Xocalı qətliamı beynəlxalq
hüquq normalarına qarşı yönəldilmiş
amansız cinayətdir
Əsrin Xirosimo, Xatın və Xocalı faciələri
bəşəriyyətin ən qanlı tarixidir
Xocalıda ermənilərin
törətdikləri soyqırım XX əsrin ən dəhşətli
və qəddar faciələrindən biri kimi tarixə
düşüb. Xocalı faciəsi tarixdə bizə məlum
olan Xatın, Liditse, Sonqimı faciələrindən də dəhşətli
faciə hesab edilir. Çünki Xocalı faciəsi iki
yüz ilə yaxın bir müddətdə erməni
şovinist-millətçiləri tərəfindən azərbaycanlılara
qarşı müntəzəm olaraq həyata keçirilən
etnik təmizləmə və soyqırımı siyasətinin
davamı və ən qanlı səhifəsidir.
lkə ictimaiyyətinin
nümayəndələri siyasi partiya təmsilçiləri,
millət vəkilləri Azərbaycan yüzilliklər boyu
xalqının başına gətirilən faciələrdən
bəhs edərək, bu yaşanmış qanlı tarixdən
böyük ibrət götürməyin vacibliyini
vurğulayıblar. Bizimlə həmsöhbət olan Yeni Azərbaycan
Partiyası təmsilçiləri, partiyanın rayon təşkilat
sədrləri Xocalı soyqırımına aparan yoldan,
soydaşlarımıza qarşı həyata keçirilən
ağlasığmaz vəhşiliklərdən bəhs etdilər.
İsa Həbibbəyli:
"Xocalı faciəsi Ermənistanın Dağlıq
Qarabağdakı işğalçılıq siyasətinin
gedişində azərbaycanlılara qarşı
soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisidir"
1992-ci il fevralın 25-dən 26-na keçən gecə xüsusi qəddarlıqla törədilmiş Xocalı soyqırımı erməni şovinist-millətçilərinin azərbaycanlılara qarşı iki əsrdən artıq müddətdə həyata keçirdikləri etnik təmizləmə siyasətinin davamı, qanlı səhifəsidir deyən Milli Məclisin üzvü İsa Həbibbəyli Xocalı faciəsinin Ermənistanın Dağlıq Qarabağı işğal etmək məqsədilə apardığı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin miqyasca ən dəhşətlisi olduğunu bildirib. Qeyd edib ki, tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəsb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri erməni separatizminin qurbanı oldu. "Həmin gecə erməni cəlladları Xankəndində yerləşən sovetlərdən qalma 366-cı alayın yaxından köməkliyi ilə Xocalıya soxulub qəsəbəni tamamilə yandırdılar. Kərkicahanın, Malıbəylinin, Meşəlinin ardınca tarixdə misli-bərabəri olmayan Xocalı müsibəti baş verdi. Bu faciə XX əsrin Xatın, Sonqmi və Xirosima müsibətlərindən də dəhşətli idi. İ.Həbibbəyli 1992-ci il yanvarın 28-də Ağdam-Şuşa reysi ilə uçan mülki vertolyotun Xankəndidən atılan raketlə vurulmasından sonra Xocalı ilə hava əlaqəsinə də tamamilə son qoyulduğunun bildirdi. Hətta 1992-ci il yanvarın 2-dən Xocalıya elektrik enerjisinin verilməsinin də dayandırıldığını bildirən millət vəkili şəhər büsbütün təcrid olunaraq taleyin ümidinə buraxıldığını da vurğuladı. Fevralın ikinci yarısından etibarən isə Xocalı dörd bir yandan erməni yaşayış məntəqələrindən intensiv artilleriya atəşinə məruz qalırdı deyən İ.Həbibbəyli şəhərin mühasirədən çıxarılması üçün kağız üzərində çeşidli planların cızılmasına baxmayaraq, onların heç biri gerçəkləşmədiyini də qeyd etdi.
Tahir Rzayev: "Xocalının
ağır durumunda Ayaz Mütəllibov hakimiyyəti xalqa
heç bir köməklik göstərmədi"
1992-ci ilin əvvəllərindən Xocalıdakı ağır durum daha da kritikləşmişdi və insanlar tamamilə təlatüm içində yaşayırdılar deyən Milli Məclisin üzvü Tahir Rzayev o dövr hakimiyyət başında olanla- rın isə Xocalıdakı vəziyyətin normal axarında getdiyini iddia etdiklərini vurğuladı. Bildirdi ki, faciə baş verməzdən bir neçə gün öncə Xocalıda çoxlu sayda silah-sursatın olduğunu söyləyirdilər. Amma bütün bunlar tamamilə uydurma, cəmiyyəti aldatmaqdan başqa bir şey deyildir deyən T.Rzayev Xocalı sakinlərinin faciə baş verən günə qədər əhalinin tamamilə əliyalın bir vəziyyətə gətirildiyini də söylədi. Qeyd etdi ki, həmin vaxt Xocalı şəhəri müxtəlif istiqamətlərdən ermənilər tərəfindən daim atəş altında saxlanılırdı. "O dövrlər Xocalıda fəaliyyət göstərən könüllülərdən ibarət dəstələr əhaliyə müəyyən dərəcədə köməkliklər etmələrinə baxmayaraq, düşmən qarşısında olduqca az tərkibdə və yüngül silahlarla dayanmaq mümkün deyildi. Ayaz Mütəllibov hakimiyyəti tərəfindən əhalidən ov tüfənglərinin belə yığılması insanları düşmən qarşısında əliyalın qoymuşdu. Xocalı sakinləri isə düşmənə asanlıqla təslim olmaq istəmirdi. Onlar ardıcıl olaraq ölkənin ən yüksək dairələrinə silah və hərbi texnika üçün müraciət edirdilər. Amma çox təəssüf və təəccüblər olsun ki, xalqına ağır durumda belə köməklik göstərə bilməyən A.Mütəllibov hakimiyyətinin yarıtmaz ünsürləri Xocalıya heç bir yardım etmədilər. Məhz bu köməkliyin edilməməsi, düşmənin qarşısını kəsmək, ona hər hansı bir formada cavab verilməməsinin nəticəsində Xocalıda böyük insan qırğını ilə müşahidə edilən soyqırımı həyata keçirildi" deyən millət vəkili azğınlaşmış düşmənin ölkəmizin dilbər guşələrindən biri olan Xocalı şəhərini tamamilə işğal edərək, viran qoyduğunu bildirdi. Amma xalqımızın başına gətirilən bu müsibətlərin, axan qanların heç vaxt yerdə qalmayacağını Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad ediləcəyini bildirən T.Rzayev erməni qəsbkarlarına ən ağır zərbənin də məhz onda vurulacağına, tarixi torpaqlarımızın azad ediləcəyi və şəhidlərimizin ruhunun şad olacağı günün heç də uzaqda olmadığını da diqqətə çatdırdı.
