Xocalı soyqırımının 19-cu ildönümü xarici ölkələrdə qeyd olunmaqdadır

 

Məlum olduğu kimi, bu günlərdə Xocalı soyqırımının 19-cu ildönümünün qeyd olunması ilə bağlı müxtəlif tədbirlər keçirilməkdədir. Artıq bununla bağlı bəzi tədbirlər baş tutub. Ölkəmizdə olduğu kimi, ölkəmizdən kənarda da yaşayan azərbaycanlılar tərəfindən qeyd olunan bu hadisə bütövlükdə bəşəriyyətə qarşı yönəlmiş soyqırımı kimi qiymətləndirilir. Xaricdə Xocalı soyqırımının qeyd olunmasında digər ölkələrdə yaşayan soydaşlırımız, Diasporla İş üzrə Dövlət Komitəsi, eyni zamanda, "Xocalıya ədalət" kampaniyasının dəstəyini xüsusi qeyd etmək lazımdır. Bu mənada bu günlərdə müxtəlif ölkələrdə qeyd olunan tədbirlərə nəzər salsaq, görülən işlərin dərəcədə əhəmiyyətli olmasını anlamaq olar.

 

GÜRCÜSTAN

 

Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Marneuli şəhərində Xocalı soyqırımı qurbanlarının anım mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov Xocalı faciəsi barədə məlumat verdikdən sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri cinayətlər barədə ətraflı məlumat verib. Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilməyə başladığını qeyd edən diplomat hazırda bu işin uğurla davam etdirildiyini vurğulayıb. Səfir N.Əliyev azərbaycanlıların məskunlaşdığı digər ölkələrdə olduğu kimi, Gürcüstanda da hər il Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edildiyini, ermənilərin Xocalıda törətdikləri insanlığa qarşı cinayətin soyqırımı olaraq tanıdılması üçün tədbirlərin keçirildiyini, xüsusi məlumatlandırıcı vasitələrin hazırlandığını bildirib.

Gürcüstan parlamentinin deputatı Azər Suleymanov Xocalı soyqırımının Gürcüstan Parlamentində gündəmə gətirilməsinə çalışdıqlarını qeyd edərək, gənclərin bu istiqamətdə fəallığını çox vacib adlandırıb.

Kvemo Kartli qubernatorunun müavini, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov ermənilərin işğalçı siyasətinə baxmayaraq, Azərbaycanın öz müstəqilliyini qoruyub saxladığını inkişaf etmiş bir ölkəyə çevrildiyini, Ermənistanın isə hələ müstəqilliyinə qovuşa bilmədiyini söylədi.

Cənubi Qafqaz Araşdırmalar İnstitutunun direktor müavini, "Mir" telekanalının Gürcüstan nümayəndəliyinin rəhbəri Badri Naçkebiya "Mir" kanalı olaraq Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün bu il telekanalda bu dəhşətli qətliama həsr olunmuş proqramlar silsiləsi yayımlanacağını bildirib. O, bu kimi tədbirlərin Gürcüstanın bütün regionlarında keçirilməsinin gürcü xalqının da bu hadisələrdən məlumatlı olmasının vacibliyini qeyd edib.

Daha sonra  Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi dərnəyinin dinləyiciləri şəhidlər Qarabağ qəhrəmanları haqqında çıxışlar ediblər.

Tədbirin sonunda görüş iştirakçıları adından Xocalı soyqırımı ilə bağlı bir neçə dildə bəyanatın hazırlanması onun beynəlxalq təşkilatlara göndərilməsinə dair qərar qəbul olunub.

 

BƏƏ

 

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu "Al-Bayan" qəzetinin 23 fevral 2011-ci il tarixli sayında Xocalı soyqırımına dair məqalə dərc edilib. "Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir" başlıqlı məqalədə Xocalı soyqırımının 19-cu ildönümü münasibəti ilə BƏƏ-dəki Azərbaycan diasporunun Türkiyə, ərəb və digər millətlərin icmalarının iştirakı ilə keçirdiyi simpoziumdan bəhs olunur.

Məqalədə ermənilərin 366-cı sovet alayının dəstəyi və iştirakı ilə Xocalıda soyqırımı törətdikləri və bunun nəticəsində 613 dinc sakinin qətlə yetirildiyi, 487 nəfərin yaralandığı, 1275 nəfərin isə əsir götürüldüyü qeyd olunur.

