Xocalı soyqırımı bəşəriyyətə, insanlığa qarşı böyük bir cinayətdir

 

Səstv.az saytının redaksiyasında Xocalı soyqırımı ilə bağlı müzakirələr aparıldı

 

Dünən Səstv.az saytının redaksiyasında Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlunun iştirakı ilə o dövrün ictimai-siyasi hadisələrinə, xalqımızın başına gətirilən misilsiz müsibətlərə müxtəlif rakurslardan yanaşılaraq müxtəlif təhlillər aparıldı. "Səs" qəzetinin şöbə müdiri İlham Əliyev baş redaktorlara Xocalı soyqırımının ölkə KİV-lərində təbliği və təqdim olunan faktların dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara hansı formada və necə çatdırılması mövzusu ətrafında müzakirələrin qurulmasının vacibliyini bildirdi. - Hikmət müəllim, Xocalı soyqırımının ildönümü ərəfəsində Azərbaycan mətbuatında bu istiqamətdə mövzuların qoyulması və daha yeni faktların aşkarlanması üçün nə kimi addımlar atılıb? “Azərbaycan həqiqətlərini dinləmək istəyində olan real auditoriya mövcuddur" Hikmət Babaoğlu: - Əvvəla, onu qeyd edim ki, Xocalı faciəsinin ildönümü ilə bağlı, eləcə də, bütövlükdə, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı son dövrlərdə məqsədyönlü, ardıcıl bir strategiya həyata keçirilir. Məhz bunun sayəsində Azərbaycan həqiqətləri, o cümlədən, Xocalı soyqırımı ilə bağlı faktlar dünya ictimaiyyətinə çatdırılır. Burada ən böyük missiya Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın başlatmış olduğu "Xocalıya ədalət" kampaniyası ilə həyata keçirilir. Bu gün Azərbaycan mətbuatında da mövzunun işıqlandırılması daxili auditoriya üçün məqbuldur. Çünki siyasi mövqeyindən, ideoloji məzmunundan asılı olmayaraq, Azərbaycan mediası bu faciəni daxili auditoriya üçün kifayət qədər işıqlandırır. Amma bununla yanaşı, bizim üçün çox vacibdir ki, törədilən faciənin miqyası, qəddarlığı, məqsədi və nəyə görə törədildiyi dünya ictimaiyyətinin diqqətinə çatdırılsın. Ona görə də, hələ Azərbaycan mətbuatının, bütövlükdə, bu istiqamətdə icra edəsi çox böyük vəzifələri mövcuddur. Eyni zamanda, burda da bir neçə istiqamətlər mövcuddur. İlk növbədə, bu gün tək Azərbaycan yox, Azərbaycan miqyasında olan ölkələr üçün beynəlxalq media aləminə daxil olmaq və transmilli media qurumları vasitəsilə müəyyən dərəcədə dünya ictimaiyyətinə informasiya ötürmək çox çətindir. Bu səbəbdən də bu prosesdə müəyyən irəliləyişlər aparmaq lazımdır. Bu gün texniki imkanların vermiş olduğu şərtlərdən bəhrələnərək daha ətraflı dəqiq məlumatları çatdırmalıyıq. Digər bir məsələ ondan ibarətdir ki, biz mətbuat nümayəndələrinin təqdim etdiyi informasiyaları auditoriya nə dərəcədə həvəslə dinləyir və bizi dinləmək istəyənlər varmı? Bu həqiqəti görmək istəyənlərin sayı nə qədərdir? Ona görə də, düşünürəm ki, bu həqiqətləri görmək, eşitmək istəyənlərin sayı get-gedə artmaqdadır. Bu ümummilli məsələ olduğu üçün Azərbaycan həqiqətlərini dinləmək istəyində olan real auditoriya mövcuddur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünya informasiya dünyasıdır. Çox təəssüf ki, bu informasiya dünyasında mövcud olan qanunauyğunluqlar bəzi hallarda heç də bizim maraqlarımızla uzlaşmır. Çünki bu informasiya dünyasında, informasiya imperiyasında bəzi hallarda kimisə dinləməyi, ümumiyyətlə, istəmirlər. Ona görə də, bizlər bu məsələnin üzərində xüsusi olaraq dayanmalıyıq. - Vüqar müəllim, bu bir faktdır ki, dünya xalqları, beynəlxalq təşkilatlar XX əsrin ən dəhşətli insan qırğını ilə müşahidə olunan Xirosimo və Xatın kimi faciələri soyqırımı kimi qiymətləndirirlər. Amma Xocalı soyqırımına hələ də dünya ölkələri tərəfindən lazımi qiymət verilməyib. Bunun səbəbini nə ilə izah etmək olar? “Bu gün də müəyyən dövlətlər Xocalı faciəsinə və Azərbaycanın digər ağrılı məsələlərinə hələ də ikili standartlardan yanaşırlar" Vüqar Rəhimzadə: - Əvvəla, qeyd edim ki, məndən öncə Hikmət