Korrupsiyaya qarşı genişmiqyaslı mübarizə başlayıb

 

Vətəndaşların korrupsiya hüquqpozmaları ilə əlaqədar müraciətləri üzrə qəti tədbirlər görülür. Baş Prokurorluqdan SİA-ya verilən xəbərə görə, Beyləqan rayonunun Mil qəsəbə sakini İsmayılov Natiq İsmayıl oğlunun rayon icra hakimiyyəti başçısının Mil qəsəbəsi üzrə nümayəndəsi Quliyev Ceyhun Mehman oğlu tərəfindən vəzifəsindən sui-istifadə edilməklə saxtakarlıq etməsi barədə müraciəti Beyləqan rayon prokurorluğunda araşdırılıb.

Müəyyən edilib ki, Ceyhun Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə 2008-2009-cu illərdə atası Mehman Quliyev və anası Tovuz Quliyevanın, həmçinin Hacıyev Süleyman Səməd oğlu və qeyrilərinin adına olan torpaq sahələrində buğda əkilmədiyi halda, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə həmin torpaq sahələrində guya buğda əkilməsinə dair saxta aktlar tərtib edərək, dövlət büdcəsindən kənd təsərrüfatının inkişafı məqsədi ilə fermerlerə ayrılmış 2.0 min manatdan artıq pul vəsaitini qeyd edilən şəxslərin adına verilmiş bank kartlarından istifadə etməklə əldə edərək mənimsəyib. Bundan başqa o, həmkəndlisi Məmmədova Rübabə Maqsud qızı və onun ailə üzvlərinin məcburi köçkün olması barədə rayon paylayıcı elektrik şəbəkəsinə təqdim etdiyi rəsmi arayışa bilə-bilə yalan məlumatlar daxil etməklə 2007-2010-cu illərdə elektrik enerjisindən istifadəyə görə hər birinin ayda 150 kv/saat üçün pul ödəməkdən azad edilmələrinə şərait yaradıb. Faktla bağlı Ceyhun Quliyevin barəsində 21 fevral 2011-ci il tarixdə Beyləqan rayon prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4 (mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb. "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətin Zərdab filialının rəisi Abdullayev Nağı Saday oğlunun həmin filialın sabiq baş mühasibi və iqtisadçısı Mehrəliyeva Gülxar Şirin qızının qanunsuz hərəkətləri barədə müraciəti üzrə Zərdab rayon prokurorluğunda araşdırma aparılıb. Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2009-cu il tarixli "Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında" Fərmanının tələblərinə uyğun olaraq müraciətdə göstərilən halların mütəxəssislər cəlb edilməklə yoxlanılması haqqında qərar qəbul edilərək icra edilməsi üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilib.

Araşdırmalarla müəyyən edilib ki, "Azərpoçt" MMC-nin Zərdab filialının sabiq rəisi Abdulxalıqov Məmmədağa Sadiq oğlu və baş mühasibi Mehrəliyeva Gülxar Şirin qızı tərəfindən işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib işçilərə əmək haqqının artıq hesablanması, xəzinədən əsassız olaraq artıq pul silinməsi və digər sui-istifadə hallarına yol verməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm ziyan vurublar. Fakt üzrə 11 fevral 2011-ci il tarixdə Zərdab rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət işi başlanıb. Bundan başqa, Bərdə rayon baytarlıq idarəsinin rəisi Zeynalov Alim Yusif oğlunun, həmin idarənin sabiq rəisi Mehman İsmayılov tərəfindən 2007-2008-ci illərdə idarənin inzibai binasının təmiri zamanı görülən işlərin həcminin artırılması, hesabatlarda təhriflərə yol verilməsi barədə müraciəti Bərdə rayon prokurorluğunda araşdırılıb.

 

 

Səs.- 2011.- 2 5 fevral.- S. 9.