Qəzet BƏƏ-dəki Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun tədbir zamanı Xocalı və erməni işğalı altında olan digər Azərbaycan torpaqlarının sakinlərinin hazırda qaçqın vəziyyətinə düşdükləri və ölkənin 48-ə yaxın müxtəlif şəhər və rayonlarında məskunlaşdıqları barədə söylədiklərini yazır. "Qaçqınlar artıq uzun müddətdir gözləyirlər ki, Dağlıq Qarabağ problemi tezliklə və ədalətli həllini tapacaq, Ermənistanın Azərbaycana qarşı təcavüzünə və apardığı müharibəyə son qoyulacaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü tam bərpa olunacaqdır", - deyə Al-Bayan qəzeti yazır.

 

KÜVEYT

 

Fevralın 23-də Küveytin böyük oxucu kütləsinə malik "Əl-Nahar" qəzetində Xocalı faciəsinin 19-cu ildönümünə həsr edilən geniş məqalə dərc olunub. Məqalədə Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin erməni vandalları tərəfindən işğalı, işğal zamanı törədilmiş vəhşiliklər, insan tələfatı, xalqa dəyən maddi və mənəvi zərər barədə ətraflı bəhs olunub.

Yazıda keçmiş sovet ordusunun yardımı ilə erməni silahlılarının Xocalı şəhərində törətdiyi vəhşiliklər öz əksini tapıb. Xocalı soyqırımı zamanı 63-ü uşaq və 106-sı qadın olmaqla 613 nəfərin vəhşicəsinə öldürüldüyü barədə məlumat verilərək, bu hadisənin XX əsrin ən dəhşətli cinayətlərindən hesab olunduğu vurğulanıb, faciə İkinci Dünya müharibəsi zamanı nasistlərin həyata keçirdiyi cinayətlərlə müqayisə olunub.

 

UKRAYNA

 

İslam Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin təşəbbüsü ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Ukraynanın müxtəlif vilayət və şəhərlərində keçiriləcək silsilə tədbirlərə Kiyev şəhərində Qolodomor abidə kompleksinin ziyarət edilməsi ilə start verilib.

Əllərində "Xocalıya ədalət!", "Erməni terroruna son qoyulsun!" şüarları ilə Kiyev şəhərinin mərkəzi meydanından Qolodomor abidə kompleksinin önünədək yürüş edən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin və Ukrayna Milli Gənclər Hərəkatının fəalları açıq səmaya Xocalı qurbanlarının sayı qədər - 613 qara şar buraxmaqla, dünya birliyini və beynəlxalq təşkilatları 19 il öncə ermənilərin Xocalı şəhərində törətdiyi soyqırımına siyasi-hüquqi qiymət verməyə səsləyiblər.

Anım mərasimində Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov və birliyin sədr müavini Cavid Hüseynzadə çıxış edərək İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın müxtəlif ölkələrində həyata keçirilən "Xocalıya ədalət" kampaniyasına Ukraynada yaşayan azərbaycanlı gənclərlə yanaşı, ukraynalı gənclərin də qatılmasını dünyada haqqın və ədalətin öz yerini tutması istiqamətində irəliyə atılmış addım kimi dəyərləndiriblər.

Ukrayna Milli Gənclər Hərəkatının Kiyev şəhər təşkilatının sədri Aleksey Zaxarçenko isə ermənilərin 19 il əvvəl Xocalıda dinc əhaliyə qarşı həyata keçirdikləri soyqırımına beynəlxalq təşkilatların və dünya birliyinin siyasi-hüquqi qiymət verməməsini tarixi ədalətsizlik kimi səciyyələndirib.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində Ukraynada keçirilən silsilə tədbirlər BMT-in ATƏT-in Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz yürüşü adıçəkilən qurumlara Ukrayna azərbaycanlı gənclərin hazırladığı qətnamənin təqdim olunması ilə başa çatacaq.

 

QAZAXISTAN

 

Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqı və Xəzər Astana Mədəni Mərkəzi Qazaxıstanın Biznes və Texnologiya Universitetində Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar tədbir keçiriblər. Azərbaycan və Türkiyə səfirliyinin əməkdaşlarının, eləcə də, Azərbaycan, türk, qırğız diasporunun üzvləri, Qazaxıstan ziyalıları və habelə, universitetin müəllim və tələbə heyətinin, azərbaycanlı gənclərin iştirak etdiyi tədbirdə Xocalı soyqırımını əks etdirən foto-stend, kitablar, sənədli film nümayiş etdirilib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra, Qazaxıstan Biznes və Texnologiya Universitetinin prezidenti Seyidqasım Baybekov universitetin nəzdindəki kollecin direktoru Şerim Tuleqenov dünyada Xocalı soyqırımı və buna oxşar terrorların baş verməməsi üçün bütün dünyanın sülhsever xalqlarının terrora qarşı, həmçinin, Xocalı terroruna qarşı birləşərək, yox deməyinin vacibliyini vurğulayıb.

