Beynəlxalq birlik Xocalı
soyqırımına hüquqi qiymət verməlidir
- Bəxtiyar müəllim,
fevralın 26-da Xocalı soyqırımının 19-cu
ildönümü tamam olur. Bu faciə bəşəriyyət
tarixində hansı qanlı izlərlə qalır?
- 20-ci əsrin ən böyük faciəsi, bəşəriyyətə, insanlığa qarşı törədilmiş qətliam olan Xocalı soyqırımının 19-cu ildönümü hazırda həm ölkəmizdə, həm də dünya dövlətlərində anılır. Bu gün bu faciə haqqında danışmaq çox çətindir. Çünki həmin faciənin qurbanlarının-xüsusi qəddarlıqla, amansızlıqla qətlə yetrilənlərin, bətni yarılaraq körpəsi qətlə yetrilənlərin, övladı göz açmamış vəhşicəsinə öldürülən anaların, tanınmaz vəziyyətə salınan ağsaqqaların, ağbirçəklərin faciəsinin şahidi olmuşuq. İnsanların diri-diri yandırılması, tankların tırtılları ilə əzilməsi qan yaddaşımıza köçüb. Azərbaycan xalqına qarşı zaman-zaman belə qətliamlar törədilib. 20-ci əsrin sonunda, sivil bir dünya düzənində belə tükürpədici qətliamın, bəşəriyyətin qanını donduran soyıqırımının baş verməsi ağlasığmazdır.
- Bu qanlı hadisəyə Azərbaycan
dövləti siyasi qiymət verib. Bəs faciəyə
hüquqi qiymətin verilməsi istiqamətində hansı
addımlar atılmalıdır?
- Qeyd etdiyiniz kimi, Azərbaycan dövləti tərəfindən bu qətliama siyasi qiymət verilib. Həmin hadisəni törədən cinayətkarlar da məlumdur. Onların bir neçəsi bu gün Ermənistan dövlətinin rəhbərliyində təmsil olunur. Ona görə də, təsadüfi deyil ki, terrorizm Ermənistanda dövlət səviyyəsində dəstəklənir. Mən düşünmürəm ki, Amerika Birləşmiş Ştatlarında ifşa edilmiş mütəşəkkil erməni cinayətkar dəstəsi də məhz həmin soyqırımı hadisəsini törədənlərlə əlaqəli olmasın. Bunların arasında əlaqə var və o, geniş bir şəbəkədir. Amma nədənsə dünya ictimaiyyəti bu məsələyə çox biganə yanaşır və bu da, ona gətirib çıxarır ki, artıq dünyanın bir çox regionlarında hər gün xeyli sayda terror aktları nəticəsində insanların həlak olmasını müşahidə edirik. Sanki bu hadisələr artıq adiləşib. Amma beynəlxalq təşkilatlar Xocalı soyqırımına xüsusi diqqət yetirsəydi, bu cinayəti törədənlərə qarşı beynəlxalq hüquq çərçivəsində tədbirlər görülsəydi, düşünürəm ki, Dağlıq Qarabağ problemi həll olunardı, Azərbaycanın ərazi bütövlüyü təmin edilərdi. Eyni zamanda, bir çox regionlarda baş verən terror aktlarının qarşısı alınmış olardı. Ona görə də, hesab edirəm ki, biz Xocalı soyqırımının 19-cu ildönümü ərəfəsində haqq səsimizi daha da ucaltmalıyıq. Xocalı soyqırımını 20-ci əsrin sonunda, 21-ci əsrin astanasında bəşəriyyətə qarşı baş vermiş ən dəhşətli soyqırımı kimi tarixə yazmalı və beynəlxalq ictimaiyyət tərəfindən tanınmasına nail olmalıyıq. Beynəlxalq təşkilatlarda, dünya parlamentlərində bu məsələ müzakirə olunmalıdır, bu soyqırımı siyasi qiymətini almalıdır. Bununla paralel olaraq məsələ beynəlxalq məhkəmələrə həvalə edilməli və qətliamı törədənlər cəzalarını almalıdırlar. Çünki cinayət cəzasız qalanda, o, daha böyük fəlakətlərə gətirib çıxarır.
