Azərbaycan-Ermənistan: hərbi-iqtisadi balans nəyə
işarə edir?
Qafqazın ən güclü ordusu sayılan Azərbaycan
Silahlı Qüvvələri Ali Baş Komandanı İlham Əliyevin
əmri ilə istənilən an işğal edilmiş
torpaqlarımızı azad etməyə qadirdir
Azərbaycan
torpaqlarının 20 %-ni işğal etmiş Ermənistan
sülh prosesini həddən çox uzatdığından
artıq Azərbaycan tərəfindən başqa
variantların nəzərdən keçirilməsi Yerevanda
Bakının səbrinin daşacağını və
torpaqları hərbi yolla azad edəcəyi haqda əndişələr
yaranıb. Özünü itirmiş Ermənistan rəhbərliyi
və qorxuya düşmüş erməni ictimaiyyəti
situasiyadan çıxmaq üçün yollar axtarır.
İqtisadi potensial və onun müharibədə vacib
rolu
Hər hansı bir müharibəni
apara bilmək üçün, ilk növbədə,
güclü maliyyə imkanları, güclü iqtisadi potensial
lazım gəlir. 1 milyondan artıq ac vətəndaşı
olan Ermənistanın isə, nəinki hansısa hərbi əməliyyatı
aparmağa, hətta öz əhalisini normal dolandıracaq qədər
belə maliyyə imkanı yoxdur.
2010-cu ildə Azərbaycanın
dövlət büdcəsi 15 milyard, büdcədən hərbi
sahəyə yönəltdiyi vəsaitin həcmi 2,5 mlrd.
ABŞ dollarına yaxın olub. Göründüyü kimi, hər
iki sahədə Azərbaycanın xeyirinə beş qat fərq
var.
Bundan başqa, Azərbaycanın
strateji valyuta ehtiyatları 30 milyard dollara çatıb.
Ölkədə hərəsində bir neçə milyard dollar
vəsait olan digər iri fondlar da var ki, bu fövqəladə
hallarda ümumi fonda daxil edilə bilər. Strateji planda isə
Azərbaycanın enerji və digər qlobal layihələrdən
əldə edəcəyi gəlirlər yüz milyardlarla
ölçülür.
Ermənistanda isə, onsuz da
çox zəif olan maliyyə imkanları getdikcə daha da
azalır. Beynəlxalq təşkilatların proqnozlarına
görə, Ermənistan bu il dünyada ən çox geriləməyə
məruz qalan ölkələrdən biri olacaq. Belə ki,
ÜDM-in həcminin rekord səviyyədə- azı 15%
düşdüyü artıq faktdır.
Belə imkanlarla müharibə
Ermənistan üçün əsil fəlakət olacaq.
Müharibə cəmi 1 ay davam etsə, Ermənistan
iqtisadiyyatı bunun öhdəsindən gələ bilməz və
ermənilər sadəcə acından ölərlər. Hərçənd,
Azərbaycan Silahlı Qüvvələrinin indiki qüdrəti
müharibənin 1 ay qədər uzun müddətə
uzanmamasına kifayət edir.
Canlı qüvvə faktorunun müharibədə rolu
Müharibədə ən əsas
amillərdən biri canlı qüvvədir. Hazırda Ermənistan
ordusu 60 min əsgərə və 32 min nəfər əlavə
ehtiyat qüvvəyə malikdir. İldə iki dəfə
orduya çağırış olsa da, Ermənistan mətbuatının
yazdığına görə, 2004-cü ildən bu yana ordu
çağırışçı
çatışmazlığı problemi ilə üzləşir.
Əvvəllər hər
çağırışda 16-17 min gənc hərbi xidmətə
yola salındığı halda, son illər bu göstərici
10 min nəfərə düşüb.
Çağırışçı
çatışmazlığı səbəbindən
mülki vətəndaşlar belə döyüş
mövqelərinə göndərilir. Cəbhəyanı
bölgələrin sakinlərinə silah paylanır və
onlar ayda 50 dollara 15 gün müddətinə posta
çıxırlar.
Faktdır ki, Yerevan
Qarabağa canlı qüvvə göndərməkdə
çətinlik çəkir. "Ermənistan Əsgər
Anaları Cəmiyyəti"nin açıqladığı
hesabatlarda işğal edilmiş Azərbaycan ərazilərindəki
hərbi hissələrə imkansızların
övladlarının göndərildiyi, imkanlı
övladlarının Ermənistandakı hərbi hissələrdə
xidmət etdiyi bildirilir. Qarabağdakı hərbi hissələrdə
isə "dedovşina", xəstəliklər,
narkomanlıq, homoseksualizm baş alıb gedir.
Silah-sursat və texnika amili
Ermənistan ordusu Cənubi Qafqaz regionunda ən zəif arsenala malik ordudur. Silah və texnika parkı yararsız və köhnə texnologiyadan ibarətdir. Erməni aviasiyası haqda isə danışamağa belə dəyməz. Cəmi bir neçə sınıq-salxaq köhnə təyyarə.
Azərbaycan Ordusunun ixtiyarında isə, daha modern hərbi texnika, döyüş uçaqları və silah-sursat var. Hərbi sirr olduğuna görə, açıqlaya bilməsək də, tam qətiyyətlə deyə bilərik ki, ordumuzun maddi-texniki bazası say və keyfiyyət etibarı ilə Ermənistanınkından xeyli yüksəkdir. Həm də texniki arsenal ən modern texnologiyaya əsaslanır.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun sözlərinə görə, Azərbaycan əsgərləri bütün hərbi təlimlərdə və xidmət dövründə yüksək peşəkarlıq və döyüş əzmi nümayiş etdirirlər. MN rəsmisi deyir ki, ordumuzun sərəncamında istənilən şəraitdə döyüşlər aparmağa imkan verən modern texnika var. E.Sabiroğlu bildirir ki, indi əsgərimiz ən müasir hərbi texnika və avadanlıqları idarə etməyi bacarır və son nəsil texnologiyalardan istifadə edə bilir.
NATO standartlarına uyğunlaşan, ən müasir kompüter sistemləri ilə təchiz olunan, sərəncamında ən keyfiyyətli silah və texnikanın, peşəkar hərbçilərin olduğu Azərbaycan ordusunun arxasında qüdrəli arxa cəbhə dayanır. Belə bir durumda müharibənin necə sonuclanacağı öncədən aydındır.
Azərbaycan Ordusunda mənəvi-psixoloji durum və döyüş əzmi ən yüksək səviyyədədir. Bu yaxınlarda Mübariz İbrahimov kimi bir gizirin onlarla erməni hərbçisini məhv etməsi hansı əsgərin hansı səviyyədə olduğunu göstərdi. Bu, ermənilərə kiçik bir xəbərdarlıq idi- savaş başlayanda, nələrin baş verəcəyi haqda xəbərdarlıq.
Azərbaycan Ordusu işğal edilmiş ərazilərini çox qısa zamanda azad etməyə qadirdir. Əgər ermənilər torpaqlarımızı sülh yolu ilə qaytarmasa, o zaman Azərbaycan əsgəri bunu əyani tərzdə nümayiş etdirəcək.
Elçin Bayramlı
Səs.- 2011.- 19 fevral.- S. 6.