Abadlaşan Cəlilabad...

 

Ölkə başçısı İlham Əliyevin təsdiqlədiyi “2009-2013-cu illərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda regionlarda inkişafı təmin etməli olan kompleks tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Proqramın icrasına başlanılmasından 3 il keçir və regionların sosial-iqtisadi həyatında görülən işlər hazırda davam etdirilir. Maraqlıdır, proqram bölgələrin inkişafında rol oynadımı? Hansı sahələr inkişaf etdi, yeni yerləri açıldımı, əhalinin məşğulluğu artdımı? Regionların sosial-iqtisadi həyatında hansı əsaslı dəyişikliklər baş verdi? Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına  Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi “Regionların sosial-iqtisadi inkişafına dair jurnalist araşdırması” layihəsi əsasında cənub bölgəsində görülmüş işlər barədə material hazırlamaq üçün ilk olaraq Cəlilabad rayonunda olduq.

 

Bir neçə kəlmə Cəlilabad haqda

 

Cəlilabad Azərbaycanın qədim rayonlarından biri sayılır və 1930-ci ildə qurulub, 1967-ci ilə qədər Astraxanbazar adlandırılıb. Cəlilabad rayonun Prişib şəhəri, Üçtəpə, Bəyxanlı, Qarakazımlı, Göytəpə, Ləki kəndləri ölkədə tanınır. Cəlilabad rayonu Biləsuvar, Neftçala, Masallı və Yardımlı rayonları ilə qonşudur. Rayonun ən önəmli təsərrüfat sahəsi üzümçülükdür. Həmçinin, taxılçılıq, kartofçuluq və heyvandarlıq da əhalinin məşğulluğunda mühüm yer tutur.

 

Cəlilabadın sosial siması dəyişir, iqtisadi imkanları artır

 

Cəlilabad dəyişir, getdikcə daha abad, yaraşıqlı məkana çevrilir. Rayon ərazisinə daxil olan andan bu inkişafın şahidi olmaq mümkündür. Köhnə və yeni salınan üzüm bağları  göz oxşayır. Cərgə boyunca çəkilən məftillərə qaldırılmış tənəklərdə artıq üzüm kürüsü əmələ gəlir. Yaxın vaxtlarda onlar əvvəlcə gülə, sonra isə qoraya çevriləcək.

Göytəpə istiqamətində əkinlərin çoxunu kartof sahələri təşkil edir. Cəlilabadda il ərzində 3 dəfə kartof yetişdirilir. Yanvar ayının əvvəllərində əkilən və sellofan altında becərilən kartofun yığılmasına artıq bir neçə gündür başlanıb. Düzdür, nübar məhsulu yetişdirmək nisbətən çox vəsait tələb edir. Bununla bərabər, o, yaxşı gəlir gətirir. Bir sözlə, indi cəlilabadlılar sahələrdə yorulmaq bilmədən çalışırlar. Ötən müddət ərzində burada çox işlər görülüb.

 

Dövlət Proqramı çərçivəsində uğurlu nəticələr

 

