İqtisadiyyatın dinamik inkişafı

 

İlham Əliyev: "... Əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir"

 

Bu gün Azərbaycanda iqtisadiyyatın tarazlı inkişafının yüksəlməsi əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması deməkdir. Məhz ölkə Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq, həyata keçirilən sosial-iqtisadi tədbirlər də bu vəzifələrin yerinə yetirilməsinə istiqamətlənmişdir.

Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına, sosial məsələlərin həllinə mühüm əhəmiyyət verilir. Ölkə Prezidenti İlham Əliyev bununla bağlı demişdir: "Biz, həmişə olduğu kimi, sosial məsələlərə xüsusi diqqət veririk və bu sahədə də nəzərdə tutulmuş bütün proqramlar vaxtlı-vaxtında icra olunur. Heç bir proqramda yubanma yoxdur və biz bu işləri proqram üzrə, cədvəl üzrə görürük...".

 

Qeyri-neft sektorunun inkişafı

 

Qeyri-neft sahələrinin inkişafı, neft sektorundan əldə edilən gəlirlərin səmərəli istifadəsi diqqət mərkəzində saxlanılan ən mühüm məsələlərdən biridir. Ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş ikinci "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası məqsədilə idarəetmə orqanlarının, yerli və xarici investorların diqqəti regionların inkişafına yönəldilmiş, regional problemlərin həlli ön plana çəkilmişdir. Məhz elə buna görə də hazırda yerlərdə infrastruktur təminatının yaxşılaşdırılması, sosial obyektlərin inşasının sürətləndirilməsi ilə əlaqədar nəzərdə tutulan layihələr uğurla reallaşdırılır. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, Azərbaycanda yoxsulluğun azaldılması 49 faizdən 11 faizə gəlib çatıbdır. Bununla belə, dövlət həmin təbəqədən olan insanlara daim öz qayğısını göstərir, minimum əmək haqqı və pensiyanın artırılmasında, sosial müdafiə işlərində çox mühüm addımlar atır. Qeyd edək ki, Azərbaycanda maliyyə bazarında əsas diqqət maddi resursların iş adamlarının əlində cəmləşməsinə yönəldilir. Bu isə özünü daha çox özəl bölmənin, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək üçün bir sıra mühüm tədbirlərin həyata keçirilməsində göstərir. Prezident İlham Əliyev bununla əlaqədar demişdir: "...Məqsəd ondan ibarətdir ki, bir neçə ildən sonra iqtisadi imkanlarımızın neft amilindən asılılığını tamamilə aradan qaldıraq. Belə imkanlar var və əminəm ki, qeyri-neft sektorunun inkişafı həm dövlət tərəfindən verilən dəstək hesabına, həm də özəl sektorun fəaliyyəti nəticəsində daha da genişlənəcəkdir... Biz bir neçə il ərzində sahibkarlara kreditlər veririk, bu kreditlər də yaxşı işləyir. Bu kreditlərin hesabına yeni müəssisələr - fabriklər, emal müəssisələri yaradılır, özəl biznes inkişaf edir. İqtisadiyyatımızın ümumi çəkisində özəl biznesin kifayət qədər böyük yeri var. Azərbaycan iqtisadiyyatı 80 faizdən yuxarı özəl sektorun əsasında qurulubdur".

 

İnvestisiya iqlimində yenilik perspektivləri

 

Maddi resursların investisiya layihələrinə istiqamətləndirilməsi baxımından, Azərbaycan dünyada və MDB məkanında üstün mövqeyə malikdir. Belə ki, bu, son illər dövlət büdcə xərclərinin bir neçə dəfə artması hesabına iqtisadiyyata sərmayələrin qoyulmasına diqqətin artırılmasında özünü qabarıq büruzə verir. Bunun nəticəsində ölkəmizin prioritet sosialyönümlü infrastrukturunun yaradılması və yenidən qurulması ilə bərabər, fiziki infrastruktur, mədəniyyət, idman təyinatlı layihələrin maliyyələşdirilməsi mümkün olmuşdur.

 

Sahibkarlara maliyyə dəstəyi

 

Regionların inkişafında mühüm rol oynayan sahibkarlara maliyyə dəstəyinin artırılması, onların güzəştli kreditlərə çıxış imkanlarının genişləndirilməsi istiqamətində də mühüm işlər görülür. Bu məqsədə Sahibkarlığa Kömək Milli Fondu vasitəsilə ötən il 1016 sahibkarlıq subyektinə 81 milyon manat məbləğində güzəştli kreditlər verilmişdir. Ayrılmış vəsaitin 62 milyon manatı və ya 76,1 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalını stimullaşdıran infrastruktur layihələrinə, 16 milyon manatı və ya 20,4 faizi sənaye məhsullarının istehsalı və emalı layihələrinə, 3 milyon manatı və ya 3,5 faizi turizm infrastrukturunun inkişafı layihələrinə yönəldilmişdir. Bütövlükdə, fond tərəfindən ayrılmış kreditlərin 44 milyon manatı və ya 54 faizi dövlət büdcəsində Sahibkarlığa Kömək Milli Fondu üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilmişdir. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı hazırda ölkə regionlarında 211 müəssisənin, o cümlədən, 80 sənaye, 57 kənd təsərrüfatı, 63 xidmət müəssisəsinin tikintisi davam etdirilir.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 19 fevral.- S. 2.