- Son vaxtlar dünyanın bir
sıra böyük dövlətləri öz vətəndaşlarına
Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
ərazilərinə səfər etməməyi məsləhət
görürlər. Sizcə, bu fakt artıq beynəlxalq
birliyin işğalçı Ermənistana qarşı
başlanmış təzyiq kampaniyası kimi dəyərləndirilə
bilərmi?
- Azərbaycan dövlətinin həyata keçirdiyi qətiyyətli və ardıcıl siyasətin nəticəsidir ki, beynəlxalq aləmdə bu siyasətin bəhrələri görünməyə başlayıb. Artıq bir çox dövlətlər xarici işlər nazirlikləri səviyyəsində öz vətəndaşlarına, hüquqi və fiziki şəxslərə, QHT-lərə xəbərdarlıq edirlər ki, Azərbaycanın Dağlıq Qarabağ ərazisinə səfər etməkdə ehtiyatlı olsunlar və ümumiyyətlə, səfər etməsinlər. Bunun iki mənası var. Birincisi, bu, artıq etiraf etməkdir ki, dövlətlər Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul edirlər, ərazi bütövlüyümüzü bu çərçivədə tanıyırlar, ikincisi, işğal faktını dolayı yolla bir daha vurğulayırlar. Hesab edirəm ki, yaxın zamanlarda istər BMT Təhlükəsizlik Şurasının qəbul etdirdiyi qətnamələr, istər Avropa Şurasının, istər ATƏT-in, istər də Avropa Parlamentində qəbul edilmiş sənədlərin həyata keçirilməsi mərhələsinə başlanacaq. Hansı ki, o sənədlər Azərbaycanın ərazi bütövlüyünü təsdiq edir, Ermənistanın silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağ və yeddi rayonun işğal olunmasını bildirir və işğalçı qoşunların o ərazilərdən çıxarılmasını tələb edir.
Bu gün Azərbaycanın qüdrətli ordusu var. Ali Baş Komandan, cənab Prezident ordu quruculuğuna xüsusi diqqət yetirir və Azərbaycan Ordusu gücləndikcə düşmənlə danışmaq da asanlaşır. Biz istəmirik ki, yenidən müharibə alovlansın. Ermənistanın bugünkü siyasi rəhbərliyində olan cinayətkarlar yenə də Azərbaycanı təhdid edirlər, Azərbaycana qarşı hərbi bəyanatlarla çıxış edirlər. Təbii ki, sülh danışıqları nəticə verməsə, başqa yolumuz yoxdur. Bu gün Azərbaycan ordusu elə bir gücə malikdir ki, nəinki işğal olunmuş ərazilərimizi azad edə bilər, hətta vaxtilə ermənilərə dövlət qurmaq üçün bəxşiş edilmiş Göyçəni, Zəngəzuru və digər yerləri azad etmək iqtidarına malikdir. Amma biz başqalarının torpağına göz dikmirik, yalnız işğal altında olan ərazilərimizi rəşadətli Azərbaycan Ordusunun qüdrəti ilə azad edəcəyik.
- Son illər Xocalı
soyqırımı ilə bağlı Azərbaycan dövləti,
eləcə də, diaspor təşkilatlarımız xaricdə
böyük tədbirlər keçirirlər. Bu baxımdan, həmin
tədbirlər faciənin beynəlxalq müstəvidə həqiqi
qiymətini alması üçün nə dərəcədə
rol oynaya bilər?
- Bu tədbirlərlə biz beynəlxalq təşkilatlardan, dünya dövlətlərindən obyektiv olmağı, erməni vəhşiliyinə münasibət bildirməyi tələb edirik. İstər Xocalı soyqırımının dünyada tanınması, istər Azərbaycanın torpaqlarının işğaldan azad olunması, istərsə də, qaçqın-köçkünlərimizin hüquqlarının bərpası məsələsi dövlətimiz tərəfindən başlıca məsələ kimi diqqətdə saxlanılır və bu problemlərin həlli yönündə siyasət davam etdirilir. Təbii ki, bu prosesdə diaspor təşkilatlarımız da son illər fəallaşıblar.
