Genosidlər genosidi- Xocalı

 

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə vəhşi ermənilər bəşəriyyətə qarşı ən böyük cinayəti törətdilər

 

Bu gün bəşər tarixinin ən müdhiş faciələrindən birinin- Xocalı Soyqırımının 19-cu ildönümüdür. 1988-ci ildən başlamış Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən müdhiş, ən faciəvi, tarixdə analoqu çox az olan hadisələrdən biri Azərbaycanın- Qarabağın ən qədim insan məskənlərindən biri olan Xocalıda baş vermiş soyqırımdır.

1992-ci ildə Ermənistan terrorçu dəstələri Azərbaycanın Xocalı şəhərində tarixdə misli olmayan dəhşətli soyqırımı aktı həyata keçiriblər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır. Azərbaycan xalqı Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq. Ümummilli Liderimiz Heydər Əliyev 1 mart 1994-cü ildə bu haqda xüsusi Fərman verib. Milli Məclisin Qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub.

 

Xarici jurnalistlər dəhşətə gəlmişdi...

 

XIX əsrin əvvəllərindən başlayaraq ermənilər böyük qüvvələrin dəstəyinə arxalanan ermənilər tərəfindən Azərbaycan türklərinə qarşı soyqırımı siyasəti həyata keçirilib. XIX əsrin əvvəllərində Şərqi Anadoluda erməni məsələsinin yaranması, onun təkamülü, sonra isə bu problemin Qafqaza ixrac olunması xalqımıza qarşı dünyada analoqu olmayan vəhşiliklərin törədilməsinə səbəb olub.

Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xankəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fərqanədən qovulmuş Axısxa türkləri də burada məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etdilər.

Dörd tərəfdən erməni terrorçu dəstələri tərəfindən əhatə olunan şəhər artilleriya və ağır hərbi texnikadan güclü və fasiləsiz atəşə tutuldu. Az bir vaxt ərzində şəhərdə böyük miqyaslı yanğınlar baş verdi, şəhər tamamilə alova büründü. Şəhərin azsaylı müdafiəçiləri və yerli əhalidən sağ qalanlar buranı tərk etməyə məcbur oldular.

Soyqırımı aktı zamanı baş verən əsas hadisələrdən biri də vəhşi erməni tayfasının buradakı qiymətləri tarixi-mədəni və təbiət abidələrini məhv etməsi, bununla da, bütün bəşəriyyətə qarşı bağışlanılmaz cinayət törətməsidir. Bəşəriyyətin lənətlədiyi alman faşistləri işğal etdikləri ərazilərdə heç vaxt mülki əhalini öldürmür, maddi-mədəniyyət abidələrini dağıtmırdılar. Erməni faşistləri isə, həm mülki əhalini- qocaları, körpələri, qadınları ağlasığmaz işgəncələrlə qətlə yetirib, həm də bəşəriyyətin ən qədim abidələrini dağıdıblar.

 

Tarixin ən böyük vəhşiliyi

 

Xocalı soyqırımının nəticələri çox dəhşətli idi. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin- qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz işgəncələrə, təhqir və həqarətlərə məruz qalmışdılar. 150 nəfərin taleyi hələ də məlum deyil.

Xocalı soyqırımı zamanı şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən öncədən düzəldilmiş pusqularda qətlə yetirildi. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilib, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilib.

Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən, 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilib. Ekspertiza zamanı müəyyən edilib ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olub, 10 nəfər küt alətlə vurularaq öldürülüb. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə alıb.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Girov götürülmüş Xocalı sakinlərindən bəziləri (onların arasında Əntiqə adlı qadın da var idi) erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiklərinə görə, ermənilər tərəfindən diri-diri yandırıldı. Xocalı sakinləri deyirdilər ki, onlarla Azərbaycan və Axısxa türkünün erməni qəbirinin üzərində başını kəsdilər. Onlarla azərbaycanlının gözlərini çıxartdılar.

Ermənilər sağ qalmış insanlar üzərində bəşər tarixində misli-bərabəri olamayan vəhşi işgəncələr həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilib.

 

Soyqırımın məqsədi

 

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu, bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə, Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi.

Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bəşəriyyətin ən qiymətli irsinə məxsus bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşüb. Xocalının kromleksləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin, müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi- mədəniyyət nümunələridir.

Erməni işğalından sonra bütün bu maddi-mədəniyyət abidələrinin məhv edilməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə, bəşər sivilizasiyasına qarşı ən böyük cinayətdir.

Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırımı olduğunu təsdiqləyir.

Xocalı qaçqınlarının BMT, Avropa Birliyi və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: "Biz, qaçqın vəziyyətinə düşmüş Xocalı sakinlərinə, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik.

Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət postları tutan Serj Sarkisyan, Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə- Xocalı soyqırımına, əsil soyqırımı hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər".

 

 

Elçin Bayramlı

 

Səs.- 2011.- 26 fevral.- S. 12.