Dünya
azərbaycanlılarının III Qurultayına 1272 nümayəndə
seçilib
Diasporla İş üzrə Dövlət
Komitəsindən aldığımız məlumata istinadən,
5 iyul 2011-ci il tarixində Bakıda keçiriləcək
Dünya Azərbaycanlılarının III Qurultayına 1272
nümayəndə seçilmişdir. Qurultayda dünyanın
42 ölkəsindən 579 nümayəndə və 211 qonaq
iştirak edəcəkdir. Ən çox nümayəndə və
qonaqla təmsil olunan ölkələr sırasında Rusiya
Federasiyası 155, Türkiyə 101, Ukrayna 49, Almaniya 43,
Gürcüstan 41, ABŞ 28, İsveç Krallığı
23, Niderland Krallığı 21, İsrail dövləti 17,
Özbəkistan 13, Fransa 12, Böyük Britaniya və
Şimali İrlandiya Krallığı 11, Kanada 10 nəfərlə
təmsil olunmuşlar.
Qurultayda Azərbaycan
Respublikasını ölkənin bütün bölgələrini
əhatə edən dövlət və hakimiyyət
strukturları, qeyri-hökumət təşkilatları, elm, təhsil,
mədəniyyət və digər yaradıcı qurumlar və
siyasi partiyalardan 677 bütün bölgələrindən olan
nümayəndə və 405 qonaq təmsil edəcəkdir.
Qurultay nümayəndələri və
qonaqlar yaşadıqları ölkələrin ictimai, siyasi,
iqtisadi və mənəvi həyatının bütün sahələrində
fəal iştirak edən, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
işinə daim dəstək verən tanınmış alimlər
və ziyalılar, iş adamları, müxtəlif ölkələrin
parlament üzvləri, siyasi və ictimai xadimlər, bir
sözlə, Azərbaycanı sevən, onun
inkişafını və qüdrətinin artmasını
arzulayan insanlardır.
Dünya Azərbaycanlılarının
III Qurultayında ümumilikdə 13 ölkənin parlamentinin
29 deputatının iştirakı planlaşdırılır.
Qurultayda Qırğızıstan
parlamentinin sədri cənab Axmatbek Keldıbekovun,
Gürcüstanın diaspor məsələləri üzrə
dövlət naziri Papuna Davitayanın, Türkiyə
Respublikasının Nazirlər Kabineti yanında Xaricdə
yaşayan Türklər və Qohum Topluluqlar üzrə
Başkanlığın rəhbəri cənab Kemal
Yurtnacın, Moldova Respublikasının Qaqauz Yeri başqanı
cənab Mixail Formuzalın, Rusiya Federasiyası Xarici Ölkələrdə
Yaşayan Həmvətənlərlə və Beynəlxalq Əməkdaşlıq
üzrə Federal Agentliyinin idarə rəisi, general Vladislav
Şvetsovun, Türkiyə Respublikası baş nazirinin
müşaviri cənab Sadettin Kılıcın,
Gürcüstanın Kvemo-Kartli bölgəsinin qubernatoru cənab
David Kirkitadzenin, Türkiyə Respublikasının Kacaeli
Böyük şəhər bələdiyyəsinin
başçısı cənab İbrahim Karaosmanoğlunun,
Dağıstan Respublikasının ədliyyə naziri cənab
Azadi Rəhimovun və başqalarının iştirakı
gözlənilir.
Dünya Azərbaycanlılarının
III Qurultayının ertəsi günü, iyul ayının
6-da Azərbaycan diasporu nümayəndələrinin Azərbaycanın
dövlət və hökumət strukturlarının rəhbərləri
ilə görüşü planlaşdırılır.
Görüşdə Azərbaycanın iqtisadiyyatı, ölkədə
gerçəkləşdirilən layihələr, gənclər
siyasəti, təhsil, mədəniyyət və turizm sahəsində
görülən işlər barədə ətraflı məlumat
veriləcək, Azərbaycan dövlətinin xaricdə
yaşayan həmvətənlərimizin daha da effektiv şəkildə
dəstəkləməsi yolları müzakirə
olunacaqdır.
Dünya Azərbaycanlılarının
III Qurultayına Diasporla İş üzrə Dövlət
Komitəsi bir neçə kitab nəşr etdirmişdir.
Bunlar “Azərbaycan diasporuna dövlət qayğısı
(elektron kitab)”, “Qurultaya hesabat”, “Xaricdə yaşayan azərbaycanlılar
üçün yaddaş”, “Dünya Azərbaycanlılarının
Həmrəylik Xartiyası”, xarici ölkələrdə
yaşayan azərbaycanlı rəssamların həyat və
yaradıcılığından bəhs edən “Biz azərbaycanlıyıq”
kataloqudur.
Dünya Azərbaycanlılarının
III Qurultayında ötən qurultaydan ötən müddət
ərzində görülən işlərə dair hesabat
veriləcək və Azərbaycan diasporunun daha da gücləndirilməsi
yolları müzakirə olunaraq, müvafiq qərarlar qəbul
olunacaq. Toplantıda “Dünya Azərbaycanlılarının
III Qurultayının qətnaməsi”, “Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə
müraciət”, “Dünya azərbaycanlılarına müraciət”,
“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi ilə əlaqədar beynəlxalq təşkilatlara,
xarici ölkələrin parlamentlərinə, dövlət və
hökumət başçılarına müraciət”in qəbul
olunacağı gözlənilir.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının
I Qurultayı Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin təşəbbüsü ilə 2001-ci il
noyabrın 9 və 10-da Bakıda keçirilmişdir. Qurultayda
36 xarici ölkədən 406 nümayəndə və 63 qonaq
iştirak etmişdir. Qurultayda Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının üzvləri
müəyyənləşdirilmiş, Ümummilli Lider Heydər
Əliyev Şuranın sədri seçilmişdir.
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı ilə 2006-cı ilin mart ayının 16-da
Bakı şəhərində Dünya Azərbaycanlılarının
II Qurultayı keçirilmişdir. Qurultayda 49 xarici ölkədən
593 nümayəndə və 388 nəfər qonaq iştirak
etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya Azərbaycanlılarının
Əlaqələndirmə Şurasının sədri
seçilmişdir.
ZÜMRÜD
Səs.- 2011.- 1 iyul.- S. 6.