Neft strategiyasının nəticələri
Azərbaycanda neft gəlirlərinin qeyri-neft sektoruna
yönəldilməsi kompleks inkişafın əsasını
qoyub
Dünyanın gündəmində
hazırda ən çox müzakirə olunan məsələ
yanacaq və energetika problemidir. Daha doğrusu, dünya
bazarında neftin qiymətinin psixoloji həddi (100$-ı)
keçməsi ümumi iqtisadi sabitliyi təhlükə
altına alır və bahalaşma yaradır. Son vaxtlar bu sahədə
durum bir qədər də mürəkkəbləşib.
Enerjiyə olan tələbatın getdikcə artması bu sahələri
ölkələrin iqtisadi siyasətində əsas prioritetə
çevirib.
Neft strategiyası inkişaf erasının təməlini
qoydu
Dünyada neft-qaz
ehtiyatları ilə zəngin olan ölkələrdən biri
də Azərbaycandır. Nefti dünya tarixində sənaye
üsulu ilə çıxaran Azərbaycanın potensial
neft-qaz ehtiyatları təsdiq olunmuş həcmdən xeyli
çox proqnozlaşdırılır. Nəzərə alsaq
ki, perspektiv yataqlar və hələ kəşf
olunmamış ehtiyatlar da az deyil, o zaman Azərbaycanın
dünya enerji sistemində nə dərəcədə
mühüm rol oynayacağını təxmin etmək
mümkündür.
Ölkəmizdə neft
istehsalı ötən yüz ildə respublikanın tələbatını
ödəməklə müəyyən qədər də
ixrac olunmağa kifayət edirdi. İldə orta hesabla 10 milyon
ton neft çıxarılırdı və bunun da 7-8 milyonu
daxili tələbatı üçün kifayət edirdi. 2-3
milyon ton neft icracı isə Azərbaycana o qədər də
böyük maliyyə vəsaiti gətirmirdi. Nəzərə
alsaq ki, həmin vaxt dünya bazarında neftin qiyməti 20-25
dollar ətrafında dəyişirdi gəlirlərin
azlığını təxmin etmək olar.
90-cı illərin
ortalarında Ulu Öndər Heydər Əliyev tərəfindən
yeni neft strategiyasının əsası qoyulub və yeni əsrin
başlanğıcında durum kökündən dəyişməyə
başladı. Məlum olduğu kimi, 1994-cü il sentyabrın
20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən
11 iri neft şirkəti ilə Azərbaycan Respublikası
Dövlət Neft Şirkəti arasında Xəzərin Azərbaycan
sektorunda yerləşən "Azəri",
"Çıraq" yataqlarının və "Günəşli"
yatağının dərinlikdə yerləşən hissəsinin
kəşfiyyatı, işlənməsi və hasilatın pay
bölgüsünə dair saziş imzalandı. Bu saziş və
onun uğurla həyata keçirilməsi Azərbaycanda yeni
inkişaf erasının əsasını qoydu.
Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin iştirakı və
xeyir-duası ilə imzalanan həmin neft sazişi sonradan "Əsrin
müqaviləsi" adı ilə tanındı. Bu tarixi
saziş ölkəmizin neft sənayesini bütün xarici
şirkətlər üçün açıq elan etdi, Azərbaycanda
əlverişli investisiya mühiti üçün şərait
yaratdı. Bununla da Azərbaycanın neft sənayesi yeni
inkişaf dövrünə qədəm qoydu.
Ötən il 51 milyon ton neft, 27 milyard kubmetr qaz hasil
edilib
Ötən dövrdə Azərbaycanın
neft sənayesinin infrastruktur imkanları xeyli
yaxşılaşdırılıb, Xəzər dənizinin dərinliklərində
kəşfiyyat işləri aparmağa qadir olan üzən
qazma qurğuları, ən müasir, dünya standartlarına
cavab verən platformalar quraşdırılıb, sualtı
neft kəmərləri çəkilib, xam nefti qəbul edib
texnoloji emal prosesindən sonra ixrac sisteminə vurmaq
üçün nəhəng terminal, alternativ nəql
marşrutları yaradılıb.
Bütün bunlar Azərbaycanda
rekord miqdarda neft və qaz hasilatına imkan yaradıb, ölkəmizin
ixrac potensialının xeyli artmasına səbəb olub. Nəticədə
Azərbaycan özünün enerji təhlükəsizliyini
tam təmin edib, ölkəmizin iqtisadi qüdrəti xeyli
artıb.
"Azəri-Çıraq-Günəşli"
layihəsi çərçivəsində və digər
layihələrdə neft və səmt qazı hasilatı
getdikcə artır. Beləliklə də, ölkəmizin
ixrac imkanları genişlənir. Bu tendensiya 2010-cu ildə də
davam edib, Azərbaycanın yeni neft strategiyasının
reallaşdırılması istiqamətində mühüm
addımlar atılıb.
Prezident İlham Əliyev
hökumətin ötən ilin yekunlarına həsr olunmuş
müşavirəsində 2010-cu ildə neft-qaz sektorunda əldə
olunmuş nəticələrə diqqət çəkərək
bildirib: "Bizim iqtisadiyyatımız üçün əsas
olan sektorda- neft-qaz sektorunda keçən il bütün planlar
yerinə yetirildi. 51 milyon ton neft hasil edildi ki, onun da
böyük hissəsi ixrac olundu. 27 milyard kubmetr qaz hasil edildi.
Hesab edirəm ki, bu il
qazın hasilatı və ixracı daha da artmalıdır.
Keçən il Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən
böyük qaz yatağı aşkar edilmişdir.
