"Xocalı soyqırımı yalnız Azərbaycana qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş ən qəddar cinayətlərdən biridir"

 

YAP Gənclər Birliyi Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş “Xocalıya ədalət" adlı tədbir keçirib

 

Dünən “Park İnn” otelinin konfrans zalında Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 19-cu ildönümünə həsr olunmuş "Xocalıya ədalət" adlı tədbir keçirilib. Tədbirdə ölkəmizdə fəaliyyət göstərən xarici səfirliklərin əməkdaşları, ictimaiyyət və mətbuat nümayəndələri, gənc fəallar iştirak edib. İlk öncə, Xocalı faciəsində qətlə yetirilən soydaşlarımızın ruhları bir dəqiqəlik sükutla anılıb. Daha sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanan və özündə Xocalı faciəsinin dəhşətlərini, həqiqətlərini əks etdirən sənədli film nümayiş olunub.

Sənədli filmin nümayişindən sonra, Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov çıxış edib. Öz çıxışında Xocalı faciəsinin tək Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu deyən YAP-ın İcra katibi daha sonra əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi, hər şeydən əvvəl, Xocalı faciəsinin unudulmaması məqsədini daşıyır: " Azərbaycan xalqı, xüsusilə də, gənclərimiz bu dəhşətli faciəni unutmamalı, onu qəlblərində yaşatmalı, faciəni törədənlərin layiqli cavab almaları üçün əllərindən gələni etməlidirlər".

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət hələ də bu faciəyə layiqli qiymət verməyib: "Azərbaycanın  bir şəhəri, bütövlükdə, yerlə yeksan edilib, 600 nəfərdən çox dinc sakin qətlə yetirilib. Lakin təəssüfedici bir haldır ki, bu cinayəti törədən şəxslər hələ də azadlıqda gəzirlər. Bu cinayətkarlar, hətta təcavüzkar, işğalçı bir  dövlətin rəhbər strukturlarında müxtəlif vəzifələrdə çalışırlar. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilmiş ən qəddar cinayətlərdən biridir".

Əli Əhmədov daha sonra vurğulayıb ki, sözügedən münaqişə hələ də başa çatmayıb. Bir milyon vətəndaşımız öz doğma yurd-yuvalarından məcburi köçkün düşüb. ATƏT-in Minsk Qrupunun göstərdiyi səylər də, təəssüf ki, nəticəsiz qalmaqdadır :" Bu cür ədalətsizliyə göz yumularkən, başqa cinayətlər törədilir və beləliklə, bu əməlləri törədənlər öz cavablarını almırlar. Biz istəyirik ki, bir daha belə cinayətlər baş verməsin, biz istəyirik ki, bu cinayətlərin qarşısına sədd çəkilsin və biz istəyirik ki, cinayətkarlar öz layiqli cəzalarını alsınlar".

YAP-ın İcra katibi bir daha vurğuladı ki, beynəlxalq qurumlar tərəfindən bu faciəyə ədalətli qiymət verilməlidir və bu işdə Azərbaycan gəncləri daha ciddi, daha yaxından iştirak etməlidirlər. Çıxışının sonunda YAP İcra katibi Əli Əhmədov tədbirə qatılan xarici səfirlik nümayəndələrinə də öz təşəkkürünü bildirdi:" Mən xarici səfirliklərin bu tədbirdə iştirak edən nümayəndələrinə də öz təşəkkürlərimi bildirirəm. Çünki onların bu tədbirdə yaxından iştirak etmələri Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasına bir töhfə olacaqdır".

Daha sonra YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri Qüdsi Bayramov çıxış etdi. Xocalı faciəsinin bəşər tarixinin ən qanlı səhifəsi olduğunu bildirən natiq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri ilə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini vəhşicəsinə zəbt etdiyini xatırlatdı:"Bu faciənin hələ də beynəlxalq aləmdə soyqırım kimi tanınmaması xalqımız tərəfindən qınanılır".

Qüdsi Bayramov onu da xatırlatdı ki, Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımı ilə bağlı mühüm qərarlar vermiş, beynəlxalq aləmə çağırışlar etmişdir:" Hər il fevral ayının 26-ı, saat 17-00-da Xocalı soyqırımında qətlə yetirilmiş soydaşlarımızın, vətəndaşlarımızın ümumrespublika səviyyəsində bir dəqiqəlik sükutla yad edilməsi təşəbbüsü məhz Ulu Öndər Heydər Əliyev tərəfindən irəli sürülmüşdür".  

Sonra YAP-ın Sabunçu rayon gənclər birliyinin üzvü Lamiyə Cəlilova öz çıxışında bildirdi ki, şəhidlərimizin intiqamı alınmayınca, işğal altında olan torpaqlar geri qaytarılmayınca erməni işğalı nəticəsində həlak olmuş şəxslərin ruhları Tanrı dərgahında rahat olmayacaq.

Daha sonra şəhid atası Məhəmməd Şükürov və digər şəxslər çıxış edərək, ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri vəhşi cinayətlərdən, qanlı günün yaddaşlardan silinməyən xronikalarından söz açıblar.

Qeyd edək ki, 1992-ci il fevral ayının 25-26-da erməni silahlı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə qarşı xüsusi qəddarlıqla müşayiət olunan genosid aktını həyata keçiriblər. Bu faciə nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 nəfər isə əsir götürülüb.

Xatırladaq ki, tədbir öncəsi YAP Gənclər Təşkilatının üzvləri və digər iştirakçılar Xocalı soyqırımı abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

 

 

RÖVŞƏN RƏSULOV

 

Səs.- 2011.- 24 fevral.- S. 5.