XX ƏSRİN FACİƏSİ - XOCALI SOYQIRIMI

 

XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımından 19 il keçir. Bu soyqırım bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş, ümumiyyətlə, bütün bəşəriyyətə qarşı edilən tarixi cinayətdir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 minə yaxın  əhalisi olan Xocalı şəhərində soyqırımı aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində idi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu.

106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onlardan 150-sinin taleyi indi məlum deyil.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədləri idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən, ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları digər abidələri, həmçinin, müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsilə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı, dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla ağlasığmaz vəhşiliklə həyata keçirildi. Hücumda, həmçinin, mayor Ohanyan Seyran Mişeqoviçin (Seyran Ohanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç alayda xidmət edən 50-dən artıq erməni zabit giziri iştirak edib. ("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirildi. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib. Ağdamda 181 meyit (130 kişi 51 qadın, o cümlədən, 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli faciəli səhifələrdən biri kimi daxil olub. Ümummilli Liderimiz Heydər Əliyev Xocalı soyqırımının 10 illiyi münasibətilə Azərbaycan xalqına müraciətində bildirmişdi: "Bu amansız qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Bu gün Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini, həmçinin, jurnalist Səriyyə Talıbova bu faciədə bütün ailəsini itirdiyini danışmaqla yanaşı, hansı amansızlıqlarla üzləşdiklərini bildirdi. O, söylədi ki, "4 mesxeti türkü 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar. Həmçinin, ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirdilər. Onların başının dərisini soymuş, başlarını bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsil soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 22 fevral.- S. 7.