müəllim soyqırımının təbliğat vasitələri ilə dünya ictimaiyyətinə çatdırılması məsələsinə toxundu. Hesab edirəm ki, Xocalı soyqırımı bəşəriyyətə, insanlığa, insan cəmiyyətinə yönəlmiş bir ağır faciə kimi dəyərləndirilir. Baxmayaraq ki, bu gün müəyyən dövlətlər Xocalı və Azərbaycanın digər ağrılı məsələlərinə hələ də ikili standartlardan yanaşırlar. Amma Azərbaycanda son illərdə aparılan aktiv fəaliyyət, ictimai-siyasi qurumlarımızın bu sahədə apardığı yüksək səviyyəli təbliğat işlərinin nəticəsində artıq dünya ictimaiyyəti də reallığı dərk edir. Yəni 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə Xocalı şəhərində azərbaycanlılara qarşı edilmiş vəhşilik, həyata keçirilmiş soyqırımı aktını artıq dünya ictimaiyyəti də qəbul edir. O dövr rəhbərlikdə olan ermənipərəst M.Qorbaçov hakimiyyəti Xocalını həm ideoloji, həm də hərbi cəhətdən mühasirədə saxlayırdı. Həmin dövrün tarixi hadisələrinə yenidən nəzər saldıqda, biz bu proseslərin tam məntiqi əsaslarını açıq şəkildə görə bilirik. Çünki o dövrdə, bütövlükdə, mətbuat vahid mərkəzdən idarə edilir və sovet ideologiyasına xidmətə yönəldilirdi. Yalnız sovet senzurasından keçdikdən sonra istənilən bir məlumatı beynəlxalq ictimaiyyətə çatdırmaq mümkün idi. Bu baxımdan da, həmin dövrlərdə informasiya almaq və ötürmək olduqca çətin idi. Çünki Xocalı faciəsi baş verən günün səhərisi soyqırımı haqda informasiyanı ictimaiyyətə çatdırmaq mümkün olmamışdı. İnsanlar nə baş verdiyindən xəbərsiz qalmışdılar. Bu hadisələr isə mərkəzdən idarə olunan o dövrki hakimiyyətin Azərbaycan xalqına qarşı qısqanclıq, aqressiv rəftarının bir məntiqi nəticəsi idi. Amma bütün bunlara baxmayaraq, 1993-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda baş verən ictimai-siyasi proseslərə həm hüquqi, həm də siyasi qiymət verildi. Eyni zamanda, 1994-cü ildə həm Xocalı soyqırımına, həm də 20 Yanvar faciəsinə və xalqımızın başına gətirilən digər müsibətlərə də hüquqi-siyasi mövqedən yanaşılaraq, vacib qiymət verildi. Məhz bundan sonra xalqımızın başına gətirilən faciələrdə iştirak etmiş cinayətkarların adları ictimaiyyətə bəlli oldu. Onların ifşa olunması istiqamətində kifayət qədər ciddi addımlar atıldı. Məhz bu gün Azərbaycanda mövcud olan möhkəm ictimai-siyasi sabitlik imkan verir ki, ölkəmizlə bağlı ən real və həqiqi faktları dünya ictimaiyyətinə olduğu kimi çatdıra bilək. Ulu Öndər Heydər Əliyev siyasətinin ən layiqli davamçısı olan cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dünya ictimaiyyəti, dünya birliyi Azərbaycanın həqiqətləri ilə maraqlanır və dərk edir. Heydər Əliyev Fondu tərəfindən də Azərbaycan həqiqətləri xalqımızın başına gətirilən faciələrin dünya ictimaiyyətinə və beynəlxalq təşkilatların diqqətinə çatdırmaq üçün kifayət qədər uğurlu işlər həyata keçirilib və bu işlər davam edir. Eyni zamanda, Azərbaycanın dünyada fəaliyyət göstərən diaspor təşkilatları da Xocalı soyqırımı və digər milli məsələlərimizlə bağlı olduqca mühüm işlər həyata keçirirlər. Bütün bunların nəticəsi olaraq, artıq dünyanın aparıcı ölkələri Azərbaycan xalqının başına gətirilən faciələri, soyırımı və etnik təmizləmə siyasəti kimi dərk edir. - Hikmət müəllim, soyqırımı faktını artıq dünyanın demokratik düşüncəli xalqları qəbul edir və təsdiqləyirlər. Eyni zamanda, Xocalıda həyata keçirilmiş soyqırımı faktının iştirakçıları və icraçıları da bəllidir. Belə olan təqdirdə, məsələyə hüquqi qiymət verilməsi üçün Avropa İnsan Haqları Məhkəməsinə müraciət edilməsi nə dərəcədə mümkündür? "Xocalı bizim ümummilli faciəmizdir" Hikmət Babaoğlu: - Məsələyə mahiyyət etibarilə yanaşdıqda, bunun həm də bir qlobal məsələ olduğu faktdır. Sizin sadaladığınız məsələnin reallaşması üçün Azərbaycan mətbuatı üzərinə nə qədər vəzifə düşürsə, mediamız bunun öhdəsindən gəlmək iqtidarındadır. Eyni zamanda, mətbuatla