatirə yazmaq istəyirdim,
lakin yaza bilmirdim. Aydın müəllimi xatırlayarkən,
foto-albomlar arasında Məşdi müəllimlə Aydın
müəllimin birlikdə çəkdirdikləri foto diqqətimi
cəlb etdi. 1959-cu ildə tələbəlik dövründə
çəkilmiş bu fotoya baxarkən, onun xoş siması
gözlərim önündə canlanır. 1972-ci ildə
kiçik qardaşım, jurnalist Məmməd Zeynalovun
vaxtsız ölümü zamanı, bir neçə il sonra 1988-ci
ilin iyun ayının 1-də o zaman sovet ordusunda xidmət edən
oğlum Zeynalov Mehracın faciəli surətdə ermənilər
tərəfindən Ukrayna torpağında qətlə
yetirildiyi vaxt bizim ailəyə təsəlli olmuşdur. Sadə,
səmimi olan Aydın müəllim insanlara qarşı olduqca
həssas və mülayim keyfiyyətləri ilə
seçilirdi. Bu məqamları xatırlatmaqda məqsədim
onun istedadlı idmançı olmaqla yanaşı, əsil
dost, kişilik nümunəsi olan dəyərlərini
vurğulamaqdır.
Bu gözəl insan
haqqında qısa da olsa yazdığım xatirəmlə
özümdə ağsaqqal hissi duyuram ki, nəhayət, uzun
illər qəlbimdə
yaşatdığım hissləri kağız üzərinə
köçürə bildim.
Allah Aydın İbrahim oğlu Mustafayevə rəhmət eləsin!
Adil Zeynalov,
Naxçıvan MR Kəngərli
rayonun
Şahtaxtı kəndinin
Müharibə Veteranları
Şurasının sədri
Səs.- 2011.- 23 fevral.- S. 10.