Sahibkarlığın
inkişafına böyük dəstək
İlham Əliyev: "Əlbəttə, bu amillər
də işsizliyin aradan qaldırılması
üçün öz rolunu oynayacaqdır"
Ötən illərdə olduğu kimi, 2011-ci ilin dövlət siyasətinin prioritetlərindən biri də ölkənin ərzaq təhlükəsizliyidir. Dövlət başçısı vətəndaşları fasiləsiz və keyfiyyətli məhsullarla təmin etmək məqsədilə aidiyyətı qurumlara tapşırıqlar verib. Bununla bağlı bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib. Onu da vurğulayaq ki, 2011-ci ildə Milli Məclis məsələ ilə bağlı yeni qanun layihələrinin müzakirəsinə başlayacaq. Dövlətin qarşısında duran əsas məsələlərdən biri vətəndaşların fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə qida məhsulları ilə təmin edilməsidir.
Bunun üçün ölkəmizin kifayət qədər ehtiyatı var. İndi əsas məqsəd bu məhsulların keyfiyyətinə nəzarət etməkdir. Prezident İlham Əliyevin aidiyyəti orqanlar qarşısında qoyduğu əsas vəzifə də ölkədə ekoloji təmiz məhsul istehsalına və idxalına nail olmaqdır. 2010-cu ildə ölkəyə idxal edilən məhsullara nəzarət etmək məqsədilə yeni labaratoriyaların inşasına başlanıb. Atom Eenrjisi üzrə Beynəlxalq Agentliyin təşəbbüsü ilə Sumqayıt şəhərində inşasına başlanılan dozimetrik laboratoriyada isə bir sıra avadanlıqların keyfiyyəti yoxlanılacaq. Məqsəd ərzaq və qeyri-ərzaq məhsullarının istehsalında "İSO" standartlarının qəbuludur. Ümumdünya Ticarət Təşkilatının da ölkəmiz qarşısında qoyduğu əsas tələb bundan ibarətdir. Ölkədə ərzaq təhlükəsizliyini təmin etmək, dünya standartlrına cavab verən məhsul istehsalı üçün qanun layihələri işlənib hazırlanır. İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin ediləcəyi də gözlənilir. Keyfiyyətli məhsul istehsal etmək üçün Milli Məclis kooperasiya və texniki tənzimləmə haqqında qanun layihəsinin qəbuluna hazırlaşır. Lakin bütün hallarda məhsulların keyfiyyət və təhlükəsizliyinə, ilk növbədə, istehlakçılar özləri nəzarət etməli, hüquqlarını qorumağı bacarmalıdırlar.
Ərzaq təhlükəsizliyinin
təminatı
Bu gün ərzaq təhlükəsizliyinə xüsusi önəm verilməsi nəticəsində özəl bölmə tərəqqi dövrünü yaşayır. Qeyd edək ki, ölkə iqtisadiyyatının əsas sahələrindən olan kənd təsərrüfatında məhsul istehsalının stimullaşdırılması, rəqabət qabiliyyətinin artırılması, əhalinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi və ixracının genişləndirilməsi məqsədilə subsidiyaların verilməsi, vergi güzəştlərinin tətbiqi, lizinq xidmətlərinin genişləndirilməsi kimi kompleks dövlət dəstəyi tədbirlərinin həyata keçirilməsi aqrar sektorun inkişafına müsbət təsir göstərmiş və əsas məhsullar üzrə ərzaq təhlükəsizliyi təmin edilmişdir. Bu sahədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün sərf olunan yanacaq və motor yağlarının, mineral gübrələrin fermerlərə güzəştlə satılması, onların güzəştli şərtlərlə texnika və texnoloji avadanlıqlarla təmin edilməsi, damazlıq heyvandarlığın inkişafı üçün lizinq xidmətləri, 2014-cü ilə qədər kənd təsərrüfatı mülkiyyətçilərinin vergilərdən (torpaq vergisi istisna olmaqla) azad edilməsi də bu sahənin inkişafında mühüm rol oynayır.
Əlverişli biznes mühiti
Sahibkarlığın inkişafına yaradılan şəraitlə bağlı Prezident İlham Əliyev demişdir: "...Azərbaycan dövləti tərəfindən sahibkarlığın inkişafına həm kreditlər hesabına böyük dəstək verilir, həm başqa imtiyazlar göstərilir və əlbəttə, bu amillər də işsizliyin aradan qaldırılması üçün öz rolunu oynayacaqdır. Çünki bu gün məşğulluq məsələlərinin həlli üçün özəl sektor artıq ön plana çıxıbdır. Bu da, ilk növbədə, dövlətin özəl sektora olan diqqəti və dəstəyinin nəticəsidir. İş yerlərinin 70 faizi özəl sektorda yaranmışdır. Əgər dövlət tərəfindən kreditlər verilməsəydi, sahibkarlığa qayğı göstərilməsəydi, 2004-cü ildə regional inkişaf proqramı qəbul edilməsəydi, əlbəttə ki, bu gün özəl sektor bu səviyyədə inkişaf edə bilməzdi. Biz həm iri özəl müəssisələri dəstəkləyirik, həm də ki, kiçik müəssisələri dəstəkləməliyik. Çünki həm dünya praktikası, həm keçən ilin iqtisadi və maliyyə böhranı göstərdi ki, kiçik bizneslə zəngin olan, yəni kiçik biznesin inkişaf etdiyi ölkələrin iqtisadiyyatı daha da dayanıqlı olur. Əlbəttə ki, biz həm kiçik sahibkarlığı dəstəkləyəcəyik, eyni zamanda, iri, böyük beynəlxalq, transmilli şirkətlərin, özəl şirkətlərin yaradılması üçün Azərbaycan dövləti səylərini göstərəcəkdir". Digər bir məqamı da vurğulamaq yerinə düşər ki, yaradılmış əlverişli biznes mühiti nəticəsində adambaşına düşən xarici investisiyaların həcminə görə MDB məkanında və Şərqi Avropada aparıcı dövlətlərdən olan Azərbaycan, artıq xaricə investisiya yatıran ölkəyə çevrilmişdir.
Yuxarıda qeyd edilənlər deməyə əsas verir ki, ölkə Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi siyasət, bütövlükdə, insan kapitalının inkişafına, ölkədə yoxsulluğun azaldılmasına və işsizliyin minimuma endirilməsinə, dövlət büdcəsindən sosial sahələrə ayrılan maliyyə vəsaitlərinin daha da artırılmasına, sosial infrastrukturun inkişafına, nəticə etibarilə əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə, ərzaq təhlükəsizliyinin davamlı şəkildə təmin olunmasına imkan verəcəkdir.
Qarşıdakı illərin sosial-iqtisadi proqnozları da ölkəmizdə inkişaf meyillərinin ardıcıl şəkildə davam edəcəyindən xəbər verir.
RƏFİQƏ KAMALQIZI
Səs.- 2011.- 22 fevral.- S. 4.