yanaşı, ölkəmizdə fəaliyyət göstərən demokratik institutların nümayəndələri, ayrı-ayrı ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları da bu məsələlərlə bağlı konkret addımlar atmalıdırlar. Məsələnin araşdırılmasına gəldikdə isə, bilirsiniz ki, Xocalı soyqırımı ilə bağlı Azərbaycan prokurorluğunda xüsusi cinayət işi qaldırılıb. Burada faciəni törədənlərin konkret adları və ünvanları da öz əksini tapmışdır. Biz bilirik ki, Xocalı soyqırımında sovet ordusunun 366-cı motoatıcı alayının zabitləri, əsgərləri iştirak etməklə yanaşı, onların döyüş sursatlarından da istifadə olunub. Bundan əlavə, faciə günü Xocalıya 3 istiqamətdən hücum edilib. Əgər Xocalıya hücum edən ordunun bir hissəsinə rus rəhbərlik edirdisə, digər bir bölümünə indi Ermənistanın müdafiə naziri olan Seyran Ohanyan rəhbərlik edirdi. Yəni onların hər birinin adları da Azərbaycan ictimaiyyəti üçün məlumdur. Ona görə də, mən düşünürəm ki, bu istiqamətdə hələ görüləsi işlərimiz çoxdur. Çünki bu, təkcə Azərbaycan xalqına qarşı deyil, bütövlükdə, insanlığa qarşı törədilmiş bir cinayətdir. Ona görə də, necə ki, Kosovoda Priştina faciəsini törədənlər Haaqa tribunalı qarşısında cavab verirlər. O cümlədən də, biz də nail olmalıyıq ki, Xocalı soyqırımını törədənlər məhz həmin tribunal qarşısında cavab versinlər. Amma düşünürəm ki, bu faciəni törədənlərə ən layiqli cavabı Azərbaycan xalqının özü verəcəkdir. Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmri ilə biz torpaqlarımızı düşməndən azad eləməklə, erməni quldurlarına ən layiqli cavab vermiş olacağıq. - Vüqar müəllim, bu gün biz Xocalının bir soyqırımı kimi dünya dövlətləri tərəfindən tanıdılmasında sözün qüdrətindən istifadə edə bilirikmi? - Bu gün ölkəmizdə fəaliyyət göstərən bütün ictimai-siyasi təşkilatlar Xocalının dünya ictimaiyyətinə olduğu kimi çatdırılması istiqamətində sistemli şəkildə iş aparmalıdır. Eyni zamanda həyata keçirilən zəruri işlər, atılan vacib addımlar bu məsələnin heç də mümkünsüz olmadığını isbatlamışdır. Bundan əlavə, kimliyindən asılı olmayaraq, hər bir vətəndaşımız öz əməlləri ilə böyük aktivlik nümayiş etdirməlidir. Bu məsələdə gənclərin üzərinə də çox böyük məsuliyyət düşür. Azərbaycan reallıqlarının, Xocalı faciəsinin dünya ictimaiyyətinə çatdırmaq üçün xüsusilə elektron medianın da fəaliyyəti daha gücləndirilməlidir. Dünyanın aparıcı telekanallarına, informasiya vasitələrinə, siyasi təşkilatlara Azərbaycanla bağlı konkret faktlar çatdırılmalıdır. - Hikmət müəllim, mətbuat Qarabağ həqiqətlərinin çatdırılması, beynəlxalq ictimaiyyətin informasiya ilə əhatə olunması üçün nə kimi işlər görməlidir? Hikmət Babaoğlu: - Bu gün Azərbaycan mətbuatı ciddi bir mətbuat kimi formalaşıbdır. Eyni zamanda, Azərbaycan təkcə regionda deyil, dünyada inkişaf etmiş və dövlətin qayğısı ilə əhatə olunan ən öncül mətbuatlardan biridir. Çünki Azərbaycan mətbuatının hər cür texniki imkanları vardır ki, həqiqətləri olduğu kimi çatdırsın. Sadəcə olaraq, biz bir qədər də öz fəaliyyətimizi gücləndirməli, peşəkarlıq qabiliyyətimizi daha da artırmalıyıq. Bu gün beynəlxalq dil statusunda olan dilləri mənimsəməli və o dillər vasitəsi ilə həqiqətləri bərkdən və uca səslə car çəkməliyik. Vüqar Rəhimzadə: - Mən də hesab edirəm ki, bu gün Azərbaycan mətbuatı uğurlu bir dövrünü yaşayır. Dövlət tərəfindən mətbuatımıza diqqət və qayğı göstərilir. Bu isə ölkəmizdə müstəqil mətbuatın inkişafına öz müsbət təsirini göstərir. Mətbuatımız da öz üzərinə düşən fəaliyyətində mühüm nailiyyətlər əldə edib. İnanırıq ki, bundan sonra da Azərbaycanın haqq işinin beynəlxalq ictimaiyyətə çatdırılmasında da mətbuatımız öz vəzifəsinin öhdəsindən layiqincə gələcək. Eyni zamanda, digər məsələlərdə də, mediamız missiyyasını çox böyük uğurla yerinə yetirəcək.

 

 

Tapdıq Qurbanlı

 

Səs.- 2011.- 24 fevral.- S. 8-9.