Xüsusilə, qeyd etmək istəyirəm ki, Heydər Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri, Rusiyadakı AMOR təşkilatının sədri Leyla xanım Əliyevanın təşəbbüsləri təqdirəlayiqdir. Onun təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyasının dünyada geniş əks-sədası var. İstər Şərq, istərsə də, Qərb ölkələrində bu hərəkat geniş vüsət alıb. Bu kampaniya vasitəsilə beynəlxalq təşkilatlarda, dövlətlərdə keçirilən tədbirə qatılan insanlar Xocalı faciəsinin acısını duya biliblər. Və bu iş çox gözəl təşkil olunub, insanlıq baxımından bu məsələyə qiymət verilib və diqqətə çatdırılıb ki, bəşəriyyətə qarşı həyata keçirilən bu qətliam yenə də təkrar oluna bilər. Biz çalışmalıyıq ki, Xocalı faciəsi dünyada öz həqiqi qiymətini alsın ki, gələcək də bəşəriyyət ikinci bir faciə ilə qarşılaşmasın. Leyla xanım Əliyevanın bu işinə geniş dəstək verməliyik. Biz hadisələrin şahidi olmamış yetişməkdə olan gənc nəsli düzgün məlumatlandırmalıyıq. Beləliklə də, bu hadisələri tarixin ibrət dərsi kimi dəyərləndirib, beynəlxalq ictimaiyyəti hadisələrə düzgün yanaşmağa sövq etməliyik.
- Bəs Azərbaycanda bu məsələlərin
təbliğ olunmasında kütləvi informasiya vasitələrinin
fəaliyyətini necə qiymətləndirmək
mümkündür?
- Ölkəmizin mətbuatı bu yöndə iş aparır. Vaxtaşırı olaraq KİV-lərimiz faciələrimizlə bağlı mövzulara yer verir. Amma hesab edirəm ki, KİV-lər bu məsələyə diqqəti daha çox artırmalıdır. Təəssüflə deməliyəm ki, bəzi televiziyalarımız üçün Azərbaycan sanki müharibə vəziyyətində olan ölkə deyil, sanki belə dəhşətli bir faciənin ildönümü ərəfəsində deyil. Elə şou proqramlar təşkil edirlər ki, onlar bilavasitə milli mənəviyyatımıza ziddir, xalqımızın adət-ənənələrinə hörmətsizlikdir. Və bu da son nəticədə Azərbaycan xalqı, Azərbaycan dövləti haqqında mənfi imic formalaşdırmağa xidmət edir. Belə bir mühitdə gənclərimizə vətənpərvərlik ruhu aşılamaq çətinliyi yaranır, onların vətənpərvərlik ruhu öldürülür. Bu, çox təhlükəli bir tendensiyadır. Təsəvvür edin ki, Xocalı faciəsində ailə var ki, ən son üzvünə kimi canını qurban verir, torpağından bir addım da olsun geri çəkilmir, amma bəzi telekanallarda Azərbaycan ailəsi gülünc vəziyyətə salınır, məsxərə obyektinə çevrilir və dünyanın ən çox dəyər verdiyi Azərbaycan ailəsi eybəcər sosial institut kimi təqdim olunur. Hansı ki, bu ailə çox möhkəm, sağlam ailədir və dünyaya nümunə olacaq bu institut, gözəl ailə münasibətləri əsrlərdir ki, qorunub saxlanır.
Telekanallardakı
mənfi tendensiyanın nəticəsidir ki, Azərbaycan ailələrində
də problemləri yaranır və gənclərdə
düzgün olmayan təsəvvürlər formalaşır.
Bu isə başımıza gətirilən faciələrə
biganəlik yaradır. Çox arzu edərdim ki, bizim
televiziyalarımızda faciələrimizə kampaniya kimi
deyil, xüsusi diqqət yetirilsin. Bu faciələrin
başvermə səbəbini araşdırmalıyıq,
qarşısının alınması üçün
hansı işlər görülməli, qan
yaddaşımızın qorunub saxlanılması, tarixdən
ibrət dərsləri götürmək yolları aranıb
axtarılmalıdır. İstərdim ki, televiziyalarımız gənc nəslin vətənpərvər ruhda tərbiyə
olunması, Azərbaycan ailəsində sağlam mühitin
formalaşması, adət-ənənələrimizin
yaşaması, Azərbaycanda gedən uğurlu quruculuq işlərinin
tərənnüm edilməsi, ölkəmizin firavan bir ölkəyə
çevrilməsinin təbliğatçısına
çevrilsinlər.
Səs.- 2011.- 25 fevral.- S. 7.