Cəlilabad rayonunda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bütün sahələrdə uğurlu nəticələr əldə edilib. Son illər respublikamızın regionlarında, o cümlədən, Cəlilabadda da Müalicə-Diaqnostika Mərkəzinin istifadəyə verilməsi rayon ictimaiyyətinin sevincinə səbəb olub. Bu müasir səhiyyə ocağı üçmərtəbəli əsas korpusdan, yardımçı binalardan, o cümlədən, transformator otağı, qazanxana, mətbəx, camaşırxana, dializ materialları anbarı, patoloji anotomiya binası, keçid məntəqəsi, anbar, avtomobillər üçün qaraj, su anbarından ibarətdir. Mərkəzdə qəbul, hemodializ, poliklinika, şüa-diaqnostika, laboratoriya, inzibati, cərrahiyyə, anesteziologiya, reanimasiya, əməliyyat bloku və ümumi sterilləşdirmə bloku fəaliyyət göstərir. Hemodializ şöbəsində 10 dəst hemodializ aparatı quraşdırılıb. Böyrək çatışmazlığından əziyyət çəkən 60 xəstə bu aparatlar vasitəsilə hemodializ seansları alacaq. Əməliyyat bloku 4 əməliyyat otağından ibarətdir və otaqların hər birində xaricdə istehsal olunan yüksək keyfiyyətli tibbi avadanlıq quraşdırılıb. Şüa-diaqnostika şöbəsi kompyuter tomoqrafiya və rentgen aparatları ilə təchiz olunub. Poliklinika şöbəsində bütün növ xəstəliklərin müayinəsi və müalicəsi üçün kabinetlər fəaliyyət göstərir. Otaqlar müasir tibbi avadanlıq və mebellə təchiz edilib. 260 nəfərin daimi işlə təmin ediləcəyi Müalicə-Diaqnostika Mərkəzinin laboratoriya şöbəsində biokimyəvi, mikrobioloji, hematoloji və immunoloji-seroloji analizlərin aparılması mümkündür. Açılışında iştirak edən ölkə Prezidenti İlham Əliyev Cəlilabadda Müalicə-Diaqnostika Mərkəzinin açılışını böyük hadisə olduğunu bildirmişdir: “Cəlilabad rayonunun tibb müəssisələrinin arasında bu, yəqin ki, ən gözəl, ən möhtəşəm mərkəzdir. Həm müayinə, həm müalicə aparılacaq, müxtəlif əməliyyatlar keçiriləcək, ən gözəl avadanlıq quraşdırılacaqdır. Burada ən müasir səviyyə təşkil edilməlidir. Elə etməliyik ki, burada tibbi xidmət çox yüksək səviyyədə olsun. Əminəm ki, həkimlər, tibb işçiləri də burada yaxşı xidmət göstərəcəklər. Burada bütün xidmətlər - müayinə, müalicə, bütün əməliyyatlar pulsuz olacaqdır. Elə etməliyik ki, rayon sakinləri vaxtaşırı buraya gəlib sağlamlığını bərpa etsinlər, müayinədən keçsinlər. Ən azı ildə bir dəfə hər bir vətəndaş gərək diaqnostikadan keçsin. Belə olan halda insanlarımız sağlam olacaq, xəstələnməyəcək və son illər ərzində Azərbaycanın səhiyyə sahəsində əldə etdiyi uğurlar daha da əhəmiyyətli olacaqdır. Çünki bütün bu işlərin təməlində insan amili dayanır. İnsanlara xidmət, insanların ömrünün uzadılması, sağlam həyat tərzi, sağlamlıq - bütün bunlar çox vacib məsələlərdir. İndi bizdə imkanlar var ki, müxtəlif yerlərdə, böyük şəhərlərdə, rayonlarda ən müasir tibb xidməti göstərək. Bu, çox vacibdir... Bölgələrdə - demək olar ki, bütün bölgələrdə ya Dövlət Neft Şirkətinin xətti ilə belə gözəl mərkəzlər, ya da Səhiyyə Nazirliyinin xətti ilə xəstəxanalar tikilir. Demək olar ki, bütün bölgələrdə artıq yüksək tibbi xidmət göstərilir. Elə etməliyik ki, hər bir rayonda, rayon mərkəzində belə gözəl şərait olsun. Belə olarsa, onda, biz demək olar ki, səhiyyə sahəsindəki islahatların böyük hissəsini həll edə bilərik. Bu, bizim üçün prioritet məsələdir və son illər ərzində bu sahədə böyük investisiyalar qoyulub. Bu investisiyalar insan kapitalına qoyulan investisiyalardır. Mən çox şadam ki, Cəlilabadda bütün başqa sahələrdə də işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlər olan rayonlardan biridir”.

 

Cəlilabad uğurlu inkişaf yollarında

 

Aparılan tikinti-quruculuq və abadlıq işləri sayəsində Cəlilabad şəhərinin, qəsəbə və kəndlərin siması tanınmaz dərəcədə dəyişib. Əvvəllər yol qıraqlarındakı primitiv, köhnə ticarət köşkləri cansıxıcı təsir bağışlayırdı. Buradan qarlı-yağışlı günlərdə palçıq-çamur, isti günlərdə isə toz-torpaq əlindən ötüb keçmək müşkül məsələ idi. Axşamlar isə şəhər qaranlığa qərq olurdu. İndi Cəlilabad tamam başqa bir gökəmdədir. Şəhərin başlanğıcından qurtaracağına kimi yolun sağ və soluna yüngül konstruksiyalı materialdan səliqəli şəkildə hasar çəkilmiş, çinar ağacları əkilmiş, müasir elektrik dirəkləri basdırılmışdır. Yeni ticarət və sosial obyektlərsə əraziyə xüsusi yaraşıq verir. Bir-birinin ardınca yeni-yeni sosial əhəmiyyətli obyektlər, istehsal müəssisələri tikilib istifadəyə verilir. Bunlar isə, öz növbəsində, əhalinin işsizlik probleminin həll edilməsində, sosial vəziyyətinin yaxşılaşmasında mühüm rol oynayır. Bu yaxınlarda bütün Cəlilabad camaatı yenidən sevinc hissləri yaşadı. Prezident İlham Əliyevin növbəti dəfə rayona səfəri cəlilabadlıların bayram əhvali-ruhiyyəsilə yaşamasına səbəb oldu. Ölkə başçısı səfər zamanı müasir üslubda tikilmiş Şahmat Məktəbinin və Tarix-Diyarşünaslıq muzeyinin açılış mərasimlərində iştirak etdi. Ölkə Prezidenti cənab İlham Əliyev rayon ictimaiyyəti ilə görüşü zamanı görülən işləri yüksək qiymətləndirərək bildirmişdir: “Mən çox şadam ki, Cəlilabadda bütün işlər yaxşı gedir. Rayonun inkişafı üçün lazımi tədbirlər görülür. Həm sənaye imkanları artır, iqtisadi göstəricilər yaxşılaşır, həm də sosial infrastruktur yaradılır. Cəlilabad Azərbaycanda inkişaf baxımından ən qabaqcıl yerlərdə olan rayonlardan biridir”.

