XXI əsrin
böyük qadını
“Həyatda hər bir kəsin yerini və
taleyini tarix müəyyən edir. Odur
ki, nə böyük, nə də kiçik rollar olmur. Öz
həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk
edilmiş məsuliyyətin imkan verir. Bu kitabda hər bir kəs
özünü şəxsi həyatının və
dünyanın qurub-yaradıcısı, yaxud
dağıdıcısı kimi təcəssüm etdirir. Kimsənsə,
elə də olmalısan - bax, budur bizim həyatımız.
Ona görə də özgələrin rollarını və
obrazlarını gərək öz üzərinə
götürməyəsən. Çünki sən də,
dünyada yerin də yeganə və bənzərsizdir”.
MEHRİBAN ƏLİYEVA
Bu günlərdə Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO
və İSESKO-nun xoşməramlı səfiri Mehriban
xanım Əliyevaya Krans Montana Forumunun Qızıl Medalı təqdim
olunub. Brüssel şəhərində təqdim edilən Krans Montana Forumunun qızıl
medalı dünyada öz fəaliyyəti ilə böyük
nüfuz qazanmış xüsusi xidmətləri olan insanlara
verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun
qızıl medalına layiq görülməsi Onun mədəniyyət,
elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə
həyata keçirdiyi çoxşaxəli fəaliyyətinin
beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini
bir daha təsdiq edir. Krans Montana Forumunun prezidenti Jan Pol Karteron
da təqdimat zamanı bir daha vurğulamışdı ki, biz
bu mükafatı Mehriban xanım Əliyevaya daha yaxşı
dünya qurmaq üçün göstərdiyi dəyərli
fəaliyyətinə görə veririk.
Bir-birindən vacib və əhəmiyyətli
layihələri həyata keçirərək siyasətçi,
diplomat, ictimai xadim yolunu seçən Azərbaycanın birinci
xanımı Mehriban Əliyevanın himayəsi altında
reallaşan humanitar aksiyaların sayı-hesabı yoxdur.
Qaçqın ailələrindən olan uşaqlara kömək,
diabet və talassemiya xəstəliyindən əziyyət
çəkən balacalara yardım, respublikadakı uşaq
evlərinin və internat məktəblərinin əsaslı
şəkildə yenidən qurulmasına dair möhtəşəm
proqram, Azərbaycanın əsasən kənd yerlərində
yeni məktəb binalarının, səhiyyə müəssisələrinin
tikilməsi, Mehriban xanım Əliyevanın özünün
şəxsən iştirak etdiyi müxtəlif xeyriyyəçilik
aksiyalarının keçirilməsi artıq
çoxdandır ki, ənənə halı almışdır.
Deyirlər insan həyatda vətənini,
yaşadığı zamanı və mənsub olduğu ailəni
seçə bilməz. Bütün bunlar Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın alın
yazısı olsa da həyat yolunu və fəaliyyət dairəsini
o, özü müəyyənləşdirmişdir,
xeyirxahlıq yolunu seçmişdir.
Uşaqlara qayğı və diqqət,
gələcək nəslin fiziki və mənəvi cəhətdən
sağlam böyüməsi Heydər Əliyev Fondunun fəaliyyətində
prioritet istiqamətlərdən biridir.
Uşaqlarımızın xoşbəxt gələcəyi
üçün əlindən gələni əsirgəməyən
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və Yeni il ərəfəsində
müxtəlif orta məktəblərin təhsildə fərqlənən
şagirdləri, uşaq evləri və internat məktəblərində
tərbiyə alan, qaçqın və məcburi
köçkün ailəsindən olan, valideyn himayəsindən
məhrum uşaqlar üçün şənlik təşkil
edilir. Heydər Əliyev Fondunun təhsillə bağlı
qarşıya qoyduğu əsas məqsəd Azərbaycanda bu
sahənin qloballaşan dünyanın tələbləri səviyyəsində
qurulmasıdır. Təhsil sahəsində fondun ən böyük
və irimiqyaslı işi - “Yeniləşən Azərbaycana
yeni məktəb” Proqramı təhsilin səviyyəsinə
birbaşa təsir edən problemlərin həllinə istiqamətlənmişdir.