Qazaxıstan Azərbaycanlıları Mədəni Mərkəzləri İttifaqının prezidenti Vidadi Salahov təkcə azərbaycanlı olduqlarına, milli mənsubiyyətlərinə görə məhv edilmiş bir şəhərin və onun insanlarının qanına susamış cinayətkar ermənilərin və rus silahlılarının cinayətinə indiyə kimi göz yumulmasından danışaraq günahkarların "Qarabağ tribunalı" adlı məhkəməyə çəkilmələrinin vaxtının yetişdiyini bildirdi.

Azərbaycanın Qazaxıstandakı səfirliyinin əməkdaşı Nizami Rüstəmov 1991-ci ildən etibarən blokadada yaşayan Xocalı sakinlərinin acı aqibətindən danışdı, yalnız Ümummilli Lider Heydər Əliyevin təkidindən sonra 1994-cü ildə Xocalı qətliamına siyasi qiymət verildiyini deyib. Qazaxıstan Azərbaycan Dostluq Assosiasiyasının sədri Asxad Şakirov öz çıxışında ərazisinin 20 faizi erməni qəsbkarları tərəfindən zəbt olunmuş Azərbaycanın həqiqətləri barədə BMT-nin 4 qətnaməsinə ermənilərin və onların havadarlarının bu günə kimi məhəl qoymadıqlarından təəssüfləndiyini və bunun özünün də bir cinayət olduğunu bildirib.

 

AVROPA

 

Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı Beynəlxalq Diaspor Mərkəzi (BDM) də Avropa ölkələrində bir sıra tədbirlər keçirəcəkdir. "Xocalıya ədalət" kampaniyası çərçivəsində BDM  Milli QHT Forumu ilə birgə Çexiya Respublikasının Massarik Universitetində, fevralın 28-də isə Çexiyanın Brno şəhərindəki Texnologiya Universitetində konfranslar keçiriləcək.

Tədbirlərdə universitetlərin professor, müəllim və tələbə heyəti, Çexiya və Azərbaycan diaspor nümayəndələri iştirak edəcəklər. Xocalı soyqırımına həsr olunmuş çex və ingilis dillərində film nümayiş olunacaq. Həmçinin, Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təqdim olunmuş Xocalı soyqırımı haqqında materiallar konfrans iştirakçılarına paylanacaq.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində BDM-in nümayəndə heyəti Azər-Çex cəmiyyəti və Azərbaycanın Çexiyadakı səfirliyinin dəstəyi ilə Praqa şəhərində keçiriləcək anım tədbirlərinə, həmçinin, fevralın 26-da Vyana şəhərində Azərbaycan səfirliyi və Avstriyada təhsil alan azərbaycanlı tələbələrin birgə təşkil etdiyi "Xocalıya ədalət" yürüşünə qatılacaqlar.

24-28 fevral tarixlərində Çexiya Respublikasının Massarik və Texnologiya universitetlərində BDM və Milli QHT Forumunun birgə təşkil etdiyi konfranslar, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək.

 

FRANSA

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) Strasburq "Azərbaycan Evi" ilə birgə Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı fevral ayının 24-27-də Strasburq şəhərində silsilə tədbirlər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində mitinq keçirməyi nəzərdə tutub.

Tədbirlərdə Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM-in sədri İlham İsmayılov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin diasporla iş üzrə sektor müdiri Qafar Əliyev, millət vəkili Fuad Muradov və Dağlıq Qarabağ Azərbaycanlıları İcması idarə heyətinin üzvü, Xocalı faciəsinin şahidi Cavid Əliyev iştirak edəcək.

Fevralın 26-da Strasburqun Kleber meydanında keçirilməsi nəzərdə tutulan mitinqin möhtəşəm keçəcəyi və ermənilərin mitinqdə insident yaratmaq cəhdləri nəzərə alınaraq, təşkilatçılar tərəfindən Strasburq hüquq-mühafizə orqanlarına rəsmi müraciət olunub.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Strasburqda olan türk təşkilatları - Türk Ailələr Birliyi, COJEP, Türk Dərnəklər Birliyi ilə görüşlər keçirəcək. Daha sonra isə Xocalı ilə bağlı Strasburq Azərbaycan nümayəndəliyində keçirilən tədbirə qatılacaqlar. Fevralın 26-da mitinqdən sonra isə ATXƏM və Strasburq "Azərbaycan Evi"nin təşkil etdiyi "Azərbaycanın Dağlıq Qarabağ problemi və Xocalı" mövzusunda konfrans keçiriləcək.

 

 

Murad İSMAYILZADƏ

 

Səs.- 2011.- 26 fevral.- S. 13.