"Ümid" yatağı bizim qaz potensialımıza əlavə
həcm gətirir. Artıq bizim təsdiq edilmiş qaz
ehtiyatlarımız 2,2 trilyon kubmetrdir. Ümid edirəm ki, bu
il və gələn il aparılacaq kəşfiyyat nəticəsində
bu rəqəm daha da artacaqdır".
Ölkəmiz
neft strategiyasının bəhrələrini
yaşamaqdadır
Təhlillər göstərir
ki, əgər Azərbaycan ildə 40 milyon ton neft
çıxararsa, aşkar olunmuş ehtiyatlar ölkəyə
ən azı 100 il kifayət edər. Onu da nəzərə
almaq lazımdır ki, ölkənin təkcə Abşeron
yarımadasında və Xəzərin Azərbaycan sektorunda
deyil, həm də bir sıra bölgələrdə də
neft-qaz ehtiyatları var. Bununla belə, hasilat 50-60 milyon ton
civarında olarsa, onda ölkədə adambaşına
düşən neft hasilatı 7,5 ton təşkil edəcək
ki, bu da inkişaf etmiş dövlətlər səviyyəsinə
uyğun bir göstəricidir.
Elmi hesablamalara görə, əsrin
sonunadək neft dünyada başlıca enerji mənbəyi olaraq
qalacaq. Bu, ilk növbədə, hasil edilən neftin 70%-dən
çoxunu istehlak edən nəqliyyat sahəsinə aiddir. Bir
sıra ölkələrdə isə neft ehtiyatları
azalmaqdadır. Bu prosesdə Azərbaycanın bəxti gətirir:
neft istehsalımız artır, dünya bazarında neft
bahalaşır.
Dünya iqtisadi sistemində
neftin və qazın nə dərəcədə ciddi rol
oynadığına nəzərə salanda, Ümummilli Lider
Heydər Əliyevin nə üçün neft
strategiyasını Azərbaycanın strateji inkişaf
konsepsiyasının əsası hesab etdiyini dərk etmək
olur. Ölkəmiz bu strategiyanın bəhrələrini
yaşamaqdadır.
Dünyada neftin qiymətinin
sürətlə artması və buna paralel olaraq ölkədə
neft istehsalının sürətlə yüksəlməsi Azərbaycana
külli miqdarda vəsaitlər qazandırır. Prezident
İlham Əliyevin dediyi kimi, Azərbaycan artıq təkcə
hazırkı nəslin deyil, həm də gələcək nəsillərin
firavan həyatını indidən təmin edib.
Azərbaycanda son illər
milli gəlir ildə orta hesabla 13-15% artır. Bu artım templəri
isə Beynəlxalq Valyuta Fondunun (BVF) ölkəmizlə
bağlı verdiyi proqnozlara uyğundur. Bu, özlüyündə
əhalinin yaşayış səviyyəsinin yüksəlməsini
və ölkənin iqtisadi qüdrətini göstərən
amildir.
Neft gəlirlərinin çoxu qeyri-neft sektorunun inkişafına yönəldilir
Hökumətin neft gəlirlərindən
istifadə edərək, qeyri-neft sektorunu inkişaf etdirmək
cəhdləri beynəlxalq iqtisadi və maliyyə təşkilatları
tərəfindən təqdir olunur. Ümumi daxili məhsulun
artımı və MDB-də investisiya qoyuluşu məsələsindəki
birincilik özünü sosial inkişafda, əhalinin sosial vəziyyətinin
həmin artımlara uyğun yaxşılaşmasında göstərir.
Əgər hökumət
neft sektorundan qazanılan pulları qeyri-neft sektorunun, yerli
istehsalın inkişafına yönəltməsəydi, bu
özünü yeni iş yerlərinin açılmasında,
orta əməkhaqqının yüksəlməsində, əhalinin
yaşayış səviyyəsinin qalxmasında göstərməzdi.
Azərbaycanda nefdənkənar
sənaye sahələri, yerli istehsal hazırda sürətli
inkişaf dövrünə qədəm qoyur, yerli məhsullar
xarici bazarlara daha çox çıxarılır. Neft gəlirləri,
həmçinin, ölkənin abadlaşdırılmasında
və müasir infrastrukturun yaradılmasında öz
sözünü deyir.
Azərbaycan aqrar ölkəsi
sayıldığı və özünün əksər
növ kənd təsərrüfatı məhsulları
istehsal etmək imkanları olduğu halda, hələ də bəzi
ərzaq məhsulları xaricdən idxal edilir. Bu məhsulları
öz tələbatına uyğun həcmdə Azərbaycan
özü həm istehsal, həm də ixrac da edə bilər.
Məhz buna görə də,
Azərbaycan Prezidenti İlham Əliyevin göstərişləri
ilə hökumət kənd təsərrüfatına əvvəlkindən
daha çox diqqət yetirir. Bu da özlüyündə
ölkənin regionlarının inkişafı
üçün əlavə stimul yaradır. Azərbaycan
iqtisadiyyatının digər sektorlarının inkişaf
etdirilməsi həm də neftdən
asılılığın azaldılması ilə nəticələnə
bilər.
Beləliklə, Azərbaycan
neft sektorunun sürətli inkişafı ilə böyük
irəliləyişlər əldə edib ki, bu da ümumi
iqtisadi tərəqqinin əsasını qoyub. Neft sektorundan əldə
edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına
yönəldilməsi isə yeni bir prosesə təkan verib. Bu,
davamlı və kompleks
inkişaf konsepsiyasıdır.
Elçin Bayramlı
Səs.- 2011.- 25 fevral.- S. 8.