Bu proqram paytaxtla yanaşı, regionlarda da icra olunur. Heydər Əliyev
Fondunun təhsillə bağlı həyata keçirdiyi
proqramlar sırasında “Təhsilə dəstək” layihəsi
də birbaşa tədrisin keyfiyyətinə təsir göstərən
problemlərin həllinə, məktəblərin əyani vəsaitlə,
şagirdlərin dərs ləvazimatı ilə təmin
olunmasına yönəlmişdir. Fond hər yeni tədris
ilində silsilə aksiyalar keçirməklə bu sahədə
bir sıra problemlərin aradan qaldırılmasına əhəmiyyətli
töhfə verir. Heç şübhəsiz ki, Mehriban
xanım Əliyevanın ən böyük mükafatı
Milli Məclisin deputatı və ictimai xadim kimi xalqın məhəbbətini
qazanmasıdır. Milli Məclisin deputatı olaraq, o, az vaxt ərzində
millət vəkili seçildiyi paytaxtın Xəzər
rayonunu verdiyi vədlərə uyğun olaraq nümunəvi məkana
çevirmişdir. Mehriban xanım Əliyeva xalqın
elçisi adına layiq olduğunu əməlləri ilə
bir daha sübut etmişdir. Mehriban xanımın genişmiqyaslı
amnistiya aktının qəbul edilməsi təşəbbüsü
ilə Milli Məclisə müraciət etməsi onun deputat
kimi fəaliyyətində yaddaqalan məqamlardan biridir.
Azərbaycan xalqının mədəni
irsinin keşiyində duran Mehriban xanım Əliyevanın fəaliyyəti
sayəsində incəsənətimizin bir çox sahələri,
xüsusilə də, muğamlarımız Azərbaycan sərhədlərini
aşaraq dünya miqyasında sevilmişdir. Mehriban xanım Əliyevanın
səyi ilə muğam YUNESKO-nun dünya qeyri-maddi mədəni
irs siyahısına daxil edilmişdir. Bu gün Azərbaycanın
ayrı-ayrı bölgələrində bir çox tarixi abidələrin
və dini məbədlərin bərpa olunması da məhz
Mehriban xanım Əliyevanın adı ilə
bağlıdır. Məscidlər və minarələr
ucaldan Mehriban xanım Əliyeva kilsələrə, sinaqoqlara
da diqqət və qayğı ilə yanaşır. Azərbaycanın
birinci xanımının fəaliyyət göstərdiyi daha
bir sahə ölkənin idman ictimaiyyətinin xahişi ilə
rəhbərliyə gəldiyi Gimnastika Federasiyasıdır. Nəticədə
idmanın bu növündə artıq ciddi dönüş
müşahidə edilir. Bədii gimnastika üzrə Avropa və
dünya çempionatlarının Bakıda keçirilməsi
respublikamızın yüksək idman potensialına malik bir
ölkə kimi müsbət imicinin formalaşmasına
çox ciddi təsir göstərmişdir. Mehriban
xanımın Azərbaycan idmanına qayğısının
bir epizodunu da xatırlamaq yerinə düşərdi. Pekində
keçirilən son Olimpiya oyunlarında qızıl medal
qazanan cüdoçumuz Elnur Məmmədlinin anasına telefon
açaraq, bu ailəni təbrik etməsi Onun sadə və
alicənablığının bariz nümunəsi idi.
Unutmaq olmaz ki, xalqın
qayğılarına öz qayğıları kimi yanaşan
Azərbaycanın birinci xanımı həm də üç
övlad anasıdır. Çoxşaxəli, həmçinin,
gərgin ictimai fəaliyyətinə baxmayaraq, bu gözəl
qadın sözün əsl mənasında, ailəsinin
xanımıdır. Mehriban xanım Əliyeva öz analıq
borcunu da unutmur. Övladlarına dost olmaqla yanaşı,
onları ölkəmizin əsl vətənpərvər vətəndaşları
kimi tərbiyə edir. Azərbaycanın birinci xanımı
dövlətimizin başçısının ən yaxın
silahdaşı kimi xalqımızın rifahı naminə
çətin və gərəkli yoldadır. Bu yol Azərbaycanımıza
yeni uğurlar gətirəcək zəfər yoludur.
RƏFİQƏ
KAMALQIZI
Səs.- 2011.- 1 iyul.- S. 4.