Qalib Salahzadə: "Serj Sarkisyan
deyirdi ki, Xocalıya qədər azərbaycanlılar hesab
edirdilər ki, biz dinc əhaliyə atəş
açmarıq. Düşünürdülər ki, ermənilər
dinc əhaliyə əl qaldırmağı bacarmazlar. Biz bu
stereotipi qırdıq "
Erməni qəsbkarları Xocalıda dinc əhaliyə divan tutub, onları xüsusi qəddarlıqla qətlə yetirməklə bir sıra məqsədlər güdürdülər deyən millət vəkili Qalib Salahzadə onların azərbaycanlılar arasında təşviş yaradıb, ermənilərin hücumlarına müqaviməti zəiflətmək, ümumiyətlə isə, Azərbaycan cəmiyyətini iflic vəziyyətinə salmaq və mümkün qədər çox ərazisini işğal etmək niyyətində olduqlarını vurğuladı. Bildirdi ki, bu faktları Xocalıya basqın edən səhra komandiri, hazırda isə Ermənistanın prezidenti olan Serj Sarkisyan özü etiraf edib. O bildirib ki, S.Sarkisyan açıqlamasında "Xocalıya qədər azərbaycanlılar hesab edirdilər ki, biz dinc əhaliyə atəş açmarıq. Düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldırmağı bacarmazlar. Biz bu stereotipi qırdıq". "Bu açıqlamanı isə cinayətkar S.Sarkisyan ötən il Böyük Britaniyanın Beynəlxalq Münasibətlər İnstitutunda çıxışı zamanı verib. Eyni zamanda, onun belə bir cinayəti etiraf etməsi hətta dünya ictimayyətini məsxərəyə qoymaq deməkdir. Xocalı qətliamının törədilməsində birbaşa məsuliyyət daşıyan keçmiş səhra komandirinin dilində səsləndirilən "soyqırımı və mənəvi məsuliyyət" kimi sözlər təkcə riyakarlığın zirvəsi deyil, bu, həm də simvolikadır, rəmzilikdir. Bu, həm də Avropa qitəsinin mərkəzində, səhra komandiri və Bosniya serblərinin keçmiş prezidenti Radovan Karaciçin məhkəməsini təşkil edən və eyni zamanda, həmin qəbildən olan cinayətləri törədən Sarkisyanın Avropanın digər bir mərkəzində - mötəbər tribunadan çıxışına imkan verən beynəlxalq qurumların qeyri-mükəmməlliyinin və zəifliyinin rəmzidir".
Aydın Hüseynov:
"Xalqının yaddaşından heç zaman silinməyəcək
bu faciə bizim XX əsrdə yaşadığımız ən
böyük faciələrdən biridir"
Xocalı faciəsi baş verən müddətə qədər Azərbaycanın əsas ərazisi ilə əlaqəsi kəsilmiş, çox az sayda avtomat silah və ov tüfəngi ilə silahlanmış özünümüdafiə dəstəsi olan Xocalı şəhəri ətrafında ən düşmən müasir texnika ilə təpədən-dırnağa qədər silahlandığını bildirən Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov ermənilər tərəfindən Xocalı şəhərinə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə xalqımıza qarşı böyük bir vəhşiliyin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, Xocalıya hücumda iştirak edən erməni hərbçiləri Seyran Ohanyan və digərləri dinc əhaliyə qarşı olduqca amansız divanlar tutmaqla yanaşı, bütün müasir hərbi texnika və vasitələrdən də istifadə ediblər: "Azərbaycan xalqının yaddaşından heç bir zaman silinməyəcək bu faciə bizim XX əsrdə yaşadığımız ən böyük faciələrdən biridir. Bu, təkcə faciə deyil, faciə kəlməsiylə erməni-rus vəhşiliyini təsvir etmək mümkün deyil! Bu, bir xalqın əsrlərlə yaşadığı torpaqlardan izini silmək üçün, nəslini kəsmək üçün edilmiş bir soyqırımıdır".
Rəfiqə Kamalqızı,
Tapdıq Qurbanlı
Səs.- 2011.- 25 fevral.- S. 11.