 

Rayonda yeni sənaye müəssisələri yaradılır

 

Regional inkişaf üzrə dövlət proqramlarının uğurlu icrası sayəsində Cəlilabad rayonunda da müasir infrastruktur yaradılıb. Şəhər elementləri ilə zəngin olan genişmiqyaslı yenidənqurma tədbirləri Cəlilabad şəhərinin simasını tamamilə dəyişib, əyalət rayonunun gözəlliklərini daha da artırıb. Burada qazanılan uğurların məhz işgüzarlıq, zəhmətsevərlik kimi amillərin üzərində pərvəriş tapması xüsusi qeyd edilməlidir. Kənd təsərrüfatı məhsullarının saxlanması üçün hər biri iki min tonluq 3 soyuducu kameranın, hər biri on min tonluq 2 taxıl anbarının, iyirmi min tonluq regional gübrə bazasının inşası sürətlə davam etdirilir. Həmin obyektlərin istifadəyə verilməsi kənd təsərrüfatı məhsulları istehsalının daha da artırılmasına əlverişli şərait yaradacaq. Olimpiya idman kompleksinin və rayon qaz istismarı idarəsinin inzibati binasının tikintisi davam edir. Dövlət Proqramına uyğun olaraq, əhalini elektrik enerjisi və təbii qazla təmin etməkdən ötrü birinci yarımildə yeni yaşayış massivlərində 32 kilometr SİP kabeli çəkilib, 1193 ədəd dəmir-beton dirək basdırılıb, 5145 abonentə “Smart” tipli sayğac quraşdırılıb, Uzuntəpə kəndindəki qazpaylayıcı məntəqədən rayon mərkəzinə 10 kilometrlik əsas qaz xətti çəkilib, Göytəpə şəhərinin yeni massivinə və Kazımabad kəndinə təbii qaz verilib. Hazırda Alar və Günəşli kəndlərinin qazlaşdırılması davam etdirilir. İlk yarımildə rayona verilən elektrik enerjisi dəyərinin 67 faizi, təbii qazın dəyərinin isə 116 faizi ödənilib. Əvvəllər qazdan istifadə etmiş bütün kəndlərə yaxın illərdə mavi yanacağın verilişi bərpa ediləcək. Bu məqsədlə Cəlilabadda “Azəriqaz” İstehsalat Birliyinin regional tikinti-quraşdırma idarəsi yaradılıb.

 

Bütün millətlərin nümayəndələrinin birləşdiyi rayon

 

Göytəpə Cəlilabadın peyk şəhəridir. Yaşayış məntəqəsi kimi iki yüz ilədək yaşı var. Bir zamanlar burada malakan və pravoslavlar məskunlaşmışdır. Hazırda əhalinin çox böyük əksəriyyəti azərbaycanlılardır. Sakinlərin ümumi sayı 13575 nəfərdir. 1992-ci ilədək Prişib adlandırılan şəhər tipli qəsəbənin həmin vaxtdan tarixi Göytəpə adı qaytarılıb. Şəhərdə üç məktəb, iki xəstəxana, bir peşə liseyi fəaliyyət göstərir. Əllidən artıq küçə var. Bütün küçələrin ünvan göstəriciləri, evlərin hamısının nömrələri təzələnib. Həmin küçələrdən biri və 1 saylı məktəb Qarabağ uğrunda döyüşlərdə igidliklə həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun adını daşıyır. Ümumiyyətlə, Göytəpə şəhərində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin (onların sayı 30 nəfərdir) xatirəsi əziz tutulur. Vüqar Mürsəlovun büstü, “Şəhidlər” abidə kompleksi ziyarətgaha çevrilib. Yol kənarlarına və şəhərin mərkəzinə iki mindən artıq ağac əkilib. “Qurtuluş” küçəsinin bütün işıq dirəkləri təzələnib. Məişət tullantıları şəhərdəki kommunal müəssisələri kombinatı tərəfindən yığılaraq daşınır və zərərsizləşdirilir. Göytəpənin qaz təchizatı 70 faizə çatıb: hazırda 1400 təsərrüfat mavi yanacaq alır. Yaxın vaxtlarda yeni mədəniyyət evinin tikintisinə başlanacaq.

Bütün bunlar ölkəmizin, eləcə də, Cəlilabad rayonunun sürətlə inkişaf etdiyini göstərir. Ümumiyyətlə, rayonda əldə olunan uğurlar onu deməyə əsas verir ki, Cəlilabad rayon ictimaiyyəti Ümummilli Liderimiz Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti İlham Əliyevin daxili və xarici siyasət xəttini, birmənalı olaraq dəstəkləyir və müdafiə edirlər.

 

 

RƏFİQƏ KAMALQIZI

 

Səs.- 2011.- 2 iyul.- S. 11.