Regionların inkişafı: Tərəqqi, dinamika, düşünülmüş siyasət

 

"Azərbaycanın hərtərəfli yüksəlişi elə olmalıdır ki, təkcə ölkəmizin paytaxtı yox, bütün şəhərlər, bütün rayonlar inkişaf etsin." Dövlət başçısı İlham Əliyevin vaxtilə söylədiyi proqram xarakterli bu tezis bugünün reallıqlarında öz əksini tapıb. Azərbaycanın hərtərəfli inkişafında vacib amil kimi önə çəkilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası nəticəsində iqtisadiyyatın şaxələndirilməsi yüksək səviyyədə təmin olunub.

Prezident İlham Əliyev əminliklə bildirir ki, bu gün Azərbaycan həm siyasi, həm iqtisadi cəhətdən müstəqil, azad, öz resurslarına güvənən ölkədir. İqtisadi potensialın gücləndirilməsinə yönəldilmiş addımlar, eyni zamanda, Azərbaycanın müstəqilliyini möhkəmləndirən amillərdir. Azərbaycanın hazırda istənilən böyük maliyyə resursları tələb edən layihələri öz gücü hesabına icra etmək imkanının olması da bugünkü uğurlara, inkişafa əsaslanır.

İqtisadiyyatın şaxələndirilməsi prioritet məsələ kimi qarşıya qoyuldu. Tarixən neft ölkəsi kimi tanınan, hazırda böyük neft-qaz ixracatçısına çevrilən, dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan Azərbaycanın neft-qaz sektorunda qazandığı uğurlar göz qabağındadır. Hər bir layihənin təşəbbüsçüsü kimi çıxış edən ölkəmiz onun reallığa çevrilməsinə nail olmaqla daha əhəmiyyətli layihələri gündəmə gətirir. BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca, dünyaya açılan üçüncü qapı kimi dəyərləndirilən Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi istiqamətində addımların atılması da Azərbaycan dövlətinin siyasi iradəsinin nəticəsidir. Maliyyə imkanları genişləndikcə yeni layihələrin icrası sürətlənir. Bu da ondan irəli gəlir ki, neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflıq yüksək səviyyədə təmin edilir. Bu vəsait mühüm sosial-iqtisadi layihələrin həyata keçirilməsinə zəmin yaradır. Ötən ilin sonunda istifadəyə verilən Oğuz-Qəbələ-Bakı su kəməri də Dövlət Neft Fondunun vəsaitləri hesabına gerçəkliyə çevrildi. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər vaxtilə Azərbaycanda uğurlu neft siyasəti aparılmasaydı, bu layihə elə layihə kimi qalacaqdı. Ölkə Prezidenti bu layihənin Dövlət Neft Fondunun vəsaiti ilə həyata keçirilməsinin rəmzi xarakter daşıdığını bununla əsaslandırır: "Neft hasilatından, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istismarından əldə edilmiş gəlirlər Oğuz-Qəbələ-Bakı su kəmərinin tikintisinə yönəldilmişdir." Bu kimi bir-birindən əhəmiyyətli layihələrin icrası davamlılığı ilə diqqəti çəkir.

Son illər artan iqtisadiyyat, gündən-günə abadlaşan, müasirləşən paytaxt və bölgələrimiz, yeniləşən infrastruktur Azərbaycanın reallıqlarıdır. Uğurla həyata keçirilən infrastruktur layihələri ölkəmizin bundan sonra da uğurlu inkişafına əsas yaradır. Nazirlər Kabinetinin 2010-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2011-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı İlham Əliyev sosial-iqtisadi inkişafı xarakterizə edən rəqəmləri diqqətə çatıraraq, bu uğurların fonunda belə bir əminliyi də ifadə etmişdir ki, 2011-ci il də ölkəmizin hərtərəfli inkişafı üçün uğurlu il olacaq. "Buna nail olmaq üçün hamımız yaxşı işləməliyik, fəal işləməliyik ki, ölkəmizi daha da gücləndirək, Azərbaycanı inamla irəliyə aparaq." Bunun üçün qarşıda dayanan həllivacib məsələlər diqqətə çatdırıldı. Sahibkarlığın inkişafına mane olan neqativ halların aradan qaldırılması aidiyyəti qurumların qarşısına mühüm vəzifə kimi qoyuldu: istehlak bazarına nəzarət gücləndirilməli, qiymətlərin süni şəkildə şişirdilməsinə yol verilməməli, azad rəqabət təmin edilməli, inhisarçılıq meyillərinin qarşısı alınmalı, lazımsız yoxlamalar aparılmamalıdır. Təbii ki, bu məsələlərin həlli ölkədə sahibkarlığın daha sürətlə inkişafına stimul verəcək.

Ümumi daxili məhsulun formalaşmasında kiçik və orta sahibkarlığın xüsusi yerinin olması inkaredilməzdir. Qeyri-neft sektorunun inkişafını neft siyasətinin məntiqi davamı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyev bu sahənin inkişafını daim diqqətdə saxlayır.

Sahibkarlara dövlət büdcəsindən ayrılan subsidiya və güzəştli kreditlərin həcminin ildən-ilə artırılması, onların fəaliyyətinə əngəl olan yersiz müdaxilələrin aradan qaldırılması, antiinhisar və korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, biznes subyektlərinin qeydiyyatının sadələşdirilərək "bir pəncərə" prinsipi əsasında aparılması, azad iqtisadi zonaların yaradılmasını nəzərdə tutan xüsusi qanunun qəbulu və digər tədbirlər iş adamları tərəfindən böyük rəğbətlə qarşılanır. 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara 115 milyon manat kredit verilmişdir. Bu gün ÜDM-də özəl bölmənin payının 85,5 faiz təşkil etməsi bu sahəyə diqqətin bariz nümunəsidir. Prezident İlham Əliyev dövlət qurumlarının qarşısında bunu mühüm vəzifə kimi qoyur- sahibkarlığın inkişafına kömək göstərməli, dövlətin iş adamlarına maddi-mənəvi, hüquqi dəstəyi artırmalı, onlara maneçilik törədən hallara qarşı mübarizə tədbirləri gücləndirilməli, süni maneələr yığışdırılmalıdır.

Ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində atılan addımlar, imzalanan fərman və sərəncamlar sistemli və ardıcıl fəaliyyət konsepsiyasına əsaslanır. 1993-1995-ci illəri əhatə edən "Azərbaycanda Sahibkarlığın İnkişafı" Dövlət Proqramının ardınca "Azərbaycanda kiçik və orta sahibkarlığa Dövlət Yardımı Proqramı", "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı", "Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı (2003-2005-ci illər)", "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" uğurla həyata keçirildi. Hazırda isə "Azərbaycan Respublikasının Məşğulluq Strategiyası" (2006-2015-ci illər), "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı", "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və digər vacib sənədlər icra olunur.

Son illər ölkə iqtisadiyyatına qoyulan investisiyalarda daxili investisiyaların çəkisi artır. 2010-cu ildə ölkə iqtisadiyyatına 15,5 milyard dollar vəsait qoyulub. Bu vəsaitin 9,3 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Neft-qaz gəlirlərinə nəzarət gücləndirilir. 2004-cü ildə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiq edilmiş "Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli strategiyanın (2005-2025-ci illər)" uğurlu icrası əldə olunan müsbət nəticələrin davamlılığının təmin edilməsində əhəmiyyətli rol oynayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində iqtisadiyyatımızın bugünkü vəziyyəti artıq inkişaf proqramlarının əsas məqsədlərinə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir. Bütün bunlar göstərir ki, ölkəmizin iqtisadi inkişafı yeni keyfiyyət mərhələsinə daxil olub. Yeni mərhələnin əsas məqsədi, milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi iqtisadi siyasət sənədlərində bu məqsədin gerçəkləşməsi üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, yeni iş yerlərinin açılmasına şərait yaradılması, sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması mühüm prioritetlərdir.

Dövlət başçısı İlham Əliyevin regionlara hər bir səfəri bir sıra obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalırsa, bu dinamikanın özü düşünülmüş siyasətin uğurlu nəticəsidir. Bu günlərdə qərb bölgəsinə səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşən Prezident İlham Əliyev dünyada iqtisadi və maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycanın iqtisadi inkişaf baxımından yenə də beynəlxalq aləmin diqqət mərkəzində olduğunu bildirdi. Ölkəmizin sosial-iqtisadi göstəriciləri beynəlxalq maliyyə qurumlarının hesabatlarında da öz əksini tapır. Bu uğurları şərtləndirən amillər qeyd olunarkən, ölkəmizdə neft-qaz hasilatının ildən-ilə artması xüsusi önə çəkilir. Bildirilir ki, zəngin təbii resurslara və 30 milyard dollar həcmində valyutaya, etibarlı maliyyə mənbələrinə malik olan Azərbaycan bu ehtiyatlardan səmərəli istifadə etməklə həm iqtisadi qüdrətini artırır, həm də maliyyə imkanlarını genişləndirməklə mühüm sosial layihələrin həyata keçirilməsinə nail olur. Əhalinin pul gəlirlərinin ötən il 12,3 faiz artması, yoxsulluq səviyyəsinin 9,1 faizə enməsi, 70 mindən çox yeni iş yerinin açılması bir daha təsdiqləyir ki, həyata keçirilən iqtisadi islahatların əsasında əhalinin sosial müafiəsinin gücləndirilməsi dayanır. Ümumilikdə isə son 7 ildə 900 mindən artıq yeni iş yeri açılıb. Bu da işsizlik və məşğulluq problemlərinin həllinə öz müsbət təsirini göstərir.

Bu günlərdə dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın geniş iclası keçirildi. 2010-cu ildə komissiyanın fəaliyyətinin yekunları və Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrə həsr olunmuş toplantıda Prezident Administrasiyasının məsul əməkdaşları, mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə və digər dövlət orqanlarının, təhsil müəssisələrinin rəhbərləri, Bakı şəhəri və paytaxt rayonlarının icra hakimiyyəti başçıları iştirak etmişlər. Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın sədri Ramiz Mehdiyev görülən işlər və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasət və aparılan islahatlar nəticəsində Azərbaycanın ötən il də sosial-iqtisadi sahədə mühüm uğurlar qazandığını, nəzərdə tutulan bütün proqramların icra olunduğunu qeyd edən R.Mehdiyev toplantı iştirakçılarının və komissiya üzvlərinin diqqətini Nazirlər Kabinetinin iclasında dövlət başçısının vurğuladığı nöqsan və çatışmazlıqlara yönəltmişdir. Toplantıda sahibkarlığın inkişafı üçün daha əlverişli şəraitin yaradılması, əsassız yoxlamalara son qoyulması, rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizənin səmərəliliyinin artırılması ilə bağlı bir çox fikir və mülahizələr səslənmiş, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsi təklif olunmuş, aidiyyəti dövlət orqanlarının rəhbərlərinə konkret tapşırıqlar verilmişdir. Son günlər idarə və təşkilatlarda keçirilən iclaslarda ictimai rəyin ifadəsi kimi səslənən fikirlər, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini təsdiqləyən tədbirlər göstərir ki, şəffaflıq və ədalət prinisplərinin qorunması kimi demokratik tələblər dövlət siyasətinin prioritetləri olmaqla dövrun reallıqlarına uyğundur.

Bütün bunlar bir daha təsdiqləyir ki, demokratik, hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycan dövləti hərtərəfli inkişafı təmin etmək üçün zəruri addımların atılmasında, vətəndaş rəylərini əsas tutan islahatların insanların sosial müdafiəsinin iqtisadi inkişafın tempinə uyğun tənzimlənməsində, tələblə təklifin tarazlaşdırılmasında maraqlıdır və bu istiqamətdə ciddi səylər göstərir. Dövlət başçısı İlham Əliyev bildirir ki, qarşıya qoyulan vəzifələrin icrasına nail olsaq, Azərbaycan iqtisadiyyatı daha sürətlə inkişaf edəcək, ümumi daxili məhsul artacaq, vergilərdən daha çox vəsait daxil olacaq və bunun nəticəsində Dövlət Neft Fondundan büdcəyə ayırmalar azalacaq. Biz elə etməliyik ki, Neft Fondundan transferlər yalnız və yalnız investisiya yönümlü layihələrə sərf olunsun.

Həyata keçirilən bu islahatların məqsədi, məramı budur ki, dünya birliyində iqtisadi, siyasi, demokratik islahatları ilə diqqətçəkən, regionun lider dövləti kimi səviyyəsini qoruyan Azərbaycanın sabahı bu günündən daha möhtəşəm, daha qüdrətli olsun.

 

 

Səs.- 2011.- 19 